Nizami rayonunda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirildi

Yeni dərs ili ərəfəsində ölkəmizin bütün şəhər və rayonlarında ənənəvi sentyabr konfransları keçirilir, ötən tədris ilinin yekunları müzakirə olunur, qarşıda duran vəzifələr müəyyənləşdirilir. Paytaxtın Nizami rayonu təhsil işçilərinin növbəti konfransı da nikbin, şən ovqatla başlandı. Bu da səbəbsiz deyildi. Çünki ölkənin ali məktəblərinə keçirilən builki qəbul imtahanlarında Nizami rayonu ən yüksək nəticə göstərərək paytaxt rayonları arasında birinci yer tutmuşdur. Bununla yanaşı, ölkə üzrə "İlin ən yaxşı ümumtəhsil məktəbi"müsabiqəsinin qalibi olmuş 50 məktəbdən 3-ü, eləcə də "İlin ən yaxşı müəllimi" müsabiqəsinin 100 qalibindən 6-sı məhz Nizami rayonunun payına düşmüşdür.
Nizami rayonu təhsil işçilərinin ənənvi sentyabr konfransının iştirakçıları öncə Azərbaycan təhsilinin hamisi, ulu öndər Heydər Əliyevin rayon icra hakimiyyəti binasının foyesindəki büstü önünə gül dəstələri qoydular. Daha sonra tədbir iştirakçıları rayonun qabaqcıl məktəblərinin nailiyyətlərini əks etdirən sərgi ilə tanış oldular.
Tədbiri giriş sözü ilə açan Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov yeni tədris ilinin başlanması, eləcə də 15 Sentyabr-Bilik bayramı münasibətilə rayonun bütün təhsil işçilərini təbrik etdi.
Rayon icra hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova 2010- 2011-ci tədris ilinin yekunları və təhsil müəssisələrinin yeni dərs ilinə hazırlığının vəziyyəti barədə geniş məruzə ilə çıxış etdi. Ölkəmizin sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələsində xalqımızın intellektual gələcəyini təmin etməyin yeganə yolunun təhsilin müasir tələblər səviyyəsinə çatdırılması ilə bağlı olduğunu diqqətə çatdıran natiq hazırda dövlətin xüsusi qayğısı sayəsində məktəb tikintisinin geniş vüsət aldığını, son bir neçə ildə Azərbaycanda 2 mindən çox yeni məktəbin inşa edildiyini və ya əsaslı təmir olunduğunu bildirdi.Qeyd olundu ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasına başlanılması ilə əlaqədar olaraq bu iş bir qədər də intensivləşmişdir. Artıq Nizami rayonunda yeni bir məktəb binasının tikintisinə start verilmiş, bir neçə məktəbdə isə təmir işlərinə başlanılmışdır. Yaxın günlərdə daha bir məktəb üçün əlavə korpusun təməli qoyulacaq. Bütövlükdə isə Dövlət Proqramına uyğun olaraq gələn il rayonda 4 məktəbin, 4 uşaq bağçasının və bir peşə liseyinin əsaslı təmiri, eləcə də bir neçə məktəb üçün əlavə sinif otaqlarının tikintisi nəzərdə tutulur.
G.İsrafilova "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində 2005-ci ildən indiyədək ölkəmizdə 300-dən artıq yeni məktəb binası inşa olunaraq istifadəyə verildiyini diqqətə çatdıraraq Heydər Əliyev Fondunun bu sahədəki misilsiz xidmətlərindən söhbət açdı. Natiq, həmçinin 2010-2011-ci tədris ilində rayonun təlim-tərbiyə müəssisələrinin əldə etdikləri nailiyyətlərdən söhbət açdı, uğurları sadaladı. Qeyd olundu ki, ötən tədris ilində rayonun orta ümumtəhsil məktəblərini 2013 şagird bitirmişdir ki, onlardan da 1854 nəfəri ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak etmişdir. Həmin məzunlardan isə 958 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında ən yüksək nəticəni isə rayon ərazisində fəaliyyət göstərən "Zəngi", "Dədə Qorqud" və Kimya-biologiya təmayüllü liseyləri, eləcə də 145, 210 və 220 saylı məktəblər göstərmişlər.
2011 -ci ildə rayon üzrə 94 məzun 600 baldan yuxarı nəticə göstərmişdir ki, onlardan da 24 nəfərinin topladığı bal 650-dən yüksək olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüş 102 nəfərdən 3-ü Nizami rayon məktəblərinin məzunudur. Bundan əlavə, məruzəçi ötən tədris ilində rayonun təhsil işçilərinin əldə etdikləri uğurlardan da geniş bəhs etdi, həllini gözləyən vacib məsələləri diqqətə çatdırdı.
Pedaqoji işçilərin ənənəvi sentyabr konfransında iştirak edən Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev, Milli Məclisin deputatı, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, təhsil nazirinin müavini Elmar Qasımov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova və "Xəzər" Universitetinin rektoru Hamlet İsaxanlı son illər ölkəmizdə bütün sahələr kimi təhsildə də mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırdılar, təhsilə göstərilən dövlət qayğısının müsbət nəticələrindən söhbət açdılar.
Konfansda çıxış edən qabaqcıl təhsil işçiləri, eləcə də rayonun şərəfini uca tutub qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlar məktəblərin maddi-texniki bazasının gücləndirilməsindən, təhsil işçilərinə göstərilən dövlət qayğısından hədsiz razılıqlarını bildirdilər.
Axırda təhsil sahəsində xüsusi fəallığı ilə seçilən müəllimlərə, eləcə də ali məktəblərə bu il keçirilən qəbul imtahanlarında yüksək bal toplamış məzunlara Nizami Rayon İcra Hakimiyyətinin xüsusi mükafatları və fəxri fərmanları verildi.
Tədbirə yekun vuran rayon icra hakimiyyətinin başçısı T. Budaqov qalibləri, həmçinin bütün təhsil işçilərini bir daha təbrik edərək onlara yeni-yeni nailiyyətlər arzuladı.

{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında