Şriftin ölçüsü:
19.05.2011 09:42 | Oxunma sayı: 712
Çexiya Respublikasının Prezidenti Vatslav Klaus və xanımı Liviya Klausova mayın 18-də Bakı Slavyan Universitetində (BSU) olmuşlar.
Əvvəlcə Prezident Vatslav Klaus və xanımı Liviya Klausova BSU-nun rektoru Kamal Abdullayevlə görüşmüşlər.
Rektor qonaqlara universitetin tarixi, strukturu, fəaliyyəti və beynəlxalq əlaqələri haqqında məlumat vermişdir. Bildirilmişdir ki, bu ali təhsil ocağında artıq 10 ildir ki, çex dili və ədəbiyyatı tədris edilir. Çex dili universitetin tərcümə və regionşünaslıq fakültələrində tədris olunur.
Prezident Vatslav Klaus bunu yüksək qiymətləndirərək BSU-nun fəaliyyəti ilə tanış olmasından məmnunluğunu bildirmişdir.
Prezident Vatslav Klausun rəsmi səfərinin ölkələrimiz arasında bir çox sahələrdə olduğu kimi, humanitar sahədə də əlaqələrin inkişafına təkan verəcəyini qeyd edən K.Abdullayev BSU-nun Çexiyada fəaliyyət göstərən ali təhsil ocaqları ilə əməkdaşlıq etməsində maraqlı olduğunu vurğulamışdır.
Universitetin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə davam etdirilən görüşdə K.Abdullayev 4 min tələbəsi olan BSU-da 50-dən artıq gəncin çex dilini və ədəbiyyatını və ümumiyyətlə, Çexiyanın yerləşdiyi regionu öyrəndiyini bildirmişdir.
Çexiya Prezidenti universitetin professor-müəllim heyəti və tələbələri qarşısında çıxış etmişdir.
Azərbaycana ilk rəsmi səfərindən məmnunluğunu bildirən Çexiya dövlətinin başçısı BSU-da çex dili və ədəbiyyatının tədrisini, eləcə də çex dili və mədəniyyəti mərkəzinin fəaliyyətini yüksək qiymətləndirmişdir.
Səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə məhsuldar müzakirələr apardığını deyən Çexiya dövlətinin başçısı ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər Azərbaycan ilə Çexiya arasında siyasi dialoqun gücləndirilməsinə şərait yaratmışdır. Ali qonaq mayın 17-də Bakı Biznes Mərkəzində keçirilmiş Azərbaycan-Çexiya biznes forumunun ikitərəfli iqtisadi əlaqələrin inkişafına təkan verəcəyini də qeyd etmişdir.
Humanitar sahədə əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayan Prezident Vatslav Klaus Azərbaycan və Çexiya ali təhsil müəssisələri arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, eləcə də BSU-da çex dilində təhsil alan tələbələrin Çexiyada yay məktəbi keçmələri ilə bağlı məsələni diqqət mərkəzində saxlayacağını bildirmişdir.
Azərbaycan ilə əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsində maraqlı olduğunu deyən Çexiya Prezidenti səfərinin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinə mühüm töhfə verəcəyini qeyd etmişdir. Prezident Vatslav Klaus əlavə etmişdir ki, çexiyalı turistlər Azərbaycanın füsunkar təbiətini görmək, zəngin mədəniyyəti ilə tanış olmaq üçün mütləq bu ölkəyə gəlməlidirlər.
Daha sonra Prezident Vatslav Klaus BSU-nun müəllim və tələbələrinin Çexiya-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri, Çexiyanın xarici siyasəti və digər mövzularda suallarını cavablandırmışdır.
Çexiya Prezidenti və xanımı tələbələrin ifasında çex dilində mahnı və şeirlər dinləmişlər.
Çexiya dövlətinin başçısı BSU-nun fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.
Sonra qarşılıqlı xatirə hədiyyələri təqdim olunmuşdur.
Prezident Vatslav Klaus və xanımı Liviya Klausova tələbələrlə xatirə şəkli çəkdirmiş, onlarla çex dilində söhbət etmişlər.
Sonra Çexiya Prezidenti və xanımı BSU-da fəaliyyət göstərən çex dili və mədəniyyəti mərkəzi ilə tanış olmuşlar. Ali qonağa və xanımına mərkəzin fəaliyyəti haqqında məlumat verilmişdir.
Çexiya dövlətinin başçısı mərkəzə özünün də müəllifi olduğu kitabları hədiyyə etmişdir. Mərkəzdə yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident Vatslav Klaus və xanımı Liviya Klausova tələbələrlə xatirə şəkli çəkdirmişlər.
Çexiya Prezidenti və xanımı universitetdən xoş təəssüratla ayrılmışlar.
{nl}
AzərTAc
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.