AMEA-nın illik ümumi yığıncağı keçirilmişdir

Aprelin 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağı keçirilmişdir.Yığıncaqda AMEA-nın həqiqi və müxbir üzvləri, institut və digər təşkilatların rəhbərləri, Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev, humanitar siyasət məsələləri şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru Fatma Abdullazadə, Milli Məclisin deputatları, elmi tədqiqat fəaliyyəti ilə məşğul olan digər məsul şəxslər iştirak etmişlər.
Yığıncaq iştirakçıları əvvəlcə AMEA-nın elmi bölmələrinin fəaliyyətini əks etdirən sərgiyə baxmışlar.
Ötən yığıncaqdan keçən dövr ərzində dünyasını dəyişmiş akademiklərin və aprelin 28-də doğum günü qeyd olunan görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Ümumi yığıncağı giriş sözü ilə AMEA-nın prezidenti, akademik Mahmud Kərimov açaraq qeyd etmişdir ki, respublikamızın inkişafı naminə aparılan dövlət siyasəti artıq konkret bəhrəsini verir və ölkəmiz növbəti tərəqqi mərhələsinə qədəm qoyur. Yeni mərhələ isə elm sahəsində də sürətli inkişafı zəruri və labüd edir. Elə bununla əlaqədar dövlətimizin başçısı 2009-cu il 4 may tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nı və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nı təsdiq etmişdir.
M.Kərimov sərəncama əsasən Milli Strategiyanın və Dövlət Proqramının həyata keçirilməsi üzrə əlaqələndirici orqan Milli Elmlər Akademiyasının müəyyənləşdirildiyini diqqətə çatdırmış və qarşıya qoyulan vəzifələri xatırlatmışdır. O, sözünə davam edərək demişdir ki, dövlətimizin başçısının tapşırığına əsasən 2009-cu il noyabrın 21-də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin sədrliyi ilə geniş müşavirə keçirilmişdir. Müşavirədə ölkədə ictimai və humanitar elmlərin müasir vəziyyəti, bu sahədə mövcud olan problemlər geniş müzakirə edilmiş, onların həlli ilə əlaqədar Milli Elmlər Akademiyasının qarşısında yeni vəzifələr qoyulmuşdur. Akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetinin 2009-cu il 8 dekabr tarixli nömrəsində dərc olunmuş "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" adlı analitik məqaləsində də ictimai və humanitar elmlər sahəsində vəziyyət ətraflı təhlil olunmuş, bir sıra çox maraqlı təkliflər irəli sürülmüşdür. Həm müşavirədə, həm də məqalədə söylənən fikirlər yeni mərhələdə elmi tədqiqatların səmərəliliyini artırmağa yönəlmiş xoş məramdan qaynaqlanır. Akademiyanın Rəyasət Heyəti də öz növbəsində 2009-cu il 11 dekabr tarixli iclasında qeyd olunan müşavirə və məqalə ilə əlaqədar müzakirələr keçirmiş, öz qərarı ilə Humanitar və İctimai Elmlər Bölməsinin elmi-tədqiqat müəssisələrinə xüsusi tapşırıqlar vermişdir. Hazırda onların həyata keçirilməsi üzrə işlər davam etdirilir.
Natiq məlumat vermişdir ki, hesabat ilində Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının tərkibi yenidən formalaşdırılmışdır. Əlaqələndirmə Şurası tərəfindən respublikamızda fəaliyyət göstərən bütün elm və təhsil müəssisələrinin 2009-cu ildəki fəaliyyətinin nəticələri təhlil olunmuş, müvafiq rəylər hazırlanmış, həmçinin 2010-cu il üçün elmi-tədqiqat işlərinin vahid planı tərtib olunmuşdur. 2009-cu ildə AMEA-nın elmi müəssisələrində 139 problemin 470 mövzusu üzrə tədqiqatlar aparılmış və 150-yə yaxın mühüm elmi nəticə alınmışdır. 43 elmi-tədqiqat işin nəticələri tətbiq olunmuş, 50 patent alınmışdır. Həmçinin 400-ə yaxın kitab, 5600-dən yuxarı məqalə və tezis, o cümlədən 1420-yə qədər məqalə xaricdə çap edilmişdir. "Elm" Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkəzi tərəfindən ümumi tirajı 30 min nüsxə, ümumi həcmi 1700 çap vərəqi olan 49 adda kitab və 11 adda jurnal buraxılmışdır.
M.Kərimov xüsusi vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il elm sahəsinə, alimlərə göstərdiyi diqqət və qayğını daha da artırmış, ölkəmizdə elmin gələcək inkişafı, elm adamlarının əməyinin qiymətləndirilməsi ilə bağlı çox mühüm qərarlar qəbul etmişdir.
Sonra AMEA-nın akademik-katibi Vaqif Fərzəliyevin akademiyanın 2009-cu ildəki fəaliyyəti və respublikanın digər elm və təhsil müəssisələrində yerinə yetirilmiş elmi tədqiqat işlərinin nəticələri haqqında hesabat məruzəsi dinlənilmişdir.
Məruzəçi akademiyanın elmi bölmələrinin ötənilki fəaliyyəti barətə ətraflı məlumat vermişdir.
Hesabat məruzəsi ilə bağlı müzakirələrdə AMEA-nın vitse-prezidenti Nailə Vəlixanlı, fizika-riyaziyyat və texnika bölməsinin akademik-katibi Akif Hacıyev, təhsil nazirinin müavini İradə Hüseynova, AMEA Naxçıvan bölməsinin sədri İsmayıl Hacıyev, BDU-nun rektoru, akademik Abel Məhərrəmov çıxış etmişlər. Çıxışlarda AMEA Rəyasət Heyətinin hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilmiş, mövcud problemlərdən söz açılmış, təkliflər səsləndirilmişdir.
AzərTAc{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında