Strasburqda "Azərbaycan-20 - Baxış-2020" adlı beynəlxalq forum işə başlamışdır

Martın 11-də Fransanın Strasburq şəhərində Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclər Təşkilatının (ASAİF) "Azərbaycan-20 - Baxış-2020" adlı beynəlxalq forumu işə başlamışdır.
ASAİF-in sədri Orxan Əkbərov forumu açaraq tədbirdə 25 ölkədən 150-dən artıq tələbənin iştirak etdiyini diqqətə çatdırmış, gənclərin səmərəli dialoq aparacaqlarına əminliyini bildirmişdir.
Azərbaycanın Macarıstan, Böyük Britaniya və Niderlanddakı səfirlərini, ABŞ-ın Los-Ancelesdəki konsulunu və tədbirdə iştirak edən bir sıra dövlət məmurlarını salamlayan gənclər və idman naziri Azad Rəhimov onlara gənclərlə görüşə gəldikləri üçün təşəkkkürünü bildirmişdir. Nazir forumun Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü ərəfəsində keçirildiyini bildirmiş, ölkəmizin gənclərinin qazandıqları uğurlardan söz açmışdır. A.Rəhimov Azərbaycan gənclər təşkilatlarının, ölkəmizi 30-dan artıq beynəlxalq qurumda təmsil edən gənclərimizin uğurlarından danışmışdır.
Nazir bildirmişdir ki, bu gün müxtəlif ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin ölkəmizin parlaq gələcəyi uğrunda, informasiya müharibəsində daim qalib gəlmələri istiqamətində savadlı və geniş dünyagörüşünə malik olmaları böyük önəm daşıyır. Məhz keçirilən bu forumlarda gənclər bir araya gəlməklə bərabər, eyni zamanda, möhkəm əlaqələr qura, ölkəmizin təbliği istiqamətində layihələr də işləyə bilərlər.
Avropa Şurasının (AŞ) Nazirlər Komitəsinə sədrlik edən Türkiyənin qurum yanındakı daimi nümayəndəsi Dəryal Batıbəy toplantıya uğurlar arzulayaraq, forumun gənclər arasında müzakirələr aparmaq, həmçinin əlaqələr qurmaq üçün münasib fürsət olduğunu qeyd etmişdir.
Azərbaycanın bu il Danimarka ilə bir yerdə Bolonya prosesinə qoşulduğunu bildirən AŞ-ın gənclər, idman və mədəniyyət komitəsinin sədri xanım Qabriela Battanini bununla bağlı cari ildə Azərbaycanda beynəlxalq konfransın keçiriləcəyini diqqətə çatdırmışdır. Q.Battanini AŞ-ın 1974-cü ildə təsis olunmuş Gənclər Mərkəzinin 2010-cu ildə yenidən qurulmasına Azərbaycanın da yardım göstərdiyini bildirərək, mərkəzdə ildə 2 min gəncin müxtəlif təlimlər keçdiyini xatırlatmışdır.
Komitə sədri ölkəmizin uğurlu siyasətini xüsusi vurğulayaraq, azərbaycanlı gənclərin xaricdə təhsil almaları istiqamətində həyata keçirilən işləri müsbət qiymətləndirmişdir. Qabriela Battanini bildirmişdir ki, bu gün AŞ-da keçirilən tədbir gənclər üçün əlaqələrin qurulması, yeni ideyaların həyata keçirilməsi istiqamətində mühüm əhəmiyyət daşıyır. O, gənclərə müraciətlə demişdir: "Siz təhsil aldığınız ölkələrdə öyrəndikləriniz elmi bilikləri məhz öz ölkənizdə tətbiq edin, daim yenilik gətirin. Peşəkar olmaq azdır. Siz, eyni zamanda, öyrəndiklərinizi öyrətməyi də bacarmalısınız".
Milli Məclisin komitə sədri, AŞPA-da Azərbaycanın nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxışında Azərbaycanın gələcəyinin gənclərimizin əlində olduğunu bildirərək, gəncliyin sözünə, səsinə önəm verilməsinin əhəmiyyətini vurğulamışdır.
S.Seyidov forumun gənclərin ünsiyyət qurması sahəsində önəm daşıdığını və düşünən beyinlərin, xaricdə təhsil alan tələbələrin ölkəmizdə həyata keçirilən layihələrə cəlb olunmasının mahiyyətindən də danışmışdır.
Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov xaricdə təhsil alıb ölkəmizə qayıdan hər bir gəncə bu gün böyük ehtiyac duyulduğunu, onların ölkənin gələcək inkişafında əhəmiyyətli rol oynayacaqlarını bildirmişdir. E.Aslanov qeyd etmişdir ki, ölkəyə qayıdan hər bir gənc çalışdığı sahəyə yenilik gətirəcək, demokratik ab-havanı daha da möhkəmlədəcəkdir.
Prezident Administrasiyasının şöbə müdiri respublikamızın iqtisadi inkişafı nəticəsində bu gün minlərlə gəncin Azərbaycan hökuməti hesabına xaricdə təhsil aldığını diqqətə çatdırmışdır.
"Azərbaycan gəncləri bu gün real işlərlə məşğul olmalıdır. Ölkəsini düşünən gənc təxribata uymamalıdır", - deyən E.Aslanov hər bir azərbaycanlı gəncin təhsil alıb, ölkəmizin gerçəkliklərini dünyaya çatdırmalı olduğunu vurğulamışdır.
Sonra forumda Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, təhsil nazirinin müavini Elmar Qasımov, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov, Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəsi səfir Arif Məmmədov və başqaları çıxış edərək, xaricdə təhsil alan gənclərin Azərbaycanın inkişafı uğrunda rolundan danışmışlar.
Fasilədən sonra forum Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın müraciəti və təbrik məktubunun oxunması ilə işini davam etdirmişdir.
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının nümayəndəsi forum iştirakçılarına təşkilatın yaranması və onun fəaliyyəti barədə məlumat vermişdir.
Sonra ABŞ-da fəaliyyət göstərən "Qarabağ" Fondunun nümayəndəsi Tural Kərimli çıxış edərək, Qarabağ həqiqətlərinin dünyaya tanıdılmasında xaricdə təhsil alan azərbaycanlı tələbələrin görə biləcəyi işlərdən danışmışdır.
Daha sonra forum iştirakçıları Xocalı faciəsindən bəhs edən "Məcburi köçkün Anar Usubovun uzun səyahəti" filminə baxmışlar.
Forum martın 12-də öz işini davam etdirəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında