Binəqədi məktəbləri yeni dərs ilinə hazırdır

Təhsil işçilərinin ənənəvi sentyabr toplantısında Binəqədi rayonunun pedaqoji kollektivlərinin uğurları, yeni dərs ilinə hazırlığın vəziyyəti, qarşıda duran vəzifələr geniş müzakirə olunmuşdur. Tədbirdən əvvəl yığıncaq iştirakçıları əvvəlcə ulu öndərimizin Binəqədi Rayon İcra Hakimiyyəti binasının qarşısındakı abidəsi önünə tər güllər düzmüş, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anmışlar. Sonra icra hakimiyyəti binasının foyesində rayon məktəblilərinin əl işlərindən ibarət yaradıcılıq sərgisinə baxış olmuşdur.
Toplantını giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Alı Qocayev xalqımızın ümummilli lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı tarixi xidmətlərini xatırlatmışdır. Dahi rəhbər Heydər Əliyevin siyasətinin uğurlu nəticələrini vurğulayan natiq, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini söyləmişdir. O, Azərbaycanın dinamik inkişaf etdiyini bildirmiş, ölkəmizdə qazanılan nailiyyətlərdən danışmışdır. Eyni zamanda, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu islahatlardan bəhs edən Alı Qocayev son illərdə təhsilin müasir infrastrukturunun yaradılması və möhkəmləndirilməsi istiqamətində çox əhəmiyyətli addımlar atıldığını göstərmişdir.
A.Qocayev məktəblərin infrastrukturunun yeniləşdirilməsində və təhsilin inkişafında Heydər Əliyev Fondunun rolunu da xüsusi vurğulamışdır. Demişdir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva təhsil sahəsinə daim böyük diqqət və qayğı göstərir. Fondun təşəbbüsü ilə son illərdə ölkəmizdə müasir tələblərə cavab verən çoxlu sayda yeni məktəb binaları tikilib istifadəyə verilmiş və lazımi avadanlıqla təchiz olunmuşdur.
Natiq ölkəmizdə ali təhsilin inkişafı ilə bağlı həyata keçirilən proqram və layihələr barədə də məlumat verərək diqqətə çatdırmışdır ki, 2005-ci ildə Azərbaycan Avropa təhsil məkanına - Bolonya prosesinə qoşulmuş və hazırda bu prosesin tələblərinə uyğun olaraq təhsil müəssisələrində tədbirlər həyata keçirilir.
Sonra rayon icra hakimiyyəti başçısının müavini Eldar Ağayev geniş məruzə etmiş, qazanılan uğurlardan, habelə problem və çatışmazlıqlardan danışmışdır. Qeyd etmişdir ki, hazırda Binəqədi rayonunda təhsilin inkişafına diqqət daha da artırılıb. Məktəblərin dərsliklə təminatı, tədrisin keyfiyyəti, həmçinin şagirdlərin yaradıcılıq müsabiqə və sərgilərində müntəzəm iştirakı qazanılan uğurları şərtləndirən amillərdir. Şübhəsiz ki, dövlət qayğısı sayəsində təhsilin maddi-texniki bazasının gücləndirilməsi də mühüm əhəmiyyət kəsb edir.
Dövlət başçısı İlham Əliyevin "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması haqqında 11 iyul 2011-ci il tarixli sərəncamı respublikada müasir və innovativ təhsil sisteminin təkmilləşdirilməsi üçün daha geniş perspektivlər açır. Başqa sözlə, ölkəmizdə informasiya cəmiyyətinin qurulmasını və biliklərə əsaslanan iqtisadiyyata keçidin yeni təhsil modelinə tələbatı fundamental vəzifə kimi qarşıya qoyulur. O da sevindirici haldır ki, yeni mərhələyə qədər Azərbaycanda müasir tipli məktəb binalarının tikilməsi və əsaslı bərpası, təhsil müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi və digər məsələlərlə bağlı xeyli iş görülüb. Vacib məqamlardan biri də yaradılan şəraitin müqabilində təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsinə diqqətin artırılmasıdır. Bu məsələdə hər il keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri də çox əhəmiyyətlidir. Son illər Binəqədi təhsilinin inkişafındakı müsbət göstəriciləri də bu sahəyə dövlətin qayğısı sayəsində yaradılan şəraitlə əlaqələndirmək olar.
E.Ağayev bildirmişdir ki, Binəqədi rayonunda 32 orta ümumtəhsil məktəbi fəaliyyət göstərir. Ötən dərs ilinin sonuna rayondakı məktəblərdə 37599 şagird təhsil almış, onların təlim-tərbiyəsi ilə 4125 müəllim məşğul olmuşdur.
Ölkə Prezidentinin müvafiq sərəncamına uyğun olaraq rayonun orta məktəblərinin şagirdləri dərsliklərlə pulsuz təmin olunmuş, dərsliklər məktəblərə paylanaraq məktəblərin kitabxana fonduna daxil edilmişdir.
Məktəblərə xərclər smetasına uyğun olaraq, büdcə vəsaiti hesabına 6193 şagird partası, 1439 stol, 2285 stul, 603 yazı lövhəsi, 126 şkaf, 392 kompyuter dəsti, 347 kompyuter stolu verilmişdir. Eyni zamanda, dövlət başçısının "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamına müvafiq olaraq keçən dövrlərdə 127 adda 26 min ədəd kitab rayonun bütün məktəblərinə paylanmış və bu proses hazırda davam etdirilir. Bundan əlavə, hər il olduğu kimi, bu il də orta məktəblərdə təhsil alan şagirdlər üçün Təhsil Nazirliyinin xətti ilə çap edilən gündəliklər məktəblərə paylanmışdır.
Binəqədi rayonunda son bir neçə il ərzində 17 əlavə tədris korpusu və 4 məktəb binası tikilib istifadəyə verilmişdir. Bundan əlavə, rayonda 12 məktəbdə əsaslı təmir işləri aparılmışdır. Dövlət Proqramına əsasən 90, 291, 297 nömrəli körpələr evi-uşaq bağçasında da əsaslı təmir-tikinti işləri aparılmışdır. Binəqədi qəsəbəsində yerləşən 86 saylı uşaq bağçası isə tamamilə sökülərək yenidən inşa olunur.
Əlavə korpusların tikilməsi hesabına məktəblərdə şagird sıxlığı aradan qaldırılmış, əksər məktəblər birnövbəli təhsil sisteminə keçmişdir.
Bu il rayonun 32 orta ümumtəhsil məktəbini 2466 şagird bitirmişdir. Onların böyük bir hissəsi ali məktəblərə qəbul olunmuşdur. 600 və 600-dən çox bal toplayanların sayı 72 nəfər, 650-dən çox bal toplayanların sayı isə 15 nəfər olmuşdur. Rayonun qəbul imtahanlarında ixtisas qrupları üzrə yüksək nəticə göstərmiş 5 məzunu Prezident təqaüdünə layiq görülmüşdür.
Toplantıda Milli Məclisin deputatı Eldar İbrahimov, akademik Vaqif Abbasov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, rayon ağsaqqalı, professor Həsən Mirzə, "İlin ən yaxşı məktəbi" müsabiqəsinin qalibi, 100 nömrəli məktəbin müəllimi Gülnarə Məmmədova, 299 nömrəli məktəbin məzunu, 700 balla tələbə adını qazanan Xavər Feyzullayeva çıxış edərək təhsil müəssisələrində yaradılan şəraitə, göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun rəhbəri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər. Toplantıda "İlin ən yaxşı məktəbi" müsabiqəsinin qalibi olmuş rayonun üç məktəbinə, 72 nəfər 600-dən yuxarı bal toplayan məzuna rayon icra hakimiyyəti tərəfindən fəxri fərman təqdim edilmişdir. Təltif edilənlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında