ADA Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə beynəlxalq konfrans təşkil edilib

Mayın 25-də ADA Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə beynəlxalq konfrans keçirilib.

universitetin rektoru Hafiz Paşayev konfransı açaraq Cümhuriyyətin tarixindən və gördüyü böyük işlərdən danışıb. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti tariximizdə silinməz iz qoyub və ölkəmizin müstəqilliyi üçün möhkəm bünövrə yaradıb. Rektor vurğulayıb ki, Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi dövlətçilik tariximizə göstərilən yüksək ehtiramın göstəricisidir.

Tədbirdə çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki yerindən və rolundan bəhs edib. O deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və müsəlman dünyasında yaradılmış ilk demokratik respublika idi. Cümhuriyyətimiz o vaxt həyata keçirdiyi islahatlarla hətta Qərb ölkələrini də qabaqlamışdı. Qadınların səsvermə hüququ təmin edilmiş, milli kimliyi yaratmaq üçün təhsil önəmli hədəflərdən birinə çevrilmişdi. Müasir respublikamızın Azərbaycan Xalq Cümhuriyyətinin fundamental dəyərləri əsasında mövcudluğu çox önəmlidir.

Nazir qeyd edib ki, SSRİ dağıldıqdan sonra Azərbaycan böhranla, Ermənistanın təcavüzkar siyasəti ilə üzləşdi. Ermənistanın təcavüzkarlıq, etnik təmizləmə siyasəti nəticəsində ərazimizin 20 faizi işğal edildi, bir milyon soydaşımız qaçqın və məcburi köçkünə çevrildi. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkəmiz bütün sahələrdə inkişaf yoluna qədəm qoydu. Bu gün Azərbaycan sürətlə inkişaf etsə də, torpaqlarımızın işğal altında olması hələ də ən böyük problem olaraq qalır.

Nazir vurğulayıb ki, Azərbaycan indi dünyada siyasi-iqtisadi baxımdan etibarlı müttəfiqə çevrilib. Həyata keçirilən layihələr Azərbaycanı dünyada enerji istehsalçısı, tranzit ölkə kimi tanıdıb. Bizim Şərq və Qərb arasında olan mühüm rollarımızdan biri də multikulturalizmdir. Bu gün Azərbaycan dünyada həm də multikultural məkan kimi tanınır.

Konfransda digər çıxış edənlər diqqətə çatdırıblar ki, Cümhuriyyət xalqımızın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə gələcək müstəqilliyimiz üçün etibarlı zəmin hazırlayıb, müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərib. Qısa müddətdə tarixi bir missiyanı yerinə yetirən Azərbaycan Xalq Cümhuriyyəti genişmiqyaslı demokratik islahatlar həyata keçirib. Avropanın bir çox ölkələrindən xeyli əvvəl qadınlara seçib-seçilmək hüququ verən Cümhuriyyət bununla bütün dünya demokratiyasına böyük töhfə verib.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında