Heydər Əliyev elm və təhsilin, milli-mənəvi dəyərlərin himayədarı idi

Azərbaycanda elm və təhsilin inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz ölkəyə rəhbərliyinin bütün dövrlərində bu sahəyə böyük diqqət və qayğı göstərmiş, xalqın intellektual səviyyəsinin yüksəldilməsinə mühüm önəm vermişdir. Dahi şəxsiyyət Azərbaycanda rəhbərliyə başladığı ilk günlərdən təhsilin inkişafına mane olan amilləri aradan qaldırmaq üçün ciddi mübarizə tədbirlərinə başlamış, ölkəmiz üçün layiqli vətəndaşların yetişdirilməsini günün başlıca vəzifəsi hesab etmişdir. Ulu öndərimiz o illərdə ali və orta ixtisas müəssisələri üçün yeni binaların tikintisini diqqət mərkəzində saxlamış, təhsilin müasir standartlar səviyyəsində yenidən qurulmasını zəruri saymışdır. Bunlarla yanaşı, elmdə-təhsildə qazanılan uğurların iqtisadiyyatın ən müxtəlif sahələrində tətbiqini respublikamızın güclənməsində, tanınmasında əsas şərt kimi irəli sürmüşdür. 
Ulu öndərimiz elmə, təhsilə qayğını, diqqəti müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründə də əsirgəməmişdir. Dövlət müstəqilliyinin ilk illərində ölkə rəhbərliyinin biganə münasibəti nəticəsində acınacaqlı vəziyyətə düşən bu sahələr Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra böhrandan çıxmışdır. Xatırladım ki, 1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıdan ümummilli liderimiz ictimaiyyət nümayəndələri ilə Elmlər Akademiyasında keçirdiyi görüşdə ziyalıların, alimlərin cəmiyyətdəki roluna böyük önəm verdiyini xüsusi vurğulamış, elmin, təhsilin inkişafı üçün əlindən gələn səyi əsirgəməyəcəyini bildirmişdir.
Yeri gəlmişkən, burada diqqəti bir məqama da yönəltmək istərdim. Dahi rəhbərimiz ölkəmizə rəhbərliyinin bütün dövrlərində alimlərimizə aktual mövzularda tədqiqat aparmalarını tövsiyə etmiş, elmi işlərində dövlət, xalq üçün son dərəcə gərəkli strateji məsələlərin önə çəkilməsinin zəruriliyini bildirmişdir.
Ümummilli liderimiz çıxışlarında daim humanitar elmlərin xüsusi əhəmiyyətə malik olduğunu göstərmiş, ədəbiyyat, mədəniyyət tarixinin yazılmasının vacibliyinə toxunmuş, çoxəsrlik Azərbaycan tarixinin dərindən öyrənilməsinin və yüksək elmi prinsiplər əsasında şərhinin dövlət üçün mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırmışdır: "Əlbəttə, müstəqil Azərbaycanda fizika, riyaziyyat, biologiya, kimya və başqa fənlərin hamısı inkişaf etməlidir. Ancaq bunların hərəsinin özünəməxsus çərçivəsi vardır. Amma tarix hər bir insan üçün yeniyetməlikdən başlayaraq lazımdır. O cümlədən, mədəniyyətimizin, ədəbiyyatımızın, elmimizin tarixi lazımdır".
Heydər Əliyev müstəqillik dövründə Azərbaycan təhsil sisteminə inteqrasiyasını başlıca vəzifə kimi qarşıya qoymuşdur . Buna görə də o dövrdə elm-təhsil sahəsində islahatların ilk növbədə reallaşdırılmasına başlanması təsadüfi deyildi. Nəticədə ölkənin sosial-iqtisadi inkişafında təhsilin aparıcı amil kimi önə çıxarılmasına nail olundu. Heydər Əliyevin rəhbərliyi altında hazırlanan və 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsində hər bir ölkə vətəndaşının pulsuz icbari ümumi orta təhsil almaq hüququ təmin edildi. Eyni zamanda, milli təhsilin alternativ əsaslar üzrə yüksəlişini təmin etmək, daha səviyyəli təhsil uğrunda rəqabətə nail olmaq məqsədilə bu sahədə özəl sektorun inkişafına da şərait yaradıldı.
Ümummilli liderimiz Heydər Əliyevin "Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında" 30 mart 1998-ci ildə imzaladığı sərəncam, həmçinin 15 iyun 1999-cu il tarixdə təsdiqlədiyi "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı" Azərbaycanda təhsil standartlarının yeni dövrün şərtlərinə uyğunlaşdırılması prosesinə böyük təkan verdi. Adı çəkilən sənədlərdə irəli sürülən vəzifələrə uyğun milli təhsilimizin məzmunca təkmilləşdirilməsi, dünya təcrübəsi və milli ənənələr əsasında inkişafı təmin olundu, müasir tədris proqramları, dərsliklər hazırlandı, ayrı-ayrı təhsil sahələri və fənlər üzrə yeni standartlar tətbiq edildi.
Ümummilli liderimizin "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" 13 iyun 2003-cü il tarixli fərmanı, habelə "Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" 4 oktyabr 2002-ci il tarixli sərəncamı təhsil sisteminin müasirləşdirilməsi prosesini sürətləndirdi, təhsil işçilərinin sosial problemlərinin həllinə müsbət təsir göstərdi. Ulu öndərimiz gənc nəslin təlim-tərbiyəsinə həmişə xüsusi həssaslıqla yanaşmışdır. Çıxışlarında təhsilin mürəkkəb bir sahə olduğunu daim vurğulamış, bildirmişdir ki, təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatı, nə ticarət. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır. Ona görə də hələ ötən əsrin 70-ci illərindən başlayaraq Heydər Əliyevin rəhbərliyi ilə təhsil sistemində ciddi islahatlar həyata keçirilmişdir. 1972-ci ildə "Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında" və 1973-cü ildə "Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında" qəbul edilmiş qərarları təhsil sahəsində ciddi dönüş yaratmışdır.
Hamımız yaxşı xatırlayırıq: ötən əsrin 70-ci illərinin əvvəllərinə qədər respublikada orta ümumtəhsil məktəblərinin dərsliklərlə təminatı zəif idi. Ümummilli liderin təşəbbüsü və səyi ilə bu problem də qısa müddətdə həll olundu - 1978-ci ildən etibarən şagirdlərin dərsliklərlə pulsuz təminatı ənənəsinin əsası qoyuldu. Respublika rəhbərliyinin təhsilin inkişafına göstərdiyi xüsusi diqqət yeni orta ümumtəhsil məktəblərinin tikintisində də öz təsdiqini tapdı. Həmin illər ərzində 350 mindən çox şagird yeri olan 849 məktəb inşa edilib istifadəyə verilmişdi. 1980-ci ildə respublikada ümumtəhsil məktəblərində oxuyan şagirdlərin sayı 710 minə çatmışdı ki, bu da 1970-ci illə müqayisədə təxminən iki dəfə artıq idi.
Ümummilli lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə 5 yeni ali təhsil müəssisəsi açılmış və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artmışdı. Böyük rəhbər keçmiş ittifaqın ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların oxumasına çalışmış və bu istiqamətdə əsaslı dönüş yaratmışdır. Heydər Əliyevin təşəbbüsü və himayəsi ilə SSRİ-nin 50-dən çox böyük şəhərinin 170-dən artıq ali məktəbində 80-ə yaxın ixtisas üzrə 15 min azərbaycanlı gənc təhsil almışdır. Halbuki 1969-cu ilə qədər bu rəqəm hər il 40-50 nəfər olmuşdur.
Ulu öndər Heydər Əliyev azərbaycançılığın əsası olan ana dilinin də inkişaf etdirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirmişdir. Ümummilli liderimiz yaxşı bilirdi ki, xalqa milli-mənəvi dəyərlərini aşılamaq üçün ona ilk növbədə öz dilini qaytarmaq və sevdirmək lazımdır. Rus dilinin dövlət dili olmasına baxmayaraq, ulu öndər həmin dövrdə bütün rəsmi nitqlərini Azərbaycan dilində edir, bu, bütün rəhbər vəzifəlilərdən də tələb olunurdu. Hələ 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiya layihəsi qəbul edilərkən, Azərbaycan dilinin bu ali sənəddə ana dili kimi təsbitlənməsi və qorunub saxlanılması məhz dahi şəxsiyyətin milli məfkurəyə sadiqliyindən irəli gəlirdi. Onu da unutmayaq ki, bu fakt, eyni zamanda totalitar ideologiyanın təzyiqi altında ulu öndərimizin böyük cəsarətindən xəbər verirdi. Bu hadisədən 23 il keçəndən sonra, yəni 2001-ci ilin oktyabrın 17-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 10-cu ildönümünə həsr olunmuş təntənəli mərasimdə dahi şəxsiyyət nitqində bildirəcəkdi: "Yadımdadır, 1978-ci ildə biz Azərbaycan Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə Moskvadan bizim başımıza nə qədər oyunlar açıldı, nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük".
Heydər Əliyevin ötən əsrin 70-ci illərində nəşr olunmuş 3 cildlik "Müasir Azərbaycan dili" dərsliyinə dövlət mükafatı verməsi, ana dilində elmi nəşrlərin sayının çoxalması, elmi tədqiqatların və araşdırmaların məhz bu dildə aparılmasının dəstəklənməsi də qeyd edilən məqamla - milli müəyyənliyin əsas məsələsi ilə bağlı idi.
Bəli, ötən əsrin 70-ci illərinin əvvəllərində azərbaycançılığın ən mühüm komponenti olan ana dilinin inkişaf etdirilməsi ulu öndərimizin fəaliyyətində özünü qabarıq büruzə vermişdir. Bu, eyni zamanda dahi şəxsiyyətin - millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir - qiymətli fikirlərində öz ifadəsini tapmışdır.
Ulu öndərimizin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyul 2001-ci il tarixli və "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 9 avqust 2001-ci il tarixli fərmanları böyük tarixi-siyasi əhəmiyyətə malik sənədlər idi. Bu tarixi sənədlər görkəmli dövlət xadiminin ana dilinə, ədəbiyyatına, mədəniyyətinə, bir sözlə, mənəviyyatına böyük sevgisindən xəbər verirdi. Bu sənədlər azərbaycançılıq strategiyasının təməl prinsipləri idi...
Ulu öndərimiz Heydər Əliyev hələ gənclik illərindən bədii ədəbiyyata böyük maraq göstərirdi, Azərbaycan və dünya klassiklərinin, müasir şair və yazıçıların yaradıcılığını həvəslə mütaliə edirdi. Buna görə də insan dünyagörüşünün formalaşmasında bədii əsərlərin mühüm rol oynadığını daim vurğulayırdı. Dahi şəxsiyyətin 1997-ci ildə Azərbaycan yazıçılarının onuncu qurultayında nitqində dediyi sözlər də həmin fikrin bariz nümunəsidir: "Şəxsən mən ədəbiyyatı çox sevən adamam və gənc vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm... mənim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olmuşdur. Mən orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin, yazıçılarının bütün əsərlərini sevə-sevə oxumuşdum... O illərdə, o uşaqlıq və gənclik illərində onlar mənə o qədər təsir edib ki, mən onları unutmamışam. Bu "oxumuşam, unutmamışam" sözləri sadəcə bir fikir deyil. Yəni onlar mənə təsir edib, mən onlardan bəhrələnmişəm, mənəvi qida almışam".
Dahi rəhbər Azərbaycan klassiklərindən Nizami Gəncəvi, Məhəmməd Füzuli, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Hüseyn Cavid, eyni zamanda dövrümüzün görkəmli şair və yazıçılarından Səməd Vurğun, Rəsul Rza, Mirzə İbrahimov, İlyas Əfəndiyev, Süleyman Rüstəm, Qabil, Məmməd Araz, Mirvarid Dilbazi və başqalarının dövlət səviyyəsində yubileylərinin keçirilməsinə xüsusi həssaslıqla yanaşmış, həmin sənətkarların xalqa daha yaxından tanıdılması üçün onlarla bağlı elmi-tədqiqat işlərinin aparılmasının zəruriliyini daim vurğulamışdır. Dahi Məhəmməd Füzulinin anadan olmasının 500 illiyi münasibətilə Heydər Əliyev yubileyi keçirən Təşkilat Komitəsinin 1 avqust 1994-cü il tarixli yığıncağındakı nitqində demişdir: "Bu yubileyi keçirərkən biz xalqımızın özünü tanımasını təmin edəcəyik və etməliyik. Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın. Şübhəsiz ki, bu yubileyin keçirilməsi indiki nəslin... tariximizin nə qədər zəngin olduğunu və Azərbaycan xalqının dünya mədəniyyətinə necə töhfələr verdiyini dərk etməsinə şərait yaradacaq və hər bir azərbaycanlıda, ilk növbədə, gənc nəsildə milli iftixar, vətənpərvərlik hisslərini daha da yüksəldəcəkdir. Bunun özü müstəqil Azərbaycanda bizim üçün çox gərəkli bir amildir".
Heydər Əliyev Azərbaycan klassiklərinin əsərlərinin dünya miqyasında təbliğinə xüsusi əhəmiyyət verirdi. Bu, təsadüfi deyildi.Çünki belə halda Azərbaycan da , xalqımız da dünyada tanınır, eyni zamanda ədəbiyyatımıza, mədəniyyətimizə maraq güclənirdi. Nizami Gəncəvi, Məhəmməd Füzuli kimi qüdrətli sənətkarların yubileylərinin, "Kitabi-Dədə Qorqud" dastanının yaranmasının 1300 illiyinin beynəlxalq miqyasda keçirilməsi bu baxımdan mühüm önəm daşıyırdı.
Ümummilli liderimizin ədəbiyyat konsepsiyasının əsasında tarixilik və müasirliyin vəhdəti dayanırdı. Dahi rəhbər bu vəhdəti özündə təcəssüm etdirən əsərlərin yazılmasını qarşıya mühüm vəzifə kimi qoyurdu. Heydər Əliyevin Azərbaycan yazıçılarının VII qurultayındakı tarixi nitqinə diqqət yetirsək, bunu aydın görə bilərik: "Yazıçı sözü xalqın ənənələrinə uyğun gəlməlidir. Gerçəkliyin bədii inikasının başlıca obyekti müasirlikdir... Azərbaycan tarixinin bir çox parlaq səhifələri bədii ədəbiyyatda layiqincə əks etdirilməmişdir... Tarixi simaların obrazları yaradılan və tariximizin çox mühüm dövrləri tərənnüm olunan ədəbi əsərlər ən yüksək səviyyədə yazılmalıdır. Bunlar çox mühüm, deyək ki, mürəkkəb mövzulardır. Belə mövzuların öhdəsindən yalnız yüksək istedadlı, dərin bilikli sənətkarlar gələ bilərlər. Buna görə də tarixi mövzuda əsər yaratmağa girişməzdən əvvəl ədib öz qüvvə və imkanlarını götür-qoy etməli, böyük və ciddi hazırlıq işi aparmalıdır".
Ulu öndərimiz milli özünəməxsusluğumuzu daim diqqət mərkəzində saxlayır, onun daha da zənginləşməsinə xüsusi önəm verirdi. Başqa sözlə, ulu öndər xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, azərbaycançılıq ideologiyasının cəmiyyətdə möhkəm sosial dayaqlar taparaq zehinlərdə möhkəmlənməsi, davamlı inkişaf prosesində mənəvi stimula çevrilməsi üçün bütün zəruri tədbirləri həyata keçirirdi. 1997-ci ilin yanvarın 31-də Azərbaycan Elmlər Akademiyasının 50 illik yubiley mərasimində nitq söyləyən Heydər Əliyev bu sahənin inkişaf strategiyasını, gələcək hədəflərini açıqlamışdır. Dahi rəhbər ictimai və humanitar elm sahələrində yeni dövrün tələblərinə uyğun yeniləşmənin, eləcə də sovetlər birliyi dövründən qalmış, köhnəlmiş stereotiplərdən, səmərəsiz tədqiqat metodlarından uzaqlaşmağın vacibliyindən söhbət açmış, xüsusən də tarixçiləri Azərbaycanın keçmişi ilə bağlı həqiqətləri daha obyektiv araşdırmağa çağırmışdır. "Biz indi xalqımızın tarixinin yaradılması işini gərək diqqət mərkəzinə alaq. Xatırlaya bilərsiniz, 70-ci illərdə mən dəfələrlə Elmlər Akademiyasının qarşısında vəzifə qoymuşdum ki, Azərbaycanın tarixi yazılmalıdır. Amma bu gün mənim haqqım var deyəm ki, tarixçilərimiz bu vəzifəni yerinə yetirmədilər, Azərbaycanın tarixi yazılmamışdır. Bizim tarixçilərimiz bir tərəfdən çəkişmə ilə məşğul oldular, hərə öz konsepsiyasını irəliyə aparmağa çalışdı. Amma Azərbaycanın tarixi yazılmalıdır. Alimlərimizin, tarixçilərimizin günahından yox, o vaxtkı ümumi ideologiyanın təsiri, yaxud bu ideologiyanın tələbi ilə yazılan tarix də, şübhəsiz ki, indi bizi qane edə bilməz. Məktəbə gedən gənc gərək Azərbaycanın tarixini bilsin, oxusun, öyrənsin. Amma o, köhnə dərsliklərdən bunu öyrənə bilməz. Dərsliyi də hərə öz istədiyi kimi yazmamalıdır. Gərək bizim xalqımızın tarixi yazılsın ki, onun əsasında da gənclər üçün, orta və ali təhsil məktəbləri üçün tarix dərslikləri yazılsın"...
Heydər Əliyev eyni zamanda göstərirdi ki, Azərbaycanın humanitar-ictimai və fundamental elm sahələri sürətlə yeniləşərək yeni ictimai-iqtisadi formasiyanın reallıqlarına cavab verməli, dövlət və dövlətçiliklə bağlı praktiki məqsədlərin gerçəkləşməsində, milli maraq və mənafelərin, ideologiyanın möhkəmlənməsində, ümumən cəmiyyətin proqressiv dəyərlər əsasında inkişafında lokomotivə çevrilməlidir.
Heydər Əliyevin milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq milli təhsil quruculuğu sahəsində başladığı islahatlar bu gün ulu öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yeni məktəblərin tikilib istifadəyə verilməsi, köhnə məktəblərin yenidən qurulması, təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılır. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında bölgələrdə müasir dövrün tələbləri səviyyəsinə cavab verən təhsil ocaqlarının yaradılmasına xüsusi diqqət yetirilmişdir. Sürətli iqtisadi inkişaf dövrünü yaşayan ölkəmizdə getdikcə təhsilə ayrılan vəsaitlərin həcmi artırılır, bu sahədə zamanın tələblərindən irəli gələn yeni islahatların həyata keçirilməsi üçün zəmin yaranır. Görülən işlərin real nəticələri isə həqiqətən də ürəkaçandır. Məsələn, Azərbaycanda təhsillə bağlı həyata keçirilən ən böyük tədbirlərdən biri orta ümumtəhsil məktəblərinin maddi-texniki bazasının yeniləşdirilməsi, o cümlədən, müasir informasiya-kommunikasiya vasitələri ilə təmin edilməsidir. Ölkə Prezidenti cənab İlham Əliyevin orta ümumtəhsil məktəblərinin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı proqramı uğurla icra olunaraq artıq başa çatdırılmışdır. Əsas məqsədi Azərbaycan Respublikasında yeni informasiya texnologiyalarından istifadə etməklə təhsilin keyfiyyətini yüksəltmək, vətəndaşlara təhsil almaqla bərabər müasir İKT-yə yaxından bələd olmaq və ölkə təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasına imkan verən vahid təhsil informasiya mühitini yaratmaq, əhalini informasiyalaşdırılmış cəmiyyətə hazırlamaq olan bu proqram çərçivəsində bütün bölgələrdə orta tədris məktəblərinə müasir kompyuter dəstləri verilmiş, onların internetə çıxışı təmin edilmişdir.
Azərbaycanda təhsil sahəsində həyata keçirilən dövlət siyasətinə Heydər Əliyev Fondu da özünün dəyərli töhfələrini verməkdədir. Heydər Əliyev Fondunun milli təhsilimizin inkişafı ilə bağlı həyata keçirdiyi layihələr nəinki təhsil işçilərinin və şagirdlərin, bütün ölkə ictimaiyyətinin dərin rəğbətinə səbəb olmuşdur. Heydər Əliyev Fondunun geniş spektri əhatə edən fəaliyyəti, həyata keçirdiyi çoxşaxəli layihələr hər bir azərbaycanlıya yaxşı məlumdur. Fondun məqsədi ulu öndər Heydər Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi siyasətin tədqiqinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək vermək, Azərbaycanın tərəqqisi üçün Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqramları, o cümlədən elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid layihələri gerçəkləşdirmək, milli-mənəvi dəyərlərə sadiq gənclər yetişdirmək, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, milli mədəniyyətimizi təbliğ etmək, mənəvi dəyərlərimizi yaşatmaqdır. Milli Məclisin deputatı, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi mədəni-ictimai tədbirlər xalqımızın, dövlətimizin inkişafına, dövlətçiliyimizin möhkəmləndirilməsinə, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutmasına doğru istiqamətlənmişdir. Heydər Əliyev Fondu ümummilli liderimizin ideyalarına sadiq qalaraq bu istiqamətlərdə ardıcıl və məqsədyönlü işləri davam etdirməkdədir. Zəngin mədəni irsimizin dünyada tanıdılması, təhsil, səhiyyə və mədəniyyət sahələrində əhəmiyyətli layihələri gerçəkləşdirməklə fond qısa müddətdə bütün cəmiyyətin diqqətini cəlb etmişdir.
Heydər Əliyev Fondunun fəaliyyətində əsas istiqamətlərdən biri də təhsilin inkişafına töhfələr verməkdir. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının ikinci mərhələsinin təqdimatına həsr olunmuş "dəyirmi masa"da çıxışında demişdir: "Müasir dünyada hər bir ölkənin inkişafı, onun dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir. Məhz buna görə Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsilə yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan etmişdir".
Bəli, ölkəmizin inkişafında, dünyaya inteqrasiyasında təhsilin rolunun əvəzsiz olduğunu nəzərə alan Heydər Əliyev Fondu bu sahədə bir neçə irimiqyaslı layihə hazırlamış və uğurla həyata keçirmişdir. Bunlardan ən mühümü ölkəmizdə çox böyük əks-səda doğurmuş "Yeniləşən Azərbaycana yeni məktəb" proqramıdır. Avropaya inteqrasiya yolunu tutmuş ölkəmizdə yeni təhsil sisteminin qurulmasının vacibliyini önə çəkən Mehriban xanım Əliyevanın müəllifi olduğu bu layihədə bölgələrimizdə yeni məktəblərin tikilib istifadəyə verilməsi, təhsil müəssisələrinin əsaslı təmiri, maddi bazanın yaxşılaşdırılması, tədris prosesinin səviyyəsinin yüksəldilməsi prioritet məsələ kimi qarşıya qoyulmuşdur. Layihə çərçivəsində tikilib istifadəyə verilən məktəblərin hər birində laboratoriya, kompyuter otaqları, idman salonu və meydançaları, kitabxana, yeməkxana, ayrıca istilik sistemi vardır. Xüsusən ucqar kəndlərdə yeni məktəb binalarının inşası Mehriban xanımın təhsilə göstərdiyi böyük diqqət və qayğının nəticəsi kimi yüksək qiymətə layiqdir.

{nl}

Məmməd ƏLİYEV, Azərbaycan Müəllimlər İnstitutu Quba filialının direktoru, filologiya elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında