Fransada, ABŞ-da və Avropada təhsil alan azərbaycanlı doktorantların konfransı

Azərbaycan Diplomatik Akademiyasının (ADA) təşəbbüs və təşkilatçılığı, Fransa Siyasi Elmlər İnstitutunun professoru, Belçika parlamentinin fəxri sədri An-Mari Lizinin dəstəyi ilə bu institutda Amerikada və Avropanın müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı doktorantların ikigünlük konfransı keçirilmişdir.  
İyunun 10-da konfransı açan An-Mari Lizin qonaqları salamlamış, Azərbaycan Xarici İşlər Nazirliyinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev tədbirin məqsəd və vəzifələri barədə danışmışdır.
Konfransın ilk günündə siyasi mövzularda çıxışlar səslənmişdir.
Belçika parlamentinin keçmiş sədri, senator An-Mari Lizinin Avropa və Azərbaycan münasibətlərinə həsr olunmuş çıxışı maraqla qarşılanmışdır. Belçikalı senator Avropanı təhdid edən enerji böhranının aradan qaldırılmasında neft və qazla zəngin olan Azərbaycanın rolunu yüksək qiymətləndirmiş, son illər ölkəmizin iqtisadiyyatının sürətli inkişafından söhbət açmış, Avropa İttifaqının enerji təhlükəsizliyinin aradan qaldırılması, digər iqtisadi sahələrdə Azərbaycanla əməkaşlıqda maraqlı olmasından bəhs etmişdir.
İyunun 11-də öz işini davam etdirən konfransda azərbaycanlı doktorantlar iqtisadiyyatla bağlı üzərində çalışdıqları mövzular barədə məlumat vermiş, ölkəmizin iqtisadi inkişafına toxunmuş, Avropa dövlətlərinin iqtisadi göstəriciləri ilə müqayisələr aparmışlar.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov konfrans iştirakçıları qarşısında "İctimai diplomatiya və elm adamlarının bu sahədə rolu" mövzusunda məruzə ilə çıxış etmişdir. Səfir Azərbaycanın yenidən öz müstəqilliyini bərpa etdikdən sonra müxtəlif ölkələrlə diplomatik əlaqə yaratmasından, dünyanın 60-dan çox dövlətində səfirliklərimizin, daimi nümayəndəliklərimizin və baş konsulluqlarımızın fəaliyyət göstərdiyini diqqətə çatdırmış, diplomat peşəsinin çətin, eyni zamanda, şərəfli peşə olduğunu xatırlatmş, ölkəmizin müstəqil siyasət yeritdiyini xüsusi vurğulamış, Azərbaycan-Fransa münasibətlərinə toxunmuşdur. E.Əmirbəyov diplomatiyanın formalaşmasında elm adamlarının xüsusi rol oynadıqlarını bildirmişdir.
Səfir doktorantların suallarını ətraflı cavablandırmışdır.
ADA-nın rektoru Hafiz Paşayev konfransla bağlı müsahibəsində bildirmişdir ki, rəhbərlik etdiyi təhsil ocağı ilə Amerikada təhsil alan azərbaycanlı doktorantlar arasında sıx və hərtərəfli münasibətlər yaranmışdır. Akademiya ilk dəfədir ki, Avropada təhsil alan doktarantlarla belə bir konfrans keçirir. Bu konfransda hər bir doktorant çalışdığı mövzu barədə məlumat verməklə yanaşı, öz potensial imkanlarını da nümayiş etdirir. Belə konfranslar keçirməklə biz xaricdə təhsil alan azərbaycanlı doktorantlar arasında seçim edir, onların arasından ən yaxşılarını üzə çıxarır və Azərbaycan Diplomatik Akademiyasında işə dəvət edirik. Mənim üçün Amerikada təhsil alan azərbaycanlı doktorantlarla Avropanın ali məktəblərində oxuyanların bilik səviyyəsinin müqayisəsi xüsusi maraq doğururdu. Etiraf edim ki, müəyyən dərəcədə fərqin şahidi oldum.
ADA-nın icraçı dekanı Fariz İsmayılzadə konfransla bağlı AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində demişdir: "ADA hər il ənənəvi olaraq xaricdə təhsil alan azərbaycanlı doktorantların konfransını keçirir. Bu günlər Parisdə keçirilən bu yığıncaq say hesabı ilə bizim artıq beşinci konfransımızdır. Bundan əvvəl belə konfransı Amerikada, sonra isə ölkəmizdə keçirmişik. 2011-ci il üçün isə Avropa qitəsini seçmişik. Konfransın məhz Fransada keçirilməsini ona görə qərara almışıq ki, bu ölkə Avropanın mərkəzində yerləşir. Digər tərəfdən isə İngiltərənin, Almaniyanın, İtaliyanın, Belçikanın, Hollandiyanın və digər ölkələrin ali təhsil ocaqlarında təhsil alan tələbələrimizi Parisə toplamaq daha asandır.
Məqsədimiz xaricdə təhsil alan azərbaycanlı doktorantları müəyyən etməkdən və tanış olmaqdan ibarətdir. Bu tanışlıq onların hansı elm sahəsində araşdırmalar aparmalarına dair ətraflı məlumat almaq imkanı verir, digər tərəfdən isə doktorantların bir-biri ilə tanış olmalarına şərait yaradır. Son nəticədə biz xaricdə təhsil alan tələbələrimizi müəllim və yaxud tədqiqatçı qismində akademiyada işə cəlb etməklə onları Azərbaycana qaytarmaq istəyirik. Akademiyamız bundan əvvəl də bu istiqamətdə təşəbbüslər göstərmişdir.
Azərbaycan Diplomatik Akademiyası sürətlə genişlənir. Akademiyada ali təhsilin bakalavr və magisturatura kimi dərəcələri fəaliyyət göstərir. Bu il biznes fakültəsinın açılması nəzərdə tutulmuşdur. Bütün bunlar akademiyada dərin biliyə, hərtərəfli savada və dünyagörüşünə malik kadrlara və müəllimlərə ehtiyac yaradır. Bu ehtiyacı isə xaricdə təhsil alan azərbaycanlı doktorantlar arasında seçim aparmaqla həll etməyə çalışırıq".

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Paris

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında