Masallı: təhsilə qayğı artdıqca uğurlar da çoxalır

Regionların sosial-iqtisadi inkişafı üzrə qəbul edilib həyata keçirilən dövlət proqramlarında təhsilin strukturunun və məzmununun yeniləşməsi mühüm vəzifə kimi qarşıya qoyulmuşdur. Yerlərdə müasir maddi-texniki baza və tədris-metodiki şərait yaradılmaqla təhsil sisteminin səmərəliliyi təmin olunur. Son səkkiz ildə ölkəmizdə 2 minədək yeni təhsil müəssisəsi və məktəblər üçün əlavə korpuslar tikilib istifadəyə verilmişdir. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində də milli təhsilimizin inkişafına əsaslı töhfələr verilmişdir. Masallı rayonu da bu yeniləşmədən kənarda qalmamışdır.
Masallıda, demək olar ki, hər zaman təhsilə ciddi önəm verilib. Hazırda ölkəmizin elm, təhsil sahələrində, iqtisadiyyat, mədəniyyət, sosial sferalarında bu rayonun yetirməsi olan yüzlərlə alim və mütəxəssis çalışır. Rayonda yaşı yüzü ötən təhsil ocaqlarının olması faktı da elmə, biliyə tarixən müsbət yanaşıldığının göstəricisidir.
Hazırda Masallıda 99 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Sayı 29 minə çatan şagirdlərin təlim-tərbiyəsi ilə 3 mindən artıq müəllim məşğul olur. Rayonda 16 məktəbəqədər tərbiyə və 4 məktəbdənkənar tədris müəssisəsi də fəaliyyət göstərir. Təkcə son beş ildə burada 24 yeni məktəb binası tikilib, 5 məktəb əsaslı təmir edilib.
İki il öncə rayona səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Masallıdakı yeni "Dəfinə" liseyinə də getmiş, yaradılan şəraitlə, dərs prosesi, şagirdlərin İKT üzrə bilik və qabiliyyətləri ilə maraqlanmış, razılığını bildirmişdir. Rayonun sakinləri təhsil sahəsindəki hər bir yeniliyi, hər bir uğuru böyük sevinclə qarşılayırlar. Ötən il Digah kənd, Ərkivan qəsəbə 2 saylı məktəblərinin və Mollaoba məktəbi üçün tikilmiş idman zalının açılış mərasimlərinin əsl toy-bayrama çevrildiyinin şahidiyəm. İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Milli Məclisin deputatları Sabir Rüstəmxanlı və Elmira Axundova da bu tədbirlərdə iştirak edirdilər. Əllərində gül-çiçək dəstələri, dövlət başçısının portretlərini və üçrəngli bayrağımızı tutmuş yüzlərlə adam sevinc içərisində tədbirə qatılmışdı. Çıxış edən müəllimlər, valideynlər fərəh hisslərini böyük həyəcanla bölüşür, ölkə rəhbərliyinə minnətdarlıq duyğularını ürəkdən gələn xoş sözlərlə ifadə etməyə çalışırdılar. Müasir, geniş, rahat, zəngin sinif otaqlarına baxış zamanı Qəzənfər müəllimin də, qonaqların da, məktəb direktorları və müəllimlərin də əsl iftixar hissi keçirdiklərini duymaq çətin deyildi. Hər kəsə unudulmaz təsir bağışlayan mərasimlər yeni məktəblərdə çalınan ilk zəng sədalarının şagirdləri elmin, biliyin zirvələrinə səsləməsi ilə yekunlaşdı.
Çox müsbət haldır ki, Qəzənfər müəllim rayona gəldiyi ilk günlərdən bu sahəyə nəzarəti gücləndirib. Dəfələrlə xəbər vermədən məktəblərə gedərək müəllim və şagirdlərin dərsə davamiyyətini yoxlayıb. Rayon icra hakimiyyəti başçısının yanındakı şura iclaslarında təhsil sistemində nizam-intizam, keyfiyyət, məktəblərin maddi-texniki bazasının vəziyyəti və sair bu kimi məsələlər tez-tez müzakirə olunub, qərarların vaxtında icrası diqqət mərkəzində saxlanıb. Vəzifəsinə səhlənkar yanaşan məktəb direktorları cəzalandırılıb, hətta işdən çıxarılıb. Təbii ki, rəhbərlik səviyyəsində nöqsanlara barışmaz münasibət, təhsilin inkişafına qayğı bu sahədə çalışan gənc nəslin taleyinə cavabdehlik daşıyan hər kəsin məsuluyyət hissini daha da artırır, uğurların qazanılmasını təmin edir. Hazırda rayon təhsilində ciddi qayda yaradılması məhz bu tələbkarlığın müsbət nəticəsi kimi dəyərləndirilməlidir.
Onu da deyək ki, rayon rəhbərliyi ali məktəblərdə oxuyan Masallı məzunlarını da unutmur. Hər yeni dərs ili ərəfəsində 1-ci kurs tələbələri ilə ənənəvi görüşlər keçirilir. Prezident təqaüdçülərinə mükafatlar verilir. Ali məktəbə qəbulda yüksək nəticə əldə etmiş tələbələrə təhsil alacaqları müddətdə RİH başçısının aylıq təqaüdləri təyin edilir.
Rayon təhsil şöbəsinə təcrübəli pedaqoq Astan İbişov rəhbərlik edir. İxtisasca rus dili və ədəbiyyatı müəllimidir. Neçə il Təzə Alvadı kəndindəki 1 saylı məktəbin direktoru olub. Məktəbi həmişə səliqəli, gül-çiçək içində saxlayıb, təhsil göstəricilərini yüksəldib, nizam-intizam yaradıb. Təşkilatçılıq bacarığını, uğurlarını nəzərə alaraq, iki il öncə onu təhsil şöbəsinin rəhbərliyinə irəli çəkiblər. Etimadı doğrultmağa, nailiyyətləri artırmağa çalışır. Söhbətimiz zamanı Astan müəllim qazanılan uğurlardan da danışdı, mövcud çatışmazlıqları da gizlətmədi. Başlıcası isə qeyd elədi ki, istər təhsil nazirliyi, istərsə də rayon rəhbərliyinin qayğısı, dəstəyi ilə bütün çətinlikləri dəf etmək, rayon təhsilini daha da irəliyə aparmaq əzmindədirlər.
Şöbə ümumi icbari təhsilin həyata keçirilməsindən ötrü bütün lazımi tədbirləri görür. Keyfiyyət əsas götürülür. Yəni, sadəcə saya deyil, daha çox sanbala fikir verilir. Vətən üçün hərtərəfli hazırlığı olan gənclər, əsl vətəndaşlar yetişdirmək məramı unudulmur.
Nəticəyönümlü təhsilə keçilməsi təhsil işçilərinin məsuliyyətini daha da artırıb. Şöbənin aparıcı məsləhətçiləri və metodistləri tez-tez məktəblərdə olur, ayrı-ayrı fənlərin tədrisinin vəziyyətini öyrənir, işi daha da yaxşılaşdırmaq üçün pedaqoji kollektivlərə əməli məsləhətlər verirlər. Yoxlamalar zamanı işin öhdəsindən gələ bilməmək kimi hallar aşkarlandıqda qanuni tədbirlər görülür.
Məktəblərdə vaxtaşırı sınaq yazı işləri, fənlər üzrə test yoxlamaları, monitorinqlər keçirilir, nəticələr təhlil olunur. Təhsildə islahatyönümlü işlərin aparıldığı mərhələdə müəllimlərdən daha çox öyrənmək tələb olunur. Sağlam pedaqoji mühit formalaşdırılır. Qabaqcıl təcrübəni yaymaq üçün bülletenlər buraxılır, mətbuatda yazılar verilir. Məktəblər arasında mütəmadi bilik yarışları və fənn olimpiadaları üçün baza yaradılıb. Ötən il rayon olimpiadalarında fərqlənən 60 nəfər qalib növbəti mərhələdə iştirak edib, onlardan 8-i 1-ci yerə layiq görülərək respublika turuna çıxıb. Masallı şəhər 1 saylı orta məktəbin şagirdi Mirlamiyə Hüseynova Azərbaycan dili və ədəbiyyatı fənni üzrə respublika turunda 2-ci yeri tutub.
"Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir" mövzusunda keçirilmiş rayon müsabiqəsində 700-dən artıq şagird həvəslə iştirak edib. Lürən kənd tam orta məktəbinin şagirdi Şamxal Talıbov respublika müsabiqəsində yer tutub və onun yazısı "Ümummilli lider Heydər Əliyev şagirdlərin gözü ilə" kitabında çap edilib. Bu il rayon rəhbərliyinin qayğısı ilə toplanıb nəşr olunmuş "Masallının söz çələngi" kitabı isə yaradıcı müəllimlərə böyük diqqət və dəstək sayılır.
Təhsil şöbəsinin Rusiyanın ölkəmizdəki səfirliyi ilə işbirliyi nəticəsində 7 şagird rus dili üzrə müxtəlif nominasiyalarda olimpiadaların qalibi olub, 2 məzun Rusiyanın ali məktəblərinə göndərilib.
Ötən tədris ilinin buraxılış imtahanlarının nəticələrində əvvəlki illə müqayisədə ciddi irəliləyişlər olub. İmtahanlardan keçən 2137 şagird şəhadətnamə və 1350 şagird attestat ala bilib. Ali məktəblərə tələbə qəbulu da artmaqdadır. Bu yay tələbə adı qazanan Masallı məzunlarının sayı 250-yə çatır. Onlardan 10 nəfəri imtahanlarda 600-dən yuxarı bal toplayıb.
Aprel ayında Masallıda Azərbaycan Respublikası Təhsil Nazirliyi və Təhsil Problemləri İnstitutu ilə birgə "Müasir dövrdə innovativ təhsil ideyalarının tətbiqi təcrübəsi" mövzusunda zona elmi-praktik konfransı uğurla keçib. Müəllimlərin 18 nümunəvi açıq dərsində iştirak edən təhsil naziri Misir Mərdanov dərslərdən razılığını bildirib və tövsiyə xarakterli çıxışında qarşıda duran vəzifələrdən danışıb.
Ötən tədris ilində ölkə üzrə keçirilmiş "Ən yaxşı ümumtəhsil müəssisəsi" müsabiqəsində Masallı şəhər 1 saylı tam orta məktəbi də qalib gəlib. "Ən yaxşı müəllim" müsabiqəsində Q.İsmayılov adına Şərəfə kənd tam orta məktəbinin fransız dili müəllimi Naidə Məmmədova qələbə qazanıb.
Artıq üç ildir ki, bütün məktəblərdə yeni kurikulum uğurla tətbiq olunur. Hər il 1-ci sinifdə dərs deyəcək müəllimlər kurslara cəlb olunur və sertifikatlar alırlar. Uşaq bağçalarında da təlim və tərbiyənin keyfiyyətcə yüksəldilməsi üçün tədbirlər görülür. Məktəbli idmançıların göstəriciləri də ürəkaçandır.
Təhsil şöbəsinin müdiri Astan İbişov mövcud çatışmazlıqlar sırasında kitabxana və uşaq birliyi təşkilatlarında çalışan kadrların zəifliyi, onların keçirdiyi tədbirlərin sönüklüyü və bir çox təhsil ocağında Valideyn-Məktəb Assosiasiyasının faydalı iş əmsalının aşağı olmasını qeyd elədi. Məktəblərin tərtibatı məsələsində bəzi çətinlikləri göstərdi. Nəhayət dedi ki, hazırda əlimizdə təhsil nazirliyinin tövsiyə etdiyi "Ümumtəhsil müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi" adlı çox dəyərli sənəd var və həmin sənəd keyfiyyətə aparan yolun əsas göstəricisidir.
İnanmaq istərdik ki, Masallı təhsilini uğurlara aparan yol bundan sonra daha da aydın olacaq.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında