bp Azərbaycan şirkəti təhsilə dəstək layihələrini davam etdirir

Azərbaycanda mühüm neft-qaz işlənmələri və nəqli layihələrinin operatoru olan bp şirkəti həm də ölkəmizin uğurlu gələcəyinə mühüm töhfələr verə biləcək bir sıra sosial sərmayə proqramlarının təşəbbüskarı və icraçısı kimi çıxış edir. Şirkətin həyata keçirdiyi sosial proqramlar sırasında təhsilə dəstək təşəbbüslərı mühüm yer tutur. Onu da qeyd etmək lazımdır ki, bp-nin ölkəmizdə irəli sürdüyü təhsil təşəbbüslərinin əksəriyyətini energetika sənayesinin inkişafına dəstək verilməsi, texniki sahələrdə təhsil imkanlarının genişləndirilməsi və biznes tədrisinin yaxşılaşdırılması təşkil edir.
bp şirkəti Azərbaycan Milli Elmlər Akademiyası, Xəzər Universiteti , Bakı Dövlət Universiteti, Texniki Universitet, Qafqaz Universiteti, eləcə də bir sıra orta və texniki-peşə məktəbləri ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq Azərbaycanın neft-qaz sənayesinin inkişafına mühüm töhfələr verir. Şirkətin Azərbaycan Dövlət Neft Akademiyası ilə əlaqələri isə daha yüksək səviyyədədir. Belə ki, Dövlət Neft Akademiyasında neft-qaz mühəndisliyi və geoloji kəşfiyyat elmləri sahəsində ixtisaslaşan tələbələrin təhsildə əla göstəricilərə nail olmasını stimullaşdırmaq məqsədilə ilk dəfə 2007-ci ildə həyata keçirilən xüsusi təqaüd proqramı hazırda da uğurla davam etdirilir.
Şirkət bu günlərdə Azərbaycan Dövlət Neft Akademiyası üçün nəzərdə tutulmuş illik təhsilə dəstək proqramını təqdim etmişdir. Xatırladaq ki, 2011-ci il üçün bu təhsil müəssisəsinin bir qrup birinci və ikinci kurs tələbəsinə xüsusi mükafatların verilməsini nəzərdə tutan bu proqram bp-nin Azərbaycanda təhsilin inkişafını dəstəkləyən iri layihələrindən biridir. Proqram Dövlət Neft Akademiyasında neft-qaz mədən, geoloji kəşfiyyat, neft mexanikası, energetika, istehsalat proseslərinin avtomatlaşdırılması sahəsində ixtisaslaşan ən yaxşı tələbələri təhsildə yeni uğurlara ruhlandırmaq məqsədi daşıyır.
bp-nin həyata keçirdiyi budəfəki tədbirdə Neft Akademiyasının 66 tələbəsinə 2011-ci ilin xüsusi mükafatları təqdim edimişdir. Xatırladaq ki, onların 30 nəfəri akademiyaya qəbul zamanı ən yüksək bal toplamış birinci kurs tələbələridir. Həmin tələbələrə xüsusi mükafat kimi bp şirkəti tərəfindən kompyuterlər verilmişdir. İkinci kursda təhsil alan 36 nəfər isə bp-nin riyaziyyat, fizika və məntiq üzrə keçirdiyi texniki testlərin nəticələri əsasında xüsusi olaraq seçilmişdir. Bu tələbələrə ingilis dili bilgilərini təkmilləşdirmək üçün bp-nin maliyyəsi ilə xüsusi təlim proqramında iştirak etmək imkanı yaradılmişdır. Həmin bilgilər isə onların texniki sahələrdəki yüksək biliklərini tamamlayacaq.
Təqdimat mərasimində çıxış edən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Rəşid Cavanşir demişdir ki, Azərbaycanda təhsilin inkişafına dəstək bp şirkətinin bu ölkənin ümumi inkişafında yaxından iştirak etmək istəyinin ən mühüm istiqamətidir. Qeyd olunmuşdur ki, təhsilə dəstək verməklə bp Azərbaycanın gələcək inkişafına öz töhfəsini vermək niyyətindədir. Dövlət Neft Akademiyası üçün nəzərdə tutulmuş illik təhsilə dəstək proqramının bu tədris ocağı ilə geniş əməkdaşlığının bir hissəsi olduğunu diqqətə çatdıran natiq demişdir ki, proqramın məqsədi akademiyanın ən qabaqcıl və istedadlı tələbələrindən xüsusi seçilmiş bir qrupuna onların təhsildə daha uğurlu nəticələr qazanmasında və ümumi elmi inkişafında dəstək verməkdir.
Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Qarayev 1994 -cü ildən ölkəmizdə fəaliyyət göstərən bp şirkətinin həyata keçirdiyi sosial sərmayələr proqramının mühüm tərkib hissələrindən sayılan təhsilə dəstək layihələrinin uğurlu nəticələr verdiyini diqqətə çatdıraraq rəhbərlik etdiyi ali təhsil ocağı ilə şirkət arasında yüksək əməkdaşlıq əlaqələrinin mövcudluğunu vurğulamışdır. Rektor bu əlaqələrin tələbələrin bilik səviyyəsinin artırılmasına, eləcə də ölkəmizin neft -qaz sənayesi üçün bacarıqlı kadrların yetişdirilməsinə mühüm töhfələr verdiyini diqqətə çatdırmışdır. Qalib tələbələri təbrik edən S. Qarayev onlara təhsillərində uğurlar arzulamış, bp -nin Azərbaycanda təhsilin inkişafına verdiyi dəstəyi yüksək qiymətləndirmişdir.
Tələbələr adından çıxış edən akademiyanın 2-ci kurs tələbəsi Nizami Piriyev Azərbaycanda təhsilin inkişafına göstərdiyi xüsusi diqqət və qayğıya görə bp Azərbaycan şirkətinə minnətdarlığını bildirmiş, ölkəmizin layiqli vətəndaşı və bacarıqlı kadrları kimi yetişəcəkləri üçün səylə çalışacaqlarını bildirmişdir. Sonda tələbələrə bp şirkətinin xüsusi mükafatları təqdim olunmuşdur.

{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında