Moskvada Azərbaycan alimi Musa Qasımlının "Türkiyə-SSRİ: çevrilişdən tənəzzülə qədər" kitabının təqdimatı olmuşdur

Moskvada tanınmış Azərbaycan alimi, tarix elmləri doktoru, Milli Məclisin deputatı Musa Qasımlının "Türkiyə - SSRİ: çevrilişdən tənəzzülə qədər. 1980-1991-ci illər" kitabının təqdimatı olmuşdur.
Rusiya Dövlət Humanitar Universitetində keçirilən təqdimat mərasimində ali məktəbin professor-müəllim heyəti və tələbələri iştirak etmişlər. Musa Qasımlı tədbirdə çıxış edərək öz monoqrafiyası barədə məlumat vermişdir. Alim qeyd etmişdir ki, bu əsər tarixi faktlara əsaslanır və ən yeni tarixin müəyyən dövrünün öyrənilməsinə töhfə olacaqdır.
Ali məktəbin professor və müəllimləri mərasimdə çıxış edərək bu araşdırmanın tarix elmində dəyəri barədə fikirlərini söyləmişlər.
Alim öz monoqrafiyasında Türkiyə-Sovet münasibətlərinin inkişafı barədə suallara cavab verir, Sovet-Türkiyə münasibətlərinin tərəqqi və tənəzzül dövrlərinə xas olan səciyyəvi cəhətləri və mövzu ilə bağlı bir sıra məsələləri təhlil edir.
Monoqrafiya Azərbaycan, Rusiya, Türkiyə və Gürcüstan arxivlərində saxlanılan "tamamilə məxfi", "məxfi", "xidməti istifadə üçün" qrifli materiallar, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin və ABŞ Dövlət Departamentinin dərc edilmiş arxiv sənədləri, habelə Ermənistan mənbələri əsasında yazılmışdır. Materialların əksəriyyəti elmi dövriyyəyə ilk dəfə daxil edilir. Monoqrafiya beynəlxalq münasibətlər tarixi sahəsində mütəxəssislər, diplomatlar, habelə sovet tarixinin gizli tərəfləri ilə maraqlanan oxucular üçün nəzərdə tutulmuşdur.
Kitabın elmi redaktoru tarix elmləri doktoru, professor Əli Həsənov, rəyçilər Rusiya Hərbi Elmlər Akademiyasının akademiki, professor, tarix elmləri doktoru Vladimir Aleksandrov, tarix elmləri doktoru, Suxumi Dövlət Universitetinin professoru Quram Marxuliya və tarix elmləri doktoru, İstanbul Universitetinin professoru Xəlil Baldır.
Qeyd etmək lazımdır ki, M.Qasımlı Azərbaycanın görkəmli tarixçi alimidir. Azərbaycan tarixşünaslığında bir sıra problemlərin öyrənilməsi onun adı ilə bağlıdır: Birinci Dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycanla bağlı siyasəti; Sovet-Türkiyə siyasi-diplomatik münasibətləri: 1920-1922, 1960-1979, 1979-1991-ci illər; 1920-1922-ci illərdə Azərbaycanla Türkiyə arasında münasibətlər; 1920-1945-ci illərdə azərbaycanlıların müstəqillik uğrunda mübarizəsi və xarici dövlətlər; 1946-1991-ci illərdə SSRİ-nin beynəlxalq mədəni əlaqələrində Azərbaycanın iştirakı; 1969-1987-ci illərdə Azərbaycan xalqının problemlərinin həllində görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin fəaliyyəti.
Alimin əsərləri Azərbaycanla yanaşı ABŞ, Rusiya, Türkiyə, Polşa, Rumıniya, Qazaxıstan, İran, Kipr və digər ölkələrdə də çap edilmişdir.
Təqdim edilən monoqrafiya M.Qasımlının xaricdə dərc edilən altıncı kitabı, Rusiyada işıq üzü görən ikinci kitabıdır. Müəllifin kitablarının ən mühüm məziyyətlərindən biri onun istinad etdiyi mənbə bazasıdır. O, ABŞ, Böyük Britaniya, Türkiyə, Rusiya, Gürcüstan və Azərbaycan arxivlərindən seçilmiş materialları ilk dəfə elmi dövriyyəyə daxil etmişdir.

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında