Parisdə azərbaycanlı deputat Avropada ali təhsilin inkişaf modellərini təqdim etdi

Avropa Şurası Parlament Assambleyası Mədəniyyət, Elm və Təhsil komitəsinin qurumun Fransa paytaxtındakı ofisində keçirilən növbəti toplantısı bir sıra ciddi məsələlərin müzakirəsi ilə diqqəti cəlb etmişdir. Yaz sessiyasının gündəliyində olan "Mədəniyyətlərarası dialoqun dini aspektləri" adlı məruzənin qətnamə layihəsi müfəssəl müzakirələrdən sonra qəbul edilmişdir. Elə həmin mövzunun davamı kimi bu ilin aprelində Bakıda keçiriləcək "Mədəniyyətlərarası dialoqa dair dünya forumu" ətrafında fikir mübadilələri aparılmışdır. 
Müzakirələrdə çıxış edən AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov son illərdə mədəniyyətlər və dinlərarası dialoq mövzusunda Assambleyada ardıcıl surətdə geniş diskussiyalar aparılmasının son dərəcə əhəmiyyətli olduğunu vurğulamış və bəzi narahatedici məqamlara da toxunaraq demişdir: "Mədəniyyət xalqları bir-birinə yaxınlaşdıran başlıca vasitələrdəndir. Bəzən siyasi dialoqu çətin alınan tərəflərin də məhz mədəniyyətlərin təmasları nəticəsində yaxınlaşması baş verir. Mədəniyyətlər arasında anlaşma və yaxınlaşmaların başlıca fəlsəfəsi isə mahiyyətcə hamımızın bir-birimizə yaxın olduğumuzu, eyni mənəvi dəyərlər uğrunda çalışdığımızı nümayiş etdirməsidir. Lakin təəssüf ki, dünyada hansısa şər qüvvələr belə faydalı və zəruri yaxınlaşmalara süni əngəllər yaratmağa səy göstərirlər. Əslində, böyük dünya dinlərinin hər biri özünəməxsus mədəniyyətdir və Parlament Assambleyasının yaz sessiyasında bu məsələnin ayrıca müzakirəsi istəyi də həmin inamdan doğmuşdur. Amma bizim AŞPA-da belə müzakirələrə qərar verdiyimiz ərəfədə üzv dövlətlərdən birində növbəti təxribat baş vermişdir. Məhəmməd Peyğəmbəri karikaturalarda əks etdirmək kimi ikrahoyadıcı hadisə Şərq və Qərb təfəkkürlü insanlar tərəfindən qətiyyətlə rədd edildikdən uzun müddət keçməmiş İsveçdə buna oxşar daha bir hadisə baş verir. Daha pisi isə budur ki, İsveç məhkəməsi guya ifadə azadlığı prinsiplərini rəhbər tutaraq islam dünyasının ən mübarək səxsiyyətinin çılpaq təsvir edilməsinin qanunazidd olmadığını təsdiq edir. Mədəniyyətlər və dinlər arasında dialoqdan bəhs edərək, bu istiqamətdə irəliləyişlərə nail olmaq məramını ortaya qoyaraq belə arzuolunmaz halları da müşahidə etmək ağırdır. Ümid etmək istərdim ki, Avropanın ən müxtəlif ölkələrindən olan həmkarlarımız ümumi xeyirxah işlərimizə zərbə olan belə təzahürlərə qarşı ən sərt mövqelərini bəyan edəcəklər".
Komitənin bu toplantısında hazırda üzərində iş gedən yeni məruzələrlə bağlı da hesabatlar dinlənilmişdir. Deputat Rafael Hüseynov belə maraqlı mövzulardan birinin üzərində çalışmaqdadır. R.Hüseynovun məruzəsi "Avropa ali təhsil fəzasının bütün ölkələrə doğru genişlənməsi" adlanır. Komitənin toplantısında çıxış edən azərbaycanlı deputat demişdir: "Problemin nə qədər əhəmiyyətli olduğu elə məruzənin adından görünür. Çünki ən müxtəlif istiqamətlərdə cəmiyyətin inkişafının təməli olan ali təhsilin müasir yüksək standartlara uyğun şəkildə təşkili həm bütölükdə Avropa, həm də üzv dövlətlərin hər birindən ötrü son dərəcə vacibdir. Keçən ilin martında təhsil nazirlərinin Budapeşt və Vyanada keçirilən, Bolonya prosesinin 10 illiyinə həsr edilən yubiley konfransı rəsmən Avropa ali təhsil fəzasının yaradıldığını elan etdi. Burada əsas məqsəd Avropada ali təhsilin rəqabətədözümlülüyü və cəlbediciliyini artırmaq, müxtəlif universitetlərin tələbə və müəllimləri üçün mübadilə proqramlarının genişləndirilməsi, habelə diplomların standartlaşdırılması vasitəsilə Avropa ölkələri arasında əmək bazarının yaradılmasını təmin etməkdir. Prosesin mövcud olduğu 10 il ərzində iştirakçı ölkələrin miqdarı 29-dan 47-yə çatmışdır. Bundan əlavə, Avropa Şurası da burada YUNESKO, Avropa Komissiyası kimi məşvərətçi üzvlər sırasındadır. Başqa sözlə, Assambleyada həmin məsələnin dərindən təhlil edilərək ayrıca məruzə hazırlanması elə təşkilatımızın prosesə töhfəsi kimi dəyərləndirilə bilər.
Məruzədə başlıca olaraq bir neçə mühüm istiqamətə diqqət yönəldilir və bunlarla əlaqədar həm praktiki, həm nəzəri məqamlar mətndə əksini tapacaqdır.
"Mən arzu edərdim ki, məruzəmlə bağlı belə bir kollokviumu məhz Azərbaycanın həmsədrlik funksiyasının icrasına başladığı, üzv dövlətlərdə təhsilə rəhbərlik edən nazirlərin toplantısının Bakıda keçiriləcəyi növbəti ildə Azərbaycan paytaxtında reallaşdıraq".
Mədəniyyət, Elm, Təhsil Komitəsinin rəhbərliyi və üzvləri R.Hüseynovun təklifini dəstəkləmiş, AŞPA komitə iclasının və Avropada ali təhsil problemləri ilə əlaqədar kollokviumun Bakıda keçirilməsinin məqsədəuyğun olduğunu təsdiqləmişlər.

{nl}

Əsgər ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında