Cümhuriyyət dövründə dil və tədrislə bağlı altı qərar qəbul edilib

www.science.gov.az saytından aldığımız məlumata görə, AMEA-nın Əsas binasında “Cümhuriyyət dövründə dil məsələləri” mövzusunda konfrans keçirilib.

Nəsimi adına Dilçilik İnstitutunun təşkil etdiyi konfrans Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyinə həsr olunub.

Tədbirdə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu çıxış edərək AXC-nin fəaliyyət göstərdiyi 23 ay ərzində həyata keçirdiyi tədbirlərin xalqımızın tarixində əhəmiyyətli izlər buraxdığını deyib. Alim Cümhuriyyət dövründə dil məsələlərinə xüsusi diqqət yetirildiyini vurğulayıb.

Bildirilib ki, Cümhuriyyət dövründə bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin müəyyənləşdirilməsi, ana dilinin dövlət dili elan olunması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaradıb. AXC hökumətinin 1918-ci il 27 iyun tarixli qərarı ilə o zaman türk dili adlanan Azərbaycan dili dövlət dili elan edilib. Həmin qərar Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycanın ikiyə bölünməsindən sonra ana dilinin dövlət dili kimi işlədilməsinə aid ilk sənəddir. Hökumət türk (Azərbaycan) dilini dövlət dili kimi qəbul edərək, ölkənin məhkəmə, daxili işlər idarələrində və digər sahələrdə çalışanların dövlət dilini bilmələrinə qədər olan müddətdə hökumət müəssisələrində rus dilinin işlənməsinə də icazə verib.

Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyətinin rus dilinin istifadəsinə icazə verməsi müvəqqəti tədbir olub və yalnız idarəçilikdə milli kadrların yetişməsinə qədər olan müddət üçün nəzərdə tutulub. Azərbaycan (türk) dilini dövlət dili elan edən ilk rəsmi sənəd çox böyük tarixi rol oynamaqla yanaşı, Azərbaycanda milli dil siyasətinin formalaşmasının, millətin mənafeyinə uyğun düzgün ideoloji mövqeyin əsasını qoyub. Cümhuriyyət dövründə dil və tədrislə bağlı altı qərar qəbul edilib.

Konfransda professorlar İsmayıl Kazımovun “Cümhuriyyət dövrünün dil xüsusiyyətləri: Əhməd Cavadın yaradıcılığı kontekstində”, Alxan Bayramoğlunun “Cümhuriyyətin dil siyasəti dövrün bədii-publisistik nümunələrində”, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovun “Azərbaycan Xalq Cümhuriyyəti və dil, əlifba məsələləri” mövzusunda məruzələri dinlənilib, müzakirələr aparılıb.

 

İ.Əmənullayev
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında