Şuşa Humanitar Kollecinin hesabat konserti

Şuşa təhsil sistemi Azərbaycanın maarif və mədəniyyət tarixində böyük ənənələri ilə həmişə seçilmişdir. Bu məktəb milli təhsil və milli musiqi sisteminin inkişafında böyük rol oynamış, ədəbi mühitə və mədəniyyət tariximizə dəyərli töhfələr vermiş, mütərəqqi ziyalılar, istedadlı musiqiçilər nəslinin və milli kadrların yetişməsində, mədəni-maarifçilik hərəkatının geniş vüsət qazanmasında təqdirəlayiq xidmətlər göstərmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində qarabağlılar doğma yurd-yuvalarından didərgin salınmış, silahlı erməni quldur dəstələri tərəfindən işğal altına alınan torpaqlarımızda, o cümlədən xalqımızın iftixar mənbəyi qədim Şuşada iqtisadi və sosial infrastruktur büsbütün dağıdılmışdır. 1992-ci ildən təhsil müəssisələrimiz müxtəlif ərazilərdə məskunlaşmaq məcburiyyətində qalmışlar.
Bu təhsil müəssisələrindən biri - çox böyük tarixə malik, Qarabağ ətrafındakı rayonlar üçün saysız kadrlar hazırlayan, görkəmli ədib, musiqiçi, elm adamları ilə fəxr etməyə layiq olan Şuşa Humanitar Kollecidir. Uzun və şərəfli tarixi yol keçən kollec bu günlərdə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü münasibəti ilə Filarmoniyada möhtəşəm konsert təşkil etmişdir. Bu konsert musiqisevərlər, rayon ictimaiyyəti, təhsil müəssisələri üçün böyük bayrama çevrildi.
Həmin gün Şuşa Humanitar Kolleci hesabat konserti ilə bir daha Təhsil Nazirliyi, rayon rəhbərliyi, valideyn, pedaqoji kollektiv qarşısında öz sözünü dedi. Konsertin olduqca mütəşəkkil təşkil olunması Şuşanın təhsil mühitinin intellektual səviyyəsini göstərdi. Bu səviyyəni yaratmaq üçün kollec rəhbərliyinin, musiqi şöbəsində çalışan müəllimlərin zəhməti və işgüzarlığı konsertin bütün tərtibatında əks olundu. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə peşəkar ifaçılardan fərqlənməyən hazırlıqları ilə dinləyicini valeh edən tələbələr Hilalə Əliyeva, Nicat Həsənzadə öz texniki imkanlarını ustalıqla nümayiş etdirə bildilər. Orkestrin bədii rəhbəri respublikanın xalq artisti, professor Ağaverdi Paşayev və dirijor İlahə xanım Hüseynovanın böyük qayğı və diqqəti konsertin mütəşəkkil təşkilində böyük rol oynadı.
Şuşa Humanitar Kollecinin tələbələrindən ibarət birləşmiş xoru, ifa olunan mahnılar, konsertmeystr Solmaz Həyatovanın qayğısı, xüsusilə "Koroğlu" operasından "Çənlibel" xoru xatirələrdə silinməz izlər yaratdı. M.Maqomayev və N.Xəzrinin "Azərbaycan" mahnısının ifaçıları H.Həmzəyev, R.Ağazadə, V.Hüseynov qızlardan ibarət xorun müşayiəti, Mehparə xanım Vəkilovanın dirijorluğu ilə öz istedadlarını göstərə bildilər.
Bakı şəhərində yerləşən orta-ixtisas təhsil müəssisələrinin tələbələri musiqi gecəsinin bayram konsertində ustalıqla çıxış etdilər. Kollecin müdiri, istedadlı tarzən Rəsul İsmayılovun bəstələdiyi "Nigaran Şuşa" mahnısı Murad Əbdüləzimovun ifasında hamını xəyalən Şuşaya, Cıdır düzünə, İsa bulağına apardı. Nigaran gözlü torpağın həsrəti musiqinin dili ilə ürəkləri titrətdi.
Məktəbin müəllimləri və tələbələri - respublikanın əməkdar artisti Səbuhi İbayev, Elnur Zeynalov, Ülviyyə Hüseynqızı, Murad Əbdüləzimov, Fərahim Əsədov "Segah" muğamının ifası ilə məşhur muğam usdadlarımızın vətəni doğma Şuşanın musiqi dünyasına hər kəsi dəvət etdilər.
Bu konsert Şuşa Humanitar Kollecinin tələbə və müəllimlərinin yalnız hesabatı deyildi. Dinləyicilər bu tədbiri kollektivin bayram konserti kimi qəbul etdilər. Təşkilatçılıq, yüksək səviyyədə ifaçılıq bir daha göstərdi ki, görülmüş işlərə kollecin direktoru Rəsul İsmayılovun böyük diqqəti olmuşdur. Rəsul müəllimin və onun kollektivinin bir arzusu var: "Ziyalılar və musiqiçilər şəhəri kimi tanınmış Şuşanın pedaqoji kollektivi bu torpağın mədəni mühitini qoruyub saxlamalı, gənc nəsli vətənpərvər, bilikli, dünyagörüşlü yetişdirməyin məsuliyyətini bilməli, qayıdış gününə, ənənələrinə uyğun təhsil və mədəniyyətimizi qoruyub hazır saxlamalıdır".
Bütün şuşalılar inanır ki, möhtərəm Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə doğma torpaqlarımız işğaldan azad olunacaq. Şuşa bütövlükdə bərpa ediləcək, məktəblərimizdə təhsilimiz öz ənənlərimizə uyğun doğma torpaqda davam etdiriləcək.

{nl}

Vüsalə FƏTƏLİYEVA, Şuşa Rayon İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında