Azərbaycan fizioloqlarının müəllimi
Abdulla İsmayıl oğlu Qarayev 1930-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) pedaqoji fakültəsinin təbiət bölməsini bitirib. Universitetdə təhsilini başa vurduqdan sonra qeyri-adi istedada malik və əməksevər bir məzun kimi universitetin "İnsan və heyvan fiziologiyası" kafedrasında işlə təmin olunub. Professor P.Y.Rostovsevin rəhbərliyi altında çalışan A.Qarayev həyatını nəzəri və eksperimental fiziologiyanın inkişafına həsr edib.
1932-1936-cı illərdə o, Azərbaycan Dövlət Tibb İnstitutunu müvəffəqiyyətlə bitirib. Bir neçə illik gərgin elmi axtarışın qanunauyğun nəticəsi olaraq gənc alim 1937-ci ildə dalbadal iki mövzu üzrə müdafiə edib. "Sulu karbonların əzələlərin potensiallarının mənşəyində əhəmiyyəti" mövzusunda yazdığı dissertasiya işi skelet əzələsində baş verən elektrik hadisələrində sulu karbonların (karbohidratların) rolunun mahiyyəti haqda yeni elmi nəzəriyyə idi. Bu fundamental əsərinə görə gənc alimə tibb elmləri namizədi alimlik dərəcəsi verilib. "Diafraqmanın fiziologiyasına dair" mövzusunda yazdığı ikinci dissertasiya işinə görə isə o, biologiya elmləri namizədi alimlik dərəcəsi alıb.
A.Qarayev 1938-ci ildə Kurortologiya və Fiziki Üsullarla Müalicə İnstitutu nəzdində yaradılan laboratoriyaya rəhbərlik edir. Laboratoriyada dünyada analoqu olmayan Naftalan neftinin, Azərbaycanın şəfaverici sularının (Badamlı, İstisu, Turşsu və s.) və dərman bitkilərindən hazırlanan preparatların insan orqanizminə müalicəvi təsirinin öyrənilməsi istiqamətində eksperimental və kliniki araşdırmalar aparılır.
Abdulla Qarayev 1940-cı ildə (30 yaşı olarkən) tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün "Bioelektrik hadisələrinin nəzəriyyəsinə dair" son dərəcə aktual dissertasiya işini müdafiə edir. Bu dissertasiya işi ilə A.Qarayev o zamanlar bioelektrik hadisələrinin mənşəyi haqqında mövcud olan nəzəriyyələri darmadağın edərək özünün son dərəcə orijinal nəzəriyyəsini irəli sürür. Bu nəzəriyyənin əsasında Abdulla müəllimin 1934-1935-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin "Ümumi və müqayisəli fiziologiya" laboratoriyasında subliminal, yəni aşağı qıcıq qapısından da aşağı (zəif) qıcıqların səbəb olduğu məhəlli oyanma və bu oyanmaların orqanizmin funksional vəziyyətinə təsiri barədə tədqiqatlar aparılır.
A.Qarayev 1942-ci ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Tibb İnstitutunun "Normal fiziologiya" kafedrasında ikinci professor, Azərbaycan Dövlət Universitetində isə "İnsan və heyvan fiziologiyası" kafedrasının müdiri vəzifələrinə seçilir və fiziologiya sahəsində ilk milli professor olur.
Bütün bu illər ərzində A.Qarayev elmi axtarışlarını özünün pedaqoji fəaliyəti ilə məharətlə əlaqələndirib. O illərdə Azərbaycan dilində dərsliklərə böyük ehtiyac var idı. A.Qarayev dərsliklərin yaradılması kimi son dərəcə məsuliyyətli işlə də məşğul olmağa vaxt tapıb. O, "Sinir və əzələ fiziologiyası" (1932), "Tənəffüsün fiziologiyası" (1934), "Həzm və sorulmanın fiziologiyası" (1940), "Endokrinologiya" (1945), "Analizatorların fiziologiyası" (1952) və "Mərkəzi sinir sisteminin fiziologiyası" (1952) adlı dərslikləri nəşr etdirməklə bu sahədə milli kadrların hazırlanmasına böyük töhfə verib. Lakin bütün bunlar gənc professoru qətiyyən qane etməmiş və o, elmi axtarışlarını davam etdirməklə bərabər, həm də elmi kadrların hazırlanmansına böyük qüvvə sərf etmişdir. 1943-cü ildə Abdulla Qarayevə "Azərbaycan SSR-nin əməkdar elm xadimi" fəxri adı verilmişdir.
Azərbaycan fizioloqları məktəbinin formalaşdırılması A.Qarayevin ən ali məqsədi olub. Böyük məqsədə çatmaq üçün SSRİ miqyasında Azərbaycan fiziologiya elmini, bu sahədə yetişdirilən milli kadrları tanıtmaq lazım idi. Bu baxımdan fizioloqların, biokimyaçıların və farmakoloqların 1947-ci ildə VII, 1948-ci ildə isə VIII Ümumittifaq qurultaylarının mühüm rolu olub. Qurultaylarda A.Qarayevin dərin məzmunlu çıxışları böyük maraqla qarşılanıb. Onun orqanizmin toxuma və hüceyrələrinin karbohidratlarla təchiz olunmasında qanın formalı elementləri (qan hüceyrələri) və qlikogenin əhəmiyyətinə həsr olunmuş çıxışları bu sahədə yeni elmi nəzəriyyəsinin formalaşdırılmasında mühüm rol oynadı.
1953-cü ildə akademik A.Qarayevin səyi nəticəsində Zoologiya İnstitutu nəzdində "fiziologiya" şöbəsi təşkil olundu. İlk vaxtlar şöbənin cəmi iki əməkdaşı var idi. 3 ildən sonra isə bu şöbə əsasında Azərbaycan Elmlər Akademiyasında müstəqil "fiziologiya" bölməsi yaradıldı. Bölməyə rəhbərlik A.Qarayevə həvalə olundu. Bolmə əməkdaşlarından A.Loginov, M.Mehdiyev, Q.Qədirov, T.Qayıbov, H.Hüseynov, H.Həsənov, R.Qasımov, S.Ocaqverdizadə, M.Əliyev, A.Dadaşov, Q.Qəhrənmanov, S.Cəbiyeva, N.Hacıyeva, R.Qafarova, Ş.Tağıyev, M.Qafulov, F.Hacıyev, Z.Əlikişibəyova, Ə.Tağıyeva və başqaları Respublikada fiziologiyanın müxtəlif sahələrinin inkişafı istiqamətində Abdulla müəllimlə çiyin-çiyinə çalışmışlar.
A.Qarayevin elmi yaradıcılığında interoreseptorlar (daxili reseptorlar) və maddələr mübadiləsi problemi xüsusi yer tutub. O, bu problemin həllinə hələ 1950-ci ildən başlayıb. Bölmədə digər problemlərlə yanaşı, interoreseptorlar və maddələr mübadiləsi sahəsində də tədqiqat işləri davam etdirilib. Müəyyənləşdirilib ki, insan və heyvan orqanizmində baş verən maddələr mübadiləsinin tənzimlənməsində interoreseptorların rolu şəksizdir. Maddələr mübadiləsinin tənzimlənməsində iştirak edən daxili orqanlarda yerləşən reseptorlar istənilən maddələrin, xüsusən də sulu karbonların, zülalların və s. kimyəvi birləşmələrin mübadiləsini stimulə edir. Yəni, müxtəlif daxili orqanların daxili reseptorlarının qıcıqlandırılması qanın tərkibində qlükozanın, zülal fraksiyalarının miqdarının artmasına və bəzi mübadilə fermentlərinin fəallığının xeyli yüksəlməsinə səbəb olur. Tədqiqatlar nəticəsində öyrənilib ki, interoseptiv mübadilə refleksləri mövcuddur və onlar ekstroseptiv reflekslərlə ekvivalent təşkil edir.
Bu problemə dair aparılan elmi araşdırmalar A.Qarayev tərəfindən 1953-cü ildə ümumiləşdirici məqalə, 1957-ci ildə isə sanballı elmi monoqrafiya ("İnteroreseptorlar və maddələr mübadiləsi" Bakı, 1957) şəklində nəşr olunub. O zamanlar bu monoqrafiya Ümumitifaq miqyasda elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib və SSRİ-nin aparıcı alimlərində Azərbaycan fizioloqlarının tədqiqatlatına böyük maraq yaradıb.
İnteroreseptorlar və maddələr mübadiləsi probleminə dair daha sonralar aparılmış tədqiqatların nəticələri akademik A.Qarayevin rəhbərliyi altında müdafiə olunan doktorluq və namizədlik dissertasiyalarında öz geniş əksini tapıb.
Bu kadrların səyi nəticəsində interoreseptorlar və maddələr mübadiləsi problemi və digər problemlər daha dərindən öyrənilib.
Akademik A.Qarayevin bilavasitə rəhbərliyi altında tibb elmləri namizədi alimlik dərəcəsi almış M.Səfərov onun təklifi ilə 1967-ci ildən etibarən postnatal ontogenezin müxtəlif mərhələlərində beyin şöbələrinin toxuma və mitoxondrilərində qamma-aminoyağ turşusu mübadiləsinə benzolun təsirini öyrənməyə başlayıb. İndiyədək bu tədqiqatlar əsasında 10 namizədlik və 1 doktorluq dissertasiyası yazılıb. Hazırda bu istiqamətdə tədqiqatlar müvəffəqiyyətlə davam etdirilir.
Akademik A.Qarayev həyatının son illərində aclıq və toxluq zamanı MSS-də gedən neyrofizioloji, neyrokimyəvi və neyromorfoloji proseslərin tədqiqinə xüsusi diqqət yetirib. Bunun nəticəsi olaraq akademik A.Qarayevin vəfatından sonra 1969-cu ildə yeni direktor, professor H.Həsənovun rəhbərliyi altında institutda "Beyin və davranış" şöbəsi yaradılıb. Şöbənin əsas elmi istiqaməti qida və su motivasiyası zamanı MSS-də gedən neyrofizioloji, neyrokimyəvi və neyromorfoloji dəyişiklikləri tədqiq etməkdən ibarət idi.
Akademik A.Qarayev 1960-ci ildən etibarən apardığı tədqiqatlarında interoreseptorların təsirindən MSS-nin adaptasiyaya uğraması haqqında dahiyanə fikir söyləyib. "Funksional sitokimya" laboratoriyası son 35 ildə akademik A.Qarayevin bu ideyası üzərində tədqiqat işləri aparıb və tədqiqat işləri bu gün də davam edir. Tədqiqatların nəticələri sübut edir ki, orqanizmin hər bir hüceyrəsində gedən maddələr mübadiləsinin vəziyyəti haqqında interoreseptorların vasitəsilə sensor siqnallar MSS-nin müvafiq şöbəsində yerləşən spesifik neyronlar - neyroreseptorlar vasitəsilə qəbul olunur və həmin neyronlarda "adaptasiyanın struktur izi"ni yaradır. Son tədqiqatlar sübut edir ki, "adaptasiyanın struktur izi" orqanizmin adaptiv davranış reaksiyalarının neyrohumoral mexanizminin əsasını təşkil edir. Bu tədqiqatlar əsasında 2 doktorluq və 20 namizədlik dissertasiyası müdafiə olunmuşdur. Bütün bunlar akademik A.Qarayevin parlaq zəkasının sonsuz imkanlara malik olduğunu bir daha sübut edib.
Qeyd etmək lazımdır ki, interoreseptorlar və maddələr mübadiləsi problemi bu gün də öz aktuallığını itirməyib.
1968-ci il fevralın 2-də SSRİ Nazirlər Sovetinin Elm və Texnika üzrə Dövlət Komitəsi kollegiyasının qərarı ilə "fiziologiya" bölməsi əsasında Azərbaycan SSR Elmlər Akademiyasının Fiziologiya İnstitutu yaradıldı. Bu, akademik Abdulla Qarayevin gərgin əməyinin bəhrəsi idi. O, institutun ilk direktoru təyin olundu. Hazırda bu elm ocağı akademik A.İ.Qarayevin adını daşıyır.
Akademik Abdulla İsmayıl oğlu Qarayev həm də bacarıqlı ictimai xadim, yüksək keyfiyyətlərə malik gözəl insan idi. O, həqiqətən böyük məktəb idi. Abdulla müəllim tabeliyində çalışan əməkdaşların həmişə qayğısına qalırdı, onların bütün problemlərinin həllinə əlindən gələni köməyi əsirgəmirdi. Elə buna görədir ki, onun əziz xatirəsi həmişə uca tutulur və böyük ehtiramla yad edilir.
{nl}
Fəxrəddin ƏSKƏROV, biologiya elmləri doktoru, professor, Mətləb SƏFƏROV, tibb elmləri doktoru, professor, Babək ABUŞOV, fəlsəfə doktoru, aparıcı elmi işçi
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.