Yaşlıların təhsilinin aktual problemləri

Son dövrlərdə yaşlıların təhsilinin təşkilinə həm ölkəmizdə, həm də beynəlxalq miqyasda böyük diqqət yetirilir. Elmi-texniki tərəqqi insanların bilik və vərdişlərinin daim artırılması tələbini zəruriləşdirmiş, ixtisasartırma və yenidənhazırlanma təhsilinin əhəmiyyətini daha da aktuallaşdırmışdır. Elə bu səbəbdən də hələ Almaniyanın Hamburq şəhərində keçirilmiş beynəlxalq konfransda "Yaşlıların təhsili XXI əsrin açarı" adlandırılmışdır.
Cəmiyyətdə, iqtisadi həyatda, elm və mədəniyyətdə, təhsil sistemində və bir çox sahələrdə hər il yeniliklərlə zəngin olan sürətli inkişaf baş verir. Bu səbəbdən də yaşlıların təhsili ölkəmizdə fasiləsiz təhsil sistemi kimi qiymətləndirilir. Onların həyat fəaliyyətini müasir dövrün tələblərinə uyğunlaşdırmaq üçün təhsil xidmətlərinin yeni keyfiyyətlə təşkilinə ehtiyac yaranır. Yaranan ehtiyacları dinamik şəkildə təmin etmək üçün 15 iyun 1999-cu ildə "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı" qəbul olunmuşdur. Həmin sənəddən irəli gələn tələbləri layiqincə yerinə yetirmək üçün Azərbaycan Müəllimlər İnstitutunun da üzərinə çox böyük məsuliyyət düşür. Etiraf edək ki, 2005-ci ilə qədər ixtisasartırma və yenidənhazırlanma təhsili sistemi ölkədə aparılan islahatların tələblərinə tam cavab vermirdi. Maddi-texniki baza "sifariş-təklif" mexanizminə keçid üçün imkan yaratmırdı. İxtisasartırma təhsilinə ikinci dərəcəli bir sahə kimi yanaşılırdı. Bu səbəbdən də yaşlılar 10 illərlə kifayət qədər təhsil almaq, yenilikləri öyrənmək imkanlarından uzaq idilər.
Bu, Prezidentimizin də nəzərindən yayınmadı və o, professor Aqiyə xanım Naxçıvanlını Azərbaycan Müəllimlər İnstitutuna rektor təyin etməklə yaşlıların təhsili prosesində mövcud olan problemlərin aradan qaldırılmasının əsasını qoydu. Aqiyə xanımın gəlişi ilə institutun təkcə maddi-texniki bazası deyil, onun mənəvi həyatı da təzələndi. İnstitutda güclü kadr islahatları aparıldı. Tədris prosesi müasir texnologiyalarla təchiz olundu, innovasiya təminatı gücləndirildi, sürətli internet şəbəkəsi yaradıldı. Yaşlıların təhsilinin keyfiyyət artımını təmin etmək üçün ardıcıl olaraq monitorinq - müsahibələr keçirildi, eksperimentlər aparıldı və əldə olunan nəticələr geniş miqyasda təhlil olundu. Təhsilin təşkili prosesi keyfiyyət amilinə uyğunlaşdırıldı. Nəticədə, Azərbaycan Müəllimlər İnstitutu təhsil prosesində baş verən yeniliklərin təbliği və tətbiqi mərkəzinə çevrildi. İnstitutumuzda həyata keçirilən yeniliklər ictimaiyyətin də diqqətindən yayınmadı. Xüsusilə ixtisasartırma təhsilinə tanınmış akademiklərin, professorların və başqa peşəkar mütəxəssislərin cəlb olunması yaşlıların ixtisasartırma təhsilində iştirak etmək marağını daha da artırdı. Bunun da nəticəsində bir çox özəl təhsil müəssisələri ilə yanaşı, Bakı məktəbləri də Azərbaycan Müəllimlər İnstitutunda təşkil olunan ixtisasartırma təhsilində iştirak etməyə üstünlük verdilər.
İndi bir çox özəl ali məktəblər və Təhsil Nazirliyinin tabeçiliyində olmayan ali məktəb müəssisələri müəllimləri AMİ-nin ixtisasartırma təhsilinə göndərirlər. Biznes Universiteti, Milli Aviasiya Akademiyası, Polis Akademiyası, Aqrar Universitet və s. təhsil müəssisələri buna misal ola bilər. Azərbaycan Dövlət Tibb Universiteti isə 2010/2011-ci və 2011/2012-ci tədris ilində özünün gənc müəllimlərinə pedaqoji-psixoloji yenilikləri öyrətmək məqsədilə "Təhsilin əsasları və yeni təlim texnologiyalarının tətbiqi" mövzusunda hər qrupda 144 saatlıq (24 gün) ixtisasartırma təhsili təşkil etmək üçün institutumuzla müqavilə bağlamışdır. 2011-ci ilin fevral ayından həmin universitetin sifarişlərini yerinə yetirməyə başlamışıq. İki tədris ili ərzində Tibb Universitetinin 800-dən çox müəlliminə ödənişli əsaslarla ixtisasartırma təhsili veriləcəkdir.
Hazırda 63 kateqoriyadan çox Azərbaycan vətəndaşı Müəllimlər İnstitutunun ixtisasartırma təhsilinə cəlb olunub. Onlar arasında pedaqoji kadrlar üstünlük təşkil edir. Hər il AMİ-nin və onun 11 filialının xidmətindən istifadə edərək ixtisasartırma, yenidənhazırlanma və təkmilləşdirmə təhsili vasitəsilə 15 minə qədər adam pedaqoji-psixoloji, elmi-nəzəri biliklərini və peşəkarlıq səviyyəsini artırır. 2000-ci ilin 17 oktyabr tarixində Azərbaycan Təhsil Nazirliyi " "Dayaq məntəqələri" mexanizminin tətbiqi barədə" 953 saylı əmr vermişdir. Həmin əmrin tələblərinə əsaslanaraq 30 noyabr 2000-ci ildə "Dayaq məntəqələrinin şəbəkələrinin yaradılması barədə əmr hazırlandı. Bundan sonra respublikamızın hər yerində əlavə təhsilə xidmət göstərən şəbəkələr yaradıldı. Bu şəbəkələr yerlərdə müəllimlərin təkmilləşdirilməsi işi ilə məşğul olmağa başladılar. Bunun da nəticəsində həmin şəbəkələrə rəhbərlik edən pedaqoji kadrların peşəkarlığının artırılması üçün 3 modullu həftəlik "Öyrədənlərin öyrədilməsi" kursları təşkil olundu. 17 kateqoriyanı əhatə edən bu kursların 3-cü mərhələsində dinləyicilərə sertifikatlar verilir. Təkcə bu il 3-cü mərhələdə iştirak edən və informasiya-kommunikasiya texnologiyasından istifadə etmək bacarığına yiyələnən 322 nəfər müəllimə sertifikatlar verildi. "Azərbaycan Respublikasının Təhsil Qanunu"nda göstərildiyi kimi ixtisasartırma, yenidənhazırlanma və yaşlıların təhsili dövlət sifarişi əsasında müəssisə və təşkilatlarla, ayrı-ayrı vətəndaşlarla bağlanmış müqavilələrə uyğun olaraq fəaliyyət göstərir. Bu dövlət sənədinin tələblərinə istinadən hər bir tədris ili başlamazdan qabaq respublikanın ali və orta təhsil ixtisası verən müəssisələrlə, peşə məktəbləri və liseyləri ilə, həmçinin ölkəmizin rayon təhsil şöbələri ilə müqavilələr bağlayırıq. Həmin müqavilələrin şərtlərinə uyğun olaraq yaşlıların fasiləsiz təhsilinə institutumuzda və onun 11 filialında şərait yaradılır.
Fasiləsiz təhsil və müəllim hazırlığı sisteminin yeni tələbatlar zəminində davam etdirilməsi üçün vaxtaşırı olaraq institutun kafedraları ilə birlikdə yeni tədris-tematik planlar tərtib edirik. Bu planlarda milli kurikulumla, inkuliziv təhsillə, kredit sisteminin tətbiqi ilə və başqa yeniliklərlə bağlı olan mövzular öz əksini tapır. Eyni zamanda, müəllimlərin informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək qabiliyyətlərini artırmaq məqsədilə bu sahə üzrə praktiki dərslərin keçilməsinə daha çox üstünlük verilir. Həmçinin, ixtisasartırma təhsilinə gələnlərin tələbatları sorğu anketləri vasitəsilə öyrənilir və onların sosial sifarişlərinə uyğun olaraq tədris-tematik planlarda arzu olunan problemlərin dinləyicilərə çatdırılmasına 6 saatlıq vaxt ayrılır.
Müxtəlif təhsil müəssisələrinin qısa müddətli sifarişlərini yerinə yetirmək üçün metodiki kabinetlərin əməkdaşları tərəfindən çevik tədris planları hazırlanır. Bu sifarişlər əsasən fəal interaktiv təlimlərin öyrədilməsi, kurikulumun və inkuliziv təhsilin tədrisi və təhsildə baş verən bir sıra yeniliklərin tətbiqi ilə əlaqədar olur.
İnstitutumuzda təhsil sahəsi üçün peşəkar rəhbər kadrların davamlı şəkildə hazırlanmasına da geniş yer verilir. Belə ki, fundamental idarəetmə təhsili sahəsinə ehtiyat kadrların hazırlanması üçün 2 və ya 3 aylıq təhsil menecerləri kursları təşkil edilir. Onlar bu müddət ərzində bir sıra elmi-nəzəri biliklərə yiyələnməklə yanaşı, təhsil müəssisələrinin demokratik formada idarə edilməsinin nəzəri və praktiki məsələlərini öyrənirlər. Eyni zamanda, Bakı şəhərində mövcud olan qabaqcıl təhsil müəssisələrinin iş təcrübəsi ilə yaxından tanış olur, bu müəssisələrdə tədqiqat xarakterli referatlar hazırlayırlar. Onlar apardıqları tədqiqatlar əsasında məktəbdaxili idarəetmənin mühüm metodoloji əsaslarını və nəzəri problemlərini öyrənirlər.
Hələ 1999-cu ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən təsdiq olunmuş "İslahat Proqramı"nda respublikanın təhsil müəssisələri üçün rəhbər pedaqoji kadrların hazırlanması mərkəzinin yaradılması tələbatı irəli sürülürdü. Artıq Azərbaycan Müəllimlər İnstitutunun əlavə təhsil strukturu belə bir mərkəzin funksiyasını tam şəkildə yerinə yetirir. Son 6 il ərzində respublikamızın əksər rayonları üçün müəyyən sayda rəhbər pedaqoji kadrların hazırlanmasına xüsusi diqqət yetirilmişdir. Belə ki, ixtisasartırma təhsilinə gələn rəhbər işçilərin şəxsi keyfiyyətlərinin inkişafına, bilik və bacarıqlarının artırılmasına hərtərəfli qayğı göstərilir. Onların təfəkkür tərzi yeniləşdirilir, kompyuter texnologiyasından istifadə problemləri üzrə elmi-metodiki, təcrübi-eksperimental işlər görülür.
İnstitutun özünün elmi-metodik potensialının gücləndirilməsi istiqamətində də ardıcıl olaraq işlər aparılır. İnstitutda və onun filiallarında fəaliyyət göstərən bütün metodistlər kurikulum və fəal-interaktiv təlimlər üzrə təşkil olunan kurslara cəlb olunurlar. Kursların sonunda onların qazandıqları nailiyyətlər qiymətləndirilir və ən yaxşılara sertifikatlar təqdim olunur. Bu yolla institutun metodist-təlimçilər bankı yaradılır. Azərbaycan Respublikasının Təhsil Nazirliyi onların ən bacarıqlısından respublika miqyaslı tədbirlərdə istifadə edir. Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələri ildən-ilə genişlənir. Beynəlxalq təcrübəni öyrənib mütərəqqi nümunələri ölkəmizin təhsil prosesinə tətbiq etmək üçün Türkiyə, Rusiya, Fransa, Belarus, Avstraliya, Böyük Britaniya, ABŞ və başqa dövlətlərin təhsil müəssisələri ilə əlaqələr yaradılmışdır. Məqsəd Azərbaycan təhsil sisteminin beynəlxalq təhsil sisteminə inteqrasiya olunmasında yaxından iştirak etməkdən ibarətdir.
Azərbaycan Müəllimlər İnstitutunda görülən bütün işlər təhsilimizin yüksək keyfiyyətlə inkişaf etməsinə və pedaqoji kadrların peşəkarlığının daha da artırılmasına xidmət edir.

{nl}

Telman HAQVERDİYEV, Azərbaycan Müəllimlər İnstitutunun ixtisasartırma və yenidənhazırlanma fakültəsinin dekanı, fəlsəfə doktoru, dosent


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında