Azərbaycanın dövlətçilik tarixinə həsr olunmuş beynəlxalq elmi konfransda 90-dan çox məruzə dinlənilib

 Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsi mövzusunda Gəncə şəhərində keçirilən beynəlxalq elmi-praktik konfrans işini yekunlaşdırıb.
 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzi, Türkiyənin Azərbaycandakı səfirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdikləri konfransın açılışı Heydər Əliyev Mərkəzində keçirilib.
Konfransda Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi - Prezidentin köməkçisi, tarix üzrə fəlsəfə doktoru, professor Dilarə Seyidzadə, AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Məclisin deputatları, respublikamızda fəaliyyət göstərən bir çox elm və təhsil müəssisələrinin rəhbərləri, tanınmış elm xadimləri iştirak ediblər. Həmçinin 20 ölkədən (Rusiya, Pakistan, Hindistan, Gürcüstan, Misir, Özbəkistan, Şimali Kipr, Ukrayna, Belarus, Moldova, Polşa, Albaniya, Qazaxıstan və sair) ümumilikdə 40-a yaxın tarixçi-alim də beynəlxalq konfransda təmsil olunub.
Konfransın bölmələr üzrə elmi məruzələri hazırda Azərbaycan Dövlət Aqrar Universitetin əsas binası olan, vaxtilə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk iclaslarının keçirildiyi məkanda dinlənilib.
Üç gün ərzində davam edən konfransda 91 yerli və xarici ölkə alimlərinin Azərbaycan Xalq Cümhuriyyətinin ayrı-ayrı sahələrinə dair elmi məruzələri, həmçinin yeni mənbələr və arxiv sənədləri əsasında təqdim etdikləri araşdırmalar, səsləndirilən bir çox tarixi faktlar iştirakçılar tərəfindən maraqla qarşılanıb. 
Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov son illər Azərbaycanda elmin bütün sahələri kimi tarix elminin də inkişaf etdiyini, tarixçi alimlərin səyi ilə aparılan elmi araşdırmalar nəticəsində qiymətli elmi faktların aşkarlandığını söyləyib.
Yaqub Mahmudov deyib ki, qısa müddətdə AMEA-nın Tarix İnstitutunda Azərbaycan tarixinin müxtəlif dövrlərini, xüsusən 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrindən sonra böyük imperiyaların işğalçılıq siyasəti nəticəsində xalqımızın başına gətirilən faciələri, 20-ci əsrin əvvəllərindən başlayaraq çar Rusiyasının havadarlığı ilə erməni-daşnak qüvvələrinin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımlarını, deportasiya və işğal kimi dəhşətli tarixi gerçəklikləri özündə əks etdirən çoxsaylı elmi əsərlər yazılıb və müxtəlif dillərdə nəşr olunub. 
Məlumat verilib ki, tarixi həqiqətlərə əsaslanaraq və milli maraqlar nəzərə alınaraq, Azərbaycan tarix elminin yeni-yeni elmi əsərlərlə zənginləşdirilməsinin vacibliyi istiqamətində Prezident İlham Əliyevin verdiyi tapşırıqlara əsasən Tarix İnstitutu bu illər ərzində yeddi cildlik Azərbaycan tarixi, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Azərbaycanın beynəlxalq münasibətlər və diplomatiya tarixi, 1991-2016-cı illər Azərbaycan Respublikasının Tarixi, İrəvan tarixi, Naxçıvan tarixi kitablarını nəşr edib. Eləcə də Bakı, Quba, Şamaxı, Qarabağ, Naxçıvan və Zəngəzurda həyata keçirilən soyqırımlarına həsr edilmiş araşdırmalar, eləcə də orta əsr müəlliflərinin Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tarixi barədə əsərləri tərcümə edilərək geniş oxucu auditoriyasına çatdırılıb. Yaxın vaxtlarda isə Zəngəzur tarixi kitabı işıq üzü görəcək. 
Tarix üzrə fəlsəfə doktoru, professor, Azərbaycan Xalq Cümhuriyyəti tarixi problemini milli tarixşünaslığımıza gətirən görkəmli alim, Prezident Katibliyinin rəisi - Prezidentin köməkçisi Dilarə Seyidzadə hələ Azərbaycanın SSRİ-nin tərkibində olduğu illərdə Cümhuriyyət tarixinin araşdırılmasına cəhd göstərilməsini milli tarixşünaslıq elmimiz üçün böyük nailiyyət kimi dəyərləndirib.
Bildirilib ki, XX əsrin əvvəllərində dərin siyasi və iqtisadi böhran keçirən çar Rusiyasında elm, texnika və texnologiya zəif inkişaf etsə də, bir çox sahələrdə olduğu kimi, ali təhsildə də imperiyaya tərkibinə daxil olan xalqların nümayəndələrinə, xüsusən türk-müsəlman əhalisinə etimad göstərilmirdi. Mütləqiyyətin yaratdığı çətinliklərə baxmayaraq, dövrün açıq fikirli gəncləri və onların mənsub olduqları zadəgan ailələri övladlarının savadlanmasına, əsasən də ali təhsil almasına böyük səy göstərirdilər.
Professor Dilarə Seyidzadə qeyd edib ki, XIX əsrin ikinci yarısında Bakı və onun ətrafındakı neft yataqlarının yerli və xarici sahibkarlar tərəfindən istismar edilməsinə başlanıldı. Həmin dövrdən etibarən yeni neft quyularının qazılması, texnoloji yeniliklərin tətbiqi, eləcə də neft sənayesinin inkişafı üçün geniş infrastrukturun qurulmasının zəruriliyi ixtisaslı gənc kadrlara tələbatı artırırdı. Həmçinin neft satışından gələn gəlirlər hesabına iri həcmli kapitala malik olan milli burjuaziya həm yaratdıqları yeni istehsal və xidmət sahələrində işləyə biləcək ixtisaslı gənc kadrlara böyük ehtiyac hiss edirdi, həm də özləri Azərbaycanda elmin, təhsilin və mədəniyyətin inkişafı istiqamətində təşəbbüsləri dəstəkləyərək həmin sahələrin inkişafına maliyyə yardımı göstərirdi. Məhz bu iki amil və digər səbəblər sonrakı dövrlərdə Azərbaycan gənclərinin Rusiyanın və Avropanın qabaqcıl universitetlərində təhsil almasına və dövrün ziyalı gəncləri kimi yetişməsinə səbəb oldu. 
Daha bir maraqlı faktı konfrans iştirakçılarının diqqətinə çatdıran professor Dilarə Seyidzadə vurğulayıb ki, çar Rusiyasının türk-müsəlman gənclərə etimadsızlığı və onların öz istəklərinə uyğun ixtisas seçimindən kənarda qalması səbəbindən azərbaycanlı gənclər əsasən hüquq təhsilinə meyil edirdilər. Elə bu amil də sonrakı illərdə mütləqiyyətin milli ucqarlardakı işğalçılıq planlarının əksinə olaraq, çar üsul-idarəsinin inqilab yolu ilə devrilməsindən sonra Azərbaycanda demokratik dəyərlərin bərqərar edilməsini, xalqın etimadına və hakimiyyətin bölgü prinsipinə əsaslanan hüquqi, dünyəvi, demokratik və parlament ənənəsinə əsaslanan mütərəqqi dövlətin yaradılmasını şərtləndirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında milli ziyalıların fədakar əməyini diqqətə çatdıran professor Dilarə Seyidzadə qeyd edib ki, Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Xəlil bəy Xasməmmədov kimi ziyalıların siyasi fəaliyyəti yalnız Azərbaycanla məhdudlaşmayıb. Çünki bu şəxslər siyasi fəaliyyətə başladıqları ilk gündən çar Rusiyasının milli ucqarlardakı siyasətini, xüsusən imperiyanın türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi ayrı-seçkilik və soyqırımı siyasətini tənqid edirdilər. İstər İsmayıl xan Ziyadxanovun Rusiya Dövlət Dumasında cəsarətli çıxışı, istərsə də Əlimərdan bəy Topçubaşovun Rusiya imperiyasının türkdilli və müsəlman əhalisinin hüquqlarının tanınması və həmin millətlərin siyasi cəhətdən maariflənməsi istiqamətindəki fəaliyyəti mühüm əhəmiyyət kəsb edib.
 Azərbaycan Xalq Cümhuriyyəti dövrü hər bir azərbaycanlının qürur mənbəyidir. Hazırda dünyanın demokratik ölkələri hələ 100 il bundan əvvəl Azərbaycan xalqının demokratik inkişaf yolu seçdiyinə, bütün Şərq aləmində ilk dəfə parlamentli respublika yaratdığına və qadınlara kişilərlə bərabər seçki hüququ verdiyinə, siyasi fəaliyyəti dövründə bir çox mütərəqqi addımlar atdığına, nəhayət, müasir Azərbaycan Respublikasının özünü Cümhuriyyətin siyasi varisi elan etdiyinə görə bizə sivil dünyanın siyasi-mədəni inkişafına böyük töhfələr bəxş etmiş xalqı kimi yanaşırlar , - deyə Dilarə Seyidzadə bildirib.
Sonra bir sıra Azərbaycan və xarici ölkə alimlərinin məruzələri dinlənilib.
Sonda konfransda maraqlı məruzələrlə çıxış edən xarici ölkə alimlərinə sertifikatlar təqdim edilib. 
AZƏRTAC

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında