Şriftin ölçüsü:
01.05.2011 10:52 | Oxunma sayı: 697
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında ümummilli liderin anadan olmasının 88-ci ildönümü ərəfəsində "Sağlam həyat idmanla başlayır" mövzusunda növbəti tədbir keçirilmişdir.
MTN-in ictimai əlaqələr mərkəzindən bildirmişlər ki, bu münasibətlə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov akademiyanın kursantları və dinləyiciləri ilə görüşmüşlər.
Əvvəlcə qonaqlar Şöhrət Muzeyində ulu öndərin zəngin həyat və fəaliyyətini əks etdirən ekspozisiya və fotostendlərə baxmışlar.
Sonra ən qabaqcıl standartlara cavab verən texniki ləvazimatlarla və avadanlıqla təmin edilmiş MTN-in İdman Sağlamlıq Mərkəzində (İSM) kursant və dinləyicilərin, digər əməkdaşların idmanla məşğul olmaları, fiziki sağlamlıqlarını möhkəmləndirmələri üçün yaradılmış şəraitlə tanış olmuşlar. Məlumat verilmişdir ki, mərkəzə idmanın əksər kütləvi növləri, o cümlədən futbol, voleybol, həndbol, basketbol, tennis üzrə yay və qış meydançaları, 25 metrlik üzgüçülük hovuzu, güləş, əlbəyaxa döyüş, gimnastika və trenajor zalları, soyunub-geyinmə, həkim, müəllim otaqları, duşxanalar daxildir.
Akt zalında davam edən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Akademiyanın rəis müavini general-mayor İsgəndər Allahverdiyev ulu öndərin gəncliyə və idmana sonsuz diqqət və qayğısından danışmışdır. O demişdir ki, ümummilli lider Heydər Əliyev özü gənclik illərində idmanın müxtəlif növləri ilə məşğul olmuş, əldə etdiyi nəticələrə görə həmyaşıdlarını həmişə üstələmişdir. Təhlükəsizlik orqanlarındakı xidməti dövründə isə şəxsi heyətin fiziki hazırlığını daim diqqət mərkəzində saxlamışdır. Ölkə rəhbərliyində olduğu 30 ildən artıq müddətdə Azərbaycanda idmanın kütləviliyinə, güclü idmançı korpusunun yaranmasına, müxtəlif respublika və beynəlxalq yarışlarda, turnir və müsabiqələrdə qələbə əldə etmiş gənclərin sağlam həyat tərzi keçirmələrinə xüsusi diqqət yetirmişdir.
Bu gün ümummilli liderin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin idmanın inkişafına xüsusi önəm verdiyini vurğulayan natiq, bu sahədə əldə olunmuş yüksək nailiyyətlərin sağlam və səriştəli gənc nəslin yetişməsinə, ölkəmizin nüfuzunun artmasına, beynəlxalq aləmdə mövqelərinin güclənməsinə xidmət etdiyini bildirmişdir.
İ.Allahverdiyev demişdir ki, akademiyanın ərazisində ən yüksək standartlara cavab verən yeni İdman-Sağlamlıq Mərkəzinin fəaliyyətə başlaması, təhsil ocağının idmançı müəllim və kursantlarının uğurlar qazanması Milli Təhlükəsizlik Nazirliyi rəhbərliyinin idmanın inkişafına, şəxsi heyətin fiziki sağlamlığı və hazırlığının gücləndirilməsinə diqqətinin bariz nümunəsidir.
Sonra Xəzər İsayev, Raqif Abbasov və akademiyanın fiziki hazırlıq kafedrasının əməkdaşı Hüseynqulu Məmmədov ölkəmizdə həyata keçirilən idman və gənclər siyasətinin uğurlarından, görüləcək işlərdən danışmışlar. Natiqlər ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə təşkil olunan idman tədbirlərində əldə edilən qələbələrin ulu öndərin şərəfinə qazanıldığını vurğulamış, idmanımızın bugünkü nailiyyətlərinin Prezident İlham Əliyevin gəncliyə diqqət və qayğısının təntənəsi olduğunu vurğulamışlar.
Akademiyanın təhsildə və idmanda fərqlənən bir qrup zabit və kursantlarına Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanları təqdim olunmuşdur. Qonaqlara isə akademiyanın fəxri fərmanları və Azərbaycan təhlükəsizlik orqanlarının tarixini əks etdirən "Heydər Əliyev və milli təhlükəsizlik orqanları" kitabları hədiyyə edilmişdir.
Tədbirin sonunda "Heydər Əliyev və Azərbaycan idmanı" mövzusunda videokompozisiya nümayiş etdirilmişdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.