Şriftin ölçüsü:
13.09.2011 11:27 | Oxunma sayı: 793
Gənclik şəhərinin "Kimyaçı" mədəniyyət sarayında müəllimlərin ənənəvi konfransı keçirilib. Tədbirdə ötən dərs ilinin uğurları qeyd edilməklə yanaşı, qarşıda duran vəzifələr müəyyənləşdirilib.
Təhsil şöbəsinin müdiri Vidadi Bağırovun məruzəsi maraqla dinlənildi. O bildirdi ki, iyul ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sumqayıta səfəri, 1 saylı UGİM-in əsaslı təmir və yenidənqurmadan sonra açılış mərasimində iştirakı unudulmaz təsir bağışlayıb. Sumqayıtın tarixində ilk dəfə olaraq mayın 6-da ümmummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə məktəblilərin hərbi paradının keçirilməsi ötən tədris ilinin yaddaqalan hadisələrindəndir. Şəhər icra hakimiyyətinin təşkil etdiyi "Kitab bayramı" da müəllim və şagirdlərə xoş təsir bağışlayıb.
Fənn olimpiadalarında Sumqayıt məktəblilərinin uğurlu çıxışlarını vurğulayan məruzəçi dedi ki, respublika turunda iştirak edən 28 şagirddən 16-sı mükafata layiq yerlər tutub.
Sonra V. Bağırov vaxtlı-vaxtında təşkil olunan monitorinqlərin nəticələrindən bəhs etdi:
-Şagirdlərimiz Təhsil Nazirliyi tərəfindən keçirilmiş həm sınaq, həm də buraxılış imtahanlarında müvəffəqiyyətlə iştirak ediblər. 9-cu sinif şagirdlərinin 96 faizdən çoxu, 11-ci sinif şagirdlərinin isə 94 faizi imtahanlardan uğurla keçərək müvafiq təhsil sənədləri ala biliblər. Qeyd etmək lazımdır ki, mərkəzləşdirilmiş imtahanların keçirilməyə başlandığı vaxtdan şəhərimizin nəticələri daim respublika üzrə ən yüksək həddə olur.
TQDK-nın təqdim etdiyi ilkin məlumatlara görə, bu il ali məktəblərə sənəd vermiş 3028 nəfər abituriyentimizdən 1391-i, yəni təxminən 46 faizi tələbə adını qazana bilib. Bu, ötənilki göstərici ilə müqayisədə 4 faiz çox olmaqla yanaşı, ümumiyyətlə, ötən illərin ən yüksək nəticəsidir. Abituriyentlərimizin 118 nəfəri qəbul imtahanlarında yüksək bilik nümayiş etdirərək 600-dən yuxarı bal toplayıb. Ötən il onların sayı 109 nəfər idi. Şəhərdəki Özəl Türk Liseyindən, 1 və 14 saylı məktəblərdən, "İstedad" liseyi və Təbiət Elmləri Təmayüllü Gimnaziyadan 600 baldan yuxarı nəticə göstərən məzunlar daha çox olub. Təkcə Texniki Təbiət Elmləri Liseyinin məzunlarından 17 nəfəri, yəni ali məktəblərə sənəd vermiş abituriyentlərin təxminən üçdə-biri 600 bal həddini keçib. Həmçinin fərəhlə qeyd etmək istəyirəm ki, bu il qəbul imtahanlarının nəticələrinə görə Prezident təqaüdünə layiq görülmüş məzunlarımız da əvvəlki ilə nisbətən 3 nəfər artaraq 10 nəfər olub.
Təhsil şöbəsinin müdiri ötən dərs ilində də müəllimlərin əməyinin ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilməsindən razılıqla danışdı. O bildirdi ki, möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində Sumqayıtın üç təhsil ocağı (12, 23 və 27 saylı məktəblər), "Ən yaxşı müəllim" müsabiqəsində isə doqquz pedaqoq qalib gəlib və müvafiq olaraq 10 min və 5 min manat pulla mükafatlandırılıb. Ümumiyyətlə, son dörd ildə bu müsabiqələrdə Sumqayıtın 12 məktəbi və 31 müəllimi fərqlənərək 275 min manat mükafat alıb.
Sumqayıtın təhsil müəssisələrinin tədris-maddi bazasının möhkəmləndirilməsi ilboyu, o cümlədən yay aylarında da davam etdirilib. Tətil vaxtı 22 və 38 saylı məktəblərin, TET Gimnaziyası və 11 saylı uşaq bağçasının əsaslı təmiri aparılıb, dam örtüyü, istilik sistemi yenidən qurulan məktəblər də var. Bütün bunlar təhsilin keyfiyyətinin yüksəldilməsinə birbaşa təsir edən amillərdir. Məktəblərdə müasir və çevik təlim texnologiyalarının tətbiqi, təhsilin məzmununun təfəkkür və düşüncə müstəvisində qurulması qabaqcıl təhsil sistemlərinə inteqrasiya baxımından ciddi önəm verilən cəhətlər olub.
Məktəblərdə hərbi-vətənpərvərlik tərbiyəsi indiki vaxtda xüsusilə vacibdir. Sumqayıt şəhərində bu amilə diqqət daimidir. May ayında təşkil olunan məktəblilərin hərbi paradında 2300-ə qədər yuxarı sinif şagirdindən ibarət "Şahinlər", 600-dən çox balaca hərbçilər, habelə texniki yaradıcılıqla məşğul olan məktəblilərin düzəltdikləri hərbi texnika maketlərinin kalonu iştirak edib.
Digər natiqlər də qazanılan uğurlara işıq tutdular, dövlət qayğısından razılıqlarını bildirdilər və nailiyyətləri daha da artırmaq əzmini ifadə etdilər. Qabaqcıl müəllimlərə, məktəb direktorlarına və yüksək balla qəbul imtahanlarında fərqlənmiş 1-ci kurs tələbələrinə hədiyyələr təqdim olundu.
Konfransda təhsil nazirinin müavini Elmar Qasımov və Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Rövşən Sadıqov da çıxış etdilər. Uğurları təqdir etməklə bərabər, qarşıda duran vəzifələri diqqətə çatdırdılar. "Əmək Məcəlləsinə dəyişikliklərin edilməsi haqqında" 17 may 2011-ci il tarixli Qanun və onun tətbiqi barədə Prezidentin müvafiq fərmanının icrası ilə əlaqədar pensiyaya gedəcək müəllimlərin təntənəli şəraitdə yola salınması gərəkliyi barədə E. Qasımovun tövsiyəsini konfransın bütün iştirakçıları razılıqla qarşıladılar.
{nl}
Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.