Səbail məktəbləri yeni dərs ilinə hazırdır

Təhsil işçilərinin ənənəvi sentyabr toplantısında rayonun pedaqoji kollektivlərinin uğurları, yeni dərs ilinə hazırlığın vəziyyəti, qarşıda duran vəzifələr geniş müzakirə olunmuşdur.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirmişdir ki, məktəblərin maddi-texniki bazalarının vəziyyəti, təhsilin səviyyəsinin yüksəldilməsi daim diqqət mərkəzindədir. Rayonda 5 ali, 17 orta və 17 məktəbəqədər təhsil müəssisəsi mövcuddur ki, onların yeni dərs ilinə hazırlığı və yay mövsümü ərzində məktəblərdə aparılan təmir işlərinə RİH-in nəzarəti daha ciddi olmuşdur.
2010-cu ilin noyabr ayında ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən, 6 saylı məktəb-lisey sökülərək yeni müasir layihə əsasında 2270 şagird yerlik yeni binanın tikintisinə başlanmışdır. Bu ilin mart ayının 11-də Prezident məktəbdə olmuş və yeni binada aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdur. Hazırda məktəbdə işlər başa çatdırılmış, sentyabrın 15-də kollektiv yeni binada təhsilə başlayacaqdır.
Cari il aprel ayının 20-də Prezident İlham Əliyev Səbail rayonu Badamdar qəsəbəsində yeni 120 yerlik uşaq bağçası və 880 şagird yerlik ümumtəhsil məktəbinin tikintisinə başlamaq üçün sərəncam imzalamışdır. Hazırda tikinti işlərinə başlanması üçün müvafiq sənədləşdirmə-razılaşdırma işləri başa çatmaq üzrədir. Bu il may ayının 5-də Prezident İlham Əliyevin təsdiq etdiyi "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Səbail rayonuna geniş yer ayrılmışdır. İyun ayında başlanan işlər çərçivəsində 2 saylı texniki-humanitar elmlər liseyi, 1880-ci ildə inşa olunmuş 51 saylı orta məktəb, rayonun ən qocaman məktəblərindən 91 və 189 saylı orta məktəblər, 160 saylı klassik gimnaziya ilə yanaşı, 1 əsrdən çox yaşı olan 6 saylı Bakı Peşə Məktəbi, 20 saylı uşaq yaradıcılıq mərkəzi və 35 saylı texniki yaradıcılıq mərkəzində əsaslı təmir-yenidənqurma işləri artıq başa çatmışdır.
Hazırda 7 saylı orta məktəb üçün idman və akt zalı olan, 49 saylı orta məktəb üçün yeni 660 şagird yerlik əlavə korpusların inşası, həmçinin 3 saylı uşaq musiqi məktəbinin sökülərək yenidən tikintisi, daha 3 uşaq bağçasının əsaslı təmiri aparılır. RİH-in köməkliyi ilə Badamdar qəsəbəsindəki 239 saylı orta məktəbdə də yay aylarında cari təmir işləri görülmüşdür.
Qeyd edilmişdir ki, Səbail rayonunda indiyə kimi hələ heç vaxt təhsil müəssisələri ilə bağlı belə böyük işlər aparılmamışdır. Prezident İlham Əliyev avqustun 16-da 189 saylı orta ümümtəhsil məktəbinin, sentyabırın 1-də isə 160 saylı klassik gimnaziyanın binalarında aparılan əsaslı təmir və yenidənqurma ilə tanış olaraq, işin keyfiyyətindən razı qaldığını bildirmişdir.
Tədbirdə görülən işlərlə yanaşı, keçən tədris ilində təhsil müəssisələrinin qazandığı uğurlardan da danışılmışdır. Vurğulanmışdır ki, 2010-2011-cu tədris ilində rayonun orta məktəblərini 1536 nəfər bitirmiş, onlardan 1359 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermişdir. Abituriyentlərin 763 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 167 nəfəri 500-dən yuxarı, 43 nəfəri 600-dən, 12 nəfəri isə 650-dən çox bal toplamışdır. 81 məzun xarici ölkələrin ali məktəblərinə daxil olmuşdur. Məzunlarımızdan 4 nəfəri Prezident təqaüdünə layiq görülmüşdür.
Səbail rayonunun 51 və 91 saylı orta məktəbləri "2010-2011-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil müəssisəsi" müsabiqəsinin qaliblərindən olmuşlar. 4-cü ildir ki, keçirilən bu müsabiqədə rayonun 17 orta məktəbinin 11-i qaliblər sırasında olmuşdur. Bu il keçirilən "Ən yaxşı müəllim" müsabiqəsinin qalibləri arasında isə rayonun 6 nəfər müəllimi olmuşdur. 4 il ərzində Səbail rayon məktəbinində çalışan müəllimlərdən 35 nəfər "Ən yaxşı müəllim" adına layiq görülmüşdür. 2010-2011-ci təhsil ilinin yekununa görə 6 məzun qızıl və 1 məzun gümüş medal almışdır.
Tədbirdə çıxış edən məzunlar, rayonun pedaqoji işçiləri və valideynlər təhsil müəssisələrində yaradılan şəraitə, göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Sonda respublika müsabiqəsinin qalibi olmuş məktəblərə və müəllimlərə, qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara qiymətli hədiyyələr, aztəminatlı ailələrdən olan uşaqlara məktəbli forması təqdim olunmuşdur.

{nl}

R.TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında