Novruz bayramı xalqımızın mədəni keçmişindən əzəmətli bir yadigardır. Novruz saflıq və xoş amallar bayramıdır. Baharda təbiət oyanır, ağaclar, torpaq nəfəsə gəlir, hər şey canlanır. Baharda insanın qanı da təzələnir. Novruz bayramı həm də milli mədəniyyətimizin, elmimizin, uzaq keçmişimizin əks-sədasıdır.
Novruz bayramı necə meydana gəlmişdir, hansı astronomik hadisə ilə əlaqədardır? Nə üçün ulu babalarımız bu günü əsrlər boyu yeni il kimi bayram etmişlər? Bu bayram Azərbaycan xalqının qədim elmi və mədəni səviyyəsindən xəbər verir. Dünyanın müxtəlif xalqları yeni ili heç bir elmi mənası olmayan vaxtdan hesabladığı halda ulu babalarımız ilin başlanğıcını dəqiq astronomik hadisədən - yaz bərabərliyi anından hesablamışlar.
Yer kürəsi öz oxu ətrafında fırlanmaqla yanaşı, Günəş ətrafında da dolanır. Lakin yerdəki müşahidəçiyə elə gəlir ki, hərəkət edən Yer yox Günəşdir. Sanki, Günəş ulduzlar arasında qərbdən şərqə doğru hərəkət edir və bir ildən sonra o, ulduzlar arasında əvvəlki yerinə qayıdır. Günəşin ulduzlar arasında illik hərəkəti zamanı cızdığı yola ekliptika deyilir. Bu, göy ekvatoru ilə 23027/ - lik bucaq əmələ gətirən böyük göy dairəsidir.
Yerin Günəş ətrafında illik dolanması zamanı Günəşin ulduzlar arasında zodiak bürcləri arasında yerdəyişməsinə nəzər salanda mart ayında Günəş Qoç bürcündə görünür. Günəş ekliptika boyunca illik zahiri hərəkəti zamanı 12 ulduz bürcündən keçir və onların hər birində təxminən bir ay olur. Bu bürclərə zodiak bürcləri ("heyvan bürcləri") deyilir. Bu bürclər aşağıdakılardır: Qoç, Buğa, Əkizlər, Xərçəng, Şir, Qız, Tərəzi, Əqrəb, Oxatan, Oğlaq, Dolça və Balıqlar.
Günəşin ekliptika üzrə illik zahiri hərəkətində dörd səciyyəvi an vardır:
1.Yaz bərabərliyi. Martın 21- də(bəzən 20- də) Günəş göy ekvatorunu kəsərək dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir. Bu gün Yerin şimal və cənub yarımkürələri Günəş şüaları ilə eyni dərəcədə işıqlanır. Yer kürəsinin hər yerində gecə gündüzə bərabər olur. Ona görə də martın 21- də ekliptika ilə ekvatorun kəsişdiyi nöqtə yaz bərabərliyi nöqtəsi adlanır. Bu, Yerin şimal yarımkürəsində astronomik baharın başlanğıcıdır. Günəş Balıqlar bürcünə daxil olur.
2.Yay Günəşduruşu. İyunun 22- də Günəşin günorta hündürlüyü maksimal həddə çatır. Həmin gün Yerin şimal yarımkürəsində ən uzun gündüz, ən qısa gecə olur. Bu, astronomik yayın başlanğıcıdır. Bu ana yay Günəşduruşu deyilir. Günəş Əkizlər bürcündə olur.
Martın 21-də Günəş Qoç bürcündə olur və dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir.
3. Payız bərabərliyi. Sentyabrın 23- də Günəş göy ekvatorunu kəsərək dünyanın şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir. Yenidən gecə gündüzlə bərabərləşir. Ona görə həmin an payız bərabərliyi adlanır. Bu, astronomik payızın başlanğıcıdır. Günəş Qız bürcündə olur.
4.Qış Günəşduruşu. Dekabrın 22- də Günəşin günorta hündürlüyü minimal olur. Ən uzun gecə ən qısa gündüz olur. Bu, astronomik qışın başlanğıcıdır. Bu an qış Günəşduruşu adlanır. Günəş Oxatan bürcündə olur.
Günəş təqvimlərinin əsasını Günəşin yaz bərabərliyi nöqtəsindən iki ardıcıl keçməsinə sərf olunan zaman fasiləsi təşkil edir. Bu fasiləyə tropik il deyilir. Tropik ilin uzunluğu 365,2422 gün və ya 365 gün 5 saat 48 dəqiqə 46 saniyəyə bərabərdir.
Göründüyü kimi, tropik il tam sayda günlərdən ibarət deyil. Təqvim ili isə tam sayda günlərdən ibarət olmalıdır. Ona görə təqvimə arabir "visokos" və ya uzun il daxil edilir. Özü də elə visokos sistemi seçilir ki, müəyyən dövrdə təqvim ilinin orta uzunluğu mümkün qədər tropik ilə yaxın olsun. İndi dünyanın əksər ölkələrində istifadə olunan Günəş təqvimində 400 illik dövr 303 adi( 365 gün) və 97 visokos( 366 gün) ildən ibarətdir. Ona görə təqvim ilinin 400 illik dövrdə orta uzunluğu 365,2425 günə bərabərdir. Bu da tropik ilə çox yaxındır.
Bəs təqvim ilinin başlanğıcını və ya yeni ili nə vaxtdan başlamaq lazımdır? Əlbəttə ilin başlanğıcı şərti qəbul olunur, amma şübhəsiz ki, Günəş təqvimində yeni ili Günəşin illik hərəkətindəki dörd səciyyəvi anın birindən başlamaq daha təbii olardı. Onların içərisində də yaz bərabərliyi (21 mart) daha məqsədəuyğundur. Çünki martın 21- də gecə gündüzə bərabərdir, fəsillərin gözəli olan baharın ilk günüdür. Martın 21 - də həm də Günəşin ekvatorial koordinatları sıfıra bərabər olur. Başqa sözlə, Günəş koordinat başlanğıcında olur. Məhz ona görə də müdrik babalarımız yeni ilin başlanğıcı kimi yaz bərabərliyi gününü götürmüş və onu "Novruz" bayramı adlandırmışlar. Novruz "yeni gün" deməkdir . Şərqdə, o cümlədən Azərbaycanda Novruzun bayram edilməsinin dərin kökləri vardır. Hələ Zərdüşt dini əmələ gəlməzdən əvvəl (yeni eradan əvvəl 1500-1200-ci illər) bu bayram Azərbaycan torpağında təmtəraqla keçirilmişdir. Zərdüşt peyğəmbər baharın gəlməsinin bayram edilməsini öz təlimində yeddi əsas bayramdan biri kimi daxil etmişdir. Zərdüştlərin təqvimində yeni il yaz bərabərliyi günü, yəni martın 21 - də bayram edilirdi. Beləliklə, hesab etmək olar ki, Odlar diyarında Novruzun bayram edilməsinin tarixi 3500 ildən çoxdur.
Qədim Romada yeni il martın 1-də keçirilirdi. Yeni eradan əvvəl 153-cü ildən başlayaraq yeni seçilmiş konsullar, ənənəyə görə, yanvarın 1-dən işə başlayırdılar. Ona görə yeni eradan əvvəl 46- cı ildə İmperator Yuri Sezarın vaxtında yeni il martın 1-dən yanvarın 1-nə keçirilmişdir. Rusiyada da yeni il əvvəllər martın 1-də, sonralar isə sentyabrın 1- də bayram edilirmiş. 1700-cü ildə Böyük Pyotrun əmri ilə yeni il yanvarın 1-nə keçirilmişdir.
Qeyd etmək lazımdır ki, yanvarın 1-i Günəşin illik hərəkətində heç bir səciyyəvi ana, təbiət hadisəsinə uyğun gəlmir. Ona görə yeni ili yanvarın 1-də bayram etməyin heç bir elmi əsası yoxdur. Novruzun bahar bayramı, yeni ilin gəlişi kimi qeyd edilməsinin isə dəqiq astronomik əsası vardır. Bizim indi işlətdiyimiz era Roma rahibi Dionisey tərəfindən daxil edilmişdir. O, Romanın əsası qoyulma erasının 1285-ci ilindən başlayaraq yeni bir dövr üçün pasxa bayramını hesablayarkən heç bir əsası olmadan elan etmişdir ki, İsa peyğəmbər 532 il əvvəl, yəni Romanın əsası qoyulduğu eranın 753 -cü ilində anadan olmuşdur. Rahib Dionisey eranı İsa peyğəmbərin anadan olduğu ildən başlamağı təklif etmişdir. Həmin era ilə indi 2011- ci ildir. Buna miladi tarix deyilir.
Maraqlıdır, görəsən,Dionisey 532 rəqəmini haradan götürmüşdür? Sonralar aydın olmuşdur ki, 532 rəqəmi üç rəqəmin hasilidir: 4x7x 19. Burada 4 visokos dövrüdür, 7 həftənin günlərinin sayıdır və 19 " Ay dairəsi" dir. Hər 19 ildən bir Ayın fazaları həftənin eyni gününə və eyni təqvim gününə düşür. Rahib hesab etmişdir ki, İsa peyğəmbər kimi ilahi bir insan bu üç dövrün başlanğıcının üst-üstə düşdüyü gündə anadan olmalıdır. Onu da qeyd etmək lazımdır ki, eranın belə başlanması pasxa bayramını hesablamağı xeyli asanlaşdırır.
Hələ XII əsrin əvvəllərində böyük şair və astronom Ömər Xəyyamın başçılığı ilə İranda ən dəqiq Günəş təqvimlərindən biri tərtib olunmuşdur. Bu təqvimdə ilk dəfə olaraq Günəşin illik hərəkətinin qeyri-bərabərliyi nəzərə alınmışdır. Təqvimdə yeni il yaz bərabərliyindən, yəni martın 21- dən başlanır.
Ömər Xəyyamın tərtib etdiyi Günəş təqvimində era Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə köçdüyü gündən, yəni bizim era ilə 16 iyul 622- ci ildən hesablanır. Bu tarixə Günəş hicri və ya Şəmsi hicri tarix deyilir.
1952 - ci ildən C.Nehrunun göstərişi ilə məşhur fizik, Nobel mükafatı laureatı Mehnad Saxanın sədrliyi ilə yeni vahid hind təqvimi tərtib etmək üçün xüsusi komissiya təşkil edilmişdir. Bu komissiyanın tərtib etdiyi milli hind Günəş təqvimində də yeni il yaz bərabərliyindən, yəni martın 21- dən hesablanır. Yeri gəlmişkən qeyd edək ki, ərəb Ay təqvimində də era Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə köçdüyü gündən hesablanır. Bu eradan hesablanan tarixə ay hicri və ya qəməri hicri tarix deyilir.
Azərbaycan xalqı bütün dövrlərdə Novruz bayramını digər bayramlardan çox yüksəkdə tutmuşdur. Novruz əzəmətli, ümumxalq bayramı kimi şöhrət qazanmışdır. Maraqlıdır ki, BMT - nin qərarı ilə yaz bərabərliyi günü Yer günü elan edilmişdir və ümumdünya meteorologiya günü kimi qeyd olunur.
Sevindirici bir hadisəni yada salmaq yerinə düşər. YUNESKO-nun qərarı ilə yaz bərabərliyi günü ümumdünya bayram günü kimi qəbul edilmişdir. Ənənəyə görə, bu bayramda bir qayda olaraq spirtli içkilər içilmir, lakin meyvələrdən hazırlanmış müxtəlif şərbətlər və çay içmək olar.
Sovet birliyi dönəmində Novruzu bayram etmək qadağan edilmişdi. Bəzi " alimlərimiz " də onu islam dini ilə bağlayırdılar. 1984- cü ildə "Xalq qəzeti"nin 18 mart tarixli nömrəsində "Bahar nə zaman başlayır?" adlı geniş məqalə çap etdirdim və bu bayramın dinlə heç bir əlaqəsinin olmadığını söylədim.
1991-ci ildə Türkiyənin İstanbul universitetinə 2 illik müddətə dəvət olunmuşdum. Orada Novruzun əsl türk bayramı olduğunu sübut etmək üçün "Türk dünyası" tarix dərgisində "Novruzun bilimsər təməlləri" bir məqalə çap etdirdim. Bundan sonra Türkiyədə də Novruzu da bayram kimi qeyd etməyə başladılar. Maraqlıdır ki, bu il Türksoy Novruz şənliklərini ABŞ-ın mərkəzi şəhərlərində də qeyd edəcəkdir.
Azərbaycan xalqı öz müstəqilliyini yenidən bərpa etdikdən sonra Novruz rəsmi dövlət bayramı kimi qeyd olunur. Azərbaycanda Novruz ən sevimli bayram sayılır. Bayram münasibətilə ölkə Prezidenti xalqı təbrik edir. Bu müstəqilliyimizin bizə verdiyi ən gözəl nemətdir.
Bəs bu il Novruz bayramı nə vaxta düşür? Dəqiq astronomik hesablamalara görə bu il Novruz bayramı odlar yurduna ümumdünya vaxtı ilə martın 20- də saat 23:21-də qədəm basacaqdır. Bu da Bakı vaxtı ilə martın 21 - i saat 03:21 - ə uyğun gəlir. Deməli, martın 20-si bayram axşamı, 21- i isə bayramdır. Azərbaycanda martın 20- 24-ü bayram günləri elan edilmişdir.{nl}
Cəfər QULUZADƏ, Bakı Dövlət Universiteti astrofizika
kafedrasının müdiri, professor
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.