Dövlət müstəqilliyimizin bərpasının iyirmi ili tamam olmaqdadır. Bu illər ərzində elmin, mədəniyyətin,ictimai-siyasi həyatın bütün sahələrində bir sıra mühüm nailiyyətlər əldə edilmişdir. Həmin dövrdə Azərbaycan dilinin dövlət dili statusu alması, yeni təhsil sisteminin yaradılması, birbaşa beynəlxalq əlaqələrin genişlənməsi dildən, dil vahidlərindən yerli-yerində, düzgün istifadəni də aktuallaşdırmış, zəruri etmişdir.
Onu da qeyd etmək lazımdır ki, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində ümummilli lider Heydər Əliyevin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli fərmanı mühüm rol oynamışdır. Məhz bu fərmandan sonra dilimizin istifadə dairəsi daha da genişlənmiş, ona dövlət dili kimi dövlət qayğısı artırılmış, ölkəmizdə digər elm sahələrində olduğu kimi terminologiya sahəsində, lüğətçiliyin inkişafı istiqamətində mühüm işlər görülmüşdür.
Elmi-texniki tərəqqi, ictimai-siyasi həyatın ahəngdar inkişafı dilimizin terminoloji sisteminin ardıcıl olaraq inkişafına və təkmilləşməsinə təsir göstərir. Eyni zamanda, Azərbaycan dilinin lüğət tərkibində müəyyən yeniləşmə baş verir. Bu, hər şeydən əvvəl, Azərbaycan dilinin başqa dünya dilləri ilə birbaşa əlaqələri ilə bağlıdır. Əgər əvvəllər Azərbaycan dilinə əcnəbi sözlər əsasən rus dili vasitəsilə keçirdisə, indi alınmalar dilimizə vasitəçi dil olmadan birbaşa keçir. Bu proses, yəni Azərbaycan dilinin başqa dillərlə əyani əlaqəsi lüğətlərin tərtibinə də təsir edir. Belə ki, əvvəllər əsasən, rusca-azərbaycanca, azərbaycanca-rusca lüğətlərin tərtibi prioritet sahə hesab olunurdusa, indi ingilis, türk, alman və s. dillərdən Azərbaycan dilinə tərcümə lüğətlərinin tərtibi aktuallaşmış, günümüzün reallığına çevrilmişdir.
Qeyd etmək lazımdır ki, bu müddət ərzində elmin bir çox sahələrinə aid altmışa yaxın terminoloji lüğət nəşr olunmuş, eyni zamanda, bir sıra lüğət kitablarının virtual variantları hazırlanmış, internet saytlarına yerləşdirilmişdir. Onların arasında həcmcə çox böyük izahlı, iki və üç dilli lüğətlərdən daha çox diqqəti cəlb edən "Neft və qaz üzrə rusca-azərbaycanca-ingiliscə terminoloji lüğət"(2001, 754 səh.); "Rusca-azərbaycanca izahlı texniki terminlər"(2004, 774 səh); "Rusca-azərbaycanca dəmiryol nəqliyyatı terminləri lüğəti" (2004, 671 səh.); "İzahlı diplomatiya terminləri lüğəti" (2004, 283 səh.); "İzahlı geologiya terminləri lüğəti" (2006, 686 səh.); "İngiliscə-azərbaycanca-rusca aviasiya terminləri lüğəti" (iki cilddə 2008, 1600 səh.); "Mediada işlənən alınma sözlərin izahlı lüğəti" (2010, 256 səh.) və s.kimi fundamental əsərləri xüsusilə qeyd etmək lazımdır.
Elmi-mədəni həyatımızda xüsusi əhəmiyyətə malik olan belə lüğətlərdən biri də tibb elmləri doktoru Akif Bağırovun "Şirvannəşr" nəşriyyatında bu yaxınlarda işıq üzü görmüş 544 səhifəlik "Türkcə-azərbaycanca izahlı tibb lüğəti" kitabıdır(rəyçi filoloji elmlər doktoru, professor Əsgər Rəsulovdur).
Tərtibçinin də qeyd etdiyi kimi, çağdaş dövrümüz bütün türk xalqlarının, xüsusilə Türkiyə və Azərbaycanın hərtərəfli inteqrasiya dövrüdür və təbiidir ki, bu dövrdə ilk növbədə əsas ünsiyyət vasitəsi olan ortaq türk dilinin formalaşdırılması istiqamətində zəruri ehtiyacın nəticəsi olaraq yaxınlaşmalar geniş vüsət almışdır.
Ortaq türk dilinin tərkib hissəsi kimi ümumtürk terminoloji sisteminin yaradılması məsələsi qarşıda duran mühüm və təxirəsalınmaz vəzifələrdən biri kimi qiymətləndirilir.
Bu ehtiyacı vaxtında hiss edib Azərbaycan və Türkiyə arasında elmi əlaqələri daha da inkişaf etdirmək məqsədilə Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının professoru Akif Bağırov nəcib təşəbbüs göstərmiş, bu gərəkli lüğət kitabını hazırlayaraq həkim, tələbə və tədqiqatçıların ehtiyacını ödəməyə çalışmışdır. Onu da qeyd edək ki, insanların can sağlığının keşiyində dayanan, həkimlik adını ləyaqətlə ucaldan, işıqlı insan, Akif həkim 1993-1996-cı illər arasında İstanbul Universitetinin Cərrahpaşa tibb fakültəsində doktorantura təhsili almış, bu müddətdə o, nəinki Türkiyə tibb elminin nailiyyətlərini əxz edib elmi biliklərini artırmış, elmi dərəcə almış, eyni zamanda, türk dilinin zənginliklərinə də dərindən yiyələnmişdir. Nəticədə, uzun illərin böyük zəhmətinin nəticəsi olaraq belə bir gərəkli kitab meydana çıxmışdır.
20 mindən artıq tibb terminini əhatə edən bu sanballı lüğət kitabında təbabət elminə aid türkcə söz və ifadə əlifba sırası ilə düzülərək lüğətçilik prinsip və qaydalarına ciddi əməl olunmaq şərtilə oxuculara təqdim edilmişdir.
Tibbi məzmun daşıyan bu zəngin lüğət vahidlərini tərtib edərkən tərtibçi qaynaq olaraq rusca-türkcə,ingiliscə-türkcə ikidilli tibb terminləri lüğətləri, ümumi sözlüklər və ensiklopediyalarla yanaşı, son illərdə Türkiyədə nəşr olunan tibbə dair bir çox monoqrafiya və məqalələrdən də istifadə edilmişdir. Lüğətdə tibbi terminlərin konkret izahı verilmiş, onların mənaca fərqli variantları rəqəmlərlə sıralanmış, oxşar ifadələr isə nöqtəli vergüllə ayrılaraq göstərilmişdir. Lüğət kitabında həm türk mənşəli, həm də Avropa mənşəli alınma tibb terminlərinin Azərbaycan dilinə tərcüməsi və izahı verilmişdir.
Lüğət kitabında tərcümə prosesində qarşılaşdırılan türkcə tibbi terminlər üzərindəki müşahidələr göstərir ki, bu sözlərin, demək olar, yetmiş faizi eyni semantik məzmuna malik olmaqla, kiçik fonetik fərqlərlə Azərbaycan dilində də eyni şəkildə istifadə olunmaqdadır. Bu da onu göstərir ki, ortaq türk dili baxımından türk və Azərbaycan tibbi terminologiya sisteminin birliyini yaratmaq, ümumi elmi ünsiyyəti təmin etmək, maneələri asanlıqla aradan qaldırmaq yaxın dövrdə həyata keçirilə bilər. Onu da qeyd edək ki, bu yaxınlaşma prosesi sürətlə getməkdədir və həmin tibbi terminlərin izahlı lüğəti də bu baxımdan üzərinə düşən vəzifəni uğurla yerinə yetirməkdədir. Kitabın nəşrindən keçən qısa müddət ərzində mütəxəssislər, ümumən oxucu kütləsi arasında geniş rezonansa səbəb olması da dediklərimizi təsdiq etməkdədir.
Bundan əlavə, kitabda Azərbaycan tibb ədəbiyyatında qarşılığı olmayan və ya nadir istifadə edilən termin və ifadələrin qısa izahlı qarşılığı təqdim edilmişdir.Türkcədə sinonim sözlər yazılışca bənzər olduqda eyni qrafada, fərqli isə müvafiq yerlərdə təqdim edilmişdir.
Bu qiymətli lüğət kitabının diqqəti cəlb edən cəhətlərindən biri də ondan ibarətdir ki, buraya türk tibb ədəbiyyatında çox rast gəlinən bir sıra qeyri-terminoloji vahidlər, xalq dilindən gələn ümumişlək sözlər də daxil edilmişdir. Məsələn, fena ümumişlək sözdür, ilk baxışda tibb sahəsi ilə əlaqəsi hiss edilmir, amma fenalaşmak artıq sıx şəkildə səhiyyə sahəsi ilə bağlı olan bir leksik vahiddir ki, tərtibçi bu tip ümumişlək sözləri lüğətə daxil etməklə çox düzgün hərəkət etmişdir. Və yaxud lüğətdə verilmiş türkcədəki "fizik" sözü fizika elminin adı kimi işlənməklə yanaşı, onun "fizik tedavi" söz birləşməsində təqdim etməsi (fizioterapiya), həmin terminin tibbi məzmununa geniş şəkildə məna çalarları verərək onun 1. həkimlik, tibb elmi, 2. dərman, işlədici dərman, 3. bağırsaqları işlədici dərman vermək kimi məna spektrini nəzərdən qaçırmamış, onları geniş şəkildə açıqlamışdır.
Ümumiyyətlə, tibb elmləri doktoru Akif Bağırovun "Türkcə-azərbaycanca izahlı tibb lüğəti" kitabı Azərbaycan-Türkiyə tibb ictimaiyyəti və geniş oxucu kütləsi üçün çox dəyərli bir töhfədir.
{nl}
Əbülfəz QULİYEV, AMEA-nın müxbir üzvü, professor, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.