Bakıda YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyası öz işinə başlamışdır

Mayın 31-də Bakıda YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin (BBK) 18-ci sessiyası öz işinə başlamışdır.
YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı və Azərbaycan hökumətinin dəstəyi ilə keçirilən tədbirin açılış mərasimində 80-ə yaxın xarici qonaq, o cümlədən BBK-nın üzvləri, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, elm xadimləri, diplomatik korpusun təmsilçiləri iştirak etmişlər.
Sessiyanı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Mahmud Kərimov Azərbaycan ilə YUNESKO arasında çox sıx əməkdaşlığın qurulduğunu bildirmişdir. Qeyd edilmişdir ki, son illər elm, təhsil, mədəniyyət sahələrində həyata keçirilən birgə layihələr bunun bariz nümunəsidir. Bu işdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın xüsusi xidmətləri vardır. Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycan ilk dəfə olaraq YUNESKO-nun beynəlxalq əhəmiyyətli tədbirinə ev sahibliyi edir.
Azərbaycanda bioetika elminin tədrisinin gücləndirilməsi istiqamətində mühüm addımların atıldığını vurğulayan M.Kərimov, AMEA-da bu ixtisas üzrə doktorantura və dissertantura yerlərinin açıldığını diqqətə çatdırmışdır. Akademik bildirmişdir ki, ölkəmizdə bioetika elminin inkişafına xüsusi qayğı göstərən Mehriban xanım Əliyeva bu sahədə "Evtanaziya və tibbdə humanistlik problemi", "Biz həyatı seçirik" kimi ilk sanballı elmi kitablar yazmışdır.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tədbir iştirakçılarına müraciətini oxumuşdur.
Müraciətdə bildirilmişdir ki, sessiyada müzakirə olunacaq məsələlər qlobal inkişaf baxımından mühüm əhəmiyyət kəsb edir. Bioetikanın əsasını təşkil edən tibb, biologiya, fəlsəfə və humanitar elmləri əhatə edən problemlər artıq neçə illərdir ki, bir çox mütəxəssisləri, dünya alimlərini, siyasətçiləri düşündürür.
Qeyd edilmişdir ki, müasir dövrdə tibb sahəsində keyfiyyət baxımından ciddi dəyişikliklər baş verir, səhiyyədə etik normalara riayət edilməsi əsas amil kimi nəzərdən keçirilir. Lakin son illər yeni texnologiyaların, bio və nanotexnologiyaların, gen mühəndisliyinin, atom energetikası və tibbin sürətli inkişafı nəticəsində çoxsaylı etik və hüquqi boşluqlar yaranmışdır. Təəssüflə qeyd olunmalıdır ki, tibbi etikanın sosial məsələlərlə bağlı problemləri artıq neçə onilliklərdir ki, öz həllini tapmır. Bir çox ölkələrdə cəmiyyətin aztəminatlı təbəqəsi ixtisaslaşmış və keyfiyyətli tibbi xidmətdən məhrumdur. Bəzi ölkələrdə çoxlu sayda uşaq beş yaşına çatmamış, asanlıqla müalicə olunan xəstəliklərdən vəfat edir. Belə boşluqların öyrənilməsi baxımından müxtəlif konfrans, forum və "dəyirmi masa"ların keçirilməsi dəstəklənməlidir.
Vurğulanmışdır ki, hər birimiz öz ölkəmizin vətəndaşı olmaqla yanaşı, bəşəriyyət adlı bir ailənin üzvü olduğumuzu yaxşı dərk etməliyik. Qloballaşma prosesi hər birimizi böyük və ümumi bir məkanın sakinlərinə çevirmişdir. Bu məkanda insanlar, dövlətlər, xalqlar arasında dialoq məhz etik normalar, haqq-ədalət prinsipləri əsasında qurulmalıdır. Sabahı düşünürüksə, gələcək nəsillər qarşısında məsuliyyətimizi dərk ediriksə, bütün münasibətləri məhz etika və ədalət platformasında qurmağa çalışmalıyıq. Şübhəsiz, bu, uzunmüddətli bir prosesdir. Əminəm ki, humanizm və ədalət əsasında konstruktiv əməkdaşlığın qurulması məhz bu halda mümkün olacaqdır.
Müraciətin sonunda bildirilir ki, bugünkü sessiyanın yekunları bioetikanın həm dünyada, həm bölgədə, həm də ölkəmizdə inkişafına xidmət edən önəmli bir addım olacaqdır.
Sonra YUNESKO-nun baş direktoru İrina Bokovanın BBK-nın 18-ci sessiyasına videomüraciəti dinlənilmişdir.
YUNESKO-nun baş direktoru müraciətində tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirmişdir. Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bioetika elminin inkişafındakı xidmətlərini yüksək qiymətləndirən İ.Bokova bu istiqamətdə ciddi səylərinə görə ona təşəkkür etmişdir.
YUNESKO-nun baş direktoru sosial, hüquqi, etik məsələlər ətrafında müzakirələrin aparılmasının əhəmiyyətini xüsusi vurğulamışdır. Debatlarda dünya dövlətlərinin fəal iştirakının zəruriliyini bildirən İ.Bokova sessiyanın Bakıda keçirilməsini yüksək qiymətləndirmişdir.
YUNESKO baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Pilar Alvarez-Laso qurumun həyata keçirdiyi tədbirlərə, bioetika normalarının bütün dünyada tanınmasına və BBK-nın 18-ci sessiyasının Azərbaycanda keçirilməsinə verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkürünü bildirmişdir.
Vurğulamışdır ki, qlobal maliyyə böhranının YUNESKO-ya üzv dövlətlər üçün ağır nəticələrə səbəb olması qurumun öz fəaliyyətini və təsir dairəsini genişləndirməsini zəruri etmişdir. Həmin problemlərin öhdəsindən gəlmək üçün komitənin kifayət qədər potensialı vardır. BBK-nın yoxsul ölkələrdə yaşayan həssas əhali qrupuna daxil olan insanların həyatına təsir edə biləcək fəaliyyəti və bu istiqamətdə həyata keçirdiyi proqram bunun göstəricisidir.
Hazırda komitədə bir neçə vacib hesabatların hazırlandığını deyən Pilar Alvares-Laso bildirmişdir ki, bu hesabatların məqsədi milli səviyyədə qanunvericiliklərə dəyişikliklərin edilməsidir.
Beynəlxalq Bioetika Komitəsinin sədri Donald Evans göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, sessiyada müzakirə olunan məsələlərin aktuallığını vurğulamışdır. Komitə sədri hazırda YUNESKO-ya üzv ölkələrin əksəriyyətində bioetika mərkəzlərinin fəaliyyət göstərməsini təqdirəlayiq hal kimi qiymətləndirmişdir.
Bioetikanın inkişafı istiqamətində görülən işlərdən danışan D.Evans bildirmişdir ki, YUNESKO-ya üzv ölkələrdən BBK-ya daxil olan 36 nümayəndə son 25 ildə bu sahədə qazanılan nailiyyətləri inkişaf etdirir. Komitə sədri belə toplantıların və sessiyaların təşkil edilməsi baxımından Azərbaycanın YUNESKO-ya üzv ölkələr arasında yüksək nüfuza malik olduğunu demişdir.
Açılış mərasimindəki çıxışlardan sonra sessiya öz işini "İnsan mənafeyinə və şəxsi toxunulmazlığa hörmət prinsipi: BBK-nın hesabat layihəsi", "Ənənəvi tibbin etik təsirləri: ənənəvi tibbi tətbiq edən mütəxəssislərin dinlənilməsi" mövzularında müzakirələrlə davam etdirmişdir.
Müzakirələrdə Tibbdə Hüquq və Etika İnstitutunun direktoru, BBK-nın sədr müavini Şeyla Maklin təbii fəlakətlərin, gender məsələlərinin və digər mühüm amillərin insanların həssas vəziyyətə düşməsinə səbəb ola biləcəyini diqqətə çatdırmış, bu məsələnin komitənin hesabat layihəsində əks olunduğunu vurğulamışdır.
Digər çıxış edənlər bioetikanın inkişafını özündə ehtiva edən sənədin hazırlanmasının bir çox üstünlüklərinin olduğunu bildirmişlər. Qeyd etmişlər ki, bu istiqamətdə əsas diqqət BMT-nin Minilliyin İnkişaf Məqsədlərində nəzərdə tutulan müddəaların yerinə yetirilməsinə yönəldilməlidir. Bu baxımdan hökumətlər arasında əməkdaşlığın daha da gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Tibb sahəsində yeniliklərin tətbiqinə toxunan sessiya iştirakçıları səhiyyə xidmətinin keyfiyyətinin artırılmasının, bir çox xəstəliklərin tədqiqinin sürətləndirilməsinin vacibliyini vurğulamışlar. Təhsil sahəsində xüsusi fəaliyyət mexanizminin hazırlanması, hesabatın yekun hissəsinə ediləcək düzəlişlərin və əlavələrin gələcəkdə elm və texnologiyanın inkişafını ehtiva etməsinin və bundan irəli gələn prinsiplərin həyata keçirilməsinin zəruriliyi qeyd olunmuşdur.
Sessiyada Azərbaycanın artıq 20 ildir Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkdiyi xüsusi vurğulanmışdır. Bildirilmişdir ki, münaqişə nəticəsində Azərbaycanın ərazisinin 20 faizi işğal olunmuş, bir milyondan artıq insan öz doğma torpaqlarından didərgin düşmüşdür. Bu baxımdan qəbul ediləcək yekun hesabatda münaqişələr nəticəsində zərər çəkmiş insanların həssas əhali qrupuna daxil edilməsinin nəzərə alınması təklif edilmişdir.
İyunun 1-də sessiya öz işini davam etdirəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında