Martın 30-da Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun və Azərbaycan Respublikası Baş Prokurorluğunun birgə təşkilatçılığı ilə "Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı" mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Tədbir iştirakçıları azərbaycanlıların soyqırımı ilə bağlı həqiqətlərin üzə çıxarılması istiqamətində aparılan araşdırmaların əks olunduğu müxtəlif kitablardan və fotoşəkillərdən ibarət sərgiyə baxmışlar.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov ermənilərin əzəli Azərbaycan torpaqlarında məskunlaşdırılmasından sonra xalqımıza qarşı törətdikləri cinayətlərdən danışmışdır. Akademik qeyd etmişdir ki, 1918-ci ilin martında erməni-daşnak qüvvələri tərəfindən Bakı, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Gəncə, Zəngəzur, Naxçıvan və digər bölgələrdə on minlərlə günahsız insan qətlə yetirilmiş, şəhərlərimiz və kəndlərimiz talan edilmiş, tarixi-mədəni abidələrimiz dağıdılmışdır. Son illər ölkəmizdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasətini sübut edən dəyərli tədqiqatlar aparılmış, çoxsaylı fundamental əsərlər, monoqrafiyalar və sənədlər topluları işıq üzü görmüşdür. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, ermənilərin cinayətlərini araşdırmaq üçün AMEA-nın Tarix İnstitutu və Baş Prokurorluq arasında yaradılmış birgə istintaq elmi-araşdırma komissiyasının fəaliyyətinin nəticəsi olan konfransın materialları tarixi həqiqətlərin üzə çıxarılmasında və dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaqdır.
Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudov "Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı" adlı məruzəsində ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı cinayətlərinin üzə çıxarılması üçün elmi və istintaq araşdırmalarının birlikdə aparılmasının ciddi addım olduğunu qeyd etmişdir. Direktor demişdir ki, biz soyqırımı cinayətlərini əldə olunan sənədlərlə ittiham aktına çevirmək üçün artıq real addım atırıq.
Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərə siyasi-hüquqi qiymətin verilməsinə dünyanın ikili standartlardan yanaşdığını bildirən Y.Mahmudov tarixi həqiqətlərin hüquqi cəhətdən sənədləşdirilib beynəlxalq ictimaiyyətə çatdırılmasının, dünyanın diqqətinin erməni faşizminə cəlb olunmasının vacibliyini qeyd etmişdir.
Natiq 31 mart - Azərbaycanlıların soyqırımına siyasi-hüquqi qiymət verilməsi istiqamətində ən dolğun sənədin xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərman olduğunu vurğulamışdır. Bildirilmişdir ki, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin cəsarəti və qətiyyəti sayəsində erməni vəhşiliyinin ifşa edilməsi istiqamətində ciddi addımlar atılmaqdadır. Dövlətimizin başçısının diqqət mərkəzində saxladığı araşdırmalar nəticəsində uzun illər xalqımızdan gizlədilmiş mühüm faktlar, sənədlər aşkar edilmişdir. Bu məqsədlə Londondan, Sankt-Peterburqdan, Moskvadan, İstanbuldan, Ankaradan mühüm tarixi sənədlər gətirilmiş, Parisə iki ezamiyyət təşkil olunmuşdur. Hazırda isə Dehli arxivində araşdırmalar aparılır. Bu sənədlərdə əks olunmuş faktlarla azərbaycanlılara qarşı törədilmiş soyqırımlarının bilavasitə səbəbkarları olan S.Şaumyanın, T.Əmiryanın, S.Hamazaspın, Lalayanın və digər erməni quldurlarının cinayətləri tam sübuta yetirilmişdir. Bu baxımdan həmin sənədlərə hüquqi qiymət verilməli, elmi əsaslara söykənən ittiham aktları hazırlanmalıdır.
Azərbaycan Respublikası baş prokurorunun birinci müavini Rüstəm Usubov "Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımının istintaq araşdırmalarına dair" adlı məruzəsində 2010-cu il mayın 26-da AMEA və Baş Prokurorluq tərəfindən birgə yaradılan elmi-istintaq araşdırma qrupunun fəaliyyəti barədə məlumat vermişdir. Vurğulanmışdır ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra tariximizin bir çox dövrlərinin xalqımızdan gizlədilmiş məqamları, o cümlədən ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımlarının araşdırılması üçün münbit şərait yaradılmışdır. 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri qatı cinayət əməlləri olduğunu bildirən natiq əmin olduğunu bildirmişdir ki, erməni millətçilərinin bu çirkin əməlləri tarixçilərin köməyi və istintaq yolu ilə ifşa olunacaqdır.
R.Usubov 2007-ci ilin aprelində Qubada aşkarlanan kütləvi məzarlıqda erməni vəhşiliyinin sübuta yetirilməsi istiqamətində Baş Prokurorluq, Milli Təhlükəsizlik, Səhiyyə nazirlikləri, AMEA, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin birgə fəaliyyətini yüksək qiymətləndirmişdir. Bu işlərin ölkə rəhbərliyinin xüsusi diqqət mərkəzində saxlanıldığını qeyd edən R.Usubov ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları ilə bağlı geniş istintaq-əməliyyat planının tərtib olunduğunu diqqətə çatdırmışdır. Bildirilmişdir ki, istintaq olunan cinayət işi üzrə 1918-ci ildə Bakı şəhəri, Şamaxı və Quba qəzalarında baş vermiş soyqırımı, zorakılıq və talan faktları üzrə Milli Arxiv İdarəsində saxlanılan cinayət işlərinin surətləri çıxarılmış, digər arxivlərdən çoxlu sənədlər götürülmüş, hələ 1918-ci ildə yaradılmış Fövqəladə İstintaq Komissiyasının istintaq materialları dünya ictimaiyyətinə çatdırılmaq üçün ingilis, fransız və rus dilinə tərcümə edilmiş, bir sıra tarixi əhəmiyyətli sənədlər Baş Prokurorluğun saytında yerləşdirilmişdir. Bakı şəhərində 1918-ci il qırğınlarına dair Dövlət kino-foto sənədlər arxivində saxlanılan 19 fotoşəklin surətləri iş materiallarına əlavə edilmişdir. 2010-ci ilin iyulunda ölkə ictimaiyyətinə müraciət olunaraq 1918-ci ildə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətinə dair məlumatların, sənədlərin və başqa sübutların istintaq qrupuna təqdim olunması xahiş edilmişdir.
Sonra Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədov "1918-1920-ci illər soyqırımı şahid ifadələrində" mövzusunda məruzə etmişdir. Demişdir ki, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası, Dağlıq Qarabağda törədilmiş cinayətlər, o cümlədən Xocalı qətliamı, tarixi-mədəni abidələrin dağıdılması 1918-ci il soyqırımının davamıdır. Ermənilər tərəfindən törədilmiş soyqırımı ilə bağlı cinayət işinin obyektiv nəticələnməsi üçün sübutların müəyyənləşdirilməsi, axtarılması və tapılmasında ölkənin aparıcı elm xadimləri yaxından iştirak edir. Bu sübutların əsasında istintaq hərəkətləri aparılır. İstintaq zamanı hadisələrin canlı şahidlərinin ifadələrində erməni quldurlarının törətdikləri cinayətkar əməllər öz təsdiqini tapmışdır.
İnstitutun aparıcı elmi işçisi, tarix elmləri doktoru, professor Fəzail İbrahimlinin "1920-ci il aprel işğalından sonra Azərbaycan xalqına qarşı soyqırımının davam etdirilməsi", böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyevin "Ermənistan (Ararat) Respublikasında azərbaycanlılara qarşı soyqırımı (1918-1920)", böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru Natiq Məmmədzadənin "Ermənistan (Ararat) Respublikasının Azərbaycanın Qarabağ bölgəsinə təcavüzü və azərbaycanlılara qarşı soyqırımı (1918-1920)" məruzələri dinlənilmişdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.