AMEA ilə İranın Təhsil, Mədəniyyət və Tədqiqat üzrə Akademik Mərkəzi arasında əlaqələr

science.gov.az-dan verilən məlumata görə iyulun 13-də AMEA Rəyasət Heyətində İran İslam Respublikasının Təhsil, Mədəniyyət və Tədqiqat üzrə Akademik Mərkəzi və “Royan Kök Hüceyrə Texnologiyası” şirkətinin əməkdaşları ilə görüş keçirilib.

Görüşdə İran İslam Respublikasının Təhsil, Mədəniyyət və Tədqiqat üzrə Akademik Mərkəzinin Azərbaycan üzrə nümayəndəsi, Dr. Akbar Ghasemi, həmin mərkəzin “Royan Kök Hüceyrə Texnologiyası” şirkətinin icraçı direktoru, Dr. Morteza Zarrabi, şirkətin Yeni məhsulların inkişafı şöbəsinin müdiri, Dr. Aşkan Mozdgir, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Dr. Vahid Askarı və şirkətin məsləhətçisi Dr. Mehdi Zakrei iştirak ediblər.

Görüşdə İran İslam Respublikasında Royan kök hüceyrə bankının imkanları, Azərbaycanda oxşar genbankın yaradılması perspektivləri, hüceyrə terapiyası xidmətləri üzrə əməkdaşlıq imkanları, sonsuzluğun müalicəsi sahəsində birgə tədqiqatlar və onların tətbiqi ilə bağlı müzakirələr aparılıb.

Qonaqları salamlayan AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov respublikada səhiyyənin inkişaf etdirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu bildirib. O, son illərdə ölkəmizdə bu sahədə kompleks tədbirlərin həyata keçirildiyini, əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu qeyd edib.

Akademik Ə.Əmiraslanov ölkəmizdə də kök hüceyrələri sahəsində dünya təcrübəsinin öyrənilməsi ilə bağlı tədbirlərin həyata keçirildiyini, artıq bir neçə xəstəxanada, eləcə də Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında bu sahədə tədqiqatlara başlanıldığını deyib. Alim kök hüceyrələrinin öyrənilməsi ilə bağlı dünyanın tanınmış tibb mərkəzləri ilə əməkdaşlığın qurulmasının vacibliyini önə çəkib.

“Azərbaycanda bir çox patologiyaların aradan qaldırılmasında istifadə olunan kök hüceyrələri üzrə geniş tədqiqat işlərinin aparılması məqsədilə AMEA və Səhiyyə Nazirliyinin birgə səyi nəticəsində Azərbaycanda Kök Hüceyrə Mərkəzi yaradılacaq” – deyə bildirən akademik Ə.Əmiraslanov bu sahədə “Royan Kök Hüceyrə Texnologiyası” şirkətinin təcrübəsinin öyrənilməsinin faydalı olacağına əminliyini ifadə edib. O, azərbaycanlı mütəxəssislərin dünyanın bir sıra aparıcı ölkələrində, eləcə də Türkiyədə mövcud olan bu kimi mərkəzlərdə təcrübə keçdiklərini diqqətə çatdırıb. Azərbaycanlı mütəxəssislərin İranda kök hüceyrələri ilə bağlı keçirilən konfranslarda mütəmadi olaraq iştirak etmələrinin vacibliyini vurğulayan alim Bakı şəhərində də bu sahədə birgə simpoziumun keçirilməsinin zəruri olduğunu deyib. 

Akademik Ə.Əmiraslanov birgə tədqiqat layihələrinin həyata keçirilməsi məqsədilə  əməkdaşlıq müqaviləsinin imzalanmasının məqsədəuyğun olduğunu deyib.

Daha sonra İran İslam Respublikasının Təhsil, Mədəniyyət və Tədqiqat üzrə Akademik Mərkəzinin Azərbaycan üzrə nümayəndəsi Dr. Akbar Ghasemi təmsil etdiyi qurum barədə məlumat verib. Bildirib ki, regionlar üzrə 6 bölmə, 2 universitet, 6 institut və 27 tədqiqat mərkəzindən ibarət olan bu müəssisə İranda kök hüceyrələri ilə məşğul olan yeganə mərkəzdir.

Təmsil etdiyi “Royan Kök Hüceyrə Texnologiyası” şirkətinin imkanları, burada aparılan tədqiqatlar barədə danışan icraçı direktor, Dr. Morteza Zarrabi  İrandan başqa, digər qonşu ölkələrdən də bu şirkətə kök hüceyrə nümunələrinin gətirildiyini, müxtəlif aspektli əlaqələrin qurulduğunu bildirib. Kök hüceyrələrinin öyrənilməsi sahəsində geniş imkanlara malik olduqlarını bildirən qonaq Azərbaycana bu istiqamətdə lazımi köməkliyi göstərəcəklərini qeyd edib...

M.Zarrabi Azərbaycanın tibbi müəssisələri ilə insan genomu bankı, bitki genomu bankı, sonsuzluğun müalicəsi və digər sahələrdə də əməkdaşlıq imkanlarının mövcud olduğunu vurğulayıb. O, Azərbaycan mütəxəsisslərindən ibarət nümayəndə heyətini kök hüceyrələri ilə bağlı aparılan tədqiqatlarla yaxından tanış olmaq məqsədilə İrana dəvət edib.

Tədbirdə Kök hüceyrələrinin elmi və praktiki əhəmiyyətindən danışan AMEA-nın müxbir üzvü Nuru Bayramov bildirib ki, “Royan Kök Hüceyrə Texnologiyası” şirkəti ilə birgə əməkdaşlıq Azərbaycan tibb elminin inkişafı üçün geniş imkanlar yaradacaq.

Sonra çıxış edən Azərbaycan Tibb Universitetinin Xarici Tələbələrlə iş üzrə dekanı, tibb üzrə fəlsəfə doktoru Orxan İsayev “Royan Kök Hüceyrə Texnologiyası” şirkəti ilə görüşün əhəmiyyətindən danışıb. Qurumun təkcə İranın deyil, həm də dünyanın universal mərkəzlərindən biri olduğunu deyən alim burada həm bioloji mexanizmlərin araşdırıldığını, həm də kliniki tədqiqatların aparıldığını diqqətə çatdırıb. O, 1992-ci ildən fəaliyyət göstərən və keyfiyyətli tibbi xidmətlərin göstərildiyi mərkəzin yüksək impakt faktora malik jurnalının da mövcud olduğunu vurğulayıb.

O.İsayev çıxışının sonunda İran İslam Respublikasının Təhsil, Mədəniyyət və Tədqiqat üzrə Akademik Mərkəzi ilə əməkdaşlığın Azərbaycanda kök hüceyrələrinin öyrənilməsi və bu sahədə ciddi nailiyyətlərin əldə olunmasına mühüm töhfələr verəcəyinə inamını ifadə edib.

İsaq Əmənullayev

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında