İdarəçi kadrların hazırlanması sisteminin modernləşməsi Heydər Əliyevin inkişaf strategiyasının tərkib hissəsi kimi

Dahi öndər Heydər Əliyevin inkişaf strategiyası müstəqil Azərbaycanın texnokratiya cəmiyyəti səviyyəsindən əvvəlcə sənaye, daha sonra informasiya cəmiyyəti səviyyəsinə qədər yüksəlməsini nəzərdə tutur. Bu, son dərəcə mürəkkəb prosesdir və nəticə etibarilə insana yönəlmişdir. Ölkəmizdə insanın firavan yaşaması - mənəvi və maddi baxımdan təminatı, təhlükəsizliyi və azadlığı, yüksək mədəniyyət səviyyəsi, psixi və fiziki sağlamlığı, şərəf və ləyaqətinin qorunması əsas məqsəddir. Həmin məqsədə çatmaq üçün dövlət və cəmiyyət həyatının bütün sahələrində elmi-texniki, iqtisadi, mədəni, sosial, o cümlədən təhsil sahələrində modernləşmə ilə bağlı islahatlar həyata keçirilir. Dövlət və bələdiyyə idarəçiliyi kadrlarının hazırlanması ilə məşğul olan akademiyamız üçün həmin kadrların təhsil sisteminin köklü surətdə dəyişdirilməsi, yəni əsaslı yenilənməsi bir tərəfdən ən aktual məsələ, digər tərəfdən ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasının tərkib hissəsi və eyni zamanda, onun ardıcıl davamı olduğundan məhz bu problem üzərində dayanmaq istərdim. 
Effektiv dövlət qulluğu və idarəçiliyi məktəbinin yaradılması, yüksək peşəkar idarəçi kadrların, yaxud "dövlət qulluq agentlərinin" hazırlanması müasir ali təhsil sisteminin modernləşməsi prosesində ən mühüm məsələlərdən biri və bununla belə XXI yüzillikdə Azərbaycanın təhlükəsizliyi və innovasiyalı inkişafının təmin olunmasında çox əhəmiyyətli faktor kimi dəyərləndirilə bilər. İlk öncə qeyd edim ki, dövlət siyasətinin bütün sahələrinin səmərəliliyi əsasən cəmiyyət, hakimiyyət orqanları və idarəçiliyin səviyyəsi və vəziyyətindən asılıdır. Məhz bu səbəbdən bütün sənaye ölkələrində idarəçilər və dövlət qulluqçularının hazırlanması və yenidən hazırlanması məsələsinə son dərəcə böyük önəm verilir. Bircə onu demək kifayətdir ki, bu problem həmin ölkələrin dövlət siyasətinin ayrılmaz bir hissəsini təşkil edir. Burada dövlət qulluğunun bütün nəzəri və praktiki tərəflərinin işlənməsi və təkmilləşdirilməsiylə məşğul olan və dövlətin hamiliyi altında səmərəli fəaliyyət göstərən təhsil və elm müəssisələri, mərkəzlər, ali məktəblərin geniş şəbəkəsi artıq çoxdan qüvvədədir.
Müstəqil Azərbaycanda isə dövlət idarəçiliyi və dövlət qulluqçularının hazırlanması sistemi təşəkkül mərhələsini yaşayır. Hazırda bununla bağlı yeni yanaşmalar və ideyaların axtarışı gedir, idarəçilik fəaliyyətinin innovasiya mexanizmləri və texnologiyaları öyrənilir. Dövlət qulluğu müasir şəraitdə sosial islahatların mühüm alətinə çevrilərək özü də transformasiyalara məruz qalır.
Dövlət inzibatçılığı və idarəçiliyi elmi ölkəmizdə nisbətən yaxın zamanda rəsmən tanınıb. Dövlət idarəçilik nəzəriyyəsinin akademik və tədris fənni kimi təşəkkülü, eynilə dövlət inzibatçılıq məktəbinin əsaslarının formalaşması on iki ili əhatə edir.
Xüsusi vurğulamaq istərdim ki, ilk dəfə ixtisaslaşdırılmış tədris və elm müəssisəsinin yaradılması ideyası dahi strateq və taktik Heydər Əliyev tərəfindən irəli sürülmüşdür. Məhz ümummilli liderin təşəbbüsüylə 1999-cu ilin yanvar ayında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) yaradılaraq dövlət menecmenti sahəsində tədris, elmi-nəzəri, metodiki və tədqiqat mərkəzi qismində fəaliyyətə başlayır. Əlbəttə, təsadüfi deyil ki, akademiya belə bir yüksək statusa malikdir. Bu tədris və təlim müəssisəsi dövlət sifarişini həyata keçirir. Dövlət isə, məlum olduğu kimi, idarəçiliyin ilkin və əsas subyektidir, əhalinin əksər hissəsi tərəfindən dərk və qəbul edilən inkişaf strategiyasını formalaşdırır, vətəndaşlarını normal həyat şəraiti ilə təmin edir. Azərbaycanda prezident hakimiyyəti isə keçid və ondan sonrakı dövrdə dövlətin rolunun möhkəmləndirilməsini tələb edən siyasi reallıqların nəticəsidir. Mövcud dövlət modeli dövlətin idarəçilik sisteminin cəmiyyətin və ölkə əhalisinin ən zəruri problemlərindən ayrılmaq imkanını minimallaşdırır.
DİA dövlət menecmentinin əsas xəttini realizm və sağlam praqmatizm təşkil edən müasir siyasi həyatın çağırışlarını qəbul edir. Məhz bunlar qloballaşan dünyanın sosial-siyasi və iqtisadi tendensiyalarının dinamizmini əks etdirən biliklərin bütün müxtəlifliyini texnologiyalaşdırmağa və dövlət idarəçiliyinin təhsil sisteminə daxil etməyə vadar edir. Təbiidir ki, məhz DİA ölkədə dövlət və bələdiyyə qulluğu kadrlarının hazırlanmasını həyata keçirən yeganə profilli təhsil ocağıdır. Son səkkiz ildə akademiya respublika ali təhsil müəssisələri reytinqində mütəmadi olaraq birincilik qazanır.
DİA-nı digər ali məktəblərdən fərqləndirən əsas xüsusiyyət ondan ibarətdir ki, burada ixtisaslaşdırılmış biliklərin verilməsiylə yanaşı, dövlətə və dövlətçiliyə milli inkişafın əsas dəyərləri kimi münasibət formalaşdırılır. Azərbaycan cəmiyyətinin idarə olunması sistemində dövlət menecmenti aparıcı rol oynayır ki, bu da prinsip etibarilə müasir siyasi inkişafın üstün tendensiyalarını əks etdirir. Çünki dünya sistemini əhatə edən qloballaşma prosesləri nəticəsində inkişafın oxşar sosial-iqtisadi xüsusiyyətləri özünü büruzə verir və beləliklə müxtəlif dövlət hakimiyyəti modelləri unifikasiyaya doğru meyillilik nümayiş etdirir.
Akademiyanın siyasi-tərbiyəvi funksiyasını ilk növbədə hər bir bakalavr, magistrant, müdavim, doktorant və mütəxəssisin şüurunda güclü dövlət ideyasının kök salınması müəyyənləşdirir. Güclü dövlətsiz müstəqilliyimizin mümkünsüzlüyü fikrinin burada təhsil alanlara çatdırılması, onların ürək və qəlblərində bərqərar olması akademiyanın fəaliyyətinin ana xəttini təşkil edir.
Dövlət və bu sırada formalaşan təzahürlər, o cümlədən dövlət hakimiyyəti, dövlət idarəçiliyi, dövlət qulluğu olmadan həm ölkənin bütövlüyü, suverenliyi, təhlükəsizliyi və qayda-qanunun müdafiə edilməsinin, həm də hər bir insan və vətəndaşın hüquq və azadlıqlarının qorunmasının qeyri-mümkünlüyü fikri onlara daim aşılanır. Eyni zamanda, akademiyada dərk edilir ki, qloballaşma şəraitində dövlət tənzimlənməsinin rolunun dəyişilməsi və bazar mühitinin mürəkkəbləşməsi, vətəndaş cəmiyyəti strukturlarının inkişafı, əhalinin təhsil səviyyəsinin yüksəlməsi ilə əlaqədar olaraq dövlət idarəçiliyi kadrlarının peşə ixtisasının artırılmasına tələbat günü-gündən güclənir. Fəaliyyət dövrü müddətində DİA-da tələbələrin təhsili, Azərbaycanın Bolonya prosesinə qoşulması ilə əlaqədar kredit təhsil sisteminə keçid, dövlət və bələdiyyə qulluqçularının ixtisasının artırılması, "politologiya", "beynəlxalq münasibətlər", "iqtisadiyyat" və "hüquqşünaslıq" ixtisasları üzrə tələbələrin hazırlanması və ikinci təhsilin alınmasıyla bağlı bir çox önəmli işlər görülmüşdür. Lakin bunlar heç də kifayət etmir. Bizim ölkənin vahid Avropa təhsil məkanına daxil edilməsi biliklərin keyfiyyətinin dəfələrlə artırılmasını tələb edir, çünki sonuncular ən yüksək dünya standartlarına cavab verməli, beynəlxalq birlik tərəfindən qəbul olunmalı və özümüzün ali təhsil sahəsindəki ehtiyaclarımızı ödəməlidir.
Olduqca önəmlidir ki, ümummilli lider Heydər Əliyevin xalqın tələbi və təkidilə hakimyyətə qayıdışı anından başlayaraq Azərbaycan Respublikası Qərb sivilizasiyası məkanında müvəffəqiyyətlə aprobasiya olunan və səmərəli istifadə edilən innovasiya idarəçilik texnologiyalarının yaradıcı istifadəsinə istiqamətlənib. Bununla belə, formalaşan Azərbaycan inzibati-dövlət idarəçilik məktəbi heç də yalnız Qərb təcrübəsini təkrarlamamalıdır. İnsan münasibətlərinin bu son dərəcə incə və mürəkkəb bir sahəsində milli ənənələrimiz, mədəni, siyasi-institusional və sosial-psixoloji xüsusiyyətlərimizin nəzərə alınması labüddür.
Şübhəsiz, hazırda dövlət idarəçiliyinin və dövlət qulluğunun xalqın həyatıyla real əlaqəsinin ictimai-siyasi və dövlət-hüquqi baxımdan təmin edilməsinə yönəlmiş yeni təfəkkürlü idarəçilər tələb olunurlar. Başqa sözlə, indi elə kadrlar hazırlamaq lazımdır ki, onlar dövlət idarəçiliyi və dövlət qulluğunun yeni modelinin zəruriliyini dərk etsinlər, dövrümüzdə bol-bol yaşanan böhranlı və münaqişəli situasiyalar, qlobal və lokal risklər şəraitində dövlət inzibatçılığının nəzəriyyəsi və praktikasını mükəmməl öyrənsinlər, dövlət administrasiyasının KİV-lə qarşılıqlı əlaqə texnologiyasını yaxşı bilsinlər və s. Buradan belə bir nəticəyə gəlirik: XXI əsrdə bütün dünyada sürətlənən sosial dəyişikliklər prosesi dövlət qulluqçularından prinsipial baxımdan yeni keyfiyyətlər və bacarıqlar tələb edir. Onlar innovasiya proseslərinin idarə olunması, bürokratik strukturların sosial və təşkilati hərəkətsizliyinin aradan qaldırılması spesifikasını mənimsəməlidirlər. Bu isə dövlət idarəçiliyi nəzəriyyəsi, konfliktologiya, idarəçilik mədəniyyəti, qərarların qəbul edilməsi nəzəriyyəsi, sosial proqnozlaşdırma sahələrində dərin biliyin, özü də həyatın tez-tez dəyişən çağırışlarını qəbul etməyə və onlara adekvat cavablar tapmağa qadir olan, inkişafa və adaptasiyaya meylli biliyin mövcudluğunu nəzərdə tutur.
Bundan başqa, idarəçilərin və dövlət qulluqçularının ümumi, peşə və siyasi mədəniyyətlərinin yüksək səviyyəsi, həm də "qanuna tabe olma", "qanun qarşısında bərabərlik", "vəzifə borcu", "vətəndaş hüquqlarına hörmət" kimi kateqoriyaların hər bir vəzifəli şəxs tərəfindən sosial baxımdan dərk edilən və dərindən duyulan hüquqi dəyərlərə çevrilməsi əlahiddə əhəmiyyət kəsb edir. Beləliklə, dövlət idarəçiliyi kadrlarının təhsil sisteminin modernləşdirlməsi, bu məsələylə bağlı xüsusi proqramın işlənilməsi və tətbiq edilməsini aktuallaşdırır ki, sonuncuya uyğun olaraq tədris fənlərinin, ümumi və xüsusi kursların, həmçinin seçim kurslarının sayı, keyfiyyəti və yönümü real şəkildə müasir beynəlxalq standartlarla tutuşdurula bilsin. Proqrama bir məqalə formatında sistemli izahı mümkünsüz olan tam və genişəhatəli təkliflər kompleksi daxil edilməlidir.
Bunu nəzərə alaraq, DİA-nın fəaliyyətini optimallaşdırmaq, burada verilən ixtisasları və tədris olunan fənləri hazırkı və gələcək sosial gerçəkliyin tələbatına yaxınlaşdırmaq məqsədilə təhsilin məzmunu, təşkili və metodlarında yalnız bəzi labüd olan dəyişikliklərə diqqəti yönəltmək istərdim:
1. Xəta və yanlışlıqlara yol verməmək üçün inkişaf etmiş və bəzi MDB ölkələrinin təcrübəsinə müraciət etmək olduqca faydalıdır.
Məsələn, Fransanın İnzibatçılıq Məktəbinin (ENA) iş metodları və bütövlükdə fəaliyyəti böyük maraq doğurur. 1945-ci ildə "dövlətin ümumi administrasiyasının ali kadrları"nı hazırlayan bir mərkəz kimi yaradılan ENA gələcək məmurlar yetişdirən 80-dən artıq ümummilli dövlət məktəb və mərkəzləri sırasında aparıcı rol oynayır. Fəaliyyəti boyunca məktəb əsaslı yeniliklərin qəbul edilməsi ilə bağlı çox mühüm daxili islahatlara məruz qalır ki, bu da həmin elitar təhsil ocağına zamanın nəbzini tutmağa imkan verir. Zənnimcə ENA ilə əməkdaşlıq kifayət qədər aktualdır.
İdarəçilər üçün nəzərdə tutulan ixtsaslaşdırılmış proqramların sayını daim genişləndirən 670 ABŞ universitet və kolleclərində dövlət aparatı və özəl sektorda çalışan administrativ kadrların hazırlanması sahəsində olduqca böyük təcrübə toplanmışdır. Əlbəttə, bu təhsil müəssisələrinin ən yaxşıları ilə qarşılıqlı əlaqələr qurmaq məqsədə uyğundur.
Siyasi menecer, sosial və iqtisadi idarəçilər ixtisasları verən Böyük Britaniya ali məktəblərində istifadə olunan tədris-metodiki və elmi-təcrübi innovasiyaları da öyrənmək lazımdır, o cümlədən heyətin inkişafı və idarə olunmasının Britaniya İnstitutunda. Sonuncuda digərləri ilə yanaşı öz biliklərini sosial yönümlü hökumət və qeyri-hökumət təşkilatları, assosiasiya, mədəniyyət və təhsil fondlarında həyata keçirən və sosial-mədəni fəaliyyət üzrə ixtisaslaşan menecerlər təhsil alırlar.
Yaxşı məlumdur ki, yarandığı 1895-ci ildən bu günə kimi nəhəng təcrübə toplayan və bütün dünyada unikal status qazanan London İqtisadiyyat və Siyasi Elm Məktəbi (LSE) ən yüksək səviyyəli iqtisadi və siyasi menecerlər hazırlamaqla seçilir. Həmin məktəbin metodları, iş üsulu, tədris və spesifikasıyla tanış olmaq və DİA-da dövlət idarəçilərinin yetişdirilməsində bunların adaptasiya imkanlarını tətbiq etmək məqsədəuyğundur.
Biz Rusiya təcrübəsindən də faydalana bilərik, çünki bu ölkədə həm idarəçiliyin ümumi nəzəriyyəsi, həm administrativ - dövlət idarəçiliyi, həm də sözügedən sahədə ixtisaslı kadrların hazırlanmasıyla bağlı artıq çox işlər görülüb. Bu mənada Rusiya Federasiyasının Prezidenti yanında Dövlət Qulluğu və Xalq Təsərrüfatı Akademiyası, həmçinin Moskva Hökumətinin Kadrlar və Dövlət Qulluğunun İdarəçiliyi İnstitutundakı proseslər, mütəxəssislərin hazırlanması xüsusiyyəti ilə tanışlıq böyük səmərə verə bilər.
Almaniyanın fundamental bilik və çevik peşə bacarıqları aşılayan bir sıra ali təhsil ocaqlarının, o cümlədən Aşağı Saksoniyadan Alman Menecment Akademiyasının (DMAN) zəngin təcrübəsinin öyrənilməsi, zənnimcə, müsbət nəticələnməlidir. Həmin akademiyanın təlim-tədris proqramları həm Almaniyanın bütün əyalətlərində yerləşən müəssisələr, həm də ixtisasartırmalar təşkil olunan bir çox Avropa firmalarıyla əməkdaşlıq əsasında həyata keçirilir ki, bu da nəzəriyyə ilə təcrübənin dövrün, zamanın ümdə tələbinə cavab verən qarşılıqlı əlaqəsini təmin edir. Ənənəvi olaraq inkişaf etmiş Qərb ölkələrinin öndə gedən ali məktəblərilə əməkdaşlıq münasibətləri qurmaqla yanaşı, başqa perspektivlər də yaranmaqdadır. Belə ki, son zamanlar bir sıra cənub-şərqi Asiya ölkələri, məsələn, Cənubi Koreya, Çin, Malayziya və Sinqapurun müvafiq ali məktəblərinin son illərdə topladıqları orijinal təcrübə olduqca böyük maraq doğurur və bu ölkələrin aparıcı universitet, institut və akademiyaları ilə intensiv qarşılıqlı əlaqələr formalaşdırmaq istiqamətində ciddi addımlar atmağı labüd edir.
Müasir milli idarəçilik məktəblərinin formalaşmasında BMT-nin də rolu az deyil. 1967-ci ildən başlayaraq, bu ümumdünya təşkilatının himayəsi altında inzibati dövlət fəaliyyətinin problemləri üzrə ekspertlərin müşavirələri mütəmadi olaraq keçirilir.
Hesab edirəm ki, heyətin hazırlanması və yenidən hazırlanması, dövlət inzibatçılığının müasir metodologiyası üzrə BMT ekspertləri və BMTİP mütəxəssislərinin uyğun elmi-praktiki işləri və proqramlarından Azərbaycanın idarəçi kadrlarının hazırlanması sisteminin modernləşməsi prosesində istifadəsi kifayət qədər effektiv olacaq.
Əlbəttə, idarəçiliyin metodologiyası, nəzəriyyəsi, texnologiya və praktikasının inkişafında böyük beynəlxalq nüfuza malik təşkilatların, ali məktəb və mərkəzlərin siyahısını hələ çox davam etdirmək olur. Lakin məsələnin mahiyyəti bizi maraqlandıran sahədə ən yaxşı xarici təcrübənin mexaniki təkrarlanmasından yox, düzgün, yerli şəraitə uyğun və yaradıcı şəkildə mənimsənilməsindən ibarətdir.
2. Beynəlxalq elm və tədris layihələrinin mükəmməl işlənməsinə xüsusi diqqət yetirilməlidir. Yəni təkcə keyfiyyətli və innovasiyalı bilgilərin oradan götürülməsi məqsədilə deyil, həm də ölkədən kənar müvafiq peşə təhsili, o cümlədən əlavə təhsil almaq imkanının verilməsi məqsədilə akademiyamızın xarici partnyorlarla əlaqələri genişləndirilməlidir. Bundan başqa, iki diplomun - Azərbaycan və xarici ölkə diplomunun verilməsini nəzərdə tutan beynəlxalq layihələrin hazırlanması da artıq günün tələbidir.
Eyni zamanda, ən yeni idarəçilik texnologiyalarının uğurlu mənimsənilməsi üçün Avropa Birliyi, ABŞ, Kanada və başqa ölkələrin müəyyən profilli aparıcı təşkilat və müəssisələrində təcrübə keçmək məsələləri də öz müsbət həllini tapmalıdır.
3. Təhsil prosesinin müasir dövlət qulluğu və idarəçiliyinin ehtiyaclarına durmadan artan uyğunluq tələbatı fonunda yeni magistr proqramları, xüsusilə "İnvestisiyalar və innovasiyaların idarə olunması" və ixtisaslaşmaların, məsələn, "Antiböhran sosial-proseslərin idarə olunması" kimi proqram və ixtisaslaşmaların hazırlanması və reallaşdırılmasına böyük ehtiyac duyulur.
Əlavə ixtisasların alınması üçün xüsusi peşə təhsil proqramlarının işlənməsi və aprobasiyasının da vaxtı çatmışdır. Zənnimcə, müasir sosial praktikanın tələblərinə "dövlət idarəçiliyinin sosial innovatikası", "dövlət və bələdiyyə idarəçiliyində informasion-analitik texnologiyalar", ldövlət qulluğunda menecment", "heyətin idarə edilməsində menecment", "sosial-iqtisadi inkişafın strateji idarə edilməsi", "antiböhran idarə edilməsi", "innovasiyalı siyasi menecment", "siyasi imicelogiya" və s. yeni təhsil proqramları müvafiqdir. Bakalavr və magistrların hazırlanmasında, idarəçilərin yenidən hazırlanmasında inzibati təşkilat, büdcə texnikası, informasiya proseslərinin dövlət idarəedilməsi, idarəçiliyin texnologiya və sosiologiyası kimi xüsusi kursların oxunması məqsədəuyğundur. Məlumdur ki, "Ömür boyu təhsil" XXI əsrin maarifçilik şüarıdır. Məhz bu səbəbdən yüksək rütbəli məmurlar, o cümlədən icra başçıları və onların müavinləri üçün effektiv dövlət idarəçiliyinin əsasları və innovasion sosial texnologiyaları üzrə təhsil proqramı tətbiq edilməlidir. Bu isə mütəmadi olaraq belə müdavimlər qruplarının qısa müddətli ixtisaslaşdırma kurslarını nəzərdə tutur.
4. İnzibati kadrların hazırlanması prosesində istifadə olunan tədris metodikasını dəyişmək lazımdır. Dərslərin əsas forması kimi mühazirələrə deyil, diskussiyalara üstünlük verilməlidir. Çünki birinci forma hər-hansı informasiyanın passiv qavranılmasını tələb edir. İkincisi isə hazırkı və gələcək məmura təşəbbüskarlığını inkişaf etdirməyə, öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə, lazımi dəlillərlə müdafiə etməyə, fikirlərini dürüst dəqiq söyləməyə, mübahisəni bacarıqla aparmağa və başqalarını inandırmağa, kommunikativ bacarıqları inkişaf etdirməyə köməklik göstərir. Diskussiyaları elə işgüzar oyunlar şəklində keçirmək olar ki, burada inzibatçının rastlaşa biləcəyi situasiyalar modelləşsin.
5. Akademiyamızda təhsili optimallaşdırmaq üçün əsas səylər tələbə və müdavimlərin hərtərəfli, geniş profilli hazırlığı və dərinləşdirilmiş ixtisaslaşmasının sintezinin nail olunmasına yönəldilməlidir.
Başqa sözlə, müasir idarəçilərin hazırlanması müxtəlif sahələrdə fundamental biliklərin alınması və nəzəri-tətbiqi idarəçilik fənləri və texnologiyalarının əsaslı öyrənilməsini nəzərdə tutur.
6. Akademiyada tədris prosesinin proqram-metodiki təminatı üçün tam təchiz olunmuş müasir tipli nəşriyyat mərkəzi lazımdır ki, burada ilk növbədə "DİA-nın dərslikləri" seriyasının, sonra isə digər lazımi materialların buraxılışı təşkil edilsin.
7. Qloballaşmanın müasir mərhələsində dünyada baş verən geniş miqyaslı geosiyasi və geoiqtisadi dəyişiklikləri nəzərə alaraq DİA-nın nəzdində fəaliyyət göstərən Geostrateji Araşdırmalar Mərkəzinin fəaliyyətini dövrün tələblərinə uyğun təkmilləşdirmək, futuroloji və siyasi proqnozlaşdırma, önləyici təhlil funksyalarının effektivliyini köklü surətdə artırmaq məqsədilə onun inkişaf etmiş ölkələrin aparıcı "beyin mərkəzləri" ilə əməkdaşlığını təmin etmək, iş üslubu, metodologiyası və metodlarını müasirləşdirmək, eyni zamanda, kadrlar tərkibini genişləndirmək və bu mərkəzə analitik təfəkkürlü, kreativ düşüncəyə malik gəncləri cəlb etmək son dərəcə vacibdir.
Onu da qeyd etmək istərdim ki, bu mərkəzin fəaliyyətini həm tədris, həm də real siyasi proseslərlə uzlaşdırmaq lazımdır. Buradakı elmi fəaliyyətin praktiki əhəmiyyəti qat-qat artırılmalıdır. Hazırlanan elmi-tədqiqat materialların bir qismi hakim strukturlara, ilk növbədə Prezident Administrasiyasına göndərilməli, qalan hissəsi isə akademiyanın tədris işində istifadə olunmalıdır.
Beləliklə, yuxarıda verilən təkliflər əsasında idarəçi kadrların hazırlanması sisteminin modernləşməsi ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasının tərkib hissəsi və müasir şəraitdə layiqli davamı kimi qiymətləndirilməlidir.

{nl}

Nigar ƏLƏKBƏROVA, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının politologiya və siyasi idarəetmə kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında