Fransada azərbaycanlı tədqiqatçının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən kitabı nəşr olunmuşdur

Fransanın tanınmış "L'Harmattan" nəşriyyatının "Diplomatiya və strategiya" adlı nəşrlər silsiləsi çərçivəsində Bakı Dövlət Universitetinin beynəlxalq hüquq kafedrasının müəllimi, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı Fazil Zeynalovun "Dağlıq Qarabağ münaqişəsi, ədalətli sülh, yoxsa qaçılmaz müharibə: tarixi, geosiyasi və hüquqi baxış" adlı kitabı nəşr edilmişdir. 
Bu, Fransada Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərini, ağır nəticələrini, fəsadlarını və hüquqi həlli yollarını, münaqişə tərəflərinin arqumentlərini qarşılıqlı təhlil etməklə araşdıran ilk kitab kimi əlamətdardır. Çoxsaylı antik və orta əsr mənbələrinə, tanınmış Azərbaycan tədqiqatçılarının və nüfuzlu Rusiya şərqşünaslarının əsərlərinə, həmçinin müasir dövrdə müxtəlif dillərdə nəşr olunmuş sanballı araşdırmalara istinadla qələmə alınmış kitabda Dağlıq Qarabağın etnosiyasi keçmişi təfərrüatları ilə geniş ictimaiyyətə təqdim olunmaqla yanaşı, bu bölgənin yerli əhalisi olan Qafqaz albanlarının müvafiq elmi ədəbiyyatlara, məqalə və tarixi mənbələrə əsasən etnik kimliyi tədqiq edilmişdir.
Kitabda XIX əsrdə Rusiya-İran, Rusiya-Türkiyə müharibələrindən sonra çarizmin məqsədyönlü şəkildə həyata keçirdiyi erməni köçürülmələri və onların Qarabağdakı əhali balansını imperiya maraqlarına müvafiq şəkildə dəyişdirməsi məsələsinə də xüsusi diqqət yetirilmişdir. Kitabda tarixi xəritələrin verilməsi də oxucuda Dağlıq Qarabağın etnosiyası tərkibinə dair əyani təsəvvür yaradır.
İmperiyalar tərəfindən tarixən həyata keçirilən "parçala, hökmranlıq et" siyasətinin əslində Dağlıq Qarabağ münaqişəsinin də kökündə dayandığı, uzun müddət qarşılıqlı anlaşma mühitində yaşayan azərbaycanlılar və ermənilər arasında ayrı-ayrı dövrlərdə etnik nifaqın məqsədyönlü şəkildə alovlandırıldığı fikri kitabın maraqlı cəhətlərindən biridir. Müəllifin qənaətinə görə, 1905-ci və 1918-ci illərdə bu xalqlar arasında yaranmış münaqişələrin kökündə də məhz bu siyasi strategiya dayanır.
1919-cu il avqustun 15-də Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşamaq şərtlərini qəbul etməsi və 1921-ci il iyulun 5-də Dağlıq Qarabağa Azərbaycan SSR-in tərkibində muxtariyyət statusunun verilməsi məsələləri, ümumiyyətlə, problemin XX əsrin əvvəllərindəki vəziyyəti də ətraflı işıqlandırılır.
Ümumilikdə 10 fəsildən və 452 səhifədən ibarət kitabda nəinki münaqişənin tarixi-hüquqi aspektləri, həmçinin regionda gedən geosiyasi proseslərin, reallaşan çoxsaylı enerji layihələrinin Dağlıq Qarabağ probleminin həlli məsələsinə göstərdiyi təsirin mahiyyəti ətraflı şəkildə təhlil olunur.
Kitab dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin həqiqi mahiyyəti ilə tanış etmək üçün əvəzsiz mənbə olmaqla yanaşı, həm də problemin həlli yollarını beynəlxalq hüququn normaları çərçivəsində aydın və konkret şəkildə şərh etməsi ilə təqdirəlayiqdir. Dağlıq Qarabağ münaqişəsinin cari vəziyyətini tərəflərin mövcud imkanları, eyni zamanda, fövqəldövlətlərin bölgədəki maraqları kontekstində araşdıran müəllif sülhlə, yaxud müharibə ilə müşayiət olunacaq bir neçə inkişaf ssenarisinə də münasibət bildirir. Lakin əsas qayə kimi Fazil Zeynalov sülhü önə çəkir və ədalətli sazişi hər iki tərəfin rifahına, gələcək inkişafına və ümumilikdə bölgənin sabitliyinə aparacaq ən qısa və uğurlu yol hesab edir.
Kitab tarixçilər, şərqşünaslar, konfliktoloqlar, həmçinin Dağlıq Qarabağ münaqişəsinin, Azərbaycan-erməni münasibətlərinin keçmişi və bu günü ilə maraqlanan oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında