Hüquq elmi və təhsilinin müasir problemləri və onların həlli yolları

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda keçirilən beynəlxalq elmi-nəzəri konfrans bu aktual problemin müzakirəsinə həsr olunmuşdu. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş beynəlxalq tədbirin təşkilatçıları AMEA-nın Rəyasət Heyəti və Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu idi.
Konfransı giriş sözü ilə açan Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə dünyanın səkkiz ölkəsini - Azərbaycanla yanaşı, Türkiyəni, Amerika Birləşmiş Ştatlarını, Almaniyanı, Yaponiyanı, Rusiyanı, İran İslam Respublikasını və Gürcüstanı təmsil edən görkəmli alim, hüquqşünas və mütəxəssislərin müzakirəsinə çıxarılmış mövzunun aktuallığını vurğulayaraq, bu problemin həllinə ölkəmizdə dövlət səviyyəsində diqqət yetirildiyini bildirdi. Qeyd etdi ki, ölkə Prezidenti İlham Əliyevin modernləşmə kursu elmin və təhsilin inkişafı sahəsində qarşıya mühüm vəzifələr qoyur. Təsadüfi deyildir ki, bu yaxınlarda Milli Elmlər Akademiyasının illik hesabat yığıncağında etdiyi çıxışında dövlət başçısı fundamental elmlərlə yanaşı, ictimai elmlərin də inkişafının son dərəcə əhəmiyyətli və vacib olduğunu diqqətə çatdırdı. Bu problemdən danışarkən ölkə Prezidenti gənclərin elmi tədqiqatlara cəlb edilməsinə xüsusi önəm verildiyini, dövlətin gənclər siyasəti proqramının hazırlanması üzərində iş aparıldığını vurğuladı. O, haqlı olaraq qeyd etdi ki, tarixi ənənələr və varislik prinsipləri kontekstində bu gün gənclərin yüksək təhsilə sahib olmalarına və sanballı elmi tədqiqatlara cəlb edilmələrinə müstəqil Azərbaycanın gələcək inkişafının əsası kimi yanaşılmalıdır.
Elmin inkişaf strategiyasına dair Dövlət Proqramının və ölkə Prezidenti cənab İlham Əliyevin Milli Elmlər Akademiyasının hesabat yığıncağında qarşıya qoyduğu mühüm vəzifələri uğurla həyata keçirmək üçün, heç şübhəsiz , yeni elmi metodların və metodologiyaların işlənib hazırlanması ilə yanaşı, elmi əlaqələrin və əməkdaşlığın genişlənməsi məqsədilə elmin müxtəlif sahələrində birgə konfransların, müzakirələrin, elmi seminarların, fikir mübadilələrinin aparılmasının mühüm əhəmiyyəti vardır. Elə buna görə də bu gün bizim hüquqşünas-alimlərimizin dünyanın qabaqcıl ölkələrindən gələn görkəmli həmkarları ilə birlikdə keçirdiyi bu beynəlxalq konfransın müstəsna əhəmiyyəti var. Hüquqi, demokratik, dünyəvi dövlət quran gənc Azərbaycan Respublikasında hüquq elminin və təhsilinin ən aktual problemlərinin müəyyən edilməsi, üzə çıxarılması, dünyanın qabaqcıl hüquqşünas-alimləri ilə, tədqiqatçılarla və müəllimlərlə birlikdə müzakirə etməsi, müəyyən optimal yolların seçilməsi, nəzəriyyə və təcrübənin sıx əlaqələndirilməsi, heç şübhəsiz, öz faydasını verəcəkdir. Bu problemlər çətin və məsuliyyətlidir. Lakin ulu öndərin tövsiyə və göstərişdəri, onun siyasi kursuna sadiq olan ölkə Prezidenti cənab İlham Əliyevin modernləşmə kursu bu problemlərin uğurlu həlli üçün bizə ən yaxşı bələdçi idi. Bugünkü konfrans səylərimizi birləşdirmək, istiqamətləri düzgün seçmək və onu uğurla başa çatdırmaq baxımından böyük əhəmiyyət kəsb edir.
Hazırda ölkənin modernləşmə kursu bizdən tələb edir ki, təhsilin və elmin ən yüksək inkişafını və tərəqqisini təşkil və təmin etməklə cəmiyyət və dövlət quruculuğunun uğurla başa çatdırılmasına öz töhfələrimizi verək. Elmi tədqiqatlara münasibət kökündən dəyişməli, onun beynəlxalq standartlara uyğunlaşdırılmasına, elmi əməkdaşlığın genişləndirilməsinə, elmi tədqiqatların nəticələrindən təcrübədə istifadə edilməsinə diqqət artırılmalıdır. Bu gün qloballaşma şəraitində iqtisadi inkişafın, siyasətin, strategiyanın Azərbaycan modelinin tədqiqi dünyada böyük maraq doğurur. Bu baxımdan hesab edirəm ki, Azərbaycan cəmiyyətində təşəkkül tapan fəlsəfi, sosioloji, hüquqi proseslərin Azərbaycan modelinin tədqiqinə də zərurət vardır.
Dünyada gedən qlobal proseslər, Azərbaycanın geostrateji mövqeyi, yüksək inkişaf tempi, əhalinin maddi rifah halının gündən-günə yüksəlməsi, cəmiyyətdə gedən proseslərin dərk edilməsi, tənzimlənməsi və düzgün istiqamətə yönəldilməsi hüquqi dövlətin və vətəndaş cəmiyyətinin təşəkkülü ictimai və humanitar elmlər qarşısında mühüm vəzifələr qoyur. Əmin edirəm ki, institutumuzun filosof, sosioloq və hüquqşünasları tarixi ənənələrə və qabaqcıl elmi nailiyyətlərə söykənərək öz fəaliyyətlərini bir daha tənqidi təhlil edəcək və bugünkü konfransın ruhu baxımından daha fəal alim, daha fəal vətəndaş mövqeyi tutacaqlar.
İ.Məmmədzadə konfransın işinə uğurlar arzulayaraq, sözü AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Haşımova verdi.
Akademik A.Haşımov beynəlxalq elmi-nəzəri konfransın bütün iştirakçılarını, dünyanın müxtəlif ölkələrindən gəlib tədbirə qatılan qonaqları - görkəmli hüquqşünas alimləri, mütəxəssisləri salamlayaraq, onlara uğurlar arzuladı. O bildirdi ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin həm Sovet hakimiyyəti, həm də müstəqillik illərində elmin, xüsusilə hüquq elminin inkişafı sahəsində yeritdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan Milli Elmlər Akademiyası qorunub saxlanılmış, onun fəaliyyət dairəsi xeyli genişləndirilmiş və səlahiyyətləri artırılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasında hüquq elminin daha da təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması, gələcəkdə onun inkişaf yolları müəyyənləşdirilmişdir.
Digər sahələrdə olduğu kimi, dövlətin elm siyasəti sahəsində də ümummilli liderimiz Heydər Əliyevin ənənələrini davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin ölkənin elmi potensialının qorunması, inkişaf etdirilməsi, AMEA işçilərinin maddi rifah halının yaxşılaşdırılması, onun strukturunun təkmilləşdirilməsi, milli cəmiyyət və demokratik dövlət quruculuğu işində elmi potensialdan səmərəli istifadə olunması barədə imzaladığı sərəncamlar bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir.
Azərbaycan elmi bu gün dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya və strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın prinsiplərinə və tələblərinə uyğun fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın bu yaxınlarda keçirilmiş illik ümumi yığıncağındakı çıxışında elmin inkişafı ilə bağlı söylədiyi fikirləri konfrans iştirakçılarının diqqətinə çatdırıram. Cənab İlham Əliyev dedi: "Akademiyada Azərbaycanın intellektual elitası cəmlənib. Akademiyanın inkişafı Azərbaycanda elmin inkişafına birbaşa təsir göstərir. Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, həmin ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır. Biz də ölkəmizdə müxtəlif istiqamətlərdə islahatlar apararkən müasirləşməyə üstünlük veririk. Müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyildir. Biz elə etməliyik ki, Azərbaycan elmi inkişaf etsin, yaşasın və Azərbaycan dövlətinə, Azərbaycanın milli maraqlarına həmişə olduğu kimi xidmət etsin."
Bugünkü beynəlxalq elmi- nəzəri konfrans da, əslində, möhtərəm Prezidentimizin qarşıya qoyduğu vəzifələrin icrası baxımından əhəmiyyətlidir. Sizə bu mühüm tədbirin həyata keçirilməsində uğurlu nəticələr arzulayıram.
Bundan sonra məruzələr başlandı.
BDU-nun kafedra müdiri, AMEA-nın müxbir üzvü, hüquq elmləri doktoru Məsumə Məlikova "Elmin inkişafı üzrə "Dövlət Proqramı"ndan irəli gələn vəzifələr hüquq elminin əsas inkişaf istiqamətləri və yeni yanaşmalar" mövzusunda məruzə etdi. O dedi:
Azərbaycanda demokratik dəyişikliklər, xüsusilə də dövlət-hüquqi quruculuq sferasında aparılan islahatlar ictimai və humanitar elmlərin qarşısında həllinin Azərbaycan dövlətçiliyinin, onun hüquqi əsaslarının möhkəmləndirilməsi və inkişafına kömək edəcək bir sıra vəzifələri irəli sürür.
Azərbaycan Respublikası Prezidentinin 4 may 2009-cu il tarixli "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın və bu strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncamından irəli gələn müddəaların reallaşdırılması üzrə vəzifələrin keyfiyyətli həlli məqsədilə ictimai elmlərdə, o cümlədən hüquqşünaslıqda zamanla ayaqlaşan prioritet elmi istiqamətləri aydınlaşdırmaq zəruri hesab olunur. Yeni elmi istiqamətlərlə bağlı olan problemlərin həlli isə ictimai və humanitar elmlərin müxtəlif sahələrinin alimlərinin (filosofların, hüquqşünasların, sosioloqların, psixoloqların), müəyyən mövqelərdə isə təbiət elmlərinin nümayəndələrinin (riyaziyyatçıların, fiziklərin) səylərinin birləşdirilməsi yolu ilə mümkündür. Hüquqşünaslıqda yeni elmi istiqamətlərdən biri dövlət-hüquqi hadisələrin tədqiqi zamanı sinergetikanın - özütəşkilolunan, kortəbii, təsadüfi proseslər haqqında təlimin müddəalarının tətbiqidir. Məlumdur ki, bu təlimin əsası təbiət elmləri tərəfindən qoyulmuşdur (termin 1970-ci ildə alman nəzəriyyəçi-fiziki German Haker tərəfindən tətbiq edilmişdir). Sonralar sinergetika ideyaları ictimai elmlər, ilk növbədə fəlsəfə tərəfindən dünyanın dərk edilməsində, inkişafda olan ictimai sistemlərin izahında fənlərarası metodologiya qismində tanınmışdır.
Bu gün sinergetika özünün tətbiqi sferasını əhəmiyyətli dərəcədə genişləndirmişdir. O, hüquqşünaslıqda da böyük çəkiyə malikdir. Hüquqi təzahürlərin açılmasının instrumentariyası kimi onun qaydalarından istifadəyə doğru addımlar atılmaqdadır. Hüquqi ədəbiyyatda qeyd olunduğu kimi, ümumiləşdirmənin maksimal səviyyəsinə iddialı olan ümumi fəlsəfi paradiqmaları qismində o, bütün dünyadakı bütün sistemli prosesləri əhatə etməlidir.
Bu problemə hüquqşünasların marağı məntiqidir. Müasir Azərbaycanda intensiv hüquqyaratma prosesi gedir. Dövlətin hüquqi bazasının yaradılmasının sürətli templəri, tənzimlənən ictimai münasibətlərin dairəsinin genişləndirilməsi, hüququn kompromis funksiyalarının yerinə yetirilməsi müəyyən hallarda "qısamüddətli" normaların qəbulu, qanunvericilik sistemində kolliziyaların, boşluqların yaranması və s. ilə şərtlənir. Bu prosesdə buraxılan nöqsanlar və çatışmazlıqlar yeni metodologiyaların işlənib hazırlanmasını, müəyyən edilməsini gündəmə gətirir ki, onların da tətbiqi mümkün çatışmazlıqları aradan qaldıra bilər. Ənənəvi üsullardan istifadə ilə yanaşı, sinergetikanın metodoloji qaydalarına (qeyri-müvazinətilik, bifurkasiyalar, qeyri-xəttilik, faza keçidləri, cüzi təsirlilik və digərləri) müraciət edilməsinə bəraət vermək olar.
Baxılan sistemdə insanın davranış faktoru ilə bağlı olan və onun hüquqa, qanunlara neqativ münasibətində, etinasızlığında ifadə olunan ən ağrılı problemlərdən biri - hüquqda nihilizm problemi kimi təhtəlsistem ayırd edilə bilər.
Nihilizm (latınca "nihil" - heç nə, heç bir şey) sosial təzahür kimi bir sıra obyektiv və subyektiv səciyyəvi faktorla şərtləndirilir ki, onların da sırasına insanın sosial cəhətdən arzuolunmaz davranışını determinasiya edən sosial-iqtisadi, onun hüquq və azadlıqlarının kifayət etməyəcək səviyyədə hüquqi müdafiəsi, hüquq-mühafizə orqanlarında yol verilən süründürməçilik, insanın şəxsiyyətinə hörmət bəsləməmə (hüquqi etikanın pozulması), insanın hüquqi məlumatsızlığı, hüquqi mədəniyyətinin aşağı səviyyədə olmasını və digərlərini aid etmək olar.
Hüquqi nihilizm özünün müxtəlif təzahürlərində: qanuna etinasızlıq, hörmət bəsləməmə, neqativ münasibət, şəkkaklıq, skeptisizm, hüquqi pessimizm və s. elmi ədəbiyyatda qeyd olunduğu kimi, insanın hüquq düşüncəsinin deformasiyasında ifadə olunan neqativ sosial hadisədir.
Hüquq düşüncəsini onun deformasiyası kimi nəzərdən keçirən bir sıra mövqelər elmi mübahisə predmetinə çevrilə bilər. Belə ki, göstərilmiş xarakteristika tam şəkildə işlənməmişdir və burada, fikrimizcə, vacib faktorlar nəzərə alınmamışdır. Xüsusilə də hüquqi nihilizmin tədqiqi zamanı hüquq düşüncəsinin struktur elementlərinin - hüquqi ideologiyanın və hüquqi psixologiyanın hüquqi nihilizmin formalaşmasında müxtəlif, bəzən ziddiyyətli rollarının aşkara çıxarılması üçün ayrılmasından başlamaq lazımdır.
Azərbaycan Respublikası təhsil nazirinin müavini, tarix elmləri doktoru, professor İradə Hüseynova "Heydər Əliyev və Azərbaycan dövlətçiliyi" adlı məruzəsində qeyd etdi ki, XXI əsrin başlanğıcında Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması da məhz ümummilli lider, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan ümummilli lider xalqı tarixən can atdığı müstəqillik idealına qovuşdurmuş, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüşdür.
Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik ümummilli lider xarici siyasətdə yol verilmiş səhvlərin aradan qaldırılması istiqamətində qətiyyətli addımlar ataraq birinci növbədə, qonşu dövlətlərlə münasibətləri sahmana salmağa çalışmış, balanslaşdırılmış xarici siyasət yeritməklə respublikamızın geosiyasi rəqabət meydanına çevrilməsinə yol verməmişdir. "Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyinin dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı-faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrin həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir" - deyən ümummilli lider həmçinin bildirmişdir ki, müxtəlif dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması, Avratlantik məkana inteqrasiya, sivil Qərb dəyərlərinin mənimsənilməsi Azərbaycanın xarici siyasət prioritetləri sırasında mühüm yer tutur.
Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik qarşısında ən böyük, misilsiz xidmətlərindən biri də müstəqil Azərbaycanın yeni neft strategiyasının hazırlanması və 1994-cü ildən uğurla həyata keçirilməsidir. Miqyasına görə XX əsrin analoqu olmayan qlobal layihələrindən biri kimi alternativ enerji mənbələri axtarışında olan müasir dünyanın yeni geoiqtisadi xəritəsinin müəyyənləşməsinə əsaslı təsir göstərən "Əsrin müqaviləsi" Azərbaycanın siyasi və iqtisadi cəhətdən möhkəmlənməsinə, beynəlxalq iqtisadi münasibətlər sisteminə sürətli inteqrasiyasına da təkan vermişdir.
Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası baxımından hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu siyasətini də diqqət mərkəzində saxlayan ümummilli lider bu istiqamətdə mühüm islahatların həyata keçirilməsini təmin etmişdir. Böyük strateq hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü nitqlərində vurğulamış, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm surətdə artırılmasının əsas təşəbbüskarı kimi çıxış etmişdir. Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir.
Konstitusiyanın qəbulundan sonra müstəqil Azərbaycanda çoxpartiyalı sistem, siyasi plüralizm, söz, mətbuat və sərbəst toplaşmaq azadlığı bərqərar olmuş, dövlət idarəçilik sistemi tamamilə yenidən qurulmuş, məhkəmə-hüquq islahatları uğurla davam etdirilmişdir. Ölkənin idarəetmə sistemində siyasi mədəniyyət elementləri güclənmiş, icra hakimiyyəti orqanlarının işinin dinamikliyi artmış, yerli özünüidarə orqanları formalaşmışdır. Eyni zamanda, ulu öndərin respublikaya rəhbərliyi illərində ölüm cəzasının, mətbuat üzərində siyasi senzuranın ləğvi, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi, respublikada üçpilləli məhkəmə sisteminin formalaşdırılması, Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, İnsan Hüquqları üzrə Müvəkkil institutunun yaradılması demokratik inkişaf yolunda əldə etdiyimiz mühüm nailiyyətlərdəndir.
Ulu öndər Heydər Əliyev birləşdirici qüvvə kimi respublikamızdan kənarda güclü diaspor və lobbi təşkilatlarının formalaşdırılmasına da xüsusi qayğı ilə yanaşmışdır. Onun Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan azərbaycançılıq ideyasını irəli sürməsi, milli birlik meyillərini daha da dərinləşdirməsidir. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi, ümummilli lider Heydər Əliyevin fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması da milli həmrəyliyə nail olmaq amalının Azərbaycanın dövlət siyasətinin tərkib hissəsinə çevrildiyini nümayiş etdirir.
İndi Heydər Əliyev cismən həyatda olmasa da, bu gün əminliklə deyə bilərik ki, onun ölməz ideyaları xalqımızın mütərəqqi inkişaf yoluna parlaq işıq saçır, hər bir azərbaycanlını vahid məram və məqsədlər ətrafında toplayır. Həm də onunla təsəlli tapırıq ki, ulu öndərin möhtərəm Prezident İlham Əliyev kimi müasir dünya siyasətinin incəliklərini dərindən bilən, xalqının və dövlətinin maraqlarını daim uca tutan, siyasətində hər bir vətəndaşın mənafeyini nəzərə alan, bir sözlə, hər vədini əməli işi ilə doğruldan layiqli siyasi davamçısı var. Ölkəyə rəhbərlik etdiyi müddətdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar cənab İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu göstərmiş, onun ictimai rəydə alternativsiz rəhbər kimi qəbul edilməsini şərtləndirmişdir.
Prezident İlham Əliyevin fenomenal siyasi liderliyi sayəsində Azərbaycan milli mənafelərini bəşəri miqyasda müdafiə edə bilən praqmatik, çevik, təmkinli və səriştəli xarici siyasətini yeritməyə nail olmuşdur. Eyni zamanda, dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı-faydalı əlaqələr yaratmaq və inkişaf etdirməklə, Azərbaycanın heç bir dövlətdən asılı olmadan tamamilə müstəqil siyasət yeritməsini, beynəlxalq mövqelərinin güclənməsini təmin etmişdir.
BDU-nun hüquq fakültəsinin dekan əvəzi, hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı "Hüquq təhsilinin təkmilləşdirilməsi problemləri" mövzusunda çıxış edərkən bildirdi ki, istər Sovetlər, istərsə də müstəqillik dövründə Azərbaycanda təhsilin inkişafının banisi ümummilli liderimiz Heydər Əliyevdir. Məhz ümummilli liderimizin təşəbbüsü ilə hazırlanmış və 1999-cu ildə təsdiq olunmuş təhsil sahəsində İslahat Proqramı Azərbaycan təhsilinin inkişafına verilən mühüm bir töhfədir. Proqramda islahatların aşağıdakı strateji istiqamətlər üzrə aparılması müəyyənləşdirilmişdi: Normativ-hüquqi bazanın yaradılması sahəsində; təhsil sisteminin strukturunda; kadr hazırlığı və təminatında; təhsil sisteminin tədris, elmi-metodiki və informasiya təminatında; təhsil sisteminin idarəolunmasında; təhsil sisteminin maddi-texniki bazasında; təhsilin iqtisadiyyatında.
Proqram perspektiv inkişafı nəzərdə tutan uzun müddət üçün qəbul olunmuşdu. Ulu öndərin bu təşəbbüsü sanki qabaqlayıcı xarakter daşıyırdı. Bundan 6 il sonra Azərbaycanın ali təhsil sistemi Boloniya Bəyannaməsinə qoşuldu. Ulu öndərin məlum islahat proqramının icrasının sürətlənməsi və davamı kimi, Prezident İlham Əliyev tərəfindən 2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramının təsdiq edilməsi barədə sərəncam imzalandı. Bu proqram Azərbaycan ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyası proseslərinin sürətləndirilməsi, ali təhsilin məzmununun Boloniya prinsiplərinə uyğun qurulması, ölkə iqtisadiyyatının inkişaf meyillərinə müvafiq olaraq yüksək hazırlıqlı kadrlara tələbatın ödənilməsi, həmçinin əhaliyə müasir standartlar səviyyəsində ali təhsil almaq imkanı yaradan səmərəli ali təhsil sisteminin formalaşdırılması istiqamətlərini nəzərdə tutur.
Bir-birini tamamlayan bu hər iki islahat proqramı bütün elm sahələrinin qarşısında çox ciddi vəzifələr qoyur. Hər iki proqramın məğzini insan kapitalının inkişafının sürətlənməsi təşkil edir. Bu isə yalnız təhsillə elmin vəhdətində mümkün ola bilər. Yeni qəbul olunmuş Təhsil haqqında Qanunda Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssislər və elmi pedaqoji kadrların hazırlığı 3 səviyyədə nəzərdə tutulur: Bakalavriat, magistratura və doktorantura. Göründüyü kimi istiqamətlərin ikisi elm yönümlüdür.
Bu mühüm sənədlər bütün elm sahələrində olduğu kimi, hüquq elminin və təhsilinin də müasir tələblərə və çağırışlara uyğun inkişafına yeni üfüqlər açdı. Hazırda hüququn qarşısında həm təhsilin keyfiyyətinin yüksəldilməsi, həm də elmi tədqiqatların aktivliyinin artırılması istiqamətlərində həllini gözləyən mühüm məsələlər durur. Bu, həm qlobal, həm də lokal xarakterli problemlərdir. Dünyada mövcud olan 20-yə yaxın qlobal problemin 7-si sırf hüquq elminə aiddir. Bunlar aşağıdakılardır: İntellektual mülkiyyət hüququ; elektron ticarət hüquqları; beynəlxalq əmək və miqrasiya normaları: sülhməramlılıq, münaqişələrin çözülməsi və terrora qarşı mübarizə; narkotiklərin qanunsuz dövriyyəsi; ticarət, investisiya və rəqabət qayda-qanunları; hamı üçün təhsil.
Hesab edirik ki, lokal səviyyədə qarşıya qoyulan problemlər bunlardır: hüquqi aspektdə insan, cəmiyyət və dövlət münasibətlərinin optimallaşdırılması; hüquq elminin normativ hüquqi aktlar layihələri və konsersiyaların işlənməsində rolunun güclənməsi; hüquq tədrisinin XXI əsrin tələblərinə uyğun qurulması; həyat səviyyəsinin yüksəlməsinə təminatın hüquqi mexanizmləri.
Azərbaycan hüquq sisteminin effektivliyinin artırılması problemləri: hüquq elmi və hüquq praktikası: uyğunluq problemi; hüquq elminin fənlərarası inkişafı.
Hüquq elmi humanitar elmlər sahəsinə aid oldugu üçün "fənlərarası yanaşma" böyük əhəmiyyət kəsb edə bilər. "Fənlərarası" dedikdə, müxtəlif elmlərin təmsilçiləri bir masa ətrafında əyləşirlər. Eynən, müxtəlif millətlər BMT-yə toplaşıb özlərinin milli hüquqları və suverenliklərini bəyan etməklə qəsbkardan qorunmaq istəyirlər. Hüquq bir elm kimi ya öz anlayışlarında, ya da kənar elmlərin anlayışlarında izah olunur. Bu yönümdə tədrisin təşkili və elmi tədqiqatların aparılması mühüm əhəmiyyət kəsb edə bilər.
BDU-nun cinayət hüququ kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Firudun Səməndərov "İctimai təhlükəli nəticə və onun cinayət məsuliyyətinin diferensiasiyasında rolu" mövzusunda məruzəsində qeyd etdi ki, cinayət hüququnda məsuliyyətin diferensiasiyası mübahisə doğuran məsələlərdəndir. Hüquq ədəbiyyatında məsuliyyətin diferensiasiyası ilə bağlı iki əsas fikir yayılmışdır. Əslində, belə mövqe məsuliyyətin diferensiasiyasının əsasları ilə əlaqələndirilir. Birinci mövqe məsuliyyətin diferensiasiyasının cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə aparılması ilə bağlıdır (1, s. 38). Digər mövqeni müəlliflərdən əsasən T.V.Korobkov söyləyir. Onun fikrincə, cinayətin təhlükəlilik dərəcəsi ilə yanaşı, məsuliyyətin diferensiasiyası cinayət törədənin şəxsiyyətinin təhlükəliliyinə görə də aparılmalıdır (2, s. 6).O, təklif edir ki, cinayətkarın şəxsiyyəti sosial tip kimi öyrənilməli və belə tiplər cinayət qanununda məsuliyyətin diferensiasiyasının əsası kimi istifadə edilməlidir. Şübhəsiz, bu "ölçü" dəqiq kriteriyaya söykənmədiyindən, ondan məsuliyyətin diferensiasiyasının vasitəsi kimi istifadə edilə bilməz.
Məruzəçi Azərbaycan Respublikasının indiyədək qəbul edilən cinayət məcəllələrində (1922, 1927, 1960 və 1999-cu il) bu məsələnin müqayisəli təfsirini apararaq göstərdi ki, getdikcə maddi quruluşlu tərkiblər yaratmaq yolu ilə qanunvericiliyin inkişafına üstünlük verilir. Məsələn, respublikanın 1922-ci il Cinayət Məcəlləsinin 198 tərkibindən 136 tərkib formal, 62 tərkib isə maddi quruluşa malik olmuşdur; 1927-ci il CM-də təsbit edilən 232 cinayət tərkibindən 178-i formal quruluşlu olmuş, 54 tərkib isə ictimai təhlükəli nəticə ilə əlaqələndirilmişdir. 1960-cı il CM-də təsbit olunmuş 252 cinayət tərkibindən 164 tərkib formal, 88 tərkib isə maddi quruluşa malik olmuşdur. Azad bazar iqtisadiyyatı dövründə qəbul edilən 1999-cu il Cinayət Məcəlləsində təsbit edilən 322 cinayət tərkibindən 135 tərkib formal, 197 tərkib isə maddi konstruksiyaya malik olmuşdur.
Bu göstərici qüvvədə olan cinayət qanunvericiliyində insanlara, cəmiyyətə yetirilən ziyana görə məsuliyyətin həllinin əsas istiqamət kimi müəyyən edildiyini göstərir. İndiki cinayət qanunvericiliyində məsuliyyətin təhlükəli nəticə ilə əlaqələndirilməsinə ədalətlilik prinsipi ilə və ictimai hüquqi şüurla haqq qazandırılır. Lakin cinayət qanunvericiliyində ictimai təhlükəli nəticədən ancaq əməllərin kriminallaşdırılmasında vasitə kimi deyil, həm də məsuliyyətin diferensiasiyasının ölçülərindən biri kimi istifadə edilir.
Qüvvədə olan cinayət qanunvericiliyində məsuliyyətin təhlükəli nəticə ilə əlaqələndirilməsinə ədalətlilik prinsipi ilə və ictimai hüquqi şüurla haqq qazandırılır. Lakin cinayət qanunvericiliyində ictimai təhlükəli nəticədən ancaq əməllərin kriminallaşdırılmasında vasitə kimi deyil, həm də məsuliyyətin diferensiasiyasının ölçülərindən biri kimi istifadə edilir.
1999-cu il Cinayət Məcəlləsinin Xüsusi hissəsinin fəsillərində nəzərdə tutulan normaların xeylisinə ictimai təhlükəli nəticə əsas tərkiblərə, xüsusən məsuliyəti ağırlaşdıran halı olan tərkiblərə daxil edilmişdir. Fəsillər üzrə ictimai təhlükəli nəticəni nəzərdə tutan normaların nisbəti müxtəlifdir.
Zənn edirik, bundan sonrakı dövrdə məsuliyyətin diferensiasiyasında, məsuliyyəti araşdıran və ya yüngülləşdirən halı olan tərkiblərin qurulmasında istifadə edilən hallara, onların cinayətlərin təhlükəlilik dərəcəsinə uyğun fərqli seçim olmalıdır.
Cinayət Məcəlləsinin həyat əleyhinə edilən cinayətə görə məsuliyyət müəyyən edən 120.2-120.2.12-ci maddəsində sadalanan hallar məsuliyyəti ağırlaşdırır və bu əsasda da məsuliyyətin diferensiasiyası verilir. Bu maddədə tərkiblərin qurulmasında məsuliyyəti ağırlaşdıran 12 haldan istifadə edilmişdir. Bunların içərisində "iki və ya daha çox şəxsi öldürmə", "təkrar qəsdən adam öldürmə", "hamilə vəziyyətində olan qadını öldürmə" və s. bu kimi hallar cinayətin nəticəsi ilə - obyektə yetirilən ziyanla bağlıdır. Məsuliyyəti ağırlaşdıran halları olan tərkiblərin qurulmasında istifadə edilən digər hallar, nəticə ilə bağlı olan hallardan nisbətən az təhlükəlidir. Lakin qüvvədə olan cinayət qanunvericiliyində onlar məsuliyyəti ağırlaşdıran digər hallardan fərqləndirilmir. Biz məsuliyyətin bu qaydada diferensiasiyasını məqbul saymırıq. Cinayət Məcəlləsinin 120-ci maddəsində məsuliyyəti xüsusilə ağırlaşdıran halı olan tərkiblər formulə edilməklə qəsdən adam öldürmənin nəticə ilə bağlı halları zəminində məsuliyyətin daha adekvat diferensiasiyasına nail oluna bilər (3, s. 152).
Qüvvədə olan cinayət qanunvericiliyi obyektə yetirilən əmlak xarakterli zərəri ifadə edən "xeyli miqdar", "küllü miqdar" anlayışlarından istifadə edir. Biz qanunun belə mövqeyini məqbul saymırıq. Ancaq eyni obyektə qəsd edən əməllərin yaratdığı nəticələr kateqoriyası eyni məzmunu ifadə etməlidir. Hər bir söz ancaq eyni anlama malik olan informasiya yükü daşımalıdır. Bu hal, köhnə qanundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsinin müsbət cəhəti kimi qeyd edilməlidir. Təəssüf ki, qüvvədə olan Cinayət Məcəlləsi bu məsələdə ardıcıl mövqe tuta bilməmişdir. Belə ki, iqtisadi fəaliyyət sahəsində edilən cinayətlərin obyekti eyni olsa da, "vergi ödəmələrindən yayınma"ya görə məsuliyyət müəyyən edən 213-cü maddənin dispozisiyasında "xeyli miqdar" və "küllü miqdar" əlamətləri fərqli məzmuna malik anlayışlar kimi müəyyən edilmişdir.
Biz "xeyli miqdar" - nəticə əlamətinin miqdar kriteriyasına dəyişiklik olunmasını təklif edirik: həmin maddələrdə "xeyli miqdar" anlayışı 30 manatdan 1000 manata qədər müəyyən olunsun. Bunun üçün Cinayət Məcəlləsinin 190-cı maddəsinin qeydinə təklif edilən dəyişiklik daxil edilsin (6, s.218).
Bakı Dövlət Universiteti mülki proses, əmək və ekologiya hüququ kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Alış Qasımov konfransda "Azərbaycan Respublikasının əmək qanunvericiliyinin təkmilləşdirilməsinin bəzi məsələləri haqqında" məruzə etdi. O dedi:
- İqtisadiyyatda baş verən dəyişikliklər əmək qanunvericiliyinin məzmununa, onun sisteminə təsir göstərmişdir, çünki müvafiq normativ hüquqi aktlar iqtisadi münasibətlər, mülkiyyət münasibətləri, bölgü münasibətləri və s. ilə sıx surətdə bağlıdır.
Müasir əmək qanunvericiliyi beynəlxalq normalara söykənir. Onun ilkin müddəları Azərbaycan Respublikasının Konstitusiyasında təsbitini tapmışdır. Əmək münasibətlərini və onlarla bilavasitə bağlı olan digər münasibətləri tənzimləyən əsas normativ-hüquqi akt qismində bu hüquq sahəsinin məcəllələşdirilmiş aktı olan Azərbaycan Respublikasının Əmək Məcəlləsi (AR ƏM) çıxış edir. 1999-cu il fevralın 1-də qəbul edilmiş və həmin il iyulun 1-dən qüvvəyə minmiş AR ƏM əmək qanunvericiliyinin inkişafında mühüm mərhələ olmuşdur. Məcəllə ölkənin sosial-siyasi, iqtisadi, dövlət quruluşunda baş verən köklü dəyişiklikləri əks etdirmiş, əmək münasibətlərinin və onlarla bilavasitə bağlı olan münasibətlərin tənzimlənməsini bazar iqtisadiyyatına, mülkiyyət formalarının müxtəlifliyinə xeyli dərəcədə uyğunlaşdırmağa imkan vermişdir.
Məzmun baxımından qüvvədə olan əmək qanunvericiliyi ilə əmək münasibətlərinin və onlarla bilavasitə bağlı olan münasibətlərin yetərincə tam tənzimləndiyini söyləmək mümkündür. Lakin AR ƏM-də olan qeyri-dəqiqliklərin, ziddiyyətlərin, boşluqların doldurulması və s. qüvvədə olan əmək qanunvericiliyinin təkmilləşdirilməsini tələb edir.
Professor A.Qasımov mövcud Əmək Məcəlləsinə 20-dən çox əlavə və düzəliş təklif etdi. Bunlar əsasən AR ƏM-in III fəslinə, IX bölməsinə, 1-ci, 2-ci, 3-cü, 10-cu, 11-ci, 12-ci, 15-ci, 132-ci, 182-ci, 185-ci, 186-cı maddələrinə aid əlavə və düzəlişlər idi.
AR ƏM-də həmkarlar ittifaqlarının işçilərin əmək sahəsində hüquq və mənafelərinin müdafiəsi üzrə hüquqi imkanları zəif təqdim olunduğunu qeyd edən professor A.Qasımov bildirdi ki, yalnız nəzarət hüquqları və işəgötürən tərəfindən lokal normativ aktlartın qəbul edilməsi və işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin ləğvi zamanı həmkarlar ittifaqı orqanının razılığının alınması nəzərdə tutulmuşdur.
Məcəllədə həmkarlar ittifaqlarının bu sahədəki digər hüquqlarının təsbitini tapmaması "Həmkarlar ittifaqları haqqında" AR Qanunun normalarının tətbiqini çətinləşdirir. Qüvvədə olan əmək qanunvericiliyinin ciddi çatışmazlıqları sırasına həmkarlar ittifaqı orqanlarının üzvlərinə verilən əlavə əmək təminatlarının kəskin surətdə azaldılması, işçilərin həmkarlar ittifaqlarında birləşmək hüququnun müdafiəsinin real vasitələrinin və həmkarlar ittifaqlarının özlərinin geniş hüquqlarının olmaması aiddir.
Müasir əmək qanunvericiliyinin ən ciddi çatışmazlıqlarından biri qloballaşma proseslərini nəzərə alan hüquqi tənzimləyicilərin mövcud olmamasıdır. Bu səbəbdən ölkə ərazisində fəaliyyət göstərən böyük şirkətlərdə sosial tərəfdaşlıq, sazişlərin bağlanması və əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı bir sıra digər məsələləri müstəqil surətdə həll etmək lazım gəlir. Azərbaycandan kənarda da müəssisələri olan şirkətlərdə çalışan işçilərin barəsində hansı əmək normalarının tətbiq edilməli olması məsələsinə aydınlıq gətirilmir. Formal surətdə işçinin ərazisində çalışdığı ölkənin qanunvericiliyi tətbiq edilməlidir. Qloballaşmanın əmək münasibətlərinin tənzimlənməsinə təsiri yalnız ölkəmizin problemi deyildir. Aydındır ki, onun yalnız AR ƏM-də deyil, həm də beynəlxalq aktlar səviyyəsində həlli zəruridir.
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri, hüquq elmləri doktoru İsaxan Ömərov "Hüquq elmi və təcrübəsinin qarşılıqlı əlaqəsi: problemlərin həlli yolları" mövzusunda etdiyi məruzədə bildirdi ki, bütün elm sahələrində olduğu kimi, müasir dövrdə cinayət hüququ və cinayət prosesi elmlərinin inkişaf perspektivləri Azərbaycan Respublikası Prezidentinin 4 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın müddəaları əsasında müəyyən edilməlidir. Strategiyada bütün elm sahələrinə qarşı irəli sürülmüş tələblər sırasından hüquq elmi üçün daha aktual olan problem milli təhlükəsizliyin təminatıdır. Sənəddə elmi potensialın ölkənin milli təhlükəsizliyinin təminatında fəal iştirakına nail olmaq dövlətin milli təhlükəsizlik siyasətinin həyata keçirilməsində elmin rolunun artırılması isə həmin strategiyanın vəzifəsi kimi təsbit edilmişdir.
Hesab edirik ki, hüquq elmi bu məqsəd və vəzifənin öhdəsindən aşağıdakı yollarla gələ bilər:
1) Elmi proqnozlaşdırmanın ön plana çəkilməsi. Müasir dövr sürətli qloballaşma ilə xarakterizə edilir. Bu isə o deməkdir ki, həm yaxın, həm də uzaq xaricdə baş verən siyasi proseslər Azərbaycan Respublikasına bu və ya digər dərəcədə təsir göstərir.
Elmi proqnozlaşdırmanın əhəmiyyəti ondadır ki, xarici ölkələrdə baş vermiş siyasi böhran hadisələrinin təhlili nəticəsində onların səbəbləri və bu səbəblərin aradan qaldırılmasının ən optimal yolları, hadisələrin mümkün inkişaf ssenariləri və s. müvafiq orqanlar tərəfindən araşdırılır və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi təmin olunur.
2) Korrupsiyaya qarşı mübarizənin elmi təminatı. Müasir dövrdə milli təhlükəsizliyə qarşı ən real təklükələrdən biri korrupsiyadır. Ölkəmizdə korrupsiyaya qarşı spesifik mübarizə orqanları mövcuddur: Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Komissiyası və Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi. Bununla belə, "Korrupsiyaya Qarşı Mübarizə haqqında" AR Qanunun 4.1-ci maddəsinə əsasən, bütün dövlət orqanları və vəzifəli şəxslər səlahiyyətləri çərçivəsində korrupsiyaya qarşı mübarizəni həyata keçirməlirdilər.
Hesab edirik ki, hüquq elmi həm spesifik mübarizə orqanlarının, həm də bütün digər orqanların korrupsiyaya qarşı mübarizə fəaliyyətində daha effektiv mexanizmlərin tətbiqini təmin etməlidir. Baş Prokuror Yanında Korupsiyya Qarşı Mübarizə İdarəsi fəaliyyət ğöstərməkdədir. Bu idarənin mövcudluğunu hüquqşunas alimlər anoloqu olmayan zəruri bir qurumun yaradılması kimi qiymətləndirirlər. Lakin prokurorluq orqanlarına korrupsiya ilə mübarizə fəaliyyəti ilə əlaqədar əməliyyat-axtarış fəaliyyəti funksiyasının verilməsi, əslində, hüquq elmində yolverilməz hesab edilən müddəadır. Çünki doktrinal müstəvidə əməliyyat-axtarış fəaliyyəti ilə bu fəaliyyət üzərində nəzarət funksiyaların eyni subyektdə birləşdirilməsi məqsədəuyğun hesab edilmir. Prokurorluq orqanlarının statusu və s. kimi məsələlər illərdən bəri fundamental şəkildə tədqiq edilmiş və milli xüsusiyyətlər nəzərə alınmaqla dünya təcrübəsinə uyğunlaşdırılmışdır. Dünyanın heç bir dövlətində isə əməliyyat axtarış fəaliyyəti funksiyasına malik olan prokurorluq mövcud deyildir. Halbuki, alimlərimiz tərəfindən dəfələrlə belə bir ideya irəli sürülmüşdür ki, prokurorluğun fəaliyyət istiqamətinə insan hüquq və azadlıqlarının təmin edilməsində, korrupsiya ilə mübarizədə, dövlət intizamının möhkəmləndirilməsi işində müstəsna rola malik olan ümumi nəzarət funksiyası əlavə edilməlidir. Bu təklif qismən nəzərə alınmış, hərbi prokurorluq sistemində bərpa edilmişdir. Onun bütün prokurorluq orqanlarında bərpası prokurorluğu dövlət hakimiyyətinin müxtəlif qolları arasında tarazlıq yarada biləcək əvəzsiz mexanizmə çevirməklə onu məqbul sayılmayan əlavə yüklərdən azad etmiş olardı.
3) Təcrübə göstərir ki, hüquqtətbiqi prosesində rastlaşılan ən böyük problemlərdən biri qanunlarda olan boşluqlarla bağlıdır. Bunun əsas səbəbi isə, hazırlanmış normativ sənədlərin elmi ekspertizasının həyata keçirilməməsidir. Halbuki, AMEA-nın müvafiq şöbələri bu fəaliyyətin ohdəsindən layiqincə gələ bilər. Hesab edirik ki, Milli Məclis tərəfindən qanunun qəbul edilməsindən əvvəl müvafiq elm sahəsinin tədqiqatçılarının həmin qanun layihəsini yüksək ixtisaslı ekspertizadan keçirməsi yalnız işin xeyrinə olardı. Təklif edirəm ki, AMEA prezidenti yanında qanunların elmi ekspertizası komissiyası yaradılsın və bu komisiya içtimai əsaslar üzrə fəaliyyət göstərsin. Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun hüquqşunas alimləri təmənnasız olaraq bu vəzifəni yerinə yetirməyə hazırdırlar. Yeri gəlmişkən, BDU-nun hüquq fakültəsində "Qanunyaradıcı fəaliyyət" ixtisasının açılmasının zəruriliyi barədə dəfələrlə irəli sürdüyümüz fikirlərin həyata keçirilməsi vaxtının çatdığı qənaətindəyik.
4) Beynəlxalq əməkdaşlığın genişləndirilməsi. Strategiyada beynəlxalq elmi əməkdaşlıq xüsusi kateqoriya kimi nəzərdən keçirilmişdir. Hesab edirik ki, cinayət hüququ və cinayət prosesi kimi elmlərin inkişafında, xüsusilə korrupsiyaya qarşı mübarizə təcrübəsinin öyrənilməsi məqsədi ilə beynəlxalq elmi əməkdaşlıq daha geniş anlamda, yəni Azərbaycan tədqiqatçılarının təkcə xarici dövlətlərin elm və təhsil müəssisələrinə deyil, qabaqcıl dünya dövlətlərinin hüquqtətbiqetmə təcrübəsinin öyrənilməsi baxımından onların həm də xarici dövlətlərin məhkəmə və hüquq-mühafizə orqanlarında işlə tanış olmaq üçün ezamiyyətinin təmin edilməsi kimi başa düşülməlidir.
5) Hüquq təhsilinin təkmilləşdirilməsi. Hüquq elmi ilə hüquq təhsilinin qarşılıqlı əlaqəsi məsələlərinə də adı çəkilən strategiyanın prizmasından baxmaq lazımdır. Strategiyada elm, təhsil və istehsalatın inteqrasiyası məsələlərinə müstəqil bənd həsr edilmişdir. Strategiyanın bu hissəsinin təhlili nəticəsində belə qənaətə gəlmək olar ki, hüquq elminin və hüquq təhsilinin qarşılıqlı əlaqəsinin təkmilləşdirilməsində aşağıdakı məsələlərə: tədris proqramlarının və dərsliklərin mütəmadi olaraq təkmilləşdirilməsinə; elmi tədqiqat işlərinin, dissertasiyaların tədris müəssisələrində icbari aprobasiyasına; hüquq tədrisi ilə məşğul olan kadrların elmi tədqiqat işlərində iştirakının genişləndirilməsinə; ali məktəb tələbələrinin təkcə magistr pilləsində deyil, bakalavr pilləsində də AMEA-da təcrübə keçməsinin təmin edilməsinə; elmi tədqiqat institutlarında fəaliyyət göstərən alimlərin bilavasitə hüququn tədrisi prosesinə, məhkəmə, hüquq-mühafizə və vəkillik orqanları əməkdaşlarının ixtisasartırma kurslarının həyata keçirilməsinə cəlb edilməsinə; elmi-tədqiqat işlərinin məhkəmə, hüquq-mühafizə və vəkillik orqanlarında məcburi aprobasiyadan keçirilməsi və müvafiq rəylərin alınmasına diqqət yetirilməlidir.
Konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekpertizası şöbəsinin müdiri, professor Şahin Əliyev "Qanunvericiliyin təkmilləşdirilməsinin müasir problemləri"mövzusunda məruzə etdi və çoxsaylı suallara cavab verdi.
Tədbirdə həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, professor Elmira Süleymanova, Rusiya Federasiyası DİN Moskva Universitetinin elmi katibi, hüquq elmləri doktoru, professor Viktor Nikolayeviç Qriqoryev, RF EA Dövlət və Hüquq İnstitutunun bölmə müdiri, hüquq elmləri doktoru, professor Qalina Semyonovna Skaçkova, Əmək və Sosial Münasibətlər Akademiyasının əmək hüququ kafedrasının professoru Vladimir Qriqoryeviç Soyfer, RF-nin əməkdar elm xadimi, AAK-nın üzvü, hüquq elmləri doktoru, professor Oleq Aleksandroviç Zaytsev, Qriqola Robakidze adına Universitetin Hüquq Məktəbinin rəhbəri, professor Qeorqi Şotayeviç Qlonti, İran İslam Respublikası Pəyami Nur İnstitutunun müəllimi Soltanəli Mohammədi Eiravanlou Salman oğlu və başqaları məruzə etdilər.
Hüquqşünas alimlərin beynəlxalq tədbirinə yekun vuran institutun direktoru İlham Məmmədzadə əmin olduğunu bildirdi ki, ümummilli lider Heydər Əliyevin ad gününə həsr olunmuş bu elmi-nəzəri konfransda səslənən fikirlər, verilən təkliflər ölkədə hüquqi dövlət quruculuğu, hüquq elminin və təhsilinin inkişafı, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində problemlərin həllinə öz töhfəsini verəcəkdir.
Konfrans iştirakçıları sonda yekdilliklə qətnamə qəbul etdilər.

{nl}

Qələmə aldı: Qüdrət PİRİYEV, foto Rafiq SALMANOVUNDUR, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında