Məhəmmədəmin Həbibulla oğlu Şahtaxtinski

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Fizika sahəsində tanınmış alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar elm xadimi Məhəmmədəmin Həbibulla oğlu Şahtaxtinski 2011-ci il aprelin 23-də ömrünün 79-cu ilində vəfat etmişdir.
Məhəmmədəmin Şahtaxtinski 1932-ci il iyul ayının 10-da Bakı şəhərində anadan olmuşdur. 1950-ci ildə orta məktəbi bitirdikdən sonra o, Moskva Energetika İnstitutunda radiotexnika fakültəsində təhsil almış və 1956-cı ildə ali təhsilini tamamlamışdır.
Əmək fəaliyyətinə 1956-cı ildən etibarən Azərbaycan Respublikası Elmlər Akademiyasının Fizika və Riyaziyyat İnstitutunda başlamış M.Şahtaxtinski ömrünün sonunadək burada müxtəlif vəzifələrdə çalışmışdır. O, 1968-ci ildən institutda laboratoriya müdiri, 1987-ci ildən şöbə müdiri vəzifələrində işləmişdir. Son illərdə isə Fizika İnstitutunun problem rəhbəri olmaqla bərabər, Azərbaycan Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi bürosunun üzvi kimi də fəaliyyət göstərirdi.
Məhəmmədəmin Şahtaxtinski 1960-cı ildə namizədlik və 1970-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1971-ci ildə professor elmi adını almışdır. O, 1980-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir.
Uzun illər ərzində bərk cisimlər fizikasına dair fundamental araşdırmaları ilə tanınan Məhəmmədəmin Şahtaxtinski bu sahədə yeni elmi istiqamətin əsasını qoymuşdur. Alimin tədqiqatları fizikanın yarımkeçiricilər və dielektriklər kimi mühüm bölmələrini əhatə edir. Alim çoxillik zəhmətinin məhsulu kimi meydana gətirdiyi əsərlərdə müəyyən qanunauyğunluqlar üzə çıxarmış, onların geniş şərhini verməyə müvəffəq olmuşdur. O, yarımkeçiricilərin termodinamikasının öyrənilməsi ilə yanaşı, bir sıra orijinal metodika və qurğuların yaradılması işində də yaxından iştirak etmişdir.
Onun tədqiqatlarının nəticələri praktikada uğurla tətbiq olunmuşdur. Alimin rəhbərliyi ilə yüksək keyfiyyətə malik və iqtisadi baxımdan sərfəli olan bir çox materiallar yaradılmış, ayrı-ayrı texnologiya və metodikalar işlənib hazırlanmışdır.
Məhəmmədəmin Şahtaxtinski 250-dən artıq elmi əsərin müəllifidir. Onun apardığı araşdırmaların nəticələrinin böyük qismi ölkəmizin hüdudlarından kənarda xarici dillərdə işıq üzü görmüş və elmi ictimaiyyətin diqqətini cəlb etmişdir. O, fizika sahəsində qazandığı elmi nailiyyətlərinə görə onlarla patent və müəlliflik şəhadətnamələri almışdır. Elmi yaradıcılıqla məhdudlaşmayan M.Şahtaxtinski yüksək ixtisaslı kadrların hazırlanmasında da bilik və təcrübəsini əsirgəməmişdir. Alim bir sıra elmi layihələrin gerçəkləşməsinə öz töhfəsini vermiş, mötəbər beynəlxalq forumlarda Azərbaycan elmini layiqincə təmsil etmişdir.
Akademik Məhəmmədəmin Şahtaxtinskinin elmi fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, Azərbaycanda elmin inkişafındakı xidmətlərinə görə "Əməkdar elm xadimi" fəxri adını almış, müxtəlif orden və medallara layiq görülmüş və müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Tanınmış alim, bacarıqlı təşkilatçı və səmimi insan Məhəmmədəmin Həbibulla oğlu Şahtaxtinskinin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!

{nl}

İlham ƏLİYEV,
Artur RASİZADƏ, Oqtay ƏSƏDOV,
Ramiz MEHDİYEV, Elçin ƏFƏNDİYEV,
Hacıbala ABUTALIBOV, Mahmud KƏRİMOV,
Fatma ABDULLAZADƏ, Arif MEHDİYEV,
Akif HACIYEV, Arif PAŞAYEV,
Çingiz QACAR, Nəriman QULİYEV,
Maqsud ƏLİYEV, Bəhram ƏSGƏROV


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında