Azərbaycan dilçiliyinin xanımları...

Və professor Nigar Vəliyeva

{nl}

...Filologiya elmləri doktoru, Azərbaycan Dövlət Dillər Universitetinin professoru Nigar Vəliyevanın Azərbaycan dilçiliyində hadisə olan yeni kitabının - "Azərbaycan, ingilis və rus dillərinin müqayisəli frazeoloji lüğəti"nin geniş təqdimat mərasimində iştirak edərkən (və xanım professorun həmin kitabı, eləcə də ümumən yaradıcılığı barədə görkəmli elm adamlarının heyranlıqla söylədikləri mülahizələri məmnunluqla dinləyə- dinləyə!) Azərbaycanın dilçi xanımlarının surətləri bir- bir gəlib gözlərimin önündən keçirdi...
Zərifə Budaqova, Zemfira Verdiyeva, Rəhilə Məhərrəmova, Zinyət Əlizadə, Sayalı Sadıqova, Firəngiz Ağayeva, Nəmidə Abbasova, Afinə Əlizadə, Sevil Mehdiyeva, Lalə Quliyeva, Mehparə Qayıbova, Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva, Sənubər Abdullayeva, Sevinc Məhərrəmova... Və keçən əsrin ortalarından başlayaraq Azərbaycan dilçiliyinin müxtəlif sahələrində çalışan onlarla digər xanım mütəxəssislərimizin yüzlərlə ciddi elmi əsərləri təsəvvürümdə canlandıqca indiyə qədər ağlıma gəlməyən bir əminliklə dərk etdim ki, biz "ana dili" ifadəsini təsadüfən işlətməmişik. Dünyaya xalqın gələcəyi olan körpələr gətirib elə ilk gündən onlara təbii (ilahi!) bir təmənnasızlıqla ana südü ilə yanaşı ana dilinin heç zaman unudulmayacaq ruhunu verən analara bu təbii (və ilahi!) missiya ana dilini (eləcə də müxtəlif dilləri) elmi baxımdan araşdırmaq üçün, elə bilirəm ki, xüsusi bir səlahiyyət müəyyən edir.
Qadın təfəkkürü elmin, o cümlədən dilçiliyin mürəkkəb nəzəri- konseptual məsələləri ilə məşğul olmaqda çətinlik çəksə də, təcrübə göstərir ki, ana dilinin, eləcə də müxtəlif dillərin tədrisindən başlamış leksika- lüğətçilik və ya üslubiyyata qədər dilçiliyin müxtəlif sahələrində xanımlar böyük uğurla araşdırmalar aparırlar. Xüsusilə xarici dilləri öyrənməkdə qadınlar çox hallarda kişilərdən daha istedadlı, daha qabiliyyətli görünürlər... Və elə dilçi xanımlarımız da var ki, özlərinə məxsus elmi məktəb yaratmış, elmi strukturlara rəhbərlik etmiş, çoxlu sayda yüksək ixtisaslı dilçi kadrlar hazırlamışlar.
...Professor Nigar Vəliyeva belə bir böyük (və zəngin) ənənənin varisi, istedadlı davamçısıdır. O hələ ilk məqalələrini, kitablarını nəşr etdirəndə görünürdü ki, dilçiliyə istedadlı, zəhmətkeş və məsuliyyətli bir xanım gəlir. Azərbaycan, rus və ingilis dillərini gözəl bilən, yaxşı məktəb keçmiş Nigar xanımın böyük elmə qədəm basdığı elə ilk illərdən çoxlarında olmayan bir üstünlüyü də var: araşdırmalarının nəticələrini, gəldiyi qənaətləri, hətta metodlarını, üsullarını mütəxəssislərlə geniş müzakirə etməkdən, fikir mübadiləsi aparmaqdan heç zaman çəkinməmək... Və beləliklə, gördüyü işin elmi- ictimai dəyərini ən azından özü üçün dəqiq (və vaxtında!) müyyənləşdirmək!... Çox gənc yaşlarında (eyni zamanda, ondan asılı olmayan müəyyən gecikmələrlə) doktorluq dissertasiyası müdafiə edən Nigar Vəliyevanın elmi polemikalara cəsarətli marağı elə bir özünə əminliyin nəticəsidir ki, onun arxasında yüksək elmi- nəzəri hazırlıq, çevik düşüncə məharəti və bildiyini öyrətməklə yanaşı, bilmədiyini öyrənmək mədəniyyəti dayanır.
Nigar xanımın hər hansı kitabından, yaxud məqaləsindən üç- dörd cümlə oxumaq və ya hər hansı elmi çıxışından beş- altı cümləyə qulaq asmaq kifayətdir ki, onun dil faktlarına - illüstrativ materiala, müasir dilçiliyin anlayış və metodlarına dərindən bələdliyinin, başlıcası isə elmi- nəzəri ümumiləşdirmə qabiliyyətinin şahidi olasan. 1992- ci ildə Azərbaycan Dövlət Dillər Universitetini fərqlənmə diplomu ilə bitirən, elə həmin il həmin ali məktəbin Ümumi dilçilik kafedrasının əyani aspirantı olan Nigar Vəliyevanın 1990- cı illərin əvvəllərindən indiyə qədər 150- dən çox elmi əsəri çap edilmişdir ki, bunların içərisində monoqrafiyalar, dərsliklər, irihəcmli lüğətlər, nüfuzlu beynəlxalq jurnallarda dərc olunmuş məqalələr xüsusi yer tutur. Öz elmi jurnallarımıza, məcmuə, yaxud toplularımıza beynəlxalq jurnallarla müqayisədə nə qədər bədbin baxsaq da, etiraf etməliyəm ki, müəllifin on beş ildən çox müddətdə BDU, ADDU və ADPU- nun, AMEA- nın elmi nəşrəlrində dərc edilmiş onlarla elmi məqalələri ciddi tədqiqat işləri sayıla bilər.
Nigar xanım 1996- cı ildə - iyirmi beş yaşında "Nitq və təfəkkür felləri ilə formalaşan frazeoloji vahidlər (müasir ingilis, Azərbaycan və rus dillərinin materialları əsasında)" mövzusunda namizədlik, 2004- cü ildə - otuz üç yaşında isə "Frazeoloji birləşmələrin müqayisəli linqvistik təhlili (müasir ingilis, Azərbaycan və rus dillərinin materialları əsasında)" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmiş, 2007- ci ildə - otuz altı yaşında isə ADU-nun professoru seçilmişdir.Aspiranturada təhsil aldığı illərdən etibarən nüfuzlu elmi mətbuatda hər il təxminən ona qədər məqaləsi dərc olunan bir dilçi- tədqiqatçı üçün belə bir yaradıcılıq tərcümeyi- halı tamamilə təbiidir. Ancaq nəzərə alsaq ki, bu, eyni zamanda məişət qayğıları ilə əhatə olunan, övladlar böyüdən bir qadının-ananın tərcümeyi- halının yalnız tərkib hissəsidir, onda xeyli qeyri- adi, hətta qeyri- təbii görünə bilər... Nigar xanımın ADDU- da artıq on beş ildir ki, müəllim, baş müəllim, dosent və nəhayət, professor kimi elmi- pedaqoji fəaliyyətini, dissertantlara rəhbərliyini, müdafiə şurasının üzvü olaraq fəaliyyətini də buraya əlavə etsək, onun yaradıcı enerjisinin miqyası (əslində, miqyassızlığı) barədə daha aydın təsəvvür yaranır. O, Avropa Linqvistik Cəmiyyətinin üzvü, BDU- nun lDil və Ədəbiyyat" beynəlxalq elmi- nəzəri jurnalının baş redaktor müavini, eyni zamanda həmin jurnalın lQərb filologiyası" bölməsinin məsul redaktorudur... Mən əminəm ki, qırx yaşını bu günlərdə qeyd etmiş dilçi alim bundan sonra hələ çox nüfuzlu cəmiyyətlərin üzvü, çox möhtəşəm elmi məclislərin iştirakçısı olacaq, Azərbaycan elminə böyük hörmət(və şöhrət!) gətirəcək.
Nigar xanımın yaradıcılığını artıq on ildir ki, yaxından izləyirəm. Və çox məmnunam ki, onun "Müxtəlif sistemli dillərdə nitq və təfəkkür felləri ilə formalaşan frazeoloji vahidlər" (1999), "Strukturno- semantiçeskiye osobennosti slovasoçetaniy v sovremennom anqliyskom yazıke" (2001), "Frazeoloji birləşmələrin müqayisəli linqvistik təhlili" (2001), "Azərbaycanca- ingiliscə- rusca frazeoloji lüğət (2006) kitablarının ilk oxucularından biri, "Müxtəlif sistemli dillərdə feli birləşmələrin tipoloji təhlili" (2008) dərslik- monoqrafiyasının elmi redaktoru olmuş, irihəcmli ikicildlik "Azərbaycanca- ingiliscə- rusca frazeoloji lüğət"inə isə ön söz yazmışam. Və heç yadımdan çıxmaz ki, Nigar xanım hər bir əsərini, xüsusilə doktorluq dissertasiyasını mənə təqdim edib rəyimi soruşanda həmişə hiss etmişəm ki, qarşımda araşdırdığı mövzunu dərindən bilən zəkalı bir alim- dilçi dayanıb... Ona nəyisə təfsilatı ilə izah etməyə, dərs deməyə ehtiyac yoxdur, onunla yalnız fikir mübadiləsi edə, yaxud təcrübənə dayanıb texniki məsləhətlər verə bilərsən. O məsləhətləri ki, artıq çoxdandır professor Nigar Vəliyeva öz tələbələrindən, aspirant və dissertantlarından əsirgəmir.
...Dissertasiya müdafiələrindən birində mənim elmi rəhbərim, Azərbaycan MEA- nın müxbir üzvü, professor Tofiq Hacıyev dissertantın yüksək elmi hazırlığını görüb özünəməxsus təbəssümlə dedi ki, vallah, iddiaçı elə səviyyəli çıxış elədi ki, adam ona sual verməkdən də qorxmur. Və müdafiə şuralarının təcrübəsində belə şeylər də olurdu ki, müzakirələr zamanı şura üzvlərindən kimsə ürəklə çıxış edib bildirirdi ki, dissertasiyanı dissertantın özü yazıb... Bütün bunları ona görə xatırladım ki, Nigar xanımın doktorluq müdafiəsi, həqiqətən, ürək açan oldu və hamı etiraf etdi ki, o, kifayət qədər ciddi tədqiqatçı, yalnız öz mövzusunu deyil, dilçiliyin müxtəlif sahələrini yaxşı bilən, müxtəlif dillərin ruhunu duyan, onları dəqiqliklə müqayisə edən elmi təfəkkür sahibidir. Müdafiəyə qədər onun 70- dən çox əsəri çap olunmuşdu ki, bunun özü intellekiual məhsuldarlığın və təkcə müdafiə şurası deyil, özünün, bir az da dəqiq desək bütün ömrü boyu daşıyacağı məsul elmi ad qarşısındakı məsuliyyətin göstəricisi idi. Həmin məhsuldarlıq (və məsuliyyət!) doktorluq müdafiəsindən sonra azalmadı, hətta bir az da gücləndi... Müdafiədən sonrakı beş- altı ildə Nigar xanımın müxtəlif nüfuzlu elmi jurnallarda (və Azərbaycan, rus, ingilis dillərində) 80- ə qədər əsəri dərc edilmişdir... İrihəcmli ikicildlik "Azərbaycanca- ingiliscə- rusca frazeoloji lüğət"ə gəldikdə isə, bu əsəri, həqiqətən, müasir Azərbaycan dilçiliyinin nailiyyəti saymaq, indiyə qədər yaradılmış ən mötəbər lüğətlərimizlə müqayisə etmək olar... Yuxarıda haqqında bəhs elədiyim təqdimatda da ölkəmizin ən böyük dilçiləri, xüsusilə akademiklər Ağamusa Axundov, Vasim Məmmədəliyev çıxış edib "Lüğət"ə yüksək qiymət verdilər.
...Əlbəttə, müxtəlif sistemli dilləri müqayisə etmək həmişə çətindir. Ancaq frazeoloji materialın müqayisəsi daha çətindir... Çünki frazem, sadəcə, leksik vahid deyil, hər bir xalqın bədii- fəlsəfi dünyagörüşü, ruhu ilə bilavasitə bağlı hadisədir. Ona görə də dilçi- lüğətçidən elmi- metodiki hazırlıqla yanaşı böyük həssaslıq da tələb edir... Və müəllifin təqdim etdiyi möhtəşəm "Lüğət" elmi ictimaiyyət tərəfindən bir də ona görə heyranlıqla qarşılandı ki, bu işin arxasında onun nəzəri- metodoloji bazasını təşkil edən onlarla əsərləri (və beş il öncə nəşr etdirdiyi "Azərbaycanca- ingiliscə- rusca frazeoloji lüğət"in təcrübəsi!) dayanırdı. Hər kəsə məlumdur ki, bu cür fundamental işlər üç ilə- beş ilə meydana çıxmır; bunun üçün uzun illərin axtarışları, tədqiqatçı məsuliyyəti (və mədəniyyəti!), istedad lazımdır.
İstedad isə kökdən, nəsildən gəlir... Nigar xanım böyük Bülbülün nəvəsi, xalq rəssamı İbrahim Zeynalovun bacısı qızı, xalq artisti Polad Bülbüloğlunun qardaşı qızıdır. Kifayət qədər tanınmış, nüfuzlu valideynləri ilə də, haqlı olaraq, fəxr edir...
...Xanım dilçilər içərisində ən gənc elmlər namizədi, ən gənc elmlər doktoru, ən gənc professor olmuş Nigar Vəliyeva, heç şübhə etmirəm ki, bundan sonra da hələ çox rekordlara imza atacaqdır.

{nl}

Nizami CƏFƏROV, AMEA-nın müxbir-üzvü, millət vəkili


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında