Ulu öndər Heydər Əliyevin müəllifi olduğu Təhsil İslahat Proqramının qəbul olunduğu dövrdən 12 ilə yaxın vaxt ötür. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə milli strategiya əsasında yeni təhsil siyasəti formalaşmağa başlamış və bu gün də ölkə Prezidenti İlham Əliyev bu siyasəti çox uğurla davam etdirir. Son illər təhsillə bağlı Prezidentin imzaladığı 16-dan çox Dövlət Proqramı milli təhsilimizin davamlı inkişafını təmin etmişdir. Məktəblərimizin maddi-texniki bazası möhkəmlənmiş, təhsilimizə informasiya texnologiyaları gətirilmiş, yeni nəsil dərsliklər hazırlanmış, təhsilimiz dünyaya inteqrasiya yolunda uğurlu nailiyyətlər qazanmışdır.
Məktəb tikintisi sahəsində ölkəmiz MDB məkanında ilkin yerlərdən birini tutur. Son illər ölkəmizdə 2000-dən çox yeni məktəb və mövcud məktəblər üçün əlavə korpuslar tikilmişdir. Bir növbəli tədris sisteminə keçid istiqamətində mühüm işlər görülmüşdür. Məktəblərimiz yeni avadanlıqlarla, informasiya texnologiyaları ilə təmin olunmuş, istilik sistemləri bərpa edilmişdir.
Bu gün fəxrlə deyə bilərik ki, cənab Prezidentimizin sərəncamı ilə təsdiq olunmuş informasiya texnologiyalarının tətbiqi ilə bağlı Dövlət Proqramı uğurla həyata keçirilir. Bir vaxtlar kompyuteri olmayan məktəblərdə indi hər 20 şagirdə bir kompyuter nisbəti həll olunmuşdur.
Bunlar hamısı təhsilimizin keyfiyyətini yüksəltməyə yönəldilmişdir və bu gün artıq biz təhsilin keyfiyyət göstəricilərini vacib şərt kimi nəzərdə tuturuq.
Bir məsələni də xüsusi olaraq vurğulamaq istərdim. Son illər Heydər Əliyev Fondu milli təhsilimizin inkişafına xüsusi diqqət yetirir. Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə nə qədər yeni uşaq bağçası, məktəb inşa edilmiş, bir neçə məktəb əsaslı təmir olunmuşdur. "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi əsasında tikilmiş yeni məktəblərimiz təhsilimizin maddi-texniki bazasının möhkəmlənməsində mühüm rol oynamışdır.
Cənab Prezidentin Bakı və onun ətraf qəsəbələrinin inkişafı ilə bağlı imzaladığı Dövlət Proqramında yeni məktəblərin tikintisinə, köhnə məktəblərin əsaslı təmirinə xüsusi önəm verilir. Yeni dərs ilində onlardan bir neçəsinin istifadəyə veriləcəyi gözlənilir.
Prezident İlham Əliyev həmin proqramların yerlərdə icrasına daim nəzarət edir, yeni məktəblərin açılış mərasimində olur, məktəblərə tez-tez baş çəkir, təhsilin vəziyyəti ilə maraqlanır. Bunlar hamısı onu göstərir ki, ölkəmizdə təhsilə yüksək dövlət qayğısı mövcuddur və yaxın gələcəkdə milli təhsilimiz dünya standartları səviyyəsinə yüksələcək.
Bu yaxınlarda Prezidentimiz Bakı şəhəri Yasamal rayonunun 225 nömrəli məktəbində və mənim rəhbərlik etdiyim Nəsimi rayonu 35 nömrəli məktəbdə oldu. Avqustun 16-da isə ölkə başçısı Bakının daha iki təhsil ocağında - 189 və 150 nömrəli məktəblərə gəlmiş, burada aparılan təmir və yenidənqurma işləri ilə tanış olmuşdur.
Prezident İlham Əliyevin məktəbimizə gəlişi bizim üçün təkcə sevinc, şərəf olmaqla yanaşı, həm də böyük məsuliyyətdir. Prezidentimiz məktəbimizdə olarkən öz tapşırıq və tövsiyələrini verdi.
Məlumat üçün bildirim ki, 480 şagird yeri olan bu məktəb binası 1930-cu ildə istifadəyə verilib. Bu gün ikinövbəli təhsil alan 700 nəfər şagird üçün, doğrudan da, məktəbimiz çox darısqallıq edir. Yeni Dövlət Proqramına uyğun olaraq məktəbimizin köhnə binası əsaslı şəkildə yenidən qurulur, burada 20 sinif otağından ibarət üçmərtəbəli yeni korpus və idman zalı da inşa edilir. Bütün bunlar Prezidentimizin təhsilə yüksək qayğısının nəticəsidir və biz də çalışacağıq ki, nailiyyətlərimizi daha da artıraq, milli təhsilimizin inkişafına öz töhfəmizi verək.
Məktəbimizin tarixi ənənələri var. Bu məktəbin məzunları məşhur alimlər, ədəbiyyat, incəsənət xadimləri, görkəmli şəxsiyyətlərdir. Burada həmişə təhsilin keyfiyyətinə, təlim-tərbiyə işinə xüsusi diqqət yetirilib. Bunun səbəbi isə məktəbimizdə formalaşan sağlam kollektivdir. Həqiqətən, son illər Təhsil Nazirliyinin diqqət və qayğısı nəticəsində məktəblərimizdə yüksək səviyyəli, qabiliyyətli pedaqoji kollektiv yaranıb. Bunun nəticəsidir ki, təhsilin keyfiyyəti ilbəil yüksəlir, məktəblərimizdə tədris prosesi müasir tələblərə uyğunlaşdırılır.
35 nömrəli məktəbin son illər qazandığı uğurların da səbəbi məhz bununla bağlıdır. Hər il şagirdlərimiz respublika və beynəlxalq olimpiadalarda yüksək nailiyyətlər qazanır, müəllimlərimiz respublika müsabiqələrində ardıcıl olaraq qalib gəlirlər.
Prezident İlham Əliyevin sərəncamı ilə hər il "Ən yaxşı müəllim", "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqələri keçirilir. "Ən yaxşı müəllim" nominasiyasında məktəbimizin üç müəllimi - Pərvanə Talıbova, Rəsmiyyə Mehdiyeva və Sədaqət Məmmədova qalib olmuşlar. Məktəbimizin məzunlarının ölkəmizin nüfuzlu ali məktblərinə qəbul olunması da kollektivimizin nailiyyətlərindəndir. Belə ki, ötənilki məzunlarımızın 50 faizindən çoxu ali məktəblərin tələbəsi olmuşdur. Onların əksəriyyəti 500-600 arasında bal toplamış, məktəbimizin şərəfini ucaltmışlar. Eyni zamanda, 4 nəfər şagirdimiz xarici ölkələrin nüfuzlu ali məktəblərinə qəbul olunmuşdur.
Bu il də ali məktəblərə qəbul sahəsində nailiyyətlərimiz var. Hələlik bu barədə tam informasiya olmadığından mən onların sayını dəqiq deyə bilmirəm. Hazırda məktəbimizdə təmir işləri davam edir. Yeni korpusun tikintisinə başlanmışdır. Bu işlər başa çatandan sonra məktəbimizdə tədris işi daha da yaxşılaşacaq, bugünkü sıxlıq aradan qaldırılacaq.
Qarşıdan yeni dərs ili gəlir. Yeni dərs ili bizim üçün onunla əlamətdar olacaq ki, biz cənab Prezidentimizin tapşırıq və tövsiyələri əsasında daha məsuliyyətlə çalışmalı olacağıq. İndi qarşımızda duran əsas vəzifə təhsilin keyfiyyətini yüksəltmək, şagirdlərimizin sağlam ruhda tərbiyəsini təmin etmək, məktəbimizi qabaqcıllar sırasına çıxarmaqdır. Buna həm geniş imkanlarımız, həm də gözəl şəraitimiz var.
{nl}
Rəna NAİBOVA, Bakının Nəsimi rayonundakı 35 nömrəli məktəbin direktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.