Gəncədə keçirilən elmi-praktik konfrans səmərəli oldu
Çoxdan idi təhsil işçilərinin belə maraqlı, məzmunlu, rəngarəng, həm də olduqca faydalı və səmərəli tədbiri keçirilmirdi. İstər şagirdlərin əl işlərindən ibarət sərgi, istər müəllimlərin nümunə dərsləri, istərsə də zona elmi-praktik konfransının rəsmi hissəsi bütün çalarları ilə uzun müddət yaddaşlardan silinməyəcək, başlıcası isə səmərəliliyi ilə seçiləcəkdir.
Söhbət bu günlərdə Gəncədə baş tutan "Müasir təhsilin davamlı inkişafı: reallıqlar, perspektivlər" mövzusunda təşkil olunan zona elmi-praktik konfransından gedir. Gəncədəki 27 nömrəli məktəb liseydə keçirilən bu tədbiri Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsil Problemləri İnstitutu Gəncə Şəhər Təhsil İdarəsi ilə birgə keçirirdi.
İndi isə daha ətraflı
İlk öncə tədbir iştirakçıları məktəb-liseyin foyesində şagirdlərin əl işlərindən ibarət təşkil olunmuş sərgi ilə yaxından tanış oldular. Bir-birindən maraqlı, məzmunlu rəsm əsərləri, digər əl işləri hamının diqqətini özünə cəlb etdi. Hiss olunur ki, Gəncənin və bir sıra rayonların orta ümumtəhsil məktəblərində olduqca istedadlı şagirdlər, gələcəyin əsl sənət, elm adamları yetişir.
Kofrans iştirakçıları 27 sinif otağında təşkil olunmuş nümunə dərsləri, yeni açıq dərslərdə iştirak etmişlər. Yeri gəlmişkən qeyd edək ki, əsası 1998-ci ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan təhsil islahatları ölkəmizdə uğurla həyata keçirilir və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu vacib işi uğurla davam etdirir. Bu baxımdan 2006-cı ildən ölkəmizdə mütərəqqi dünya təcrübəsini özündə əks etdirən yeni bir sənəd olan "Azərbaycan Respublikasında ümumi təhsil konsepsiyası" (Milli Kurikulum) qəbul olunmuşdur. Ümumiyyətlə, bu sistem demokratizm, humanizm kimi prinsiplərdən çıxış etməklə şagirdlərin maraq və ehtiyaclarına cavab verən, mütəxəssislərin elmi yanaşmalarına söykənən, dövlətin təhsil siyasətini əks etdirən mühüm sənəddir. Məqsəd isə birdir: təhsilin keyfiyyətinin yüksəldilməsi, ölkənin yüksək sürətlə inkişafına kömək edə biləcək intellektual səviyyəli, elmi dünyagörüşlü, müstəqil düşünmək və yaradıcı fəaliyyət göstərmək qabiliyyətinə malik olan gənc nəsil yetişdirmək. Təhsil sistemində aparılan islahatlar müasir dərsin məzmununun təkmilləşdirilməsi, yeni təlim texnologiyalarının tətbiqini tələb edir. Artıq sübut olunub ki, interaktiv təlim metodlarından istifadə təhsilin keyfiyyətinə öz müsbət təsirini göstərir. Təlim-tərbiyə prosesində şagirdlərə daha çox müstəqillik verilməsi, onlara öz fikirlərini sərbəst şəkildə, çəkinmədən söyləməyə, arzu və istəklərinə uyğun məşğuliyyətlər seçməyə şərait yaradılması bu islahatın başlıca cəhətlərindən biridir. Ötən bir neçə il ərzində artıq bəlli olub ki, islahatlar tədris prosesinin təşkilinə, müəllim-şagird münasibətlərinə yeni məzmun gətirir, müəllim-şagird münasibətlərinin tamamilə dəyişdirilməsini, onlar arasında əməkdaşlığa, qarşılıqlı hörmətə, biri-birinin ləyaqətinə, hüquq və azadlıqlarına hörmət etməyə əsaslanan yeni münasibətlərin yaradılmasını tələb edir. Təbii ki, belə olan halda şagird sadə dinləyici deyil, fəal icraçı, bilikləri sərbəst və şüurlu şəkildə qəbul edən subyektə çevrilir.
Biz, Gəncədəki konfrans iştirakçıları buna açıq dərslərdə iştirak edərkən bir daha əmin olduq. Gəncədəki 4 nömrəli tam orta məktəbin müəllimi Yeganə Səfərovanın riyaziyyat dərsi özünün yeniliyi, aktuallığı, müəllim-şagird münasibətlərinin səmimiliyi, anlaşıqlığı, başlıcası isə səmərəliliyi ilə yadda qaldı. Təhsil naziri Misir Mərdanovun, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin və digərlərinin açıq dərsdə iştirakı üçüncü sinifdə dərs keçən müəllimin, o cümlədən şagirdlərin bütün imkanlarını üzə çıxardı. Təhsil naziri, şəhər rəhbərliyi, digər iştirakçılar dərsə çox yüksək qiymət verdilər. Gəncədəki 39 nömrəli məktəbin 9-cu sinfində Nabat Qasımovanın açıq dərsinə heç kim biganə qalmadı.
...Tədbirin rəsmi hissəsi də olduqca maraqlı və məzmunlu oldu. Gəncədən başqa Naftalan şəhər, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy rayonlarının təhsil şöbələrinin müdirləri, məktəb direktorlarının, o cümlədən Gəncədəki ali və orta ixtisas məktəbləri rəhbərlərinin qatıldığı konfransı giriş sözü ilə təhsil naziri Misir Mərdanov açdı. Nazir əvvəlcə Gəncədə keçirilən tədbirə görə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə öz dərin minnətdarlığını bildirdi. Son illər Azərbaycanın ayrı-ayrı bölgələrinin inkişafından danışdı: "Əvvəllər Bakıdan Gəncəyə avtomobillə 5-6 saata gələndə sevinərdik. İndi saat 10-da keçirilən bu tədbirə vaxtında çatmaq üçün səhər saat 7-nin yarısında Bakıdan çıxdım və 3 saat yarıma burada olduq. Bu, sizə adi fakt kimi görünməsin. Son illər Azərbaycan çox inkişaf edib, o cümlədən onun yol infrastrukturu dəyişib, müasirləşib. Bu inkişaf, bu tərəqqi ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin parlaq səhifəsidir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları uğurla həyata keçirilir. Kənd və qəsəbələrimiz abadlaşır, gözəlləşir, dəyişir. Bir qədər əvvəl Yevlax şəhərinin içərisindən keçirdik. Düzü indi oranı tanımaq olmur. Bir neçə il əvvəl boz, bom-boş düzənliklərin yerində bir-birindən gözəl, yaraşıqlı müasir binalar ucaldılıb, park və xiyabanlar salınıb. Yevlax, inkişaf etmiş şəhərləri xatırladır. Hər yerdə yenilik, abadlıq, müasirliklə sintez təşkil edən millilik, səliqə-sahman, yaşıllıq onun simasını dəyişdirib. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iki ay bundan əvvələ kimi Yevlaxa rəhbərlik edən Elmar Vəliyevə daha böyük etimad göstərərək Gəncə kimi böyük bir şəhərə icra hakimiyyətinin başçısı vəzifəsinə təyin etmişdir. Gəncə Qərb regionunun mərkəzidir, Azərbaycanın ikinci böyük şəhəridir, ilk paytaxtıdır. Bu şəhərin öz tarixi, kökü, adət-ənənələri var. Mən əminəm ki, Gəncə tezliklə daha da inkişaf edəcək, gözəlləşəcək, Avropanın ən diqqətçəkən şəhərlərindən biri olacaqdır...
Bugünkü tədbirimizin keçirilməsində məqsəd təhsildəki problemlərimizi üzə çıxarmaq, onların həlli yollarını arayıb axtarmaq, konkret tədbirlər işləyib hazırlamaq və həyata keçirməkdən ibarətdir. Doğrudur, təhsil sahəsində əldə olunan uğurlar çoxdur və onları heç kim bizim əlimizdən ala bilməz. Amma əldə olunmuşlarla arxayınlaşmaq olmaz. Ölkə Prezidenti konkret tapşırıq verib ki, 2013-cü ilin sonuna kimi ciddi problemi olan təhsil ocağı qalmamalıdır. Biz bilirik ki, hazırda maddi-texniki bazası zəif olan, bugünkü tələbatı ödəməyən məktəblərimiz az deyil. Peşəsinin öhdəsindən lazımınca gəlməyən, müasirliklə ayaqlaşa bilməyən müəllimlərimizin olmasını da dana bilmərik. Biz bir qədər əvvəl burada iki riyaziyyat dərsində, 3-cü və 9-cu siniflərdə keçirilən açıq dərslərdə iştirak etdik. Olduqca xoşumuza gəldi, bizi çox razı saldı. Xüsusilə üçüncü sinifdə 4 nömrəli məktəbin müəllimi Yeganə Səfərovanın açıq dərsi əsl nümunə idi. Gərək belə müəllimlərin təcrübəsi geniş yayılsın, onun imkanlarından başqaları da yararlana bilsin. Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında ayrıca bölmə yaradılmalı, Y.Səfərova kimi müəllimlər bu bölmələrə rəhbərlik etməlidirlər. Dərsdə iştirak etdiyimiz 45 dəqiqə ərzində bir nəfər də olsun şagird boş qalmadı. Müəllim-şagird münasibətləri belə olar, əsl dərs belə olar. Mən çox şad oldum ki, Gəncədə belə müəllimlər var. Yeri gəlmişkən, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin müəllimlərin vahid forma geyinmək təşəbbüsünü alqışlayıram. Müəllim özü başqalarına, ilk növbədə şagirdlərə nümunə olmalıdırlar. Axı nəyə görə biri digərindən seçilməli, diqqəti pal-paltarı, zinət-bəzək əşyaları ilə özünə cəlb etməlidir?!
Gəncə böyük elm, təhsil mərkəzidir. Burada üç ali məktəb, Müəllimlər İnstitutunun filialı, kolleclər, onlarla məktəb, məktəbəqədər müəssisələr, peşə liseyləri, Elm Mərkəzi var. Vaxtilə ulu öndər Heydər Əliyev Gəncədə bu sahənin də inkişafına xüsusi diqqət və qayğı göstərib. Mənim yadımdadır ki, ümummilli liderimiz respublikaya rəhbərlik etdiyi dövrlərdə elə il olmurdu ki, burada yeni tipli bir məktəb və bir uşaq bağçası tikilib istifadəyə verilməsin.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərir. Bakıda, regionlarda, görün, son illər nə qədər məktəb tikilib, maddi-texniki baza gücləndirilib, müəllimlərin əmək haqqı bir neçə dəfə artırılıb, yeni proqramlar, o cümlədən təhsil haqqında yeni qanun hazırlanıb həyata keçirilir. Yaxın vaxtlarda sosial sahədə çalışanların, o cümlədən təhsil sahəsinə rəhbərlik edənlərin əmək haqqının artırılması gözlənilir, digər mühüm yeniliklər bizi gözləyir. Belə olan halda biz təhsil işçiləri öz üzərimizə düşən işin məsuliyyətini daha dərindən dərk etməli, problemlərin həllinə çalışmalı, nöqsanları aradan qaldırmalı, təhsilin keyfiyyətinin və səmərəliliyinin artırılmasına nail olmalıyıq. Sirr deyil ki, öz peşəsinin öhdəsindən gələ bilməyən, qeyri-ixtisas müəllimləri hələ də var. Başqa şəhər və rayonlarla müqayisədə Gəncədə yeni məktəb tikintisi, o cümlədən məktəblərin əsaslı təmiri də istənilən səviyyədə deyil və biz bu işlərin lazımi şəkildə təşkili üçün tədbirlər həyata keçirməliyik.
Daha sonra nazir Misir Mərdanov statistik məlumatları stayder vasitəsilə konfrans iştirakçılarına nəzərə çatdırmaqla çox maraqlı təhlillər apardı. Təbii ki, bu yazıda biz həmin statistik rəqəmlərin hamısını qeyd etməklə oxucunu yormaq istəmirik və yalnız bir sıra göstəricilər üzərində dayanmaq istəyirik. Digər tərəfdən nazir konfrans iştirakıçılarına belə bir məlumat verdi ki, stayder vasitəsilə göstərilən faktlar və rəqəmlər Təhsil Nazirliyinin internet saytında yerləşdiriləcəkdir.
Konfransda əsasən ölkənin qərb şəhər və rayonlarının təhsil sahəsindəki göstəriciləri müqayisəli təhlil olunurdu. Uşaqların qidalanmasından tutmuş əlaçı tələbələrin ali məktəblərə qəbuluna kimi bütün rəqəmlər konfrans iştirakçılarının nəzərinə çatdırıldı. Məsələn, qeyd olundu ki, elə rayonlar var məktəblərdə uşaqların qidalanmasına lazımınca fikir vermirlər. Goranboyda məktəbəqədər müəssisədə uşaqların qidalanmasına 52 qəpik ayrılır ki, bu da olduqca azdır.
Ayrı-ayrı məktəbəqədər müəssisələrdə məcburi köçkün ailələrinin yerləşdirilməsi də həmin sahənin inkişafına, günün tələbləri səviyyəsində qurulmasına öz mənfi təsirini göstərir. Hazırda Gəncənin 13, Qazaxın 5, Goranboyun 3 belə müəssisəsində məcburi köçkünlər yaşayır. Təbii ki, onların hamısı tezliklə təmir olunub istifadəyə verilməlidir.
Məktəblərin növbəliliyi məsələsinə, şagird-müəllim nisbətinə toxunan nazir rəqəmlər gətirməklə vəziyyəti hərtərəfli təhlil etdi. Qeyd olundu ki, yeni korpuslar tikilməklə gələcəkdə növbəliliyin aradan qaldırılmasına nail olunacaqdır. Amma elə məktəblər də var ki, 2 şagirdə 1 müəllim düşür. Bunu da nəzərə almaq lazımdır.
Müəllimlərin yaş həddinin də nizamlanması qarşıda duran vəzifələrdən biridir. Biz yaşlı nəslin nümayəndələrinə, qocaman müəllimlərə daim hörmət-izzətlə yanaşırıq, onların təcrübəsini öyrənirik, təbliğ edirik. Amma bəzən yaş öz sözünü deyir. Artıq yaşı 70-80, hətta 85-i keçən məktəb direktorları, müavinlər və ayrı-ayrı müəllimlər başa düşməlidirlər ki, onları gənc nəsil əvəz etməlidir. Hər bir işdə ölçü meyarı, hədd olmalıdır.
Təhsil şöbələri, məktəb direktorları, ayrı-ayrı məsul şəxslər ali məktəblərlə əlaqəli şəkildə işləməlidirlər. Onlar son kurs tələbələrini, təbii ki, yaxşılarını, necə deyərlər "gözaltı" eləməli, onların məktəbdə işləmələrinə şərait yaratmalıdırlar.
Gənc nəslin sağlam böyüməsi üçün məktəblərdə keçirilən idman dərslərinə xüsusi əhəmiyyət verilməlidir. Təəssüf ki, bir sıra məktəblərdə idman dərslərinə lazımi diqqət yetirilmir, bəzi hallarda o hətta keçirilmir. Bəzi rayonların məktəblərində idman zalları və avadanlıqlar yoxdur. Bütün bunlar tezliklə aradan qaldırılmalıdır.
Valideyn-müəllim assosiasiyalarının (VMA) işinə toxunan nazir qeyd etdi ki, belə birliklərin sayı hələlik olduqca azdır. Bu bölgədə ən çox Gəncədə 5, Qazaxda 4, Şəmkirdə və Samuxda hərəyə bir VMA-sı vardır. Bölgənin digər məktəblərində isə hələ yaradılmamışdır.
Məktəb binalarının qızdırılmasında da problemlər var. Məsələn, Gəncənin 18, Tovuzun 69, Şəmkirin 58 məktəbində istilik sistemi yoxdur və təbii ki, bu da qış aylarında müəyyən çətinliklər yaradır.
Nazir Misir Mərdanov çıxışına yekun vuraraq qeyd etdi ki, bu il müstəqilliyimizin 20 illiyini təntənə ilə qeyd edəcəyik. Müstəqillikdən şirin, böyük, qüdrətli nə ola bilər?! Biz bunu göz bəbəyimiz kimi qorumalıyıq. Heç kimin haqqı yoxdur ki, bu müstəqilliyə az da olsa xələl gətirməyə cəhd göstərsin. Lakin ara-sıra bəzi adamlar tapılır ki, bu müstəqilliyə xor baxırlar, qanuna zidd hərəkətlərə yol verirlər. Biz təhsil işçiləri, şagirdlər, tələbələr hər bir mənasız, məntiqsiz çıxışlara cavab verməli, insanları mitinqlərə səsləməyə səy göstərənlərin cavabını verməliyik.
Daha sonra respublika fənn olimpiadalarının qaliblərinə fəxri fərmanlar və diplomlar təqdim olundu.
Tədbirin sonunda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun konfransdakı çıxışının çox təsirli olduğunu bildirdi və qeyd etdi ki, ölkədə təhsilin vəziyyəti çox peşəkarlıqla təhlil olundu, qarşıda duran vəzifələr göstərildi. Ölkədəki inkişaf, tərəqqi göz qabağındadır və bunu görməmək mümkün deyil. Sözsüz təhsilimizdəki inkişafı da hamı bilir.
Gəncədə də müəyyən işlər görülməsinə baxmayaraq, həllini gözləyən məqamlar da az deyil. Təsadüfi deyil ki, elə ilk görüşüm də Gəncədə təhsil işçiləri ilə olub və artıq onlarla, səhv etmirəmsə, 5 dəfə görüş keçirmişəm, problemləri müzakirə etmişik, vəzifələr müəyyənləşdirmişik. Məktəb vətəndaş yetişdirir və bu imkanlardan yeniyetmə gənclərimiz maksimum faydalanmalıdırlar. Hərbi vətənpərvərlik tərbiyəsinə xüsusi fikir verməliyik. Nə qədər ki, müharibə şəraitində yaşayırıq, nə qədər ki, mənfur qonşularımız var, bu vacib ideoloji iş tamamilə ön plana çəkilməlidir. Təhsil işçiləri ilə söhbətimizdə qərara almışıq ki, hərbi məktəblərə, o cümlədən, Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul məsələlərinə xüsusi diqqət yetirilsin, Gəncədən qəbul olunan məzunların sayı ilbəil artırılsın.
Konfransın sonunda şagirdlərin ifasında bədii kompozisiya da böyük maraqla qarşılandı.
Ümumiyyətlə, Gəncədə keçirilən zona elmi-praktik konfransı özünün aktuallığı, səmərəliliyi ilə hamının xoşuna gəldi. Bu tədbir bir daha göstərdi ki, ölkədə təhsilə heç kim biganə deyil. Onun inkişafı bütövlükdə inkişafımızın, gələcəyimizin təməlidir.
Konfransın Gəncədə keçirilməsi də təsadüfən seçilməmişdi. Son aylar Gəncə nəhəng tikinti meydançasını xatırladır. Hara baxırsan iş gedir. Gəncəyə giriş yolları, Nizami məqbərəsinin dörd yanı, park və xiyabanlar yenidən qurulur, illər boyu asfalt üzünə həsrət qalan daxili yollar və küçələr asfaltlaşır, yaşayış binalarının, ictimai iaşə və digər ticarət obyektlərinin, inzibati binaların fasadları nəfis şəkildə təzələnir, dam örtükləri təzələnir, eybəcər, yersiz, primitiv obyektlər sökülür və ya yenisi ilə əvəz olunur. Gəncə çayının sağ və sol sahili əsl istirahət guşəsinə çevrilir, Şəhidlər Xiyabanı yenidən salınır və sair. Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin təşəbbüskarlığı, işgüzarlığı və təşkilatçılığı biz ziyalılara da hədsiz qol-qanad verib. Elə etməliyik biz də bu böyük işlərin önündə gedək, hərəmiz bir işin qulpundan yapışaq.
Gəncənin ən gözəl, tayı-bərabəri olmayan şəhərə çevriləcəyi gün uzaqda deyil. Buna şəhərdə hamı əmindir.
{nl}
Ramiz MƏMMƏDOV, Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialının direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.