Ölkəmizin böyük elmi potensialı sayəsində bu tezis günün reallığına çevrilir
İnsan üçün həyatda xoşbəxtlik gətirəcək nemətlər çoxdur. Bu ona görə belədir ki, hərə xoşbəxtliyi bir istiqamətdə görür. Bəlkə də xoşbəxtliyin mənaları dünyadakı insanların sayı qədərdir. Ancaq aqillərin fikrincə xoşbəxtliyi öz ölkəsinin azadlığında, öz dövlətinin müstəqilliyində, xalqının hürriyyətində görənlər daha haqlıdırlar.
Tanrının bəxtimizə yazdığı səadətin əlamətidir ki, bu il öz dövlət müstəqilliyimizin 20 illiyini bayram edəcəyik. Yəni Azərbaycan öz istiqlaliyyətinə qovuşandan sonra dünyaya gələn uşaqlar indi 20 yaşında igidlər, xanımlardır. Azərbaycanın sabahını məhz onlar - bu gün 18-20 yaşında olan gənclər quracaqlar. Bəs onların silahı nədir? Qılınc dövrü tarixdə qalıb, odlu silah nəinki gələcəyin, hətta, bu günün davranış, əxlaq normaları ilə düz gəlmir. Kəndlinin kətməni, fəhlənin çəkici ilə qurulan sabahın yolu isə çox uzana bilər. Bəs silahımız nə olmalıdır? Əlbəttə, elm. Məhəmməd Peyğəmbər Salavatullahın tövsiyə etdiyi şəkildə - "beşikdən qəbr evinə qədər" öyrənəcəyimiz elm.
ABŞ, Fransa, Yaponiya və Kanada alimləri həzrət peyğəmbərimizin həmin çağırışını artıq bayrağa çeviriblər. Amerika Birləşmiş Ştatlarından olan məşhur yazıçı-alim Maykl Xart bəşər tarixinin ən görkəmli yüz adamı barədə kitab yazarkən çoxsaylı tədqiqatlar nəticəsində belə bir qərara gəlir ki, həmin yüz adamlıq siyahıda birinci yerdə Məhəmməd Peyğəmbər (s) durur. İsa Peyğəmbərin də adı olan siyahıda birinci yerin İslam Peyğəmbərinə verilməsinin səbəbi müəyyənləşdirilərkən məlum olur ki, əsas səbəb Allahın Rəsulunun elmə verdiyi böyük önəmdir. Öz hümmətinə "Elm Çində olsa belə, onun arxasınca get" - deyən Peyğəmbər dünyanın başqa bir uzaq nöqtəsini də yada sala bilərdi. Ancaq Çini yada salıb. Bu isə elmin insan üçün nə qədər böyük əhəmiyyətə malik olduğunu sübut etmək məğzi daşıyırdı. Yəni, hətta İslamdan, təkallahlılıqdan kənar olan insanlar belə hansısa elmi nailiyyət əldə ediblərsə, onu mütləq öyrənin. Ulu Nizami isə həmin tezisi başqa şəkildə ifadə etmişdi:
Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz.
Bəzi ekspertlər məsələnin mahiyyətini xeyli dərəcədə məhdudlaşdıraraq deyirlər ki, insan, ümumiyyətlə heç kəsə qarşı üstünlük etməməlidir. Düzgün məntiq deyil. Çünki bu gün bizim kiməsə üstünlük etmək üçün daha çox haqqımız və hətta, ehtiyacımız var. Torpağımızın 20 faizini işğal edənlərə, 1 milyon soydaşımıza qaçqın-köçkün taleyi yaşadanlara, Azərbaycan türklərinin min illərdən bəri qazandığı sərvətləri və mədəniyyət nümunələrini talan edənlərə, yurdumuzu viran qoyanlara qarşı mütləq üstünlük etməliyik. Bunun üçün isə köklü, güclü, səmərə verə bilən elm lazımdır. Fundamental və dünya təcrübəsi səviyyəsində olan bir elm.
Beləcə, əhatəli bir girişdən sonra əsl mətləbin üstünə gəldik. Mətləb ondan ibarətdir ki, cəmi 20 il müstəqil dövlət kimi yaşayan, elan olunmamış müharibə şəraiti davam edən, ərazi bütövlüyünün bərpası uğrunda mübarizəsi hələ də başa çatmayan Azərbaycan üçün elm daha vacibdir, daha çox lazımdır və hətta, həyati əhəmiyyətli məsələdir. Elə Azərbaycan dövləti və Prezident İlham Əliyev də ölkə elminə qayğı və diqqəti gündən-günə artırarkən məhz həmin amili əsas götürür. Azərbaycan dövləti elmi o səviyyədə inkişaf etdirmək istəyir ki, bu elm ölkəmizin ərazi bütövlüyünün bərpasına və müstəqilliyimizin əbədiləşdirilməsinə kifayət edə biləcək qədər səmərə versin.
Bu bir arzu deyil, həqiqətdir və niyə də olmasın? Tarix boyu Azərbaycan alimləri region xalqlarının heç birinin ata bilmədiyi elmi nəticələrə imza atıblar. Amerika Birləşmiş Ştatlarının Kosmik Tədqiqatlar Agentliyi (NASA) və NATO uzun illərdir ki, öz dəqiq araşdırmalarında azərbaycanlı alim Lütvi Zadənin qeyri-səlis məntiq riyazi nəzəriyyəsindən istifadə etmirlərmi? Yaxud, dünyanın digər ən qüdrətli dövləti olan SSRİ-nin kosmonavtika elminin əsas simalarından biri, kosmik gəmilərin buraxılışına və kosmosdakı fəaliyyətinə nəzarət edən komissiyanın sədri, general Kərim Kərimov azərbaycanlı deyildimi? Onların hər ikisi Bakıda doğulmuş, Azərbaycanda təhsil almış, Azərbaycan elmini son 50 ildə təmsil etmiş görkəmli simalardır. Onlardan yüz illər əvvəl yaşamış böyük Azərbaycan alimi Nəsirəddin Tusi isə məhz özünün yaratdığı Marağa rəsədxanasında ilk dəfə planetlərin hərəkətini öyrənmişdir. Müasir astronomlar Nəsirəddin Tusinin elmi nailiyyətlərinin qərəzli şəkildə Kopernikin tezisləri ilə üst-üstə düşdüyünü qeyd edirlər. Tusi həmin nəticələri Avropa alimlərindən əvvəl əldə edibsə, söhbət hansı üst-üstə düşməkdən gedə bilər? Yəni Azərbaycan elminin çox böyük ənənələri və tarixi nailiyyətləri vardır. İndi növbə gənc nəslindir. Gənc müstəqil Azərbaycan dövlətinin böyük elmi uğurlarının təməli isə bu gün Milli Elmlər Akademiyasında qoyulur.
Prezident İlham Əliyevin aprelin 26-da Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında iştirak etməsi və geniş nitq söyləməsi bir daha sübut etdi ki, Azərbaycan dövləti həqiqətən milli elmimizin tərəqqisində maraqlıdır və bu tərəqqinin təmin edilməsi üçün heç nəyi əsirgəmir.
Akademiyada keçirilən yığıncaqda hər bir azərbaycanlını sevindirən, elmimizin sabahına inam və ümidləri artıran məqamlar çox idi. Həmin məqamları həm Prezidentin nitqlərində - dövlət başçısı əvvəlcə giriş nitqi, sonda isə yekun nitqi söyləmişdi - həm də akademiklərin çıxışlarında eşitdik. Məsələn, yığıncaqda qeyd edildi ki, 2009-cu ildə Elmin inkişafı üzrə Milli Strategiya və Dövlət Proqramı qəbul edilmişdir, ondan sonra isə Elmin İnkişafı Fondu yaradılmışdır. Bu fondun xətti ilə nəinki müasir avadanlığın alınması öz həllini tapır, eyni zamanda, müxtəlif qrantlar verilir ki, biz Azərbaycanda elmi araşdırmaları stimullaşdıraq. Akademiyanın prezidenti Mahmud Kərimov isə öz çıxışında qeyd etdi ki, Prezident İlham Əliyevin ötən ilin fevralında imzaladığı sərəncamla yaradılmış Elmin İnkişafı Fondunun xətti ilə müxtəlif elmi layihələrin reallaşdırılması məqsədiylə 6 milyon manat vəsait ayrılmışdır. Fikrimizcə çox yaxşı başlanğıcdır. Deməli, Azərbaycan elminin inkişafı üçün nəzərdə tutulan layihələr öz müsbət nəticələrini, gözlənilən səmərəsini verəcəkdir.
Ancaq ötən 20 ildə bizi təəccübləndirən və təəssüfləndirən məqamlar da olmuşdur. Belə ki, 1945-ci ildə yaradılmış Azərbaycan Milli Elmlər Akademiyasını 1992-ci ildə bağlamaq, ləğv eləmək istəyirdilər. Bu barədə rəsmi təkliflər də irəli sürülmüşdü. Ancaq təəssüf ki, Prezident İlham Əliyevin aprelin 26-da yada saldığı həmin məqama Azərbaycan elm ictimaiyyətinin indiyədək heç bir ciddi münasibətinin şahidi olmamışdıq. Əlbəttə, elmimiz ayrı-ayrı alimlərin deyil, bütövlükdə xalqımızın çox dəyərli və bəlkə də dəyəri bilinməyən bir sərvətidir. Yəni, onu hamımız qorumalıyıq. Ancaq Elmlər Akademiyasının təəssübünü orada çalışan insanlar, əməkdaşlar daha yaxından çəkməlidirlər. Bu bir xoşbəxtlikdir ki, ulu öndər Heydər Əliyevin qətiyyəti ilə Milli Elmlər Akademiyamız qorunub, saxlanılıb və bu gün dünyanın ən müxtəlif guşələrindəki alimlərlə sıx əlaqəli şəkildə çoxsaylı elmi nəticələrə imza atılır.
Başqa bir məqam. İllik yığıncaqda qeyd edildi ki, 2007-ci ildən sonra həm Akademiya şəhərciyi, həm də akademiya nəzdində olan bütün binalarda əsaslı təmir işləri aparılıb, maddi-texniki baza müasirləşdirilibdir. Bu xoş xəbərin təəssüratı ilə yaşayan elm ictimaiyyəti ertəsi günü - aprelin 27-də Prezident İlham Əliyevin daha iki sərəncamının sevincini yaşadı. Dövlət başçısının birinci sərəncamı ilə Milli Elmlər Akademiyasının tabeliyində olan, dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisələrində çalışan işçilərin əməkhaqqları orta hesabla 20 faiz artırılırdı. İkinci sərəncamla isə Azərbaycan Respublikası Prezidentinin 2002-ci ilin iyul ayında bu məqsədlə verilmiş sərəncamında dəyişiklik edilir. Prezidentin aprelin 29-da imzaladığı sərəncamla isə Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi tədbirləri müəyyən edilirdi. Yəni dövlət və dövlət başçısı Milli elmimizin inkişafı üçün lazım olan heç bir addımı əsirgəmir. İndi növbə alimlərindir. Akademik Mahmud Kərimov məhz bu məqamı əsas götürərək iclasdakı geniş çıxışında üzünü akademiya əməkdaşlarına tutaraq dedi: "Akademiyanın Rəyasət Heyəti adından sizin hamınızı bu işlərdə səfərbər olmağa çağırıram".
İnanırıq ki, akademiya prezidentinin elan etdiyi bu elmi səfərbərlik müstəqil Azərbaycanın yeganə və ən ağır problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də öz konkret sözünü deyəcəkdir. Azərbaycan alimləri dünya elminə öz yeni töhfələrini verməklə 20 illiyini qeyd etdiyimiz müstəqil dövlətimizi daha da qüdrətli edəcəklər.{nl}
İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.