Yeni kitablar. İstiqlal mücadiləsinin mühacirət səhifələr

Azərbaycan Milli Elmlər Akademiyası Əsaslı Kitabxanasında ölkəmizin Macarıstandakı səfiri, filologiya elmləri doktoru Vilayət Quliyevin tərtib etdiyi "Polşada Azərbaycan siyasi mühacirəti irsindən" adlı materiallar toplusunun təqdimat mərasimi oldu.
Məclisi giriş sözü ilə açan AMEA Nizami adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru , "Ozan" nəşriyyatının direktoru Asif Rüstəmli ilk olaraq elm və media təmsilçilərinə təqdim olunan kitab barədə ətraflı məlumat verdi. Alim-naşir bildirdi ki, əvvəllər Azərbaycanın yaxın-uzaq ölkələrlə ədəbi-mədəni əlaqələrini tədqiq etmiş, xaricdə yaşamış görkəmli soydaşlarımızın irsini öyrənmiş Vilayət Quliyev diplomatik fəaliyyəti - xarici işlər naziri, Polşada və Macarıstanda səfir olduğu dövrdə də bu axtarışlarını uğurla davam etdirmişdir. Bu baxımdan alim-diplomatın Varşavada yaşayıb-işlədiyi illər daha məhsuldar olmuşdur.
Azərbaycan - Polşa ədəbi-mədəni əlaqələrinin yeni qatlarına nüfuz etmiş Vilayət Quliyev ötən əsrdə bu ölkədə yaranmış siyasi mühacirət irsimizlə də yaxından tanış olmuşdur. Soydaşımız aşkar etdiyi maraqlı fakt və sənədləri, tarixi önəm daşıyan yazıları mətbuatda ardıcıl olaraq oxuculara təqdim etmiş, onların ən əhəmiyyətli olanlarını isə toplu halına gətirmişdir. Təqdim olunan yeni kitab Azərbaycan siyasi mühacirətinin mühüm bir dövrü, onun liderlərinin fəaliyyəti barədə indiyədək məlum olmayan xeyli bilgi verir.
Kitabda yer almış materiallar və onların siyasi mühacirət irsimizdəki çəkisi barədə məlumat verən Ədəbiyyat İnstitutu direktorunun müavini, filologiya elmləri doktoru Teymur Kərimli bildirdi ki, topluda əsasən ötən əsrin 30-cu illərində Polşada fəaliyyətini genişləndirən Azərbaycan siyasi mühacirətinin məram və mübarizəsini əks etdirən məqalə, çıxış, bəyanat, məktub və s. sənədlər toplanmışdır. Bu baxımdan Məmməd Əminin, Mirzə Balanın, Azərinin, Əli Mirzənin, İsrafil bəyin, Əli Sultanın, Əfşaranlının, Nağı Bayramlının, Cahangir bəyin, B.Ağaoğlunun qələmindən çıxmış yazılar milli müstəqillik məfkurəmizin yaşadılması, azərbaycançılığın yetikləşdirilməsi ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirir.
Əlavələr bölməsində də xeyli maraqlı material verilmişdir. Tərtibçi materialları elə düzmüş, ön sözdəki və şərhlərdəki məlumatlarla elə bir bitkinlik yaratmışdır ki, bununla toplu mükəmməl bir elmi-məfkurəvi əsərə çevrilmişdir. Tanınmış diplomat və siyasi xadim, tarix elmləri doktoru Həsən Həsənov resenziyaçı olaraq, kitab müəllifinə faydalı köməyini göstərmişdir.
Mərasimdə çıxış edən Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev, Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov, filologiya elmləri doktorları Qəzənfər Paşayev və Nazif Qəhrəmanlı, "525-ci qəzet"in baş direktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və digər elmi media təmsilçiləri "Polşada Azərbaycan siyasi mühacirəti irsindən" toplusunu azərəbaycanşünaslığa dəyərli töhfə kimi səciyyələndirdilər, onun dilçi, ədəbiyyatçı, tarixçi və jurnalistlər üçün faydalı mənbə olduğunu vurğuladılar.
İnternet bağlantısı ilə mərasimə qoşulan Azərbaycan Respublikasının Macarıstandakı səfiri, tədqiqatçı professor Vilayət Quliyev məclisin əvvəlində iştirakçıları salamladı, mühacir irsimizlə bağlı axtarışlarından söz açdı. Sonda müəllif topluya verdikləri dəyərə görə alimlərə və media təmsilçilərinə təşəkkürünü bildirdi, yeni axtarışlarından danışdı.

{nl}

Tahir AYDINOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında