Azərbaycanın sürətli iqtisadi inkişafı azərbaycanlı gənclərin xaricdə təhsil almalarına geniş imkanlar yaradır.
Bu fikir avqustun 26-da Bakıda öz işinə başlamış Xaricdə Təhsil Alan və Məzun olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) "Bakı gənclər diyarı" adlı IX Beynəlxalq Yay Forumunda səslənmişdir.
Forumda əvvəlcə ASAİF-in yaranma tarixindən bəhs edən film təqdim olunmuşdur.
Sonra ASAİF-in sədri Orxan Əkbərov forumu açaraq bildirmişdir ki, "Azərbaycan sənin ağlından interaktiv faydalansın" devizi altında keçirilən iki günlük tədbirin məqsədi xarici ölkələrdə təhsil alan gənclərin şəbəkələşmə prosesini gücləndirmək, ortaq azərbaycançılıq dəyərləri ətrafında birləşərək respublikamızın xaricdə təbliğinin daha səmərəli təşkilində, informasiya mübadiləsində, təbliğat işinin interaktiv qurulmasında gənclərimizə kömək etməkdir.
ASAİF-in sədri diqqətə çatdırmışdır ki, forumda ilk dəfə olaraq 35-dən çox ölkədə təhsil alan azərbaycanlı gənclər iştirak edirlər.
Forumda müzakirələr əsasən "Qarabağı tanı və tanıt - təbliğatın yeni metodları", "Eurovision-2012 paytaxtını kəşf et", "Azərbaycan sosial mediada", "Azərbaycanın akademik təbliğatı" mövzuları ətrafında aparılacaqdır. Sonra mövzularla bağlı təkliflər forumun illik iş planına salınacaqdır.
Forum iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov Azərbaycanda təhsilə, gənclərə göstərilən qayğıdan və bu sahədə ASAİF-in gördüyü işlərdən danışmışdır. Nazir bildirmişdir ki, hazırda 10 minə yaxın azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrində təhsil alır. Bu say sürətlə artır.
M.Mərdanov vurğulamışdır ki, respublikamızdan ilk dəfə olaraq 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin təşkilatçılığı ilə 100 nəfər xaricə oxumağa göndərilmişdir. Lakin sonradan onların çoxunun taleyi bəlli olmamışdır. Xaricdə təhsillə bağlı ikinci dalğa isə 1970-1980-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlamışdır.
Nazir hazırda xaricdə təhsillə bağlı Azərbaycan üçün əsas prioritet ixtisasların - riyaziyyat, fizika, biologiya, tibb, informatika, kimya, kənd təsərrüfatı olduğunu vurğulamışdır.
Azərbaycan təhsilinin onillik strategiyasının hazırlanması ilə bağlı dövlətimizin başçısının tapşırığının uğurla icra olunduğunu qeyd edən M.Mərdanov vurğulamışdır ki, Azərbaycan 20 illik müstəqillik dövründə 50-60 illik bir inkişaf yolu keçmişdir. Bu gün Azərbaycan dünyanın ən sabit ölkəsidir. İqtisadi cəhətdən də dünyanın ən qabaqcıl ölkələrindən biridir.
Gənclər və idman naziri Azad Rəhimov vurğulamışdır ki, xarici ölkələrdə təhsil alan və məzun olmuş Azərbaycan gənclərinin forumlarının keçirilməsi görülən işlərə qiymət verilməsində və gələcək fəaliyyətin müəyyənləşməsində mühüm rol oynayır.
Son illər xaricdə təhsil alan Azərbaycan gəncliyinin fəallığının artdığını qeyd edən nazir Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) fəaliyyətini xüsusi qeyd etmişdir. A.Rəhimov bildirmişdir ki, Rusiyanın ictimai həyatında xüsusi çəkisi olan RAGT tərəfindən bir çox layihələr həyata keçirilmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında RAGT Rusiya Federasiyasının bütün subyektlərində və ali təhsil müəssisələrində vahid bir şəbəkə yaradaraq səmərəli fəaliyyət mexanizmini qurmağa nail olmuşdur.
Forumun keçirilməsini yüksək qiymətləndirən xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev ölkəmizdə gənclərə olan dövlət qayğısından danışmışdır. Azərbaycanlı gənclərin xaricdə təhsil almasının Azərbaycan həqiqətlərinin dünyada təbliğ edilməsində çox böyük rol oynadığını vurğulayan H.Paşayev demişdir ki, elmi tərəqqinin sürətlə inkişaf etdiyi hazırkı dövrdə Azərbaycan gəncləri onlara verilən imkanlardan səmərəli istifadə etməlidirlər. Gənclərin qarşısında yeni pəncərələr açılır və bunu lazımınca qiymətləndirmək lazımdır. Bu gün Azərbaycan üçün əsas problemin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin olduğunu diqqətə çatdıran H.Paşayev xaricdə təhsil alan azərbaycanlı gəncləri bu sahədə daha da fəal olmağa çağırmışdır. Nazir müavini gəncləri xarici ölkələrdə ölkəmizi təmsil etməkləri ilə yanaşı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dövlətimizin həyata keçirdiyi siyasəti dəstəkləməyə səsləmişdir.
Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov isə vurğulamışdır ki, bugünkü Forumda 37 ölkədə təhsil alan 450 azərbaycanlı gəncin iştirakı Azərbaycanın iqtisadi inkişafının, gücünün əyani sübutudur. Azərbaycanın bugünkü iqtisadi inkişafı azərbaycanlı gənclərin xaricdə təhsil almalarına geniş imkanlar yaradır.
E.Aslanov azərbaycanlı gənclərin xaricdə təhsil almaları və onların simasında Azərbaycanın intellektual potensialının dünyaya tanıdılması istiqamətində böyük nailiyyətlərin əldə olunduğunu bildirmişdir. Şöbə müdiri vurğulamışdır ki, Prezident İlham Əliyev informasiya müharibəsində Azərbaycanın qələbəsindən danışarkən bu məsələdə azərbaycanlı gənclərin üzərinə düşən vəzifələri xüsusi qeyd etmişdir.
Azərbaycan gənclərinin uğurlarını və qəhrəmanlıq rəşadətini vurğulayan E.Aslanov demişdir: "Eurovision-2011" mahnı müsabiqəsində qələbə, idmançılarımızın beynəlxalq yarışlarda uğurları, Mübariz İbrahimov və Ramil Səfərov kimi qəhrəmanlar öz şücaəti ilə Azərbaycan cəmiyyətinə və xalqına ikinci nəfəs gətirdi, özünə inamı artırdı. Azərbaycan gənclərinin uğuru haqqında danışarkən bu faktı qeyd etməmək olmaz".
Şöbə müdiri vurğulamışdır ki, informasiya müharibəsi yalnız tarixi faktlarla atışmaq deyildir. İnformasiya müharibəsi Azərbaycanın inkişafının təmini, qədim və zəngin mədəniyyətimizin təbliği, keçmişimiz və bu günümüz haqqında danışmağımızdır. Vəzifəsindən, sosial mövqeyindən və yaşadığı yerdən asılı olmayaraq bütün gənclər Dağlıq Qarabağ haqqında həqiqətləri çatdırmalıdırlar.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov forum iştirakçılarını təbrik etmiş, bu cür tədbirin keçirilməsini yüksək qiymətləndirmişdir. Ş.Mövsümov bildirmişdir ki, 35-dən çox xarici ölkədə təhsil alan azərbaycanlı gəncin bu Forumda iştirakı Prezident İlham Əliyevin "qara qızılın insan kapitalına" çevrilməsi ideyasının reallaşmasının bariz nümunəsidir.
Bugünkü Azərbaycan gəncliyini xoşbəxt adlandıran Ş.Mövsümov onların xaricdə ölkəmizi təmsil etmələri, intellektli, dünyagörüşlü bir gənc kimi yetişmələri üçün dövlətin bu sahədə uğurlu layihələr həyata keçirdiyini bildirmişdir. Fondun icraçı direktoru vurğulamışdır ki, ölkələr dünyada təkcə təbii sərvətlərinə görə deyil, həm də ziyalılarına, insan kapitalına görə tanınır. Azərbaycanı tanıtmaq üçün azərbaycanlı gənclərin də böyük rolu vardır.
Forumda çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov qeyd etmişdir ki, xaricə nə qədər çox tələbə göndərilsə, bu həmin dövlətlərdə əlaqələrin möhkəmlənməsinə xidmət edər. Deputat qeyd etmişdir ki, bu həmin gənclərin simasında Azərbaycanın intellektual potensialının təbliği, imicinin yüksəlməsi deməkdir.
Sonra forumda ASAİF-in yeni strukturu təsdiq edilmiş, şəhər və universitetlər üzrə nümayəndələr təyin olunmuşdur.
Tədbirdə işçi qruplarda müzakirələr də aparılmışdır. "Qarabağı tanı və tanıt - təbliğatın yeni metodları" mövzusunda müzakirələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin və ölkəmizin obyektiv mövqeyinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı fikir mübadiləsi aparılmışdır. Çıxışçılarda təbliğatın yeni metodları, xüsusilə virtual məkanda bu işin gücləndirilməsi və səmərəliliyin artırılması sahəsində müxtəlif fikirlər səslənmişdir.
Müzakirələrin əsas mövzularından biri də "Eurovision-2012 paytaxtını kəşf et" olmuşdur. İştirakçılar 2012-ci ildə Bakıda keçiriləcək "Eurovision" mahnı müsabiqəsinin dünyada təbliği, Azərbaycana marağın artırılması, əsasən Avropada "Eurovision-2012 paytaxtını kəşf et" adlı silsilə layihələrin həyata keçirilməsi və s. kimi təkliflərini irəli sürmüşlər.
"Azərbaycan sosial mediada" adlı müzakirələrdə isə internet vasitəsilə Azərbaycanın təbliğatının gücləndirilməsi, sosial şəbəkələrdə, bloqlarda ölkəmizin müsbət imicini gücləndirəcək mövqenin əks olunması və digər təkliflər səslənmişdir.
"Azərbaycanın akademik təbliğatı" mövzusunda çıxış edən gənclər isə ölkəmiz haqqında beynəlxalq KİV-lərdə çıxan məlumatların daim izlənməsi, gənclərimiz tərəfindən yazılmış məqalələrin çap olunması, mütəmadi olaraq mediada Azərbaycanın maraqlarını qoruyan məlumatların təbliğ olunması barədə danışmışlar.
Sonra işçi qruplarda müzakirələrin nəticələri haqqında məruzə dinlənilmiş, illik iş planına salınacaq məsələlər təklif olunmuşdur.
Sonda illik iş planı təsdiq edilmişdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.