"Elm haqqında elm"

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilovun "ELM haqqında elm" kitabının (elmi redaktoru və ön sözün müəllifi - akademik Ramiz Mehdiyev, rəyçilər - akademik Mahmud Kərimov və akademik Arif Mehdiyev) təqdimat mərasimi oldu. 
Mərasimi açan AMEA-nın prezidenti akademik Mahmud Kərimov ulu öndər Heydər Əliyevin "Yaranmış elmi potensialı qorumalı, saxlamalı, ondan indi və gələcəkdə müstəqil Azərbaycanın inkişafı naminə daha səmərəli istifadə etməliyik" fikirlərini yada salaraq qeyd etdi ki, Səlahəddin Xəlilovun təqdimatı keçirilən kitabı da əsasən bu ideyaya xidmət edir. Kitab müəllifin son ildə elmşünaslığa dair yazdığı sayca dördüncü və məzmunca ümumiləşdirici, yekun əsəridir. Bundan öncə çap olunmuş "Azərbaycanda elm və onun təşkilati formaları", "Elm adamları elm haqqında" və "Elmşünaslığa giriş" kitabları bu yekun əsər üçün bir növ hazırlıq mərhələləri hesab oluna bilər.
Akademik M.Kərimov qeyd etdi ki, adı çəkilən ilk kitabda müəllif məhz Azərbaycanda elmin vəziyyəti və qarşıda duran vəzifələrdən, "Elm adamları elm haqqında" adlandırdığı kitabda türk-islam dünyasında elmə münasibət məsələlərindən bəhs edirdisə, "Elmşünaslığa giriş" kitabında bütün dünya miqyasında elmin və ona münasibətin formalaşması tarixindən və bu sahədə aparılan tədqiqatlardan söhbət açmış, elmşünaslığın müstəqil bir fənn kimi səciyyəsini vermişdir. Burada həmçinin müasir dünya elmşünaslığına ümumi nəzər salınmış, bu sahədə aparılan tədqiqatlar barədə müfəssəl məlumat verilmişdir. Təqdimatına toplandığımız "Elm haqqında elm" kitabı isə müəllifin neçə illər ərzində elmşünaslıq sahəsində apardığı tədqiqatlarını da əhatə edir və ensiklopedik bir əsər olmaqla yanaşı, həm də sanballı bir monoqrafiya kimi dəyərləndirilə bilər.
Mərasimdə çıxış edən Ali Attestasiya Komissiyasının sədr müavini, AMEA-nın müxbir üzvü Vəli Hüseynov, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, "Xəzər" Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı, millət vəkili, Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasov, BDU-nun professoru Şahlar Əsgərov və başqa alimlər kitabda öz əksini tapmış əsas ideyaları işıqlandırmaqla yanaşı, belə bir qənaəti də vurğuladılar ki, fəlsəfi dünyagörüşü və elmi metodologiyaya yiyələnmədən, fundamental elmi tədqiqatlar sahəsində böyük uğur qazanmaq mümkün deyil.
Ön sözdə akademik Ramiz Mehdiyevin qeyd etdiyi belə bir cəhət də vurğulandı ki, bu kitab nəinki Azərbaycanda, bütün İslam Şərqində elmşünaslıq sahəsində yazılmış ilk fundamental tədqiqat əsəridir. Müəllif indiyədək dünya elmşünaslığında məlum olan məsələləri şərh etməklə yanaşı, həm də yeni konsepsiya ilə çıxış etmişdir. Müəllif elmin inkişaf tarixini, sosial, elmimetrik və epistemoloji aspektlərini ortaq məxrəcə gətirməklə, elmin vahid sistemli təlimini yaratmağa nail olmuşdur.
Müzakirələr göstərdi ki, professor Səlahəddin Xəlilovun təqdim etdiyi əsərlər Azərbaycanda elm sahəsində aparılan islahatların vahid metodoloji təməl üzərində qurulmasına və daha optimal şəkildə həyata keçirilməsinə imkan açır. Çıxış edənlər elmi müəssisələrin idarə olunması və elmi kadrların hazırlanmasında kitabda irəli sürülən tövsiyələrin nəzərə alınması zərurətini qeyd etdilər.

{nl}

R.TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında