Moskvada "Odlar yurdu Azərbaycan" layihəsinə start verilmişdir

Moskvada "Kiyevskaya" Mərkəzləşdirilmiş Kitabxana sistemində həyata keçirilən "Əlvan dünya" layihəsi çərçivəsində "Odlar yurdu Azərbaycan" layihəsinə start verilmişdir. "Yaşıl adacıq" Uşaq Kitabxanasında Azərbaycan layihəsinin açılışı moskvalı məktəblilər üçün əsl bayrama çevrilmişdir. Yeniyetmə moskvalılar bir neçə gün ərzində Odlar yurdunu özləri üçün bir növ kəşf etmiş, xalqımızın həyatı və ənənələri barədə maraqlı məlumatlar öyrənmişlər. 
Bu tədbirin təşkilində və həyata keçirilməsində Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi çox böyük kömək göstərmişdir. Nümayəndəlik kitabxanaya Azərbaycan haqqında gözəl kitablar, suvenirlər, milli Azərbaycan geyimləri, musiqi alətləri və məşhur Azərbaycan xalçaları təqdim etmişdir.
Kitabxananın xollunda təşkil edilmiş sərgi buraya gələnlərin hamısının diqqətini cəlb edirdi. Klub zalının milli üslubda bəzənmiş səhnəsi isə Azərbaycan etnomədəni təhsil komponentli 157 nömrəli məktəbin yaradıcı kollektivlərinin çıxışları üçün gözəl fon idi. Tədbirin qonaqları - Moskvanın Qərb İnzibati Dairəsinin orta məktəb şagirdləri Azərbaycan haqqında maraqlı faktlar öyrənmiş, bu əsrarəngiz ölkədən bəhs edən videoçarxa tamaşa etmiş, xalqımızın qədim musiqi aləti olan tarda ifa edilən əsərlərdən zövq almış, Bakı haqqında mahnıya qulaq asmış, çılğın "Yallı" rəqsinə baxmışlar. "Odlar yurdu Azərbaycan" layihəsinin kuratoru, kitabxananın əməkdaşı Yelena Malışeva tədbirə gələnlərə Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı maraqlı faktlar haqqında söhbət etmişdir.
Layihənin növbəti proqramı kimi "Azərbaycanın doqquz iqlimi" slayd-şousu nümayiş etdirilmişdir. Azərbaycana slayd-səyahəti həyata keçirən 1816 nömrəli məktəbin yeddinci sinif şagirdləri videoçarxa tamaşa edəndən sonra Azərbaycanın bütün iqlim zonalarına virtual səyahətin iştirakçıları olmuşlar. Səyahətin sonunda şagirdlərə tədbirin mövzusuna aid sözlərdən ibarət "Sözü tap" adlı maraqlı məşq-krossvord təklif edilmişdir.
"Yaşıl adacıq" kitabxanasında "Nə? Harada? Nə vaxt?" intellektual oyununun məşhur iştirakçısı Rövşən Əsgərovla görüş olmuşdur. Onun milli Novruz bayramı haqqında söhbətinə qulaq asmağa yaxınlıqdakı məktəblərin şagirdləri, eləcə də Moskvanın Qərb İnzibati Dairəsinin sakinləri, kitabxananın oxucularının ailə üzvləri də gəlmişdi. Qonaqlar Azərbaycan haqqında videoçarxa tamaşa etmiş, Novruz bayramı haqqında Rövşən Əsgərovun məlumatına qulaq asandan sonra bu bayramla Rusiyada yaşayan digər xalqların bayramları arasında xeyli ortaq cəhət olduğunu yəqin etmişlər.
Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq fakültəsinin tələbəsi Elçin Qurbanovun çıxışı bu görüşün musiqi incisinə çevrilmişdir. Elçin Azərbaycan dilində gözəl mahnılar ifa etmişdir. "Azərbaycana xoş gəlmisiniz" adlı yaradıcılıq müsabiqəsi elan edilməsi layihənin kulminasiya nöqtəsi olmuşdur. Bu müsabiqədə iştirak edən uşaqlar mükafata layiq yerlər uğrunda mübarizə aparacaqlar. Müsabiqədə ilk 3 yeri tutanlar Azərbaycanın paytaxtı Bakı şəhərinə səfər edəcəklər. Müsabiqənin nəticələri iyun ayının 1-də - Uşaqların Müdafiəsi Günündə elan ediləcəkdir. Əsas mükafatları və digər həvəsləndirici hədiyyələri Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyi təqdim edəcəkdir.
Layihənin məqsəd və vəzifələri Rusiya ilə Azərbaycan arasında tarixi mədəni əlaqələri qoruyub saxlamaq və genişləndirmək, Azərbaycan ədəbiyyatını və xalqımızın ənənələrini təbliğ etməkdir.

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri 
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında