Görkəmli kimyaçı alim, akademik İzzət Orucovanın 100 illiyinə həsr olunmuş müsabiqəyə yekun vurulmuşdur

YUNESKO-nun təklifi ilə 2011-ci il "Beynəlxalq kimya ili" elan olunmuşdur. Bu münasibətlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən görkəmli kimyaçı alim, akademik İzzət Orucovanın anadan olmasının 100 illiyinə həsr olunmuş "Gənc tədqiqatçıların kimya sahəsində ən yaxşı elmi araşdırmaları" mövzusunda keçirilən müsabiqəyə yekun vurulmuşdur.
Aprelin 28-də keçirilən mükafatlandırma mərasimində Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, alimlər iştirak etmişlər.
AQUPDK-nın sədri Hicran Hüseynova ölkədə elm və elmi fəaliyyət üçün geniş imkanlar yaradıldığını bildirmiş, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın elmin, mədəniyyətin, təhsilin inkişafına, alimlərimizin ictimai həyatda aktiv rolunun təmin edilməsinə diqqətini nəzərə çarpdırmışdır.
İzzət Orucovanın həyat və yaradıcılığından danışan komitə sədri bildirmişdir ki, o, böyük alim və pedaqoq olmaqla yanaşı, həm də yüksək mənəvi keyfiyyətlərə malik bir insan idi. İ.Orucova respublikanın əməkdar elm və texnika xadimi, Azərbaycan Dövlət mükafatı laureatı idi. O, mədəniyyət tariximizə ekranda azərbaycanlı qadının obrazını yaratmış ilk kino aktrisası kimi daxil olmuşdur.
Müsabiqənin təşəbbüskarı, M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva tədbirin əhəmiyyətindən danışmışdır. O, bildirmişdir ki, belə tədbirlərin əsas məqsədi gənc nəslin arasında fundamental elmlərə marağın artırılmasıdır. N.Paşayeva demişdir ki, müsabiqənin məhz İzzət Orucovanın 100 illik yubileyinə həsr edilməsi təsadüfi deyildir. Kimya elminin inkişafına töhfələrini verən məşhur kimyaçı İzzət Orucovanın yüksək ixtisaslı kadrlar hazırlanmasında müstəsna xidmətləri olmuşdur. Alim aşqarlar kimyası və texnologiyasının əsasını qoyan və inkişaf etdirənlərdən biri olmuşdur.
Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov İzzət Orucovanın elmi fəaliyyətindən söhbət açmışdır. O demişdir ki, alimin elmi-tədqiqat işlərinin əsas obyekti müasir neft kimyasının ən mühüm problemləri olmuşdur. İzzət Orucovanın hələ 1962-ci ildə müdafiə etdiyi doktorluq işi Azərbaycan qadınının neft kimyası elmində fəth etdiyi ən yüksək zirvə idi. A.Məhərrəmov "Beynəlxalq kimya ili" çərçivəsində BDU-da "Azərbaycanın kimyaçı qadınları: problemlər, perspektivlər" mövzusunda geniş bir tədbirin keçirildiyini də diqqətə çatdırmışdır.
Akademik Vaqif Fərzəliyev bu müsabiqənin məhz istedadlı gənc alimlər arasında yaradıcılıq yarışına təkan verəcəyini söyləmişdir. İ.Orucova elmi yaradıcılıq sahəsində məhsuldar fəaliyyət göstərməklə yanaşı, gənc alimlərə daim qayğı ilə yanaşmış, onların elmi araşdırmalarına dəstək vermişdir. Yüksək ixtisaslı kadrların hazırlanmasında onun müstəsna xidmətləri olmuşdur.
Kimya elmləri doktoru Sevinc Hacıyeva diqqətə çatdırmışdır ki, İzzət Orucovanın fəaliyyəti əvvəlcə incəsənətlə bağlı olmuşdur. Böyük dramaturqumuz Cəfər Cabbarlının pyesləri əsasında çəkilmiş filmlərdə o, yaddaqalan obrazlar - Sevil və Almaz surətlərini məharətlə yaratmışdır.
Ombudsman Elmira Süleymanova İzzət Orucovanın elmi uğurlarından danışmışdır.
Sonda müsabiqənin qaliblərinə mükafatlar təqdim olunmuşdur. Birinci yerə BDU-nun dissertantı Fidan Bəhmənova, ikinci yerə Azərbaycan Dövlət Neft Akademiyasının əməkdaşı İradə Xələfova, üçüncü yerə isə BDU-nun dosenti Mehparə Adıgözəlova layiq görülmüşlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında