Şriftin ölçüsü:
07.09.2011 10:25 | Oxunma sayı: 768
Tədbirdə geniş məruzə ilə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, əməkdar müəllim Nailə Rzaquliyeva ölkəmizdə həyata keçirilən genişmiqyaslı inkişafın fonunda milli təhsilimizin də böyük dəyişiklik yolu keçdiyini, təhsil islahatlarının mükəmməl nəticələr verdiyini, dövlət müstəqilliyimizin milli təhsilimizə tərəqqi illəri yaşatdığını söylədi. Natiq qeyd etdi ki, ulu öndər Heydər Əliyevin məktəbə, müəllimə, təhsil ictimaiyyətinə göstərdiyi qayğı və diqqətin nəticəsidir ki, ölkədə təhsilin idarə olunması kifayət qədər demokratikləşdirilmiş, tədrisin keyfiyyəti qaldırılmış, qiymətləndirmə prinsipləri beynəlxalq təcrübə əsasında yenidən qurulmuş, dərslik siyasəti milli-mənəvi dəyərlərə və azərbaycançılıq ideologiyasına cavab verən şəkildə formalaşdırılmışdır.
Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünə təsadüf edən 2010-2011-ci dərs ilinin yekunlarının əvvəlki illərə nisbətən daha uğurlu olduğunu xatırladan idarə müdiri konkret faktlara əsaslanan çoxsaylı göstəricilərdən söz açdı:
- "Təhsil işçilərinin ötən həftə keçirilən respublika konfransında qeyd edildiyi kimi, Azərbaycan təhsilinin inkişaf istiqamətləri formalaşdırılmış və həmin yönlərdə kifayət qədər uğurlar əldə edilmişdir. Hər bir vətəndaşa fasiləsiz və keyfiyyətli bilik verilməsi, təhsil sisteminin bütövlükdə müasirləşdirilməsi, tədris prosesində informasiya-kommunikasiya texnologiyalarından maksimum istifadə edilməsi bugünkü Bakı təhsilinin reallıqlarıdır. 2010-2011-ci dərs ilində paytaxtın bütün məktəblərində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi təmin olunub, 139 məktəbdə genişzolaqlı internet şəbəkəsi fəaliyyət göstərir, 23 nömrəli məktəbdə elektron jurnala keçid məsələsi başa çatmaq üzrədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik" - çağırışına cavab verən Təhsil Nazirliyi və BŞTİ dövlət başçısının qarşıya qoyduğu vəzifənin reallaşdırılması istiqamətində ötən dərs ilində də mühüm addımlar atıblar.
Təhsil müəssisəsində həqiqi təhsil mühiti yaratmağa çalışan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bütün fəaliyyəti boyu - yəni son beş ildə əldə etdiyi uğurlar yada salınsa da, əsasən, 2010-2011-ci dərs ilinin göstəriciləri qabardıldı: "Ali məktəblərə qəbul imtahanları zamanı maksimum nəticə qazanmış - yəni, 700 bal toplamış 4 abituriyentin hamısı Bakı məktəblərinin məzunlarıdır. Ali məktəblərə qəbul olunan məzunların sayının ildən-ilə artması ənənə şəklini alıb. Bu il artıq imtahan verən məzunların 47 faizi tələbə adını qazanıb. Son 20 ildə ilk dəfə olaraq məhz ötən dərs ilində paytaxt məktəblərinin məzunlarından 14 nəfəri qızıl, 4 nəfəri isə gümüş medala layiq görülüb.
Cəmiyyətdən gələn sosial sifarişlərdən daha biri - paytaxt məktəblərinin bütün şagirdlərinin vahid məktəbli formasına keçməsi məsələsi bu il artıq tamamilə başa çatdırılacaq. Dövlət başçısının sərəncamı əsasında keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrində qalib olan 50 məktəbdən 22-si, 100 müəllimdən isə 49-u Bakı Şəhəri üzrə Təhsil İdarəsini təmsil edir. "Əməkdar müəllim" fəxri adına layiq görülən müəllimlərin sayı artıq 200-ə çatır. Maraqlı məqamlardan biri isə odur ki, "ilin ən yaxşı müəllimi" adına layiq görülən 49 müəllimdən 19-u ibtidai sinif müəllimləridir. Bu isə paytaxt təhsilinin təməlini qoyan müəllimlərin yüksək səviyyəsindən xəbər verir.
Nailə Rzaquliyeva təhsilə göstərilən dövlət qayğısının bu sistemin bütün sahələrini əhatə etdiyini söylədi: "Ancaq xüsusilə qeyd edilməli məqam ondan ibarətdir ki, həm dövlətin, həm də Heydər Əliyev Fondunun xətti ilə ildən-ilə daha çox yeni məktəb binası tikilir və mövcud məktəblərdə müvafiq təmir-bərpa işləri aparılır. Bu gün Bakı məktəblərinin və məktəbəqədər tərbiyə müəssisələrinin əksəriyyəti tikinti meydançasına çevrilib. Bu prosesi dövlət başçısının sərəncamı ilə təsdiq olunmuş "Bakının və şəhərətrafı kənd və qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası daha da sürətləndirir".
Konfransda çıxış edən təhsil naziri Misir Mərdanov milli təhsilimizin uğurlarını söyləməklə yanaşı, hələ qarşıda çoxsaylı vəzifələr dayandığını qeyd etdi. Bəzən kimsə belə bir iddia ilə çıxış edir ki, Azərbaycanın təhsil sistemi nə üçün Britaniyanın, Almaniyanın və ya Fransanın təhsil sistemi ilə eyni sırada dayanmır? Nazir Misir Mərdanovun konfransdakı geniş və çoxsaylı arqumentlərlə əsaslandırılmış çıxışı təkcə həmin məsələyə deyil, ümumiyyətlə, təhsil sistemimizlə bağlı bildirilən bütün iradlara tutarlı cavab kimi səsləndi. Nazir Bakı Şəhəri üzrə Təhsil İdarəsinin fəaliyyətini yüksək qiymətləndirərək qeyd etdi ki, bu qurum qətiyyətlə Azərbaycan təhsilinin önündə getməyi bacarır.
Konfransda 279 nömrəli məktəbin direktoru Oqtay Səmədov, 83 nömrəli məktəbin direktor müavini Yaşar Həmidov, 12 nömrəli idman məktəbinin direktoru Elçin Mehdizadə, 169 nömrəli uşaq bağçasının tərbiyəçisi Təbiət Vəliyeva, Bağça-Məktəb-Lisey Kompleksinin valideyn komitəsinin sədri Səidə İsmayılova, 87 nömrəli məktəbin ingilis dili müəllimi Natəvan Daştıyeva və qəbul imtahanında 700 bal toplamış Ləman Məmmədova çıxış edərək konfrans iştirakçılarını ötən dərs ilində qazanılmış uğurlar və yeni dərs ilinin başlanması münasibətiylə təbrik etdilər. Eyni zamanda, çıxışlarda çoxsaylı təkliflər də səsləndirildi.
Tədbirdə Milli Məclisin deputatları, paytaxt rayonlarının rəhbərləri, təhsil ictimaiyyətinin təmsilçiləri, ağsaqqallar və KİV nümayəndələri iştirak edirdilər.
{nl}
İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.