Son illər ölkədə texniki peşə təhsilinin inkişafına dövlət qayğısı artmaqda davam edir. Bu sahədə həyata keçirilən islahatlar öz real nəticələrini verməkdədir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Prezidenti 2007-ci il iyulun 3-də "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı"nın (2007-2012-ci illər) təsdiq edilməsi haqqında" xüsusi sərəncam imzalamışdır. Söz yox ki, ölkəmizdə davamlı olaraq reallaşdırılan təhsil islahatı çərçivəsində həyata keçirilən peşə təhsili islahatı Azərbaycanın bütün sahələrdəki dinamik inkişafının real nəticələrindəndir.
Prezident İlham Əliyev aprelin 23-də Azərbaycan gənclərinin nümayəndələri ilə görüşündə gənclərlə bağlı hazırlanacaq Dövlət Proqramında peşə hazırlığına xüsusi diqqət yetiriləcəyini xüsusi olaraq vurğulamışdır. Dövlət başçımız bildirmişdir: "Texniki peşə təhsilinin təkmilləşdirilməsi işində daha böyük işlər görülməlidir. Çünki hazırda bizə daha çox bu kateqoriya peşəkarlar lazımdır". Göründüyü kimi, Prezident respublikada texniki peşə təhsilinin gələcəkdə də inkişafına önəm göstəriləcəyinə diqqət yönəltmişdir. Peşə təhsilinin inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi istiqamətində görülən davamlı tədbirlər gənclərin peşə təhsilinə cəlb olunmasını daha da sürətləndirmişdir.
Məlumat üçün deyək ki, hazırda ölkədə 108 peşə təhsili müəssisəsi fəaliyyət göstərir. Bunlardan 59-u peşə məktəbi, 47-si peşə liseyi və 2-si peşə tədris mərkəzidir. Bu məktəblərdə təhsilin daha keyfiyyətli təşkili üçün Təhsil Nazirliyinin həyata keçirdiyi tədbirlər öz müsbət nəticəsini verməkdədir. Dövlət Proqramının icrasını təmin etmək məqsədilə nazirlik tərəfindən Fəaliyyət Planı hazırlanmış və o, mərhələlərlə həyata keçirilməkdədir.
Son illər texniki peşə təhsilinin maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir. 2008-2010-cu illər arasında bir sıra peşə təhsili müəssisələrinin əsaslı və cari təmir işləri həyata keçirilmişdi. Belə ki, Dövlət Proqramına uyğun olaraq Bakıdakı 7, 11, 12, 13, 16, 17 və 18 nömrəli peşə liseyləri, 13 nömrəli Bakı peşə məktəbi, 3 nömrəli Gəncə, Tovuz, Biləsuvar peşə liseyləri və Ağdam 50 nömrəli peşə məktəblərində təmir işləri uğurla reallaşdırılmışdır.
Dövlət Proqramı əsasında təsdiq edilmiş plana müvafiq olaraq 2008-ci ildən başlayaraq, ilk peşə-ixtisas təhsili müəssisələri müasir təlim avadanlıqları ilə təchiz edilməkdədir.
2008-ci ildə ayrılmış vəsait hesabına Qəbələ rayonunda istifadəyə verilmiş Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində müvafiq emalatxana və laboratoriyaların, 30-dan çox peşə təhsil müəssisəsinə müasir informasiya-kommunikasiya texnologiyaları, müxtəlif ixtisasların tədrisi üçün tələb olunan texnika və avadanlıqlar, əyani vəsaitlər paylanılmışdır. Qeyd etməliyik ki, son 20 ildə demək olar ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə müasir tələblərə cavab verən texnika və avadanlıqlar verilməmişdir. Bu isə kadr hazırlığı prosesinə mənfi təsir göstərməyə bilməzdi. Əgər 2007-ci ilə qədər ilk peşə-ixtisas təhsili müəssisələrində təqribən hər 1000 nəfərə bir kompyuter düşürdüsə, hazırda bu rəqəm 47-yə düşmüşdür.
Respublikamızda fəaliyyət göstərən peşə təhsili müəssisələri iqtisadiyyatın müxtəlif sahələri üçün ixtisaslı kadrlar hazırlayır. Təhsil Nazirliyi son illər, xüsusən, regionlarda yerləşən peşə təhsili müəssisələrində qarışıq sahələr üzrə, yəni eyni zamanda, iqtisadiyyatın müxtəlif sahələri üçün kadrlar hazırlayan müəssisələrin fəaliyyətini təhlil etmiş və daha çox ixtisaslaşmış sahələr üzrə kadr hazırlığı həyata keçirilməsini səmərəli hesab etmişdir.
Müasir tipli peşə təhsili müəssisələrinin yaradılması ilə əlaqədar bir sıra ölkələrin təcrübəsi öyrənilmiş və bunun nəticəsində peşə təhsili sistemində ilk peşə tədris mərkəzinin yaradılmasına qərar verilmişdir. Belə ki, işəgötürənlərin təlabatları və regionun inkişaf xüsusiyyətləri nəzərə alınaraq, Nazirlər Kabinetinin 14 oktyabr 2008-ci il, Təhsil Nazirliyinin 7 noyabr 2008-ci il tarixli əmrləri ilə Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi yaradılmışdır.
Qəbələ Peşə Tədris Mərkəzi son 10 ildə respublikada inşa edilən və müasir avadanlıqlarla təchiz edilmiş ilk peşə təhsili müəssisəsidir. Mərkəz tədris binası, yeməkxana, laboratoriyalar, emalatxana, yataqxana, tibb otaqları və müasir avadanlıqlarla təchiz edilmişdir. Bu mərkəz regionda əmək bazarının araşdırılmasına, digər məktəblərin mühəndis-pedaqoji heyətləri üçün ixtisasartırma kurslarının təşkil edilməsinə, regionda əmək bazarının tələblərinə uyğun olaraq peşələrin müəyyənləşdirilməsinə yardım edəcəkdir.
Bundan əlavə, Avropa İttifaqı ilə birlikdə həyata keçirilən layihə çərçivəsində İsmayıllıda müasir tipli peşə təhsili kompleksi istifadəyə verilmişdir. Tikintisinə 2008-ci ildən başlanan və 2010-cu ildə istifadəyə verilən bu kompleks nəinki respublikada, eləcə də regionda ən müasir və böyük peşə təhsili müəssisələrindən biridir. Əsasən turizm sahəsi üzrə kadr hazırlığı həyata keçirən bu peşə təhsili müəssisəsində müasir tipli ixtisas fənn kabinetləri, laboratoriyalar, emalatxanalar, yataqxana, idman zalı var. Kompleks kadr hazırlığı üçün tələb olunan müasir avadanlıqlarla təmin edilmişdir.
Fəaliyyət Planına əsasən 2010-2012-ci illərdə Lənkəran, Gəncə, Qax, Tovuz, Gəncə, Sumqayıt şəhərlərində də müasir tipli peşə təhsili müəssisələrin yaradılması nəzərdə tutulmuşdur.
Avropa Birliyi ilə birlikdə həyata keçirilən "Peşə Təhsili və Təlimi İslahatı Strategiyası və Azərbaycanın seçilmiş regionunda sınaq tətbiqi" layihəsi çərçivəsində turizm və otelçilik sahəsində, Azərbaycan Respublikası Hökuməti və Heydər Əliyev Fondu ilə "YUNESKO"-nun birlikdə həyata keçirdiyi "Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi layihəsi" çərçivəsində otel və İKT sahəsi üzrə peşə və təhsil standartları hazırlanmışdır.
Həyata keçirilən islahat nəticəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə son illər müraciət edənlərin sayı artmaqdadır. Sevindirici haldır ki, ilk peşə-ixtisas təhsili müəssisələrində yalnız dövlət vəsaiti hesabına deyil, ödənişli əsaslarla oxuyanların da sayı artmışdır. Bu isə təhsil müəssisələrinə əlavə vəsait əldə etmək imkanı və maddi-texniki bazalarının gücləndirilməsi üçün bir vasitədir.
Nəzərə alsaq ki, texniki peşə təhsili müəssisələrinə müraciət edən şagirdlərin əksəriyyəti aztəminatlı ailələrdən çıxmış uşaqlardır, bu baxımdan daha çox işəgötürən təşkilatlar tərəfindən sifariş əsasında kadr hazırlığını həyata keçirmək daha səmərəli olardı. Lakin işəgötürən təşkilatların kadr hazırlığı prosesinə sərmayə qoymaq istəməməsi, xüsusən regionlarda sahibkarlar tərəfindən bu sahəyə az diqqətin yetirilməsi müşahidə edilməkdədir. Son zamanlar inşaat və kənd təsərrüfatı sahəsinin sürətli inkişaf etməsinə baxmayaraq, bu istiqamətdə ödənişli sifariş əsasında kadr hazırlığı az həcmdə aparılır. Bunun başlıca səbəbləri kimi işəgötürən təşkilatların ixtisaslı kadrlara vəsait xərcləmək istəməməsi, kadr hazırlığı prosesi üçün lazımi şəraitin yaradılmaması, regionlarda kənd təsərrüfatı kadrları hazırlayan müəssisələrinin torpaqlarının qeyri-qanuni zəbt olunması və həmçinin peşə təhsili müəssisələrinin mövcud maddi-texniki bazasının dövrün tələblərinə tam cavab verməməsi göstərilə bilər.
Dövlət proqramının icrası nəticəsində peşə təhsili müəsssisələrində büdcədənkənar vəsaitlərin formalaşmasında artım qeydə alınmışdır. Belə ki, əgər 2006-cı ildə büdcədənkənar gəlirlər ümumilikdə 162205.44 manat təşkil edirdisə, 2008-ci ildə bu rəqəm 394974.4 manat təşkil etmişdir. Bu isə, peşə təhsili müəssisələrinə məktəb binasının təmir edilməsinə, saxlanılmasına və əlavə avadanlıqların alınmasına imkan yaratmışdır.
Peşə təhsilinin təkmilləşdirilməsi baxımından normativ-hüquqi bazanın müasir tələblər səviyyəsində yeniləşməsinə ehtiyac vardır. Son illər bu istiqamətdə xeyli işlər görülmüşdür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə "İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı (kurikulum)", "Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti", "İlk peşə-ixtisas təhsili müəssisələrinin büdcə təminatı normativlərinin hesablanması metodikası və tətbiq olunma Qaydaları", "Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları" sənədlərinin, Təhsil Nazirliyinin "Azərbaycan Respublikasında ilk peşə-ixtisas təhsili üzrə kurikulum və modul hazırlamaq üçün təlimat", "Strateji planların hazırlanması üzrə Təlimati sənəd" və s. sənədlərin qəbul edilməsi bu sahədə həyata keçirilən mühüm addımlardır.
Təhsil Nazirliyinin əmri ilə dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələrindən ibarət Əlaqələndirmə Şurası yaradılmışdır. Əlaqələndirmə Şurasının əsas vəzifəsi texniki peşə təhsili sahəsində həyata keçirilən islahatın səmərəliliyini artırmaq məqsədilə dövlət və qeyri-dövlət təşkilatları arasında qarşılıqlı əlaqələrin yaradılmasını təmin etmək, hökumət və qeyri-hökumət təşkilatlarını texniki peşə təhsilinin inkişafı üçün əhəmiyyət kəsb edən məsələlərin həllinə cəlb etmək, idarəetmənin təkmilləşdirilməsi və yeni iqtisadi münasibətlərin formalaşdırılması üçün təkliflər hazırlamaq, inkişaf prioritetlərinin müəyyən edilməsinə kömək etməkdən ibarətdir.
Bundan əlavə, Təhsil Nazirliyi Dövlət Proqramının icrasına başladıqdan sonra işəgötürən təşkilatlarla əlaqələri genişləndirməkdədir. Belə ki, "KÜR" MMC, "Azersun Holdinq", "Büllur", "Bakı Tikiş Evi", "KNAUF" və s. şirkətlərlə sıx əməkdaşlıq əlaqələri yaradılmış, həmmin müəssisələr üçün ixtisaslı kadrların hazırlanması üçün müqavilələr imzalanmışdı. Məhz son zamanlar işəgötürən təşkilatlarla əməkdaşlıq əlaqələrinin genişlənməsi nəticəsində məzunların işlə təmin edilməsi səviyyəsi artmışdı.
Texniki peşə təhsilinin məzmununun təkmilləşdirilməsi istiqamətində yeni dövlət standartlarına uyğun tədris plan və proqramlarının hazırlanması da diqqətdən yayınmamışdır. Qeyd edək ki, texniki peşə təhsilinin məzmununun təkmilləşdirilməsi və yeniləşdirilməsi məqsədilə Təhsil Nazirliyi Texniki peşə təhsili şöbəsinin, Təhsil Problemləri İnstitutunun İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzinin işəgötürənlərin, texniki peşə təhsili müəssisələrinin və digər maraqlı tərəflərin mütəxəssislərindən ibarət işçi qrupları yaradılmışdır.
Bu illər ərzində texniki peşə təhsili sahəsində dünyada mövcud olan bir sıra təhsil texnologiyalarının öyrənilməsi və tətbiqi sahəsində beynəlxalq təcrübə öyrənilmişdir. Bir sıra beynəlxalq təşkilatlar, YUNESKO, Avropa Təlim Fondu, Cənubi Koreyanın İnkişaf Fondu, Dünya Bankı və s. beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələri yaradılmışdır. Bundan əlavə, 2010-cu ildə Avropa Təlim Fondu Azərbaycanı Qonşuluq Siyasəti üzrə Müşahidəçi Şurasına üzv seçmişdir.
Beynəlxalq təcrübə əsasında bir sıra təlim texnologiyalarının tətbiqinə başlanılmış, bu sahədə mühəndis-pedaqoji işçilərin hazırlanması və ixtisasının artırılması üçün qısa müddətli kurslar təşkil edilmişdir. 200-dən artıq müəllim və istehsalat təlimi ustası belə kurslardan keçmişdir.
Bununla yanaşı, ilk peşə-ixtisas təhsilinin inkişaf etdirilməsi istiqamətində bir sıra problemlər mövcuddur. Belə ki, 14.000-ə yaxın məcburi köçkünün peşə təhsili müəssisələrində məskunlaşması, yeni texnika və avadanlıqlara olan təlabatın artması, mühəndis-pedaqoji heyətin cavanlaşdırılması, işəgötürən təşkilatlarla əlaqələrin tam səmərəli şəkildə olmaması və s. bu sahədə mövcud olan əsas problemlərdi.
Lakin buna baxmayaraq, fikrimcə Dövlət Proqramının həyata keçirilməsi nəticəsində mövcud olan bir çox problemlər öz həllini tapacaqdır. Çünki, cənab Prezidentin peşə təhsilinin inkişafına göstərdiyi hərtərəfli qayğı bizi bu sahədə gedən islahatları daha da sürətləndirməyə ruhlandırır.
{nl}
Namiq MƏMMƏDOV, Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.