UTECA-da “Açıq qapı” günü keçirilib

Azərbaycan Texnologiya Universitetində (UTECA) növbəti “Açıq qapı” günü təşkil olunub. İmtahanların gedişini UTECA-da təhsil alan tələbələrin valideynləri ilə yanaşı abituriyentlər, orta məktəblərin yuxarı sinif şagirdləri və onların valideynləri, eləcə də QHT-lərin nümayəndələri də izləyiblər.

Qonaqlar əvvəlcə universitetdəki Logistika Təlim–Tədris Mərkəzi ilə tanış olublar. UTECA-nın rektoru, professor Akif Süleymanov universitetin yarım əsrə yaxın tarixi və bu elm ocağında son dövrdə görülən işlər barədə məlumat verib. Rektor qeyd edib ki, bu il Azərbaycan Texnologiya Universitetinə 23 ixtisas üzrə tələbə qəbulu həyata keçiriləcək. Bu ixtisaslardan 7-nə qəbul zamanı müsabiqə balı 150-yə endirilib ki, bu da abituriyentlərin tələbə adını qazanmaq şanısını daha da artırır. Qəbul zamanı və semestr imtahanlarında yüksək balla fərqlənən tələbələrə 50-200 manat həcmində rektor təqaüdü verilir. Rektor bildirib ki, universitetdə ölkə iqtisadiyyatının tələbatına uyğun mütəxəssislər yetişdirilir. Yeni yaradılan istehsal müəssisələri üçün 5 əsas sahə – yüngül sənaye, qida, metallurgiya, logistika və İKT sənayesi üçün müasir standartlara uyğun kadrlar, mühəndislər və menecerlər hazırlanır.

Qeyd olunub ki, UTECA ölkənin istehsal müəssisələrini də bu işə cəlb edib. Tələbələr zavod və fabriklərə təlimlərə, istehsalat təcrübələrinə göndərilir. Nəticədə tələbələr məzun olan zaman müəyyən iş təcrübəsinə malik olurlar ki, bu da onların tezliklə işlə təmin olunmalarına şərait yaradır. Kadr hazırlığını daha da təkmilləşdirmək üçün universitetdə sənaye müəssisələrinin dəstəyi ilə laboratoriyalar, təlim-tədris mərkəzləri də yaradılıb. Bütün bunlar isə öz növbəsində UTECA məzunlarının həmin müəssisələrdə iş tapmasına, uğurlu karyera qurmasına zəmin yaradır.

Rektor qeyd edib ki, yay imtahan sessiyasının təşkili mövcud qaydalar daxilində aparılır. İyulun 5-dək davam edəcək sessiyada əyani və qiyabi bölmə üzrə ümumilikdə 2500-dək tələbənin biliyi qiymətləndiriləcək. Həm kompyuterdə test üsulu ilə, həm də yazılı formada aparılan imtahanların tam qanunauyğun formada təşkili, obyektivliyin maksimum təmin olunması üçün bütün zəruri hazırlıq tədbirləri görülüb, imtahan qərargahı, apellyasiya komissiyası və “qaynar xətt” yaradılıb.

Görüşdə iştirak edən abituriyentlər, valideynlər və QHT nümayəndələri  universitetlə tanışlıqdan məmnun qaldıqlarını, alınan məlumatları ixtisas seçimi baxımından faydalı hesab etdiklərini, UTECA-nın son illərdə sürətli inkişafı haqda eşitdiklərinin əyani şahidi olduqlarını bildiriblər. Tələbələr və onların valideynləri isə imtahanların tam şəffaf və qanunauyğun keçirildiyini, heç bir neqativ halla üzləşmədiklərini qeyd ediblər.

“Açıq qapı” günündə həmçinin qeyd olunub ki, son 3 ildə aparılan islahatlar - UTECA-nın professor-müəllim heyətinin tərkibini gəncləşdirmək, müasir təlim və tədris metodlarından istifadə bacarıqlarına malik kadrları işə cəlb etmək, beynəlxalq əlaqələri genişləndirərək tələbələri Mevlana və Erasmus mübadilə proqramları çərçivəsində təhsillərini davam etdirmək üçün Türkiyənin, Avropanın nüfuzlu universitetlərinə göndərmək də gənclərin daha yaxşı mütəxəssis kimi formalaşmasına hesablanıb.

 

Qabil Yusifoğlu,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında