Peşə təhsili sahəsində beynəlxalq əlaqələrin genişlənməsinə diqqət artırılır

Azərbaycan təhsil sistemində xüsusi yeri olan texniki peşə təhsili son illər ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı nəticəsində əsaslı şəkildə yenidən qurulmuş, bu sahədə Dövlət Proqramı qəbul olunmuşdur.
Eyni zamanda, bu sahədə beynəlxalq əlaqələr də genişlənməkdədir. İndi texniki peşə təhsili sahəsində beynəlxalq təcrübə öyrənilir, peşə təhsili ilə bağlı qabaqcıl ölkələrlə əlaqələr yaradılır. Hələ, 2008-ci ildə Təhsil Nazirliyi ilə YUNESKO arasında "Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi" layihəsinin həyata keçirilməsi ilə bağlı razılıq əldə olunmuşdur. Bu layihənin dəyəri 489.290 ABŞ dolları idi. Layihənin əsas məqsədi turizm, informasiya-kommunikasiya texnologiyaları sahəsi ilə bağlı müəyyən edilmiş ixtisaslar üzrə kurikulumların hazırlanması, bu sahələr üzrə xarici dil fənninin tədrisinə dair metodik vəsaitlərin hazırlanması, texniki peşə təhsili üzrə Resurs Mərkəzinin yaradılması idi. Artıq layihə demək olar ki, reallaşmış, öz müsbət nəticəsini vermişdir.
Böyük Britaniyanın Britiş Konsel təşkilatı ilə Avropa Komissiyasının "Peşə Təhsili və Təlimi İslahat Strategiyası və Azərbaycanın seçilmiş rayonunda sınaq tətbiqi" layihəsi də uğurla həyata keçirilmişdir. İsmayıllı rayonunda turizm məktəbinin tikilib istifadəyə verilməsi də bu layihənin əsasında baş tutmuşdur.
Cənubi Koreya və Türkiyə ilə bu sahədə əməkdaşlıq daha genişdir. Belə ki, Cənubi Koreyanın "DEU İnternational" şirkəti ilə birlikdə hazırlanan "Qabaqcıl texnologiyalar üzrə Peşə Tədris Mərkəzinin yaradılması, layihəsi uğurla başa çatdırılmışdır.
Son vaxtlar Türkiyə ilə bu sahədə əlaqələr daha da genişlənir. Türkiyə Respublikası Baş Bakanlığının Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) maliyyə dəstəyilə həyata keçirilən mühəndis-texniki işçilərin ixtisaslarının artırılmasına dair layihəyə uyğun olaraq, Azərbaycanın peşə təhsili müəssisələrində çalışan mühəndis-pedaqoji işçilər hər il 10 nəfər olmaqla 3 il ərzində Türkiyənin İzmir Mazhar Zorlu Anadolu Texniki və Sənaye Peşə Liseyindəki sənayenin avtomatlaşdırma texnologiyaları üzrə Müəllimlərin Təlim Mərkəzində bir aylıq təlim kursu keçmişlər. Məlumat üçün qeyd edək ki, 2003-cü ildə adıçəkilən liseydə pilot layihə kimi Yaponiya dövlətinin dəstəyi ilə özündə elektronika, elektrik, kompyuter və mexanika sahələrinə aid ixtisasları birləşdirən sənayenin avtomatlaşdırma texnologiyaları peşəsi üzrə kadr hazırlığına başlanmışdı.
Layihənin böyük uğurla həyata keçirilməsi nəticəsində, hazırda, Türkiyədə 20 peşə liseyində bu cür çoxşaxəli kadr hazırlığı təşkil edilmişdir.Həmin ixtisasa uyğun müəllim hazırlığını təmin etmək üçün İzmir Mazhar Zorlu Anadolu Texniki və Sənaye Peşə Liseyinin bazasında ilboyu fəaliyyət göstərən Müəllimlərin Təlim Mərkəzi yaradılmışdır. 2011-ci il mayın 2-də başlayan sonuncu təlim kursunda 7 nömrəli Bakı peşə liseyinin müəllimi Aynur Atakişiyeva, 12 nömrəli Bakı peşə liseyinin istehsalat təlimi ustası Ülviyyə Nadirova, 13 nömrəli Bakı peşə liseyinin istehsalat təlimi ustaları Elmira Namazova və Lamiyyə Orucova, 18 nömrəli Bakı peşə liseyinin istehsalat təlimi ustası Aygün Musayeva, Şamaxı peşə liseyinin müəllimi Fuad Soltanov, Tovuz peşə liseyinin müəllimi Rəxşan Sultanov, Lerik peşə məktəbinin müəllimi Hicran İbrahimov və Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin müəllimi Rəşad Şahverdiyev iştirak etmişlər.
Azərbaycandan olan nümayəndə heyətinin gəlişi ilə bağlı təşkil edilmiş rəsmi mərasimdə İzmir Şəhər Təhsil İdarəsinin müdiri Nuru Çakıral və digər rəsmi şəxslər iştirak etmişdir. Rəsmi görüşdən sonra həmyerlilərimiz liseylə yaxından tanış olmuşlar. Lisey tədris, idarə, emalatxana və müəllim hazırlığı binası olmaqla 4 müstəqil korpus, eləcə də yeməkxana və bufet korpusuna malikdir. Bütün kabinetlər, laboratoriya və emalatxanalar kompyuter və proyektorlarla təchiz edilmiş, müəllimlərin iş otaqları kompyuter dəsti və istirahət üçün lazımi məişət avadanlıqları ilə təmin edilmişdir.
Liseyin büdcəsi əsasən üç mənbədən gələn vəsait hesabına maliyyələşir: dövlət tərəfindən hər şagird üçün ayrılan vəsait, valideynlər tərəfindən liseyə könüllü edilən yardımlar və büdcədənkənar gəlir. Sənayedə tənzimlənən texnoloji proseslərin idarə olunmasında, xüsusilə robot texnikasında geniş istifadə olunan xüsusi mikroidarəedici vasitələr və PLC elementləri ilə tanışlıqla başlayan təlim prosesi onların təsnifatı və proqramlaşdırılması üçün lazım olan alqoritmik dillər haqqında məlumatların verilməsi, praktik olaraq onlardan istifadə etməklə müəyyən sadə proseslərin idarə olunması ilə davam etdirilmişdir. Xüsusi kompyuter proqramlarının köməyilə virtual olaraq kompyuterdə müxtəlif elektrik dövriyyəsinin, elektro-pnevmatik sistemlərin və elektromexaniki və ya sırf mexaniki intiqalların qurulması prosesi xüsusi maraq kəsb etmişdir. Bu proqramların əsas üstün cəhəti ondan ibarətdir ki, avadanlıqlar olmadan belə cızılmış elektrik dövriyyəsinin və intiqalların düzgün yığılıb-yığılmadığını, habelə dövriyyənin və işçi alətlərin işləməsini vizual olaraq monitorda görmək olur. Virtual olaraq qurulmuş sxem və intiqalları laboratoriyadakı stendlərdə və ya verilən avadanlıqların köməyilə mexaniki olaraq yığmaqla real həyatda onların iş prinsipini izləmək mümkün olmuşdur.
Həftəsonu azərbaycanlı müdavimlər üçün Kuşadasına, Məryəmana ziyarətgahına, Səlcuq şəhərciyinin yaxınlığındakı qoruq olan Şirincə kəndinə, eramızdan 4000 il əvvəl salınmış qədim Efes şəhərinə, Egey bölgəsinin Çeşmə və İlica şəhərləri kimi tarixi və görməli yerlərinə gəzintilər təşkil olunmuşdur. Kursun və eyni zamanda 3 il davam edən layihənin müvəffəqiyyətlə başa çatması ilə bağlı Türkiyə Respublikasının Milli Təhsil Nazirliyinin Texniki və Peşə Təhsilinin dairə müdiri Yüsel Yüksel, İzmir Şəhər Təhsil İdarəsinin müdiri Nuru Çakıral, Mazhar Zorlu Anadolu Texniki və Sənaye Peşə Liseyinin direktoru Hamit Doğan, İzmir şəhərinin peşə təhsili şöbəsinin müdiri və İzmirin bir çox peşə liseylərinin rəhbərlərinin iştirakı ilə təntənəli mərasim təşkil edilmiş və tədbir sertifikatların verilməsilə başa çatmışdır.
Görüşdə qardaşlaşmış peşə təhsili müəssisələri, qarşılıqlı müəllim və şagird mübadiləsi və s. haqqında maraqlı fikirlər səslənmişdir. Qeyd olunmuşdur ki, belə layihələrin həyata keçirilməsi ölkəmizdə peşə-ixtisas təhsili sahəsini yeni inkişaf səviyyəsinə qaldırmağa əlverişli şərait yaradacaq, eyni zamanda dost və qardaş Türkiyə Respublikası ilə əlaqələrin daha da möhkəmlənməsinə səbəb olacaqdır.
Əlaqələr bununla yekunlaşmır. Təhsil Nazirliyi peşə təhsilinin xarici ölkələrin təcrübəsinə əsaslanaraq təkmilləşməsinə xüsusi önəm verir. Nazirliyin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədovun son vaxtlar beynəlxalq təcrübəni öyrənmək məqsədi ilə xarici ölkələrə mütəmadi səfərləri öz müsbət nəticəsini verməkdədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin texniki peşə təhsilinin inkişafına göstərdiyi qayğı və diqqət yaxın gələcəkdə təhsilin bu sahəsinin daha sürətlə inkişaf edəcəyinə etibarlı zəmanətdir.{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında