Şriftin ölçüsü:
16.09.2011 11:23 | Oxunma sayı: 972
Sentyabrın 15-də, Bilik günündə Naxçıvan şəhərindəki 12 nömrəli tam orta məktəbin binası istifadəyə verilmişdir.
{nl}
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev təhsilə göstərilən diqqət və qayğının ən yüksək səviyyədə olduğunu bildirmişdir. Demişdir ki, son 15 ildə muxtar respublikada 168-dən çox məktəb binası tikilmiş və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdir. Göstərilən yüksək diqqət və qayğı Naxçıvanda ali məktəblərə qəbul səviyyəsinin ilbəil artmasına səbəb olmuş, cari ildə ali məktəblərə sənəd verən 3258 abituriyentdən 1551-i ali məktəblərə daxil olmuşdur. Tələbə adını qazanan məzunlardan 337-si Naxçıvan şəhər məktəblərini bitirmişdir. Bu il muxtar respublikada yüksək bal tolamış məzunlardan 8-i Prezident təqaüdünə layiq görülmüşdür.
12 nömrəli məktəbin müəllimi, "Azərbaycan Respublikasının Əməkdar Müəllimi" Samirə Şahtaxtinskaya çıxışında bildirmişdir ki, bu gün müasir tələblərə cavab verən məktəb binasının istifadəyə verilməsi pedaqoji kollektivin, şagirdlərin böyük sevincinə səbəb olmuşdur. Məktəbin pedaqoji kollektivi bundan sonra da yüksək intellektual səviyyəyə malik, vətənpərvər gənclər yetişdirmək yolunda öz səy və bacarığını əsirgəməyəcəkdir.
Açılış tədbirində məktəblilər Vətənimizə və ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər söyləmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mərasimdə çıxış edərək demişdir: "Ölkəmizdə bu il Bilik günü əlamətdar bir dövrdə keçirilir. Gələn ay dövlət müstəqilliyimizin 20-ci ildönümünü qeyd edəcəyik. Azərbaycan müstəqil dövlət kimi mövcud olduğu 20 il ərzində bütün sahələrdə böyük inkişafa nail olunmuş, dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi ilə bağlı zəruri tədbirlər görülmüşdür".
Qeyd olunmuşdur ki, hələ qədim zamanlardan müdriklər təhsili "uğurlu gələcəyə açılmış qapı" adlandırırlar. XIII əsr İslam aləminin böyük mütəfəkkiri Mövlana Cəmaləddin Rumi yazırdı: "İnsanda iki böyük fəzilət var: birincisi təhsil, ikincisi fədakarlıqdır. Bəzilərində təhsil var, fədakarlıq yoxdur, bəzilərində fədakarlıq var, təhsil yoxdur. Hər ikisinə sahib olan şəxslər xoşbəxtdirlər". Daim azərbaycanlıları xoşbəxt, dövlətimizi isə müstəqil görmək istəyən, bu yolda əsl fədakarlıq və sonsuz iradə nümayiş etdirən ulu öndərimiz Heydər Əliyev təhsil olmadan ölkənin gələcəyinin qurulmasının mümkün olmadığına diqqəti cəlb edərək deyirdi ki, "İndi bizim təhsilimizin əsas məqsədi gənc nəslə, uşaqlara təhsil verib, onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı ən böyük məqsəd Azərbaycan vətəndaşını hazırlamaqdır".
Ali Məclisin sədri yeni tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərinin birinci siniflərində 4232 şagird, ali və orta ixtisas məktəblərinin birinci kurslarında 1600-dən çox tələbə, Heydər Əliyev adına Hərbi Liseyin birinci kursunda isə 258 kursantın təhsilə başlayacağını bildirmişdir. Yeni tədris ilində əvvəlki illərdə əldə edilmiş müsbət təhsil ənənələri davam etdirilməli və eyni zamanda təhsilin keyfiyyət göstəriciləri daha da yaxşılaşdırılmalıdır. Təhsil işi canlı orqanizmdir, o, bir yerdə dayanıb dura bilməz. Bu mənada təhsil daim inkişaf etməli və irəli getməlidir.
Ali Məclisin sədri bu sahədə birinci növbədə məktəbin və müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirərək demişdir: "Gərək pedaqoji kollektivlərimiz əldə olunmuş nailiyyətlərlə arxayınlaşmasınlar, daha məsuliyyətlə və tələbkarlıqla çalışsınlar. Şagird, kursant və tələbələr də təhsil sahəsində çəkilən zəhmətin onların cəmiyyət və ölkə üçün layiqli vətəndaş kimi yetişmələrinə xidmət məqsədi daşıdığını başa düşərək, elm və təhsil sahəsində yorulmaq bilmədən çalışmalı, yüksək təhsilli və intellektli olmalıdırlar".
Bütün təhsil ictimaiyyətinə bu məsul vəzifənin həyata keçirilməsində uğurlar arzulayan Ali Məclisin sədri Bilik günü münasibətilə pedaqoji kollektivləri, ali və orta ixtisas məktəblərinin tələbələrini, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını, ümumtəhsil məktəblərinin şagirdlərini təbrik etmişdir.
Ali Məclisin sədri muxtar respublikanın ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan şagirdlərə 100 kompyuter dəsti hədiyyə etmişdir.
Açılışı bildirən lent kəsildikdən sonra məktəb binasına baxış olmuşdur. Baxış zamanı məlumat verilmişdir ki, məktəbdə 840 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 125 müəllim məşğul olur. Hər il ali məktəblərə qəbul imtahanlarında məktəbin məzunları uğurlu nəticələr əldə edirlər. 2010-2011-ci tədris ilində məktəbi 76 məzun bitirmişdir. Onların hamısı ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün sənəd vermiş, məzunlardan 38-i tələbə adını qazanmışdır.
Bildirilmişdir ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan məktəb binası 1242 şagird yerlikdir. Burada 69 sinif otağı, kitabxana, 3 kompyuter otağı, 3 elektron lövhəli sinif, fizika, kimya və biologiya laboratoriyaları, hərbi kabinə, idman zalı vardır.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.