Bu gün sorağı məmləkətin hüdudlarından çox-çox uzaqlarda dolaşan Mingəçevir Turizm Kollecinin adına 5 il öncəyə qədər olsa-olsa, tələbə qəbulu ilə bağlı kiçik elan nümunələrində rast gəlmək mümkün idi. Nə qədər qəribə səslənsə də etiraf etmək lazımdır ki, bu informasiyanın özü belə turizm kollecinə ictimai marağın artmasına əsaslı zəmin yaratdı. Çünki nə övladlarının təhsilinə və peşə seçiminə xüsusi diqqət ayıran valideynlər, nə də gələcəyini daha perspektivli sahələrdə arayan gənclər indiyədək onlara məlum olan analoji elanlarda və təhsil ocaqlarının xüsusi kataloqlarında turizm ifadəsinə, daha doğrusu, turizm üzrə ixtisaslaşmış təhsil ocağına rast gəlmişdi.
Qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyev qeyri-neft sektorunun inkişafı ilə bağlı gerçəkləşdirməyi nəzərdə tutduğu proqram layihələrdə ölkə turizminin sabahına, bu sahədə çalışacaq və onun irəli aparılmasına töhfə verə biləcək peşəkar kadrların hazırlığına xüsusi önəm verirdi. Böyük öndərin irsinə sadiq qalan layiqli davamçısı Prezident İlham Əliyev çox keçmədi ki, dövlət quruculuğunun bütün sahələrində, o cümlədən turizm sektorunda nəhəng layihələrin icrasına təşəbbüskarlığı ilə yaşıl işıq yandırdı. Bu təşəbbüsün məntiqi davamı olaraq Azərbaycanda Turizm İnstitutu, eləcə də Nazirlər Kabinetinin 13 dekabr 2006-cı il tarixli qərarı və Respublika Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri əsasında Mingəçevir Turizm Kolleci rəsmən fəaliyyətə başladı.
Kollecin Azərbaycanın səfalı bölgələrinin ağuşunda, həm də zəngin turizm ənənələrinə malik Mingəçevir şəhərində yaradılması onun bir başqa üstünlüyünü ortaya qoydu. Çünki dövlət başçısı tərəfindən prioritet sahə elan olunan turizmin inkişaf coğrafiyası məhz haqqında danışılan regionu əhatə edir. Deməli, ehtiyac duyulan kadr bolluğunu formalaşdırmaq üçün Mingəçevir Turizm Kollecinin timsalında əla fürsət yaranır. İllər keçdikcə hər kəs bu qərarın doğruluğuna bir daha əmin oldu. Çünki artıq beş ildir ki, Kollec ona bəslənilən ümidləri yüksək səviyyədə doğrultmaqda davam edir. Fəaliyyətə başladığı 2006-cı ildən üzü bəri Mingəçevir Turizm Kollecinin məzunu adını qazanmış 1897 nəfər gənc mütəxəssisin yarıdan çoxu bu gün ixtisasına müvafiq olaraq daimi əmək fəaliyyəti ilə məşğul olur, təhsilin, idmanın, mədəniyyətin və turizmin inkişafına töhfəsini verir. İlk qəbul zamanı 347 tələbə ilə fəaliyyətə başlayan və maddi texniki bazası formalaşma mərhələsində olan kollecin cəmi 5 il ərzində bu qədər nailiyyətə imza atacağına yəqin ki, az adam inanardı. Görünür "hər şeyi kadrlar həll edir" - deyimi təsadüfi söylənməyib. Bu mənada kollecə rəhbərlik edən ünlü elm adamı - iqtisad elmlər doktoru, professor Əyyub Əyyubovun və 200-ə yaxın pedaqoji heyət üzvünün bacarığı, təşkilatçılıq qabiliyyəti və təcrübəsi uğurların qazanılmasında az rol oynamayıb. Həm də nəzərə almaq lazımdır ki, pedaqoji kollektivdə bir elmlər doktoru və 4 elmlər namizədi vardır.
Görülən işlər nəticəsində kollecin maddi texniki bazası zənginləşib, təlim-tədris prosesi müasirləşib və dinamik inkişaf mərhələsinə qədəm qoyub. Bu gün 62 dəst kompyuterlə təchiz olunmuş fənn kabinələri, informatika hesablama mərkəzləri, 26396 nüsxə fonda malik kitabxana, 2 xüsusiləşdirilmiş sinif otağı, futbol, basketbol, voleybol, həndbol meydanları və digər tədris-təlim sahələri tələbələrin elmin sirlərinə yiyələnməsi üçün gərəkli baza rolunu oynayır.
Hazırda kollecin əyani və qiyabi şöbələrində təhsilini davam etdirən 2111 tələbə qeyd olunan təlim-tədris rahatlığını duymaqdadır. "Bədən tərbiyəsi və idman", "Turist, mehmanxana təsərrüfatının təşkili və idarə olunması", "Turizm və onun təşkili", "Turist, Sanatoriya və Kurort komplekslərində tibbi xidmətin təşkili", "Dekorativ tətbiqi incəsənət və xalq sənəti", "Nəqliyyatda daşınmaların təşkili", "Bələdçilik işi", "Muzey işi və abidələrin qorunması", "Reklam işi", "İbtidai sinif müəllimliyi", "Məktəbəqədər təlim və tərbiyə", eləcə də "Mühasibat uçotu və audit" ixtisasları üzrə təhsil alan tələbələr zaman-zaman Mingəçevir, Qəbələ, Şəki və digər şəhərlərdə fəaliyyət göstərən sənaye, təhsil, tibb müəssisələrində, otellərdə və digər istirahət komplekslərində istehsalat təcrübəsi keçmək fürsəti əldə edir.
Kollecin bütün fəaliyyəti 2009-cu ildən əsası qoyulmuş www.mtk.az. saytında öz əksini tapır. Tədris planları, proqramları, dərs və imtahan cədvəlləri ilə maraqlananlar saytdan ətraflı informasiya əldə etmək imkanına malikdir. Hazırda kollec kitabxanasının elektron sisteminin yaradılması üzərində hazırlıq işləri davam etdirilir. Bir sözlə Turizm Kollecinin maddi-texniki imkanları günbəgün zənginləşir və genişlənir. Bu prosesin intensivləşməsi kollektivin səyləri, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin konkret əməli köməkliyi sayəsində mümkün olur. Nazirliyin rəhbərliyi və məsul əməkdaşları bu məqsədlə vaxtaşırı təhsil ocağına baş çəkir, təlim-tədris işləri ilə yerindəcə tanış olur. Sevindirici haldır ki, rəsmi qonaqlar kollecə hər gəlişində müşahidə edilən tərəqqidən məmnunluq hissini gizlətmir. Beynəlxalq əlaqələrin qurulması və mövcud əlaqələrin genişləndirilməsi kimi məsələlər Turizm Kollecinin fəaliyyətində önəmli yer tutur. Kollektiv üzvlərinin müxtəlif beynəlxalq layihələrdə, konfranslarda və seminarlarda fəal iştirakı, kollecə diqqətin artması ilə nəticələnir. Sıx ünsiyyət və yazışmalar son nəticədə fəal əməkdaşlığa çevrilir. Şotlandiyanın Stevenson və Rumıniyanın Braşov şəhəri Andrey Barseanu, Moskva Biznes və İqtisadiyyat Kollecləri ilə mövcud olan bu əməkdaşlığın, tezliklə Moskva Humanitar Kolleci ilə qurulacağı da gündəmdə dayanan məsələlərdən biridir.
Beynəlxalq əlaqələrin yalnız oxşar müəssisə əməkdaşlığından ibarət olduğunu düşünmək yanlış olardı. Məsələ burasındadır ki, Mingəçevir Turizm Kolleci bir sıra beynəlxalq qurumlar, elmi-mərkəzlər və akademiyalarla daimi elmi-mədəni təmas təşkil edir. Bu da kollecin beynəlxalq nüfuzuna müsbət mənada ciddi təsir edir. Britaniya Şurası Avropa Təbiət Elmləri və Türk Dünyası Araşdırmaları Akademiyaları ilə genişləndirilən əlaqələr məhz bu qəbildəndir.
Regionun ən böyük təhsil ocaqları sırasında yer alan Mingəçevir Turizm Kolleci təlim-tədris prosesində nail olduğu uğurlu nəticələr və peşəkar kadr hazırlığı ilə yanaşı, vətənpərvər, zəngin dünyagörüşə malik, elinə-obasına yararlı vətəndaşların yetişdirilməsində önəmli missiya həyata keçirir. Kollecdə yaradılmış Gənclər Təşkilatı, bədii özfəaliyyət dərnəyi, narkomaniyaya qarşı mübarizə qrupu, şən və hazırcavablar klubu, eləcə də idman komandaları son 5 ildən üzü bəri ümumşəhər və respublika əhəmiyyətli tədbirlərin təşkilatçısı və iştirakçısı qismində yüksək fəallıq nümayiş etdirir. Ölkənin milli tarixi ilə bağlı əlamətdar günlərin təntənəli şəkildə qeyd olunması, ədəbiyyat və mədəniyyət ənənələrinin qorunmasına xidmət edən fəallıq Mingəçevir Turizm Kollecinin nüfuzunu və önəmini daha da artırır.
Mingəçevir Turizm Kollecinin ən mühüm özəlliyi qırılmaz tellərlə ümummilli lider Heydər Əliyev irsinə olan sədaqəti və bağlılığıdır. Bu gün kollecin həyətindən tutmuş dəhlizlərinə, fənn kabinələrinə və ideoloji mərkəzinə qədər - hər tinində böyük öndərə olan hüdudsuz sevgi hissləri duyulmaqdadır. Bu bağlılığı göz önünə gətirən əsas səbəb təbii ki, müəllimli-tələbəli kollektiv üzvlərinin könlündə yuva salmış Heydər Əliyev şəxsiyyətinə olan sevgi hissləridir.
Bu gün gündən-günə gözəlləşən və Prezident İlham Əliyevin təbirincə söyləsək "müasir Avropa şəhərlərindən birinə çevrilən Mingəçevir"də Turizm Kollecinə olan diqqət və maraq təhsil ocağının gələcək perspektivlərindən xəbər verir. İstər şəhər rəhbərliyi, istərsə də şəhər ictimaiyyəti kollec önündə açılan yeni perspektivlərin arzudan reallığa çevrilməsi üçün dünən olduğu kimi bu gün də istənilən dəstəyi verməyə hazır görünür.
Kollecin direktoru Əyyub Əyyubovla söhbət zamanı müsahibim daha çox ölkənin hərtərəfli inkişafı barədə söz açdı.
Məlum olduğu kimi, 2011-ci il ölkə başçısı Prezident İlham Əliyev tərəfindən turizm ili elan edilmişdir. Bu heç də təsadüfi deyildir. Belə ki, ölkənin neft -qaz imkanlarının böyük məharət və yüksək uzaqgörənliklə respublikamızın çiçəklənməsinə və hərtərəfli inkişafı üçün yönəldilmiş və bu istiqamətdə gözəl nəticələr əldə edilmişdir. Ümummilli lider Heydər Əliyevin neft strategiyası sahəsindəki uzaqgörən və dahi siyasəti öz barını -bəhrəsini verir. Məhz bu siyasət və onun çox böyük uğurla prezidentimiz İlham Əliyev tərəfindən davam etdirlməsi nəticəsində respublikamızın iqtisadiyyatı yüksək sürətlə inkişaf etmişdir.
Regionların sosial-iqtisadi inkişafina dair birinci Dövlət Proqramı (2004-2008-ci illər) böyük müvəffəqiyyətlə həyata keçirilmiş, ikinci Dövlət Proqramı isə (2009-2013-cü illər ) uğurla davam etməkdədir. Bu dövlət proqramlarının həyata keçirilməsi təkcə paytaxt Bakı şəhəri deyil, respublikamızın demək olar ki, hər bir bölgəsini inkişaf etdirmiş və etdirməkdədir. Ölkədə böyük zövqlə, yüksək səviyyədə həyata keçirilən nəhəng tikinti, quruculuq abadlıq işləri nəticəsində respublikamız daha çox gözəlləşmişdir. Beynəlxalq standartlara uyğun salınan yollar, körpülər, parklar, xiyabanlar, yeraltı-yerüstü keçidlər, yüksək zövqlə tikilən yaraşıqli və çoxmərtəbəli - çoxsaylı binalar, abadlaşdırılan və bərpa edilən tarixi abidələr respublikamızı daha gözəl , daha füsünkar, daha cazibədar və daha xoşagəlimli etmişdir. Bu yeniləşmə, gözəlləşmə və inkişaf təkcə ölkə vətəndaşları tərəfindən deyil , ölkəmizə səfər edən çoxsaylı əcnəbi qonaqlar tərəfindən də yüksək qiymətləndirirlir.
Əlbəttə, gözəl təbii mənzərələrə, coğrafi relyefə, zəngin tarixə, maddi və mənəvi irsə malik olan doğma diyarımızda həyata keçirilən qeyd etdiyimiz tədbirlər nəticəsində xarici turistlərin ölkəmizə marağı artmaqdadır. Respublikamız üçün qeyri-neft sektorunda ən prespektivli sahə hesab edilən turizm sahəsi olduğundan Prezident İlham Əliyev bu sahənin inkişafı üçün yüksək diqqət və qayğı göstərir. 2011 -ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 5 yaşı tamam oldu. Bakı Biznes Mərkəzində nazirliyin 5 yaşına həsr olunmuş tədbirdə nazir Əbülfəs Qarayevin verdiyi məlumatlardan və nazirlik tərəfindən nəşr olunmuş hesabatdan bəlli olduğu kimi biri-birini tamamlayan Azərbaycan turizminin inkişafı və mədəniyyətinin təbliği üçün çoxsaylı tədbirlər həyata keçirilmiş və çox gözəl nəticələr əldə edilmişdir. Mədəniyyətimizin inkişafı, təbliği sahəsində mədəniyyətimizin, təhsilimizin mən deyərdim ki, hamisi və cəfakeşi Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, ölkənin birinci xanımı, millət vəkili Mehriban xanım Əliyevanın xidmətləri xüsusilə qeyd olunmalıdır. Qeyd etdiyimiz kimi böyük potensial imkanlara malik olan, artıq dünya ölkələri iqtisadiyyatına səmərələr verən turizm kimi zəruri bir sahənin inkişafının ölkəmizin iqtisadiyyatına verə biləcəyi faydanın əhəmiyyətini yaxşı bilən Prezident İlham Əliyev bu sahəyə belə yüksək diqqət yetirir və bunun nəticəsidir ki, 2011-ci ili Azərbaycanda turizm ili olaraq elan etmişdir. Turizmin inkişafı üçün ölkəmizdə xeyli faydalı işlər həyata keçirilmişdir və bu sahənin inkişafı üçün zəruri olan infrastruktur formalaşmaqdadır. Ölkəmizdə istifadəyə verilmiş 4 ulduz, 5 ulduz oteller, səfalı bölgələrdə istifadəyə verilən istirahət düşərgələri məhz bu istiqamətdə infrastrukturların formalaşmasına imkan yaradır. Ancaq belə yüksək infrastrukların mövcudluğu həm də yüksək təhsil-təlim keçmiş, bacrıqlı kadrlara tələbat yaradır. Belə mütəxəssislər olmadan bu sahənin inkişafına nail olmaq da mümkün deyildi. Elə bu zərurət də nəzərə alınaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təsisçiliyi ilə Nazirlər Kabinetinin 2006-cı ilin fevralında təsdiq olunmuş qərarı ilə iki yeni təhsil müəssisəsi yaradılmlşdır. Bunlardan biri Azərbaycan Turizm İnistutu, digəri isə Mingəçevir Turizm Kollecidir.
Hər iki təhsil müəssisəsi öz fəaliyyətini uğurla qurmaqda və davam etdirməkdədir.
{nl}
İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.