Dünya elmşünaslığına Azərbaycan elminin töhfəsi

Azərbaycan elmin inkişafına görə İslam dünyasında öncül mövqelərdən birini tutsa da, onun inkişaf qanunauyğunluqları, sosial funksiyaları, daha optimal təşkilatlanması haqqında tədqiqat işləri çox azdır. Sovet dövründə respublikamızın kifayət qədər formalaşmış elmi-təşkilati strukturları olmuşdur və onların əksəriyyəti indi də davam etməkdədir. Bununla belə, elmi-tədqiqat işlərinin daha səmərəli olması, ölkəmizin real ehtiyaclarına uyğunlaşdırılması və onların optimal dəyərləndirilməsi üçün elmin özünün elmi əsaslarla öyrənilməsi və bu məqsədlə ilkin sosioloji tədqiqatlar aparılması ən aktual vəzifələrdən biri kimi qalmaqdadır. 
Fəlsəfə elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilovun "Elmşünaslığa giriş" kitabı bu sahədə ilk mühüm addımlardan biridir. Əsərin həm nəzəri, həm də praktik əhəmiyyəti vardır. Belə ki, kitabda, bir tərəfdən, elm ümumi nəzəri müstəvidə təhlil edilir və onun optimal modelləşdirilməsi ilə əlaqədar nəzəri mülahizələr irəli sürülür, digər tərəfdən də, beynəlxalq miqyasda müxtəlif qabaqcıl ölkələrin praktikası əsasında ümumiləşdirmələr aparılır, ölkəmizin spesifikasını nəzərə almaqla konkret tövsiyələr verilir.
Elmin inkişaf qanunauyğunluqlarının araşdırılması onun daxili hərəkətverici qüvvələrinin necə bir təkamül yolu keçdiyini təsəvvür etməyə imkan yaradır. Müasir mərhələdə elm və ictimai həyat arasında əlaqələrin daha məqsədyönlü şəkildə qurulması və tənzimlənməsi, habelə elmi-tədqiqat işlərinin stimullaşdırılması, elmin humanitar aspektlərinin nəzərə alınması çox vacibdir. Ona görə də müəllif bütün bu məsələlər barədə mövcud ədəbiyyatın qısa icmalını verməklə yanaşı, öz şəxsi tədqiqatlarının nəticələrini də təqdim edir.
Kitabda elmlərin təsnifatına dair irəli sürülən fıkirlər, habelə YUNESKO-nun nomenklaturasında öz əksini tapmış bir sıra ixtisasların müasir dövrdə kəsb etdiyi yeni məna ilə bağlı verilən tənqidi təhlil də xüsusi əhəmiyyətə malikdir. Belə ki, Ali Attestasiya Komissiyasının istinad etdiyi təsnifat sisteminin vaxtaşırı olaraq təkmilləşdirilməsinə də ehtiyac yaranır. Bu baxımdan, dünya praktikasında yayılmış bəzi təsnifatların kitaba əlavə edilməsi də təqdirəlayiqdir.
Məlum olduğu kimi, elm insanın şəxsi mənəvi həyatında bilavasitə iştirak etməsə də, onun ictimai həyatını şərtləndirən ən mühüm hadisələrdən biridir. Elmi fəaliyyətin kimlərinsə fərdi intellektual maraqlarını ödəmək üçün əlavə məşğuliyyətdən yüksək dərəcədə təşkılatlanmış sosial sistemə çevrilməsi uzun sürən tarixi bir prosesdir.
Müasir dövrdə elm demək olar ki, bütün digər fəaliyyət sahələri üçün də zəruri bir vasitəyə çevrilmişdir və bu baxımdan onun təsir dairəsi çox genişdir. Bununla belə, təsir sferasının genişliyinə baxmayaraq, elmin özü məxsusi bir fəaliyyət sahəsi kimi lokal səciyyə daşıyır və daha böyük miqyaslı ictimai proseslərlə müqayisədə təkcə kiçik bir sosial qrupu, bilavasitə elmi yaradıcılıqla məşğul olan insanları əhatə edir. Amma elm adamlarının optimal təşkılatlanması üçün bu xüsusi fəaliyyətin xarakterinə uyğun olan spesifik təşkilati formalar tapılmalıdır. Bunun üçün isə əvvəlcə elmi fəaliyyətin təbiətini, özünəməxsus cəhətlərini nəzərə almaq tələb olunur. Başqa sözlə desək, həm elmi yaradıcılığın, həm bu yaradıcı fəaliyyətin məhsulu olan yeni elmi biliklərin, həm də elmi fəaliyyətə cəlb olunmuş adamların sosial strukturunun elmin öz metodları ilə öyrənilməsinə böyük ehtiyac vardır.
Kitab məhz bu ehtiyacı ödəmək məqsədinə xidmət edir. Burada elmşünaslığın müstəqil bir fənn kimi formalaşması tarixi izlənir, onun predmeti və məzmununun təkamül yolu nəzərdən keçirilir. Elm haqqında elmin təməlinin qoyulması və bu sahədəki ilk tədqiqatların əsas istiqamətləri araşdırılır, ilk mənbələr və onların müəllifləri haqqında geniş məlumat verilir. Yeni nəşrdə Qərb alimlərinin bu sahədəki başlıca əsərlərinin və keçmiş Sovet İttifaqında aparılan tədqiqatların qısa məzmunu şərh edilir.
İndiyədək Azərbaycanda bu sahədə aparılan işlərə də kitabda münasibət bildirilmiş və müəllif əvvəlki tədqiqatların nəticələrini də nəzərə almağa çalışmışdır. Lakin təəssüf ki, elmşünaslıq məsələləri ölkəmizdə çox az öyrənilmişdir. 70-80-ci illərdə bu sahədə ilk addımları məhz bu kitabın müəllifi Səlahəddin Xəlilov atmışdır. Amma sonrakı illərdə o, tədqiqat istiqamətini dəyişmiş və indi yenidən bu problemə müraciət etmişdir. Əlamətdar haldır ki, müəllif elmşünaslığın əsasını qoyan və onun müstəqil bir fənn kimi formalaşmasında böyük rol oynayan Qərb alimlərinin, keçmiş sovet mütəxəssislərinin əsərləri ilə yanaşı, öz ilkin tədqiqatlarını və digər azərbaycanlı alimlərin bu mövzuya dair araşdırmalarını da nəzərə almaqla, bir növ milli elmşünaslığın təkamül mənzərəsini də canlandırmışdır.
Kitabın ən faydalı cəhətlərindən biri də ondan ibarətdir ki, burada elmin beynəlxalq miqyasda qəbul olunmuş müxtəlif təsnifat sistemləri öz əksini tapmışdır. Azərbaycanda hələ indiyə qədər keçmiş SSRİ-dən qalmış təsnifat sistemlərindən istifadə olunurdu. Bu isə böyük sürətlə inkişaf edən və getdikcə daha çox differensiallaşan elmin ümumi mənzərəsindəki dəyişilmələri təqib etməkdə çətinlik törədirdi. Hər bir ölkə özü bu işin öhdəsindən gələ bilməz. Ona görə də, mütləq elmin aparıcı qüvvələri sayılan qabaqcıl ölkələrin iştirakı ilə hazırlanmış və vaxtaşırı təzələnən təsnifatlara müraciət edilməsinə ehtiyac yaranır. Səlahəddin Xəlilovun dünya praktikasında qəbul olunmuş ən nüfuzlu təsnifat sistemlərini Azərbaycan dilinə çevirərək elmi ictimaiyyətin istifadəsinə verməsinin böyük əməli əhəmiyyəti vardır. Elmi tədqiqat istiqamətlərinin və ixtisas indekslərinin yenidən formalaşdırılması işində də bu təsnifatların böyük rolu ola bilər.
Araşdırılan əsas mövzulardan biri də elmin optimal təşkilati formaları və idarəçilik üsullarıdır. Müəllif xarici ölkələrdə elmin idarə olunmasının tarixən formalaşmış bir sıra mühüm modellərini nəzərdən keçirir və Azərbaycan elminin yenidən təşkilatlanması üçün gərəkli məlumatlar verir. "Yenidən velosiped icad etməmək" üçün biz bu sahədə də beynəlxalq təcrübəni öyrənməli və yalnız bundan sonra hər hansı bir islahatın həyata keçirilməsinə başlamalıyıq. Bu mənada "Elmşünaslığa giriş" kitabı elm sahəsində çalışan rəhbər kadrlar üçün də qiymətli vəsaitdir.
Əsər elmi-tədqiqat müəssisələri, ali məktəblər, sahə institutları və elmlə bağlılığı olan bütün təşkilatların öz işlərini müasir tələblərlə, elmi prinsiplər əsasında qurmaları üçün dəyərli vəsait olmaqla yanaşı, həm də ciddi bir tədqiqat işidir. Belə ki, bu problemlə uzun illərdən bəri məşğul olan professor Səlahəddin Xəlilovun tövsiyələri təkcə Azərbaycan deyil, MDB məkanı üçün də postsosialist cəmiyyətlərdə elmin yeri və rolunun müəyyənləşdirilməsində, elm sahəsində islahatlar aparılmasında qiymətli mənbə hesab oluna bilər.

{nl}

Arif MEHDİYEV, akademik


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında