Yeni dərs ilinə hazırlıq yüksək səviyyədə təşkil olunmuşdur

Ölkədə aparılan təhsil islahatları sürətlə davam etməkdədir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu islahatlar bu gün ölkə Prezidenti tərəfindən uğurla həyata keçirilir. 2003-cü ildən sonra bütün sahələrdə olduğu kimi təhsil problemlərinin həlli istiqamətində də çox mühüm nailiyyətlər əldə olunmuşdur. 2000-dən çox yeni məktəb inşa edilmiş, məktəblərə əlavə korpuslar tikilmiş, təhsilə informasiya texnologiyaları gətirilmiş, təhsilin məzmunu yeniləşmiş, uğurlu dərslik siyasəti həyata keçirilmiş, pedaqoji kadr hazırlığına diqqət artırılmış, qiymətləndirmə sahəsində mühüm işlər görülmüşdür.
Bir vaxtlar bir kompyuteri belə olmayan məktəblərimizdə indi hər 20 şagirdə bir kompyuter nisbəti həll olunmuşdur. Artıq elektron dərsliklər hazırlanmışdır və bu sahədə işlər davam etməkdədir.
Cənab Prezidentin sərəncamı ilə "Ən yaxşı ümumtəhsil məktəbi", "Ən yaxşı müəllim" müsabiqələri hər il keçirilir və hər il 50 ən yaxşı məktəb 10 min manat, 100 ən yaxşı müəllim 5 min manat məbləğində mükafatlandırılır. Bu, özlüyündə məktəblərdə tədrisin təşkilinə, onların maddi-texniki bazalarının möhkəmlənməsinə şərait yaratmış olur.
Fəxrlə deyə bilərəm ki, bizim məktəb də bu müsabiqələrdə seçilənlərdən olub. Ən yaxşı məktəb müsabiqəsinin də, ən yaxşı müəllim müsabiqəsinin də qalibi olmuşuq və növbəti illərdə də bu istiqamətdə işlərimizi davam etdirəcəyik.
Məktəblərimizin görkəmi tamamilə dəyişmişdir. Əksər məktəblər geniş, işıqlı sinif otaqları, kompyuter kabinetləri, kitabxana, idman zalı, istilik sistemi, yeni avadanlıqlarla təchiz edilmiş, bu da təhsilin keyfiyyətinə xeyli təsir göstərmişdir. Bu yaxınlarda Təhsil Nazirliyinin keçirdiyi respublika konfrasında və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin konfransında bu barədə ətraflı bəhs olunmuş və qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Onu da qeyd edim ki, son vaxtlar məktəblərimizin hüquqi bazası əsaslı şəkildə möhkəmlənmişdir. Belə ki, "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həmin qanunun tətbiq edilməsi barədə 5 sentyabr 2009-cu il tarixli fərmanına uyğun olaraq, ümumi təhsil sahəsində təhsil orqanlarının, ümumtəhsil məktəblərinin, pedaqoji işçilərin fəaliyyətini tənzimləyən bir neçə normativ-hüquqi sənədlər təsdiq edilmişdir. Onlardan "Ümumtəhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)", "Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydası", "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma qaydası", "Təhsildə xüsusi nailiyyətlərə görə" qızıl və gümüş medalların təsviri", "Təhsil proqramlarının (kurikulumların) yerinə yetirilməsi müddəti", "Ümumtəhsil müəssisələrinin Pedaqoji Şurası haqqında Əsasnamə"ni misal göstərmək olar.
Təhsil sektorunun ikinci inkişaf layihəsində nəzərdə tutulan tədbirlərə uyğun olaraq, V-XI siniflər üçün fənn proqramları (kurikulumları) təsdiq edilmişdir.
Yeni dərs ilinin başlaması ilə əlaqədar indi məktəblərimizin hər biri özü-özlüyündə hesabat verir: keçən ili necə başa vurmuşuq və qarşıda hansı vəzifələr durur?
Bildirmək istəyirəm ki, rəhbərlik etdiyim Heydər Əliyev adına lisey öz ənənələri olan, nailiyyətləri ilə fərqlənən təhsil müəssisələrindəndir. Bu məktəb 2004-cü ildə açılmış, 2005-ci il oktyabrın 19-da isə Nazirlər Kabinetinin 190 nömrəli qərarı ilə məktəbə ulu öndər Heydər Əliyevin adı verilmişdir. Bu böyük şəxsiyyətin adının məktəbimizə verilməsini kollektivimiz çox böyük ruh yüksəkliyi ilə qarşılamışdır. Bu ad bizim üçün təkcə şərəf deyil, həm də üzərimizə böyük məsuliyyət qoymuşdur.
Hazırda liseyimizdə 59 sinifdə 1672 nəfər şagird təhsil alır. Pedaqoji kollektivimizdən 5 nəfəri elmlər namizədi, 5 nəfəri isə respublikanın əməkdar müəllimidir. Cənab Prezidentimizin sərəncamına əsasən keçirilən "Ən yaxşı müəllim" müsabiqəsində bu vaxta kimi 8 nəfər müəllimimiz bu nominasiyada qalib olmuşlar.
Məktəbimiz fənn olimpiadalarında həmişə fərqlənmiş, belə ki, son 3 ildə respublika turlarında şagirdlərimizdən 5 nəfəri birinci yeri, 1 nəfər ikinci yeri, 3 nəfəri üçüncü yeri, 4 nəfəri isə dördüncü yeri tutmuşdur.
Məlum olduğu kimi, 5-ci ildir ki, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ARDNŞ, İctimai Televiziya və "Çağ Öyrətim" şirkətinin təşkilatçılığı ilə hər il aprel ayının əvvəlində, Bakı şəhərində İNEPO EURUASİA Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiyadası keçirilir. Bu olimpiadada dünyanın 50-yə yaxın ölkəsindən məktəblilər müxtəlif layihələrlə iştirak edirlər. Bizim şagirdlərimiz də bu tədbirə qoşulmuş və 2008, 2009, 2010 və 2011-ci illərdə gümüş və qızıl medallarla mükafatlandırılmışlar.
Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli, 1414 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramının (2006-2010-cu illər)"icrası ilə bağlı nazirliyin Fəaliyyət planına əsasən yerlərdə riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə aşkara çıxarılmış istedadlı şagirdlər arasında ən istedadlarını müəyyənləşdirmək məqsədi ilə 2009 və 2010-cu ilin mayında Bakı şəhərində tanınmış alim və mütəxəssislərin iştirakı ilə təkrar seçim aparılmışdır.
Seçim prosesində göstərilən fənlərin hər birindən şagirdlərə xüsusi hazırlanmış 50 test sualı təklif olunmuş, nəticələr 100 ballıq sistemlə qiymətləndirilmişdir.
Respublikanın ümumtəhsil məktəblərinin istedadlı şagirdləri arasında xüsusi istedada malik olan şagirdlərin aşkara çıxarılması ilə bağlı 2009 və 2010-cu ilin 26-27 may tarixlərində Bakı şəhərində keçirilmiş seçimin nəticəsinə əsasən Heydər Əliyev adına liseyin 6 nəfər şagirdi fərqlənmişdir.
Həmin şagirdlər Təhsil Nazirliyinin 19 iyun 2009-cu il tarixli əmri ilə ayrı-ayrı fənlər üzrə istedad və qabiliyyəti ilə fərqlənən şagirdlər "İstedad bankı"na daxil edilmiş və Təhsil Nazirliyinin I, II, III dərəcəli diplomları ilə təltif edilmişlər.
Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar məktəblilər arasında keçirilən inşa yazı müsabiqəsinin respublika mərhələsində 2010-cu ildə liseyin IX sinif şagirdi Əkbərli Nərgiz Fariz qızı III yeri, 2011-ci ildə isə X sinif şagirdi Hacıyeva Gültəm Nizami qızı II yeri tutaraq Təhsil Nazirliyinin xüsusi mükafatları ilə təltif olunmuşlar.
TQDK-nın ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə görə son 4 ildə liseyimiz Təhsil Nazirliyinə tabe olan liseylər üzrə ən yaxşı nəticə göstərmiş məktəblər sırasında olmuşdur.
2010-2011-ci dərs ilində liseyi ümumi orta təhsil pilləsi üzrə 160, tam orta təhsil pilləsi üzrə 127 şagird bitirmişdir. Onlardan 100 nəfəri ölkənin müxtəlif ali, 2 nəfəri orta ixtisas məktəblərinə qəbul olunmuşlar. Səkkiz nəfər şagirdimiz isə Türkiyə, Rusiya ali məktəblərinə, bir nəfər şagirdimiz - Süleymanlı Orxan Siyavuş oğlu isə Kanada universitetlərindən birinə qəbul olmuşdur. Bal göstəriciləri də yaxşıdır. Belə ki, 29 şagirdimiz 500-600, 7 nəfər 600-650 arası, 5 nəfər isə 650-dən yuxarı bal toplamışdır. 680 bal toplayan Süleymanov Nurlan Yaşar oğlu Prezident təqaüdü alacaq.
Artıq yeni dərs ilə başlanmışdır. Bizim lisey yeni dərs ilinə hazırdır. Məktəbdə cari təmir işləri aparılmış, hər tərəf səliqə-sahmana salınmışdır. Kollektivimiz yeni dərs ilini də uğurla başa vurmağa hazırdır.

{nl}

Fikrət XƏLİLOV, Heydər Əliyev adına liseyin direktoru, əməkdar müəllim


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında