Şriftin ölçüsü:
01.06.2011 11:20 | Oxunma sayı: 3464
Binəqədi rayonunda "Son zəng"ə həsr olunmuş silsilə tədbirlərdə rayon icra hakimiyyəti aparatı və təhsil şöbəsinin məsul işçiləri məzunlara müstəqil həyat yollarında uğurlar diləmiş, onlara xoş arzularını çatdırmışlar. Belə tədbirlərdən biri də rayondakı Azər Məmmədov adına 115 saylı orta məktəbdə keçirilmişdir. Məktəbin direktoru Tanrıverdi Orucov mərasimi açaraq, ölkəmizdə təhsilə göstərilən qayğı və diqqətdən danışmışdır. Eyni zamanda, rəhbərlik etdiyi məktəbin uğurlarından söhbət açmış və belə bir inam ifadə etmişdir ki, bugünkü məzunların daim xoş sorağı gələcəkdir.
Mərasim iştirakçıları qarşısında çıxış edən rayon icra hakimiyyətinin başçısı Alı Qocayev ölkəmizdə ulu öndər Heydər Əliyev tərəfindən təhsilə göstərilən diqqət və qayğını onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin də uğurla davam etdirdiyini bildirməklə məzunlara gələcək işlərində nailiyyətlər arzulamış, onlara müstəqil Azərbaycanın layiqli övladları olmağı tövsiyə etmişdir. Başçı vurğulamışdır ki, bu gün Azərbaycanda şagirdlərin təhsil almaları, biliklərə yiyələnmələri üçün hər cür şərait var. Onlar xoşbəxtdirlər ki, qurucusu Heydər Əliyev olan bir ölkənin övladlarıdırlar.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məmməd Bayramov məzunlara ən səmimi arzularını çatdıraraq, onları bundan sonra həyatda daha inamlı addımlar atmağa səsləmişdir.
Mərasimdə müəllimlərdən Gülçöhrə İsmayılova, valideynlərdən Elmira Qasımova, Nailə Rüstəmova məzunlara gələcək həyat yollarında böyük uğurlar diləmişlər.
Sonda beynəlxalq bilik olimpiadalarında və idman yarışlarında yüksək nəticələr əldə edən məktəblilərə fəxri fərmanlar təqdim olunmuşdur. Şən musiqi sədaları ilə müşayiət olunan mərasim bütün iştirakçılara xoş və həyəcanlı təsir bağışlamışdır.
"Son zəng" tədbirləri rayonun digər məktəblərində də yüksək bayram ovqatı ilə başa çatmışdır.
Bakının Binəqədi rayonundakı 244 saylı məktəbdə də bu tədbir böyük təntənə ilə keçdi.
Orta təhsilini başa vurmuş hər kəsin yaddaşında bir "son zəng" sədası yaşayır. Bu səs bizi sanki uşaqlığın qayğısız dövründən qoparıb həyatın çətin, məşəqqəti yollarına atır. Orta məktəbi bitirən hər kəs ömründə yeni dövrün başlandığını, artıq sabahın qayğıları ilə yaşamağın vaxtının yetişdiyini hiss edir. Hər bir məzun yaxşı başa düşür ki, o ailə, məktəb mühitindən çıxıb, cəmiyyət arasına qədəm basır. Bu məsuliyyəti duyanlar üçün həyatın gələcək yolları hamar və rahat olur.
Bakıdakı 244 saylı orta məktəbdə çalınan "son zəng"də məzunların həyatında belə bir məsliyyətli dövrə keçid kimi əlamətdar oldu.
Məktəbin həyətində bu münasibətlə hazırlanmış tədbiri giriş sözü ilə açan məktəbin direktoru, fəlsəfə doktoru Yəhya Abbasov bildirdi ki, 2010-2011-ci tədris ilində ölkəmizin ümumi təhsil məktəblərinin buraxılış (XI, XII) siniflərini 101521 şagird bitirəcək. Müqayisə üçün qeyd edək ki, bu göstərici ötən il 98800 nəfər təşkil edib.
Bakı şəhərindəki 342 (o cümlədən 330 dövlət və 12 qeyri-dövlət) əyani ümumi təhsil məktəblərinin XI sinfini 25800-ə, IX sinfini isə 35300-ə yaxın şagird bitirəcək.
Təhsil Nazirliyinin məlumatına görə 2010-2011-ci dərs ilində I sinif şagirdlərinin sayı 120420 nəfər olub. Bu göstərici 2009-2010-cu tədris ilində 118947 nəfər təşkil edib. 2011-2012-ci tədris ilində isə ümumi təhsil məktəblərinin I sinfinə 124274 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.
Sonra Yəhya müəllim ötən tədris ilində məktəbin qazandığı uğurlar barədə məlumat verdi. Qeyd etdi ki, Binəqədi rayonu 244 saylı məktəbi həmişə öz nailiyyətləri ilə öncül sırada olmuşdur. Ötən il 132 məzunumuzdan 105 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Onlardan 8 nəfəri 600-dən yuxarı bal toplamışdır.
Bu il birinci sinfə 150 nəfər şagirdin qəbul olunacağını proqnozlaşdırmışıq. İndi çalışırıq ki, bu uşaqlar məktəbə hazır olsunlar. Bu sahədə çox ciddi iş aparırıq.
Məktəbimizin uğurlu nailiyyətlərindən danışarkən iki il qabaq müsabiqədə "İlin ən yaxşı məktəbi", 3 müəllimin "İlin ən yaxşı müəllimi" nominasiyalarında qalib olmasını, eyni zamanda, ötən il də 3 müəllimimizin "İlin ən yaxşı" müəllimi nominasiyası üzrə mükafat almasını qeyd etmək olar. Güman edirəm ki, bu il də biz bu mükafatlara layiq görüləcəyik.
Sonra Yəhya müəllim bu il 4-cü və 5-ci siniflər üzrə nazirliyin keçirdiyi test imtahanında məktəbin 5 ən yaxşı məktəbdən biri olduğunu vurğuladı.
O, AFFA-nın futbol üzrə 4-cü siniflər arasında keçirdiyi yarışda məktəbin birinci yeri tutduğunu, 13 ildir Binəqədi məktəbləri arasında keçirilən idman yarışlarında bu məktəbin qaliblər sırasında olduğunu da nəzərə çatdırdı.
Sonra direktor onbirincilərə müraciətlə dedi ki, siz 182 nəfər bu il məktəbimizi bitirib həyata atılırsınız. Qarşıda sizi həyat imtahanları gözləyir. Mən bilirəm ki, sizin əksəriyyətiniz ali və orta ixtisas məktəblərinə qəbul olunacaqsınız. Hansı ixtisası seçirsinizsə onun kamil ustası olmağa çalışın. Bilirsiniz ki, ölkəmizdə quruculuq işləri gündən-günə genişlənir. Çox hörmətli Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi siyasət gənclərimizin gələcək həyatı üçün uğurlu təminat yaradır. Sizə həyat yollarında uğurlar arzulayıram.
Binəqədi Rayon İcra Hakimiyyətinin şöbə müdiri Ramiz Göyüşov, məktəbin direktor müavinləri Hüseyn İsayev, Rəkidə Şahzadə və tədbirin təşkilatçısı, məktəbin tərbiyə işləri üzrə direktor müavini Ləman Sadıqova çıxış edərək onbirincilərə uğurlu həyat yolları arzuladılar.
Valideyn Xatirə xanım isə uşaqların təhsildə qazandıqları uğurlara görə məktəbin pedaqoji kollektivinə minnətdarlığını bildirdi.
"Son zəng"in sədaları ətrafı bürüdü. Birinci sinfə bu il gələcək körpə uşaqlar gül dəstələrini onbirincilrə verdilər. Bununla tədbir sona yetdi.
{nl}
Vaqif BAYRAMOV, Mehdi MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.