Bizə yeni, bilikli, dünyada biznes mühitini yaxşı bilən peşəkar menecerlər lazımdır. Azərbaycanın iqtisadi inkişafı o qədər sürətlə gedir ki, hər sahədə yeni kadrlar lazımdır... Azərbaycan Dövlət İqtisad Universitetinin bu işdə çox böyük əməyi var və çox böyük töhfəsi olacaqdır.... Mən arzu edirəm ki, Azərbaycanın bütün ali məktəbləri bu səviyyədə olsun.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dövlət İqtisad Universitetinin yeni korpusunun açılış mərasimindəki nitqindən.
8 oktyabr 2007-ci il
{nl}
Azərbaycan Dövlət İqtisad Universiteti-80
İqtisad yönümlü ixtisaslar içərisində önəmli yer tutan mühasibat uçotu və audit ixtisasının məhsulu hesab edilən mühasib və auditor peşələri qədim ixtisaslardan sayılır. Alman dilində "buxqalter" sözü "mühasibat uçotu" mütəxəssisi mənasında işlədilir. "Buxqalter" termini XV əsrdə meydana gəlmiş və "buxqalter" rütbəsi (dərəcəsi) alan ilk şəxs isə İnsburk Hesab Palatasının kargüzarı K.Ştexer olmuşdur. Onun "buxqalter" və Y.Merinqerin ona köməkçi vəzifəsinə təyin edilməsi, eləcə də iqtisadi lüğətdə "buxqalter" termininin qəbul edilməsinə dair imperator Masimlianın 13 fevral 1648-ci il tarixli əmri Vyana Dövlət Muzeyində saxlanılır.
Rusiyada "buxqalter" termini ilk dəfə XVIII əsrdə I Pyotrun hakimiyyəti dövründə verilən fərmanlarda öz əksini tapmışdır. Lakin həmin dövrdə iri ticarət müəssisələrində, fabrik və zavodlarda uçotun dəqiq və dürüst aparılmasına ehtiyacın xeyli artmasına baxmayaraq, hesabdarlıq işinin təşkilini yaxşı bilən ixtisaslaşmış mütəxəssislər kifayət qədər olmamışdır. Heç də təsadüfi deyildir ki, məhz bu səbəbdən də Rusiyada ilk dəfə "buxqalter" vəzifəsini (rütbəsini) daşıyan adam əcnəbi olmuş və informasiya üçün bu şəxsin adının Kommersiya Kolleci rəhbərinin 11 sentyabr 1732-ci il tarixli əmri ilə Sankt-Peterburq gömrüyünün baş mühasibi təyin edilmiş holland mənşəli tacir Timmerman olduğunu xüsusi vurğulamaq yerinə düşər.
XIX əsrin sonlarında və XX əsrin əvvəllərində Bakıda fəaliyyət göstərən "Qafqaz və Merkuri", "Nadejda", "Drujina" və digər gəmiçilik müəssisələrində, "Nobel qardaşları" şirkətində, "Mazut" şirkətində, Xəzər Ticarət Donanmasında və eləcə də azərbaycanlı sahibkarlara məxsus digər iri şirkət və fabriklərdə uçot işlərini aparan vəzifəli şəxslərə "buxqalter" deyilirdi. Qeyd edək ki, ərəbcə "mühasib" sözü hesabdarlıq elmi və mühasibat işləri mənasında işlədilir. Azərbaycanda "mühasib", "mühasibat uçotu" terminlərinə ilk dəfə olaraq professor Əliqulu Fərəcovun 1928-ci ildə işıq üzü görən "Hesabdarlıq kursu" kitabında rast gəlmək olar. O, inqilaba qədər bir çox şirkət və firmalarda mühasib kimi fəaliyyət göstərmiş və 1917-1920-ci illərdə hesabdar-mühasiblər kursları açaraq tədrisin effektivliyini yüksəltmək məqsədi ilə rusiyalı uçot mütəxəssislərini Azərbaycana dəvət etmişdir. Mühasibat uçotu ixtisası üzrə mütəxəssisləri daha təkmil formada hazırlamaq üçün professor Ə.S. Fərəcov kadr hazırlığının daha müasir sistemini seçməyə üstünlük vermiş və qarşıya qoyduğu məqsədə əsasən nail olmuşdur.
Avropa ölkələrində, Rusiyada və eləcə də Azərbaycanda "buxqalter" (mühasib) hər zaman ən nüfuzlu peşə, bu vəzifəni icra edən şəxs isə ən etibarlı və hörmətli adam sayılırdı. Vəzifənin hörmətinə və nüfuzuna baxmayaraq, 1930-cu ilədək Azərbaycanda mühasibat uçotu ixtisası üzrə bir nəfər də olsa ali təhsilli mühasib olmamışdır. Lakin 1930-cu ildən, yəni Azərbaycan Dövlət İqtisad Universitetinin əsasının qoyulduğu gündən formalaşan mühasiblər ordusu iqtisadiyyatın müxtəlif sferalarında uğurla fəaliyyət göstərir. Mühasibat uçotu ixtisasının getdikcə artan nüfuzu və əhəmiyyəti bu sahədə sistemli elmi-tədqiqat işlərinin aparılmasını, sözügedən elmin predmeti, metodu və metodologiyasının, onun təşkilinin nəzəri və praktiki əsaslarının işlənib hazırlanmasını, dərsliklər və dərs vəsaitlərinin yazılmasını və ictimaiyyətə çatdırılmasını zəruri etmişdir.
Bu gün 80 illiyini şərəflə qeyd etdiyimiz ölkəmizin aparıcı tədris müəssisələrindən biri və Cənubi Qafqaz regionunda ən iri iqtisadi təhsil kompleksi sayılan Azərbaycan Dövlət İqtisad Universitetinin auditoriyalarında şanlı tarixi ərzində minlərlə ali təhsilli mühasib hazırlanmış, yüzlərlə insan mühasibat uçotu və audit ixtisası üzrə elmlər namizədi, elmlər doktoru elmi dərəcələrinə yiyələnmiş, dosent, professor elmi adlarına layiq görülmüşdür. Məhz bunun nəticəsidir ki, Avropa ölkələrində olduğu kimi, Azərbaycan Respublikasında da mühasib və auditor peşəsinin nüfuzu artır, mühasibat uçotu və hesabatı sisteminin formalaşması prosesi getdikcə təkmilləşir və inkişaf edir.
Göründüyü kimi, bazar münasibətləri inkişaf etdikcə idarəetmədə mühasibat uçotunun, mühasiblərin rolu və əhəmiyyəti xeyli artır və mühasibə idarəetmə funksiyaları həvalə olunur. Məhz buna görə də əvvəlki illərdən fərqli olaraq mühasibat uçotunun və maliyyə hesabatının təşkili və aparılması qaydaları və prosedurları dövlət qanunları və aktları ilə tənzimlənir. Bu baxımdan Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən imzalanmış 16 sentyabr 1994-cü il tarixli "Auditor fəaliyyəti haqqında" və 24 mart 1995-ci il tarixli "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının qanunları diqqətə layiqdir.
Azərbaycan Respublikasında bazar münasibətlərinin, beynəlxalq təsərrüfat və maliyyə əlaqələrinin inkişafı, müxtəlif mülkiyyət formalarının meydana gəlməsi ilə əlaqədar olaraq xarici investisiyalı müəssisə və firmalarda, eləcə də ölkə ərazisində fəaliyyət göstərən bütün təsərrüfat subyektlərində mühasibat uçotunun düzgün və səmərəli təşkil olunmasına tələbat xeyli artır. Avstriyalı məşhur mütəxəssis F.Skubitsin sözləri ilə desək, "Mühasibatlıq elə bir mərkəzdir ki, orada müəssisənin fəaliyyətini xarakterizə edən göstəricilər günlərlə hesablanılır və sənədlərdə əks etdirilməklə nəticələr müəyyən edilir". Bu da bir həqiqətdir ki, müxtəlif mülkiyyət münasibətlərinə mənsub təsərrüfat subyektlərində uçot və hesabatın səmərəli təşkili peşəkar mühasiblərin nəzəri və praktiki biliklərinin artırılmasını, mühasibat uçotu, iqtisadi təhlil, audit, statistika, vergi, maliyyə, kredit, menecment və digər tətbiqi elmlərin metodoloji və metodiki əsaslarının sistemli şəkildə öyrənilməsini obyektiv zərurətə çevirir.
Son illərdə Azərbaycan Respublikasında mühasibat uçotunun və maliyyə hesabatlarının təşkili metodikasının təkmilləşdirilməsi və onların beynəlxalq praktikada qəbul edilmiş qaydalara və prinsiplərə uyğunlaşdırılması istiqamətində bir sıra normativ-hüquqi sənədlərin hazırlanması, ölkədə mühasibat uçotu və maliyyə hesabatı sisteminin qurulması konsepsiyasını müəyyənləşdirən 29 iyun 2004-cü il tarixli "Mühasibat uçotu haqqında" Qanunun qüvvəyə minməsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Mühasibat uçotu haqqında" Qanunun tətbiqi haqqında" 7 fevral 2005-ci il tarixli fərmanın imzalanması, xüsusi maraq doğuran mühasibat uçotu terminlərinin tam şəkildə qüvvədə olan qanunvericilik aktlarına və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğunlaşdırılması, Milli Mühasibat Uçotu Standartlarının (MMUS)hazırlanması və tətbiq olunmasının şəffaf və demokratik proseduralarının müəyyənləşdirilməsi, kommersiya, büdcə və qeyri-hökumət təşkilatları üçün 62 adda MMUS-un hazırlanması və tətbiqinə başlanılması, ictimai əhəmiyyətli qurum və şirkətlərdə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiqi müasir dövrdə mühasibin qarşısında qoyulan vəzifələr kompleksini genişləndirir və onun məsuliyyətini xeyli artırır.
Azərbaycan Respublikasında mühasibat uçotu və hesabatı sisteminin təkmilləşdirilməsi və onların beynəlxalq praktikada qəbul edilmiş prinsiplərə və qaydalara uyğunlaşdırılması, ölkədə mühasibat uçotu və maliyyə hesabatı sisteminin qurulması konsepsiyasını müəyyənləşdirən Vergi Məcəlləsi, Mülki Məcəllə, "Mühasibat uçotu haqqında", "Auditor fəaliyyəti haqqında", "Sahibkarlıq fəaliyyəti haqqında" və "Mühasibat uçotu haqqında Qanunun tətbiqi haqqında" qanun və fərmanların, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2003-cü il tarixli "Beynəlxalq Mühasibat Uçotu Standartları əsasında Milli Mühasibat Uçotu Standartlarının hazırlanması və tətbiqi haqqında Proqram"ın və 18 iyul 2005-ci il tarixli "Beynəlxalq Mühasibat Uçotu Standartlarına keçmək məqsədilə Milli Mühasibat Uçotu Standartlarının 2005-2008-ci illərdə hazırlanması və tətbiqi üzrə Proqram"ın icrası çoxşaxəli və mürəkkəb sistem olan təsərrüfat subyektlərində nəzarət funksiyasını həyata keçirən mühasibin fəaliyyət sferasını dərinləşdirir və onu idarəetmənin əsas fiquruna çevirir. Müasir dövrdə mühasibə daha çox idarəetmə funksiyasının həvalə edilməsi onu "mühasib-menecer" statusuna qaldırır və mühasibdə müəssisənin (firmanın) uçot siyasəti ilə yanaşı, Azərbaycan Respublikasında qüvvədə olan vergi sistemi, vergitutmanın ümumi əsasları, vergilərin müəyyən edilməsi və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, idarəetmə ilə əlaqədar müxtəlif normativ-hüquqi və nəhayət, menecmentin mühüm elementləri sayılan maliyyə-kredit, iqtisadi təhlil, təftiş və nəzarət, audit və tənzimlənmənin nəzəri-metodoloji və praktiki əsasları haqqında biliklər sisteminin formalaşdırılmasını zəruri edir. Məhz belə bir şəraitdə ənənəvi nəzarət-qeydiyyat funksiyasını həyata keçirən "mühasib-hesabdar" "iqtisadçı-mühasib" statusuna yüksəlir. Xüsusi vurğulamaq yerinə düşər ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin 2007-ci il oktyabrın 8-də yeni tədris korpusunun açılışı zamanı kollektiv qarşısında qoyduğu proqram vəzifələr Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Şəmsəddin Hacıyevin rəhbərliyi ilə professor-müəllim heyəti tərəfindən ardıcıl və sistemli şəkildə həyata keçirilir. Sevindirici haldır ki, universitet rəhbərliyinin apardığı islahatlar çoxşaxəli olmaqla təhsilin bütün sferalarını əhatə edir. Bu gün ali təhsilin islahatlar meydanına çevrilən Azərbaycan Dövlət İqtisad Universiteti tədrisin və elmi-tədqiqat işlərinin keyfiyyətinin yaxşılaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarından maksimum istifadə olunması, təhsilin keyfiyyət parametrlərinin yüksəldilməsi və beynəlxalq standartlar səviyyəsinə qaldırılması sahəsində analoji kadr hazırlayan digər universitetlərdən kəskin şəkildə fərqlənir. Ölkə iqtisadiyyatı üçün vacib kadrlardan sayılan iqtisadçı-mühasiblərin hazırlanması işini Azərbaycan Dövlət İqtisad Universiteti və onun müvafiq fakültə və kafedraları müvəffəqiyyətlə yerinə yetirir. Bu yerdə məşhur iqtisadçı-filosof V.Solozanonun mühasibat uçotu haqqında söylədiyi dəyərli fikirləri qeyd etmək yerinə düşər: "Mühasibat uçotu bütün elm və incəsənətdən yüksəkdə durur, çünki onların hamısının uçota ehtiyacı olduğu halda, uçotun heç kimə ehtiyacı yoxdur. Mühasibat uçotu olmadan yəqin ki, dünya idarəedilməz olardı və insanlar bir-birini başa düşməzdilər".
Qeyd etmək lazımdır ki, planlı iqtisadiyyat dövründə olduğu kimi, bazar iqtisadiyyatı şəraitində də mühasiblərə, statistiklərə, analitiklərə və auditorlara olan tələbat durmadan artır. Danılmaz bir həqiqətdir ki, sadalanan problemlərin həllində müəssisədə mühasibat uçotunun təşkilinə bilavasitə cavabdeh olan və mühasibat uçotunun düzgün təşkili üçün lazımi şərait yaradan şirkət rəhbəri ilə yanaşı, mühasibat aparatının, yaxud mühasibat xidməti struktur bölməsinin rəhbəri sayılan baş mühasibin məsuliyyət yükü xeyli artır. Doğrudan da, Azərbaycan Respublikasında uçot və hesabatın beynəlxalq prinsiplərə uyğun qurulmasına bilavasitə məsuliyyət daşıyan mühasib müəssisələrin idarə edilməsi üçün tələb olunan informasiyanı toplayır və müvafiq dövlət orqanlarına təqdim edir. Mühasibat uçotu informasiyası və mühasibat (maliyyə) hesabatları dövlət əhəmiyyəti kəsb etdiyinə görə "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda "Bu qanunu pozan, mühasibat uçotunun aparılmasından yayınan, mühasibat uçotu standartlarını düzgün tətbiq etməyən, habelə maliyyə hesabatını qəsdən təhrif edən hüquqi şəxslər və başqa təsərrüfat subyektləri barəsində Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş sanksiyalar tətbiq edilir" maddəsi xüsusi vurğulanır. Qüvvədə olan qanuna görə, baş mühasib maliyyə orqanları və nəzarət funksiyalarını icra edən digər strukturlara təqdim edilən informasiyanın dürüstlüyu üçün bilavasitə məsuliyyət daşıyır. Əgər inzibati-amirlik dövründə mühasib dövlət əmlakının nəzarətçisi funksiyasını yerinə yetirirdisə, bazar iqtisadiyyatı şəraitində bu peşə sahibi həm dövlət əmlakının və həm də sahibkarın əmlakına nəzarət funksiyasını həyata keçirir, firmada baş verən təsərrüfat əməliyyatlarını qeydə alır. Əgər fiziklər enerjinin və kütlənin itməməsi və onun bir şəkildən başqa şəklə çevrilməsi qanununu kəşf etmişdirlərsə, mühasiblər ikitərəfli yazılışı kəşf etməklə eyni bir əmlakın (vəsaitin) dəyər ifadəsində bir tərəfdə artmasının həmin məbləğdə digər tərəfdə azalması ilə müşayət olunduğunu sübuta yetirmişlər. Məşhur iqtisadçı- sosioloq Verner Zombartın fikrincə, "İkili yazılış həyatda Q.Qaliley və İ.Nyuton sistemi kimi qəbul olunmuşdur". Məhz buna görə də iqtisadiyyatda ikitərəfli yazılışın insan zəkasının ən böyük kəşfi olduğunu həm fiziklər, həm riyaziyyatçılar, həm filosoflar və həm də digər peşə sahibləri birmənalı şəkildə etiraf edirlər. Bu fakt isə, öz növbəsində mühasibat uçotunun ən dəqiq idarəetmə elmlərindən biri olduğunu əyani şəkildə göstərir. Firmalar açılarkən, yeni iş yerləri təşkil olunarkən və müəssisələr qurularkən firma rəhbəri ilə yanaşı, mühasibin ikinci şəxs kimi öz yerini tutması və məhz mühasibin digər iqtisadi funksiyaları icra etmək qabiliyyətində olması bu peşəyə olan diqqəti və hörməti daha da artırır. Xüsusi vurğulamaq yerinə düşər ki, yaxşı maliyyəçi, yaxşı bank işçisi, yaxşı vergi işçisi yaxşı mühasib funksiyasını yerinə yetirə bilmir. Lakin, sözün həqiqi mənasında, peşəkar mühasib digər iqtisadi peşələri asanlıqla yerinə yetirə bilir. Qloballaşan dünyada, xüsusilə də Azərbaycanda və digər ölkələrdə iqtisadi inkişafı göz önünə gətirsək mühasiblərə, analitiklərə və auditorlara artan tələbat daha aydın görünər.
(ardı var)
{nl}
Niyazi İSMAYILOV, Teymur ZEYNALOV, Azərbaycan Dövlət İqtisad Universiteti iqtisadi təhlil və audit kafedrasının dosentləri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.