M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın həqiqi üzvü, professor Nərgiz Paşayeva aprelin 23-də dünyanın ən qədim və zəngin kitab məbədlərindən sayılan Oksford Universitetinin Bodleyn Kitabxanasının (https://www.bodleian.ox.ac.uk) direktoru, Amerika Filosoflar Cəmiyyətinin üzvü, Londonun Antik Kitab və Nadir Əşyaların Qorunması Cəmiyyətinin üzvü Riçard Ovenden və Bodleyn Kitabxanasının inkişaf departamentinin rəhbəri Eleyn Gallagher ilə işgüzar görüş keçirib.
Bodleyn Kitabxanasının rəhbəri Riçard Ovenden (https://www.bodleian.ox.ac.uk/about/management/biographies/richard-ovenden) 2015-ci ilin yazında Amerika Filosoflar Cəmiyyətinin illik yığıncağında bu quruma üzv seçilmiş 27 görkəmli elm, təhsil, mədəniyyət və ictimai xadimdən biridir. Corc Vaşinqton, Tomas Cefferson, XX əsrdə isə Albert Eynşteyn və Robert Frost kimi tanınmış şəxsiyyətlər bu cəmiyyətin üzvləri olublar. Xatırladaq ki, Amerika Filosoflar Cəmiyyəti 1743-cü ildə Benjamin Franklin tərəfindən “faydalı məlumatları təbliğ etmək” məqsədilə yaradılıb və ABŞ-da ən qədim elmi cəmiyyətlərdəndir.
Riçard Ovenden Darem Universitetinin, Lordlar Palatasının, Edinburq Universitetinin kitabxanalarında və Şotlandiyanın Milli Kitabxanasında müxtəlif vəzifələrdə çalışıb. O, 2003-cü ildən Oksford Universitetinin Bodleyn Kitabxanasında fəaliyyətə başlayıb. 2011-2014-cü illərdə direktor müavini, 2014-cü ildən isə Bodleyn Kitabxanasının rəhbəri vəzifəsini tutur.
Qeyd edək ki, Oksfordda yerləşən və dünyanın ən böyük kitab məbədlərindən olan məşhur Bodleyn Kitabxanası beş böyük binada yerləşir və onun bir çox müxtəlif şöbələri var. Bodleyn Kitabxanası sahəsinə və ölçülərinə görə İngilis Kitab Depozitariyasından sonra ikincidir. Vatikan Kitabxanası ilə yanaşı, Oksford Universitetinin bu kitabxanası Avropanın ən qədim kitabxanasıdır. Maraqlıdır ki, Oksfordun məşhur Bodleyn Kitabxanasının əsası Tomas Bodli tərəfindən deyil, XIV əsrdə yepiskop Tomas Kobhem tərəfindən qoyulub. 1327-ci ildə Vuster yepiskopu Tomas Kobhem Oksford Universitetinin Müqəddəs Məryəm Kilsəsində kitabxana yaradıb. Buradakı ilk kitab kolleksiyası zəngin deyildi, lakin o zaman kitablar çox qiymətli olduğundan, tələbələr onları özləri ilə aparmağa çalışırdılar. Kobhem o dövr üçün adi hesab olunan bir təcrübəni tətbiq etməyi, yəni, kitabların rəflərə zəncirlənməsini təklif etdi. XV əsrin ortalarında Kral V Henrinin qardaşı Gloster hersoqu Hamfri kitabxanaya təxminən 300-ə yaxın qədim yazı və əlyazma hədiyyə etdi. Bundan sonra aydın oldu ki, kilsənin artıq bütün kitab kolleksiyalarını yerləşdirməyə imkanı çatmır və bu fondu yerləşdirmək üçün 1488-ci ildə yeni bir bina ayrıldı. Bu günə qədər bura hersoq Hamfri kitabxanası adlandırılır. Hersoq Hamfri Kitabxanası Bodleyn Kitabxanasının ən qədim oxu zallarından biridir. XVI əsrin sonunda kitabxana tamamilə bağlanmaq təhlükəsi ilə üzləşdi. Kral VI Edvard kitab kolleksiyalarını və hətta kitabxananın mebelini belə satmışdı. Kolleksiyada yalnız bir zamanlar Tomas Kobhem tərəfindən bağışlanan 3 cild qalmışdı. 1598-ci ildə kitabxananın dirçəlişi başlandı. Məhz o zaman Merton Kollecində yunan dilindən dərs demiş, Britaniya parlamentinin keçmiş üzvü, İngiltərənin sabiq Dövlət katibi Tomas Bodli kitabxananın inkişafına dəstək vermək təklifi ilə universitetin vitse-kanslerinə məktub yazdı. Ser Bodli kitab saxlanan binanı tamamilə yenidən qurdu, şəxsən bir neçə cildlik kitabları buraya hədiyyə etdi və 1602-ci ildə Bodleyn Kitabxanası Oksfordda rəsmən açıldı.
Bu gün Bodleyn Kitabxanasında təxminən 11 milyon kitab və yazı nüsxələri yer alıb (kitab rəflərinin ümumi uzunluğu 200 kilometrdən artıqdır). Oxu zallarında 400-dən çox kitabxanaçı oxuculara xidmət göstərir. Nadir və qədim nüsxələrin əksəriyyəti rəqəmsal elektron vasitələrində yerləşdirilib.
Oksford Universitetinin Bodleyn Kitabxanasının əsas binasında professor Nərgiz Paşayeva və kitabxananın direktoru Riçard Ovenden arasında keçirilən görüş zamanı akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə 2013-cü ildə Oksford Universitetinin bir struktur hissəsi kimi yaradılmış Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Elmi Mərkəzinin (https://www.orinst.ox.ac.uk/nizami-ganjavi-programme-study-languages-and-cultures-azerbaijan-and-caucasus) fəaliyyəti geniş müzakirə olunub. Mərkəzin elmi-akademik fəaliyyətinin əhəmiyyətindən söz açılıb, fundamental elmi araşdırmalar sahəsində görülmüş işlər və Nizami Gəncəvi Elmi Mərkəzinin gələcək planlarına dair fikirlər səslənib. Maraqlı və olduqca əhəmiyyətli keçən görüşün əsas məqsədi akademik Nərgiz Paşayeva tərəfindən irəli sürülmüş Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun kitabxanasına Nizami Gəncəvinin adının verilməsi təklifinin müzakirəsi idi. Bu təklif Bodleyn Kitabxanasının rəhbərliyi tərəfindən müsbət qarşılandı və yaxın gələcəkdə onun həyata keçiriləcəyi qeyd olundu. Görüşdə bir daha vurğulandı ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin adının Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun kitabxanasına verilməsi böyük və dahi şəxsiyyətin humanizm, ümumbəşəri, insani ideyalarına, onun dərin fəlsəfəsi və yaradıcılığına verilən layiqli qiymətdir. Bu tarixi hadisə Nizami Gəncəvi Elmi Mərkəzinin son beş ildə Oksford Universitetinin bir hissəsi olaraq elmi-akademik, təhsil, arxeologiya və digər sahələrdəki gərgin əməyinin nəticəsi və təsdiqidir.
Görüşdə iştirak edən Oksford Universitetinin inkişaf departamentinin direktor vəzifəsini icra edən professor Entoni Qrin və Nizami Gəncəvi Mərkəzinin Böyük Britaniya tərəfdən rəhbəri, Oksford Universitetinin professoru Edmund Hertsiq mərkəzin fəaliyyətini olduqca yüksək qiymətləndirərək qeyd etdilər ki, 2013-cü ildə akademik Nərgiz Paşayevanın təşəbbüsü və səyləri nəticəsində Oksford Universitetində yaradılan Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Elmi Mərkəzi dünya elmi ictimaiyyəti tərəfindən qəbul edilmiş qaydalara uyğun olaraq artıq beş ildir ki, uğurla fəaliyyət göstərir.
Görüşdən sonra professor N.Paşayeva Oksford Universitetinin alimləri ilə birgə Bodleyn Kitabxanasının XV əsrdə ilk yaradılan hissələrindən olan İlahiyyat Məktəbində (Divinity School) oldular. Buradan başlanan və Bodleyndə saxlanan ən qədim əlyazmaların kolleksiyası və onların qorunması mərkəzində başa çatan bu gəzinti olduqca maraqlı keçib. Qeyd edək ki, İlahiyyat Məktəbi 1427-1483-cü illər ərzində yaradılmış bir zaldır, burada xüsusi olaraq mühazirələr, teologiya haqqında müxtəlif müzakirələr və imtahanlar keçirilirdi. İlahiyyat Məktəbində mühüm tədbirlər və hətta kralların da görüşləri təşkil edilirdi. 1625-ci ildə Londonda vəba xəstəliyi tüğyan edən zaman burada hətta İcmalar Palatasının iclasları da keçirilirdi. İlahiyyat Məktəbinin tavanı Avropa qotik arxitekturasının ən böyük nailiyyətlərindən biri hesab olunur.
Bodleyn Kitabxanasının inkişaf departamentinin rəhbəri Eleyn Gallagher professor N.Paşayevanı, həmçinin Bodleyn Kitabxanasının xüsusi kolleksiyalar (Special Collection) bölməsi və Dyuk Hamfri Kitabxanası (Duke Humfrey’s Library) adlandırılan oxu zalı ilə də tanış edib. Burada qədim əlyazmalar və arxiv materialları, nadir kitablar, tarixi əhəmiyyətli xəritələr, qədim musiqi nümunələri və rəqəmsal nüsxələr saxlanılır.
Qeyd edək ki, Nizami Gəncəvi adına Elmi Mərkəz Oksford Universitetinin rəsmən qəbul edilmiş və tanınmış struktur bölməsidir və həmin Universitetin təkcə Şərqşünaslıq fakültəsi ilə bağlı məsələləri deyil, ümumiyyətlə, Oksford Universitetində digər sahələrdə elm və təhsillə bağlı olan bütün məsələlərdə Azərbaycan üzrə koordinator səlahiyyətlərinə malikdir. Mərkəz Azərbaycanın, Qafqazın və Orta Asiyanın zəngin tarixi-mədəni irsinin öyrənilməsi və Qərbin elmi-akademik dairələrinə tanıdılması məqsədilə Oksford Universitetinin bir hissəsi olaraq yaradılmış ilk akademik elmi-tədqiqat ocağıdır.
Elmi Mərkəz yarandığı gündən bir sıra mühüm elmi-akademik layihələr həyata keçirib. Onlardan 2015-ci il iyunun 6-da Oksford Universitetinin Nizami Gəncəvi adına Mərkəzinin təşkil etdiyi və Oksford Universitetinin Şərqşünaslıq İnstitutu, həmçinin Qədim Antik Dövr Mərkəzi ilə birgə keçirdiyi ilk elmi tədbiri olan “Şərqi Qafqaz son antik dövrdən erkən İslam dövrünə qədər” adlı elmi-praktik konfransı qeyd etmək olar. Oksford Universitetinin tarixində ilk dəfə olaraq konfransda Azərbaycanın qədim tarixi və mədəniyyəti məhz antik dövrdən İslam dövrünə qədərki müddətdə müzakirə edilib və gələcək tədqiqat işləri üçün atılacaq addımlar müəyyənləşdirilib. Tədbirdə mərkəzin Azərbaycan tərəfdən rəhbəri akademik Nərgiz Paşayeva, mərkəzin İngiltərə tərəfdən rəhbəri professor Edmund Hertsiq, Böyük Britaniyanın Bizans imperiyasının tarixi üzrə ən tanınmış mütəxəssislərindən sayılan, Oksford Universitetinin Korpus Kristi Kollecinin fəxri üzvü professor Ceyms Hovard-Conston, Şotlandiyanın Edinburq Universitetinin Roma arxeologiyası üzrə professoru, Oksford və Tübingen universitetlərinin mühazirəçisi, eyni zamanda, Böyük Britaniyanın Farsşünaslıq İnstitutunun və Romaşünaslığın Təbliği Cəmiyyətinin şura üzvü Eberhard Zaur, İngiltərənin Durham Universitetinin arxeologiya üzrə doktoru Dan Lourens, Almaniyanın Fridrix Şiller Universitetinin professoru Annaqret Plöntke Lüninq və başqaları iştirak ediblər.
2016-cı il iyunun 11-də Oksford Universitetinin ən qədim təhsil müəssisələrindən biri olan “Brasenose” kollecində Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin növbəti beynəlxalq elmi konfransı keçirilib. “Trans-Xəzər əlaqələri (V-XIII əsrlər)” mövzusuna həsr olunmuş konfransda Oksford Universitetinin alimləri ilə yanaşı, Rusiya Elmlər Akademiyasının ipək və kətan üzrə aparıcı arxeoloqu və tarixçisi professor Zvezdana Dode, Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzində arxeologiya departamentinin rəhbəri professor Murtazəli Hacıyev, Harvard Universitetinin aparıcı arxeoloqu doktor Kərim Əlizadə, Oksford Universitetinin tarixi antropologiya üzrə mütəxəssisi doktor İrina Şingiray, ABŞ-ın Pensilvaniya Universitetinin arxeologiya üzrə aparıcı mütəxəssisi doktor Lara Fabian, Kanadanın Saskatçevan və İngiltərənin Durham universitetlərinin doktoru Kristen Hopper və Oksford şəhərində yerləşən Ətraf Mühitin İdarə Olunması Təşkilatının aparıcı arxeoloqu Çarlz de Kesne də iştirak ediblər.
2017-ci il iyunun 5-də Londonda XIX əsr Kraliça Viktoriya dövründə təsviri incəsənətin əsasını qoyan məşhur rəssam Lord Leytonun (1830-1896) ev muzeyində Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin şərqşünas-alim Yevgeni Bertelsin (1890-1957) “Böyük Azərbaycan şairi Nizami” (The Great Azerbaijani Poet Nizami) kitabının ingilis dilində ilk akademik tərcüməsinin təqdimat mərasimi keçirilib. Bu kitab ilk dəfə 1940-cı ildə rus dilində çapdan çıxıb. Həmin vaxtdan etibarən kitab nəinki ingilis dilində, ümumiyyətlə, təkrar nəşr olunmayıb. Kitab üçün illüstrasiyaların orijinalları dünyanın ən zəngin və tanınmış kitabxanalarından olan Britaniya Kitabxanasından götürülüb və nəfis şəkildə Britaniyanın “Gilgamesh” nəşriyyat evində çap edilib.
Nizami Gəncəvi Elmi Mərkəzinin tədris sahəsindəki fəaliyyətini əks etdirən layihələrdən biri kimi Mərkəzin dəstəyi ilə Oksford Universitetinin Şərqşünaslıq fakültəsində altı tələbənin təhsil almasını qeyd etmək olar. Bu tələbələr (Ceymz Uayt, Keyti Kempbel, Robert Vilyams, Conatan Lorens – Böyük Britaniya, Eliz Maus Pyu – ABŞ, Ufuk Özturk – Almaniya) Oksfordda artıq Nizami Gəncəvi tələbələri adlandırılır və onların elmi işləri haqqında Mərkəz qısa zamanda hesabat hazırlayacaq.
Qafqaz Albaniyasının tarixinin düzgün istiqamətdə öyrənilməsi üçün Nizami Gəncəvi Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri akademik Nərgiz Paşayevanın və Oksford Universitetinin professoru Robert Hoylandın təşəbbüsü ilə Oksford Universitetinin arxeoloqları 4 il bundan öncə ilk dəfə olaraq Bərdədə qazıntı işləri aparmaq üçün Azərbaycana səfər ediblər. Layihənin rəhbəri qədim İslam tarixi üzrə dünyanın tanınmış alimlərindən sayılan professor Robert Hoylanddır. Oksford Universitetinin “Brasenose” kollecinin doktoru Paul Vordvorsun rəhbərlik etdiyi 10 nəfərlik Britaniyalı Arxeoloji Ekspedisiya Heyəti 2015-ci ildən başlayaraq Bərdənin mərkəzində yerləşən Torpaqqala ərazisində qazıntıları XI-XIII əsrlərin dərinliyinə çatdırıb. Bu alimlər arxeoloji qazıntılar nəticəsində Bərdənin kifayət qədər inkişaf etmiş şəhər olduğunu aşkara çıxarıblar. Bərdənin kənarında, Qaratəpə adlanan yerdə IV-V əsrlərə aid olan yaşayış məskəni aşkar edilib. Qazıntıların nəticəsi beynəlxalq elmi ictimaiyyətə məhz Azərbaycanın qədim tarixi kimi təqdim ediləcək. Məqsəd Bərdə və Qafqaz Albaniyasının başqa şəhərlərinin qədim irsi və zəngin tarixi haqqında dünyanın elmi ictimaiyyətinə daha zəngin məlumat çatdırmaqdan ibarətdir. Onu da qeyd edək ki, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin arxeoloqlarından ibarət ekspedisiya heyəti Azərbaycan Tarix Muzeyi ilə əməkdaşlıq edir və muzeydə ekspedisiya üzvləri ilə Azərbaycan alimlərinin bir neçə görüşü də keçirilib. Həmçinin arxeoloji qazıntılar nəticəsində tapılan eksponatlar qorunması və saxlanması üçün Tarix Muzeyinə təqdim olunub.
Nizami Gəncəvi Elmi Mərkəzi tərəfindən Azərbaycanda mədəni irsin qorunması məqsədilə ilk dəfə olaraq Britaniyanın “Sərhədsiz İrs” (Heritage Without Borders) təşkilatı Bərdə Arxeoloji Ekspedisiyasının işinə cəlb edilib. Bu təşkilat dünyanın müxtəlif bölgələrində bəşəriyyətin mədəni irsinin qorunması üçün aparıcı mütəxəssisləri bir araya gətirir və işlədiyi ölkələrdə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən maddi-mədəniyyət nümunələrinin qorunması və mühafizəsini təşkil edərək, gələcək nəsillərə ötürülməsini təmin edir. Məhz bu məqsədlə Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Bərdə Arxeoloji Ekspedisiyası çərçivəsində Britaniyanın “Sərhədsiz İrs” təşkilatının rəhbəri, arxeologiya üzrə mütəxəssis doktor Dominika Darkangelo Bakıda və Bərdədə olub və Azərbaycan Tarix Muzeyinin əməkdaşlarına arxeoloji tapıntıların qorunması və mühafizəsi, aşkar edilən maddi-mədəniyyət nümunələrinin konservasiyası və saxlanma üsulları ilə bağlı tövsiyələrini verib.
Bu ilin sonuna qədər Oksford Universitetinin Nizami Gəncəvi adına Elmi Mərkəzi tərəfindən Bərdədə aparılan qazıntı işləri ilə bağlı elmi-akademik təqdimatın keçirilməsi nəzərdə tutulur. Onu da qeyd edək ki, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri akademik Nərgiz Paşayevanın təklifi ilə Mərkəzin arxeoloji ekspedisiyası 2017-ci ildən Bakı Dövlət Universitetinin tarix fakültəsinin arxeologiya bölməsinin bir aspirantını (Aslan Qasımov) və iki tələbəsini (Elşən Salayev, Mircavid Ağalarov) arxeologiya sahəsində elmi və praktiki biliklərinin artırılması üçün Bərdədə aparılan işlərə cəlb edib.
Beləliklə, dünyanın ən qədim və zəngin kitabxanalarından olan Bodleyn Kitabxanasında M.V.Lomonosov adına MDU-nun Bakı filialının rektoru, Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri akademik Nərgiz Paşayeva və Oksford Universitetinin Bodleyn Kitabxanasının direktoru, dünya kitabxanaşünaslıq elminin nüfuzlu nümayəndələrindən olan Riçard Ovenden arasında keçirilən bu mühüm görüş çox əhəmiyyətli və səmərəli olub. Böyük Azərbaycan şairi, dahi Nizami Gəncəvinin adının dünyanın ən qədim elm və təhsil ocaqlarından olan Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun kitabxanasına verilməsi ilə bağlı razılığın əldə olunması tarixi hadisədir və son beş ildə Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin böyük əməyinin nəticəsidir.
Görüşün sonunda akademik Nərgiz Paşayeva Oksford Universitetinin Bodleyn Kitabxanasının Fəxri qonaqlar kitabına xoş təəssüratlarını yazıb.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.