Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda I beynəlxalq elmi konfrans işə başlamışdır

Mayın 3-də Bakı Slavyan Universiteti, Naxçıvan və Gəncə Dövlət universitetlərinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda I beynəlxalq elmi konfransın açılışı olmuşdur.
Azərbaycanşünaslığın inkişafı, xarici ölkələrdə təbliği və tədqiqi, eləcə də dünyanın müxtəlif dövlətlərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə əlaqələrin daha da genişləndirilməsi məqsədi ilə keçirilən beynəlxalq konfransda Rusiya, Fransa, Litva, Gürcüstan, Qazaxıstan, Misir, Türkiyə, İraq və s. ölkələrdən, həmçinin respublikamızın nüfuzlu ali məktəblərindən görkəmli alim və mütəxəssislər iştirak edirlər.
Beynəlxalq konfransın iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üstünə güllər düzülmüşdür.
Konfransın açılış mərasimində təhsil nazirinin müavini Elmar Qasımov çıxış edərək qonaqları salamlamış, ən böyük azərbaycanlı, ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş bu mötəbər beynəlxalq elmi məclisin işinə uğurlar arzulamışdır.
Bakı Slavyan Universitetinin (BSU) rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev konfransın məqsəd və məramı barədə məlumat vermişdir.
Azərbaycan xalqının böyük dostları olan görkəmli alimlər - Yuri Pompeyev (Rusiya), Mişel Malerb (Fransa), Vidas Kavaliauskas (Litva), Ahmed Sami (Misir), həmçinin Moskva Dövlət Linqvistika Universitetinin azərbaycanşünaslıq ixtisası üzrə III kurs tələbəsi Olqa Kuraş, Rusiyada yaşayan tanınmış azərbaycanlı şair Alla Axundova, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev və başqaları BSU-nun təşəbbüsü ilə keçirilən konfransın azərbaycanşünaslığın daha da inkişaf etdirilməsinə mühüm töhfə verəcəyinə əmin olduqlarını bildirmiş, tədbirin işinə uğurlar diləmişlər.
Məlumat verilmişdir ki, beynəlxalq konfransın bölmə iclasları mayın 3-dən 8-dək BSU-da, Naxçıvan və Gəncə dövlət universitetlərində keçiriləcəkdir. İşçi dilləri Azərbaycan, rus və ingilis dilləri olan və müasir azərbaycanşünaslığın müxtəlif aspektlərini ehtiva edən konfransa ümumilikdə siyasət, hüquq, tarix, etnoqrafiya, dil və ədəbiyyat, mədəniyyət, incəsənət, elm və təhsil, iqtisadiyyat və coğrafiya istiqamətləri üzrə respublikamızın ali məktəblərindən 150-dən çox, Türkiyə, Fransa, Rusiya, Gürcüstan, Litva, İraq, Qazaxıstan universitetlərindən isə 40-a yaxın elmi məruzə təqdim edilmişdir. Bundan əlavə, konfransda Türkiyədən Əyüb Zəngin, Fransadan Mişel Malerb, Rusiyadan Yuri Pompeyev, Gürcüstandan David Qoçeridze, Litvadan Vidas Kavaliauskas kimi tanınmış alim və mütəxəssislər elmi məruzələrlə çıxış edəcəklər.
Konfransın açılış mərasimi başa çatdıqdan sonra beynəlxalq tədbir çərçivəsində tanınmış rusiyalı tədqiqatçı-alim, professor Yuri Pompeyevin Azərbaycan həqiqətlərini əks etdirən "Qarabağ gündəliyi" kitabının təqdimatı keçirilmişdir.
Çıxış edənlər Azərbaycanın yaxın dostu, tanınmış kulturoloq, professor Yuri Pompeyevin yeni kitabını yüksək qiymətləndirmişlər. Bildirilmişdir ki, bundan əvvəl "Qarabağ qan girdabında", "Məşəqqətli günlər" və "Dağıntılar" trilogiyasını qələmə alan, keçən əsrin 80-ci illərinin sonlarından etibarən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri Rusiya ictimaiyyətinə çatdıran professor Yuri Pompeyevin yeni nəşrində münaqişənin alovlanmasında xüsusi rol oynamış erməni lobbisi və onun keçmiş SSRİ-nin sabiq rəhbəri Mixail Qorbaçovla əlaqələrinin pərdəarxası məqamları açıqlanmış, Xocalı faciəsinə gedən proseslər təhlil edilmişdir.
Rus ziyalısının yazdığı bu kitabda, həmçinin Bakıda törədilmiş 20 Yanvar faciəsində Mixail Qorbaçovun oynadığı neqativ rol, ümummilli lider Heydər Əliyevin keçən əsrin 90-cı illərinin əvvəllərində ağır siyasi şəraitdə Azərbaycana qayıdaraq ölkənin müstəqilliyinin əldə olunması və qorunması uğrunda apardığı mübarizə obyektiv təhlil edilmişdir.
Təqdimat mərasimində vurğulanmışdır ki, professor Yuri Pompeyevin "Qarabağ gündəliyi" kitabı İslam Konfransı Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyeva tərəfindən irəli sürülmüş və Xocalı faciəsinə dünya ictimaiyyəti tərəfindən mənəvi, o cümlədən siyasi-hüquqi qiymətin verilməsi məqsədini daşıyan "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində nəşr edilmişdir.
Yuri Pompeyev yeni kitabının belə yüksək səviyyədə təqdimatına və ünvanına deyilən xoş sözlərə görə minnətdarlığını bildirmiş, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və onun ətrafında cərəyan edən hadisələrlə bağlı bundan sonra da yalnız tarixi həqiqətləri qələmə alacağını söyləmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında